Книга - Qanadlı körpü

a
A

Qanadlı körpü
Ataqam


Tanrı gildən Adam düzəltdı, ona nəfəs verdi. Adam Tanrıya yalvardı: “Məni yaratdın, indi mənə xoşbəxtlik də ver!” Tanrı artıq qalan gili onun ovcuna qoydu: “Buyur, hər kəs öz bəxtinin bəstəkarıdır, öz xoşbəxliyini özün yoğur”. Adam sevindi. Əvvəlcə gələcək xoşbəxtliyini yad nəfəsdən qorumaq üçün bir silah düzəltdi.

Başı işə necə qarışdısa, xoşbəxtliyə gil çatmadı”.





Ataqam

Qanadlı körpü

Çardağın kitabxanasından



Hər dəfə sən kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…











Ataqam. Qanadlı körpü.

Bakı, “Köhlən” nəşriyyatı, 2019.



© Ataqam / 2019

© Köhlən Nəşriyyatı / 2019

İSBN: 978-9952-8371-1-7



facebook.com/kohlanpress

instagram.com/kohlanpress

twitter.com/kohlanpress

kohlanpress@gmail.com

(+994 55) 359-99-23




Nanəli konfet


Qaçqın düşərgəsi yoluna burulub bir anlıq ayaq saxladım. Gördüyüm mənzərəni canıma hopdurmaq istəyridim: Yan-yörəsi nimdaş çadırlar, süzülmüş palazlar, rəngi qaçmış layçalarla örtülmüş, müsəlman qəbirstanlığının başdaşları kimi baysaq sıralanmış saysız alaçıqlar, əllərində plastik vedrələr su maşınının yanına düzülüb növbəsni gözləyən qız-gəlinlər, dəlmə-deşiyindən gün şüaları süzülən talvarın altında dinməz, əlləri qoynunda, boynubükük durmuş kişilər…

Havada bir azot atomu da tərpənmirdi. Addım atdıqca qalın toz qalxıb havadaca asılı qalırdı.

Osman dayını şəkildə necə görmüşdüm, elə də qarşımdaydı. Komasının kölgəsində, “Villis”indən qalan şirmayı halqalarla bəzədiyi sükanı sürtüb təmizləyirdi. Tez-tez cibindən kirli dəsmalını çıxarıb alnından gözünə axan təri silirdi.

Yaxınlaşdım. Sükanı sol qoluna keçirdi, sağ əlini gözünün üstünə günlükləyib mənə xeyli baxdı. Tanımadı. Qalın eynəyini silib bir də baxdı…


* * *

Osman dayı ilə çoxdan dostlaşmışdım – düz qırx il qabaq…

Kənddə uşaqlar qaramanlı Osman kimi şirindil kişilərə “dayı”, Quşdan Məhərrəm kimi, nə bilim, Sərəncamın əri Abdal Əvəz kimi acıdil, əzazil kişilərə “əmi” deyirdi. Niyəsini bilmirdik, elə eşitmişdik, elə də deyirdik.

Osman dayı dədəsindənqalma iki cöngəni, bir qısır düyəni, on iki keçini əldən-ələ keçmiş yağmal “Villis”ə dəyişmişdi.

“Villis”inə qoşqu qoşub dağ kəndlərində qənd-çay, şirniyat, ətir, qab-qacaq, uşaq paltarı satardı. Qoşquya “kəcavə” deyərdi. Ərzağı, pal-paltarı Bəkir kişinin dükanından nisyə götürərdi.

Dağ kəndlərində müəllimlərdən, tibb işçilərindən savayı az adamın əlində nağd pul olurdu. Osman kişi nisyə aldığı malın çoxunu elə nisyə də verərdi. Evinə dönəndə maşınını kəndin başındakı kəhrizin üstündə saxlayıb əl-ayağını yuyar, gülpəmbəli qırmızı Çin termosundan çay süzüb nisyə dəftərinin üzünü ağlamaya köçürərdi.

Dəftəri hamıdan gizlədərdi. Bir dəfə dəftəri “Villis”in oturacağında açıq qalmışdı. Boylandım, dəftərdəki yazılardan heç nə anlamadım: üçbucaq, ortasından qoşa xətt çəkilmiş dördbucaq, buynuz, parabüzənə oxşar xırda dairələr…

Osman dayı məktəb oxumamışdı, hamının bildiyi hərflərlə yazmırdı, özü üçün ayrı yazı sistemi qurmuşdu.

Onu bir dəfə pəncərədən “Əlifba” öyrənən birincilərin sinif otağına kədərlə baxıb udqunduğunu görmüşdüm.

Osman dayı ilə bağlı belə bir pıçı eşitmişdim: Deyirdilər ki, mayın ortasından düz sentyabrın axırına qədər bazar günləri kəhrizə kişi xeylağı getməzmiş, çünki qızlar-gəlinlər yay odunu canlarından çıxarmaq üçün lütlənib kəhrizdə çimərmişlər. İyirmi beş il qabaq – Osmanla Səməndər onbeşlərinin içində olanda ikisi də Qırımızısaqqal Hətəmin nəvəsi Bəsirəti istəyirmişlər. Bəsirətin meyli Səməndərə imiş. Bir gün Osman xəlvətcə Cin Süleymanın kəhrizin dibindəki bağında ağaca çıxıb Bəsirətin çimməsinə baxıbmış. Ertəsi gün Osman Bəsirətlə qarşılaşanda belə deyibmiş: “Sağ döşündəki qoşa xala canım qurban, mələyim!”

Bəsirət məsələni başa düşər, Səməndərə deyər, Səməndər də əmisi uşaqları ilə Osmanı təklikdə tutub dartıb kəhrizə aparar, başını kəhrizin nəm daşlarına döyərlər. Ovaxtdan Osmanın başı pozular. Qız-gəlin də elə o vaxtdan kəhrizdə çimməyi tərgidər.

Deyirlər, nə Bəsirətin, nə də Səməndərin taleyi gətirər. Bəsirəti kəndə biçinə gələn kombaynçı ilə saman tayasında eşdikləri kalafada çılpaq tutarlar. Səməndər kombaynçının qarnını yaba ilə deşər, gedib girər qazamata, vərəmləyib iki ildən sonra elə orda ölər. Bəsirət dədəsi evinə qayıdar, evdən çölə yarasa kimi ancaq gecələr çıxar.

Osman da o hadisədən sonra evlənməyəcəyinə and içər. (Bəsirət dədəsi evinə qayıdandan sonra Osmanın niyə gedib onu qaranlıqdan çıxarmamasını anlamaq üçün hələ kal idim).

Hə, yalan-gerçək, bunu da xısınlaşırdılar ki, o əhvalatın üstündən illər keçəndən sonra, guya, Osman alverə getdiyi dağ kəndlərinin birindəki zirvədə sal daşları üst-üstə qalaqlayıb qız düzəldib, daşları xınalayıb-gülxətmiləyib, başdakı daşa Bəsirətin yaylığına oxşar yaylıq bağlayıb daş sevgilisinin başına dolana-dolana üz-gözündən öpürmüş.


* * *

Beşinci sinifə keçmişdim. Yay tətilinə müəllim evə çoxlu kitab tapşırmışdı. Kitabları özümlə hərləyirdim.

– Onların hamısını oxumusan? – Osman dayı dolu səhənglərimi qatırın üstünə aşırıb başı ilə dəri heybəyə yığdığım kitabları göstərdi.

– Yox, oxumalıyam.

– Nağıldı?

– Nağıl da var, şeir də, əfsanə də.

– Əfsanə nədi?

– Yalançı nağıl.

Osman dayı çənəsini aşağı əyib gözlərini iri açdı, təəccüblə mənə baxdı:

– Yalançı nağıl?! – Birini danışa bilərsən?

Evə getməliydim. Nənəm tapşırmışdı ki, Soltanlıdan qohumlar gələcək, samovara tökməyə su yoxdu, yolda-rizdə avaralanmayım, amma Osman dayı səhənglərimə kömək eləmişdi, sözünü yerə salmaq ayıbıma gəldi. Həm də, düzü, hərdən öz-özünə nə dildəsə mahnı oxuyurdu, səsi çatmayanda üzünə şillə vurub “düz oxu, Osman!” qışqırırdı deyə, ondan bir az üşənirdim.

Kitabı açıb qoca dərviş əfsanəsini oxudum. “Kəndə bir dərviş gəlir…” Osman dayı tez-tez məni saxlayır, sual verirdi: “Saçı uzun idi?” Kitabda yazılmasa da, “hə, uzun idi, dabanına çatırdı” deyib əfsanədəki dərvişi Osman dayının xəyalındakı dərvişə oxşadırdım.

Suallar artırdı. “Dərvişin uşaqlara danışdığı nağıl haqda da yazılıb orda?” “Yox, yazılmayıb” “Dərviş uşaqlara niyə sınağan oyuncaqlar bağışlayırmış?” “Osman dayı, dayan, oxuyum, axırda hamısı yazılıb”

Əfsanənin sonluğunu – camaatın dərvişi döydüyü yeri oxuyanda Osman dayının gözü doldu. Abzası mənə bir neçə dəfə oxutdurdu, tam yadında qalana qədər dilinin altında təkrarladı: “Dərviş hər qapıya bir gil lövhə qoyub yoxa çıxmışdı. Lövhədə bunlar yazılmışdı: Vaxt gələcək, sizin uşaqlarınıza kimsə ürəyini bağışlayacaq. Balalarınızı indidən vərdiş elətdirirəm ki, o vaxt ehtiyatlı davransınlar, dünyanın ən sınağan, həssas oyuncağını – ürəyi sındırmasınlar”.

Osman dayı əlini cibinə atdı, bir ovuc konfet çıxarıb mənə uzatdı. Konfetləri qapıb cibimə doldurdum. Tez kağızını soyub birini ağzıma atdım. Nanəli konfet! Necə də dadlı idi!



Beləcə, Osman dayı ilə dostlaşdıq.

Bir neçə gün sonra Malyatan təpəsinin ətəyindəki yovşanlıqda çəyirtkə tutub hinduşkalara yedirtdiyim yerdə Osman dayı “Villis”ini düz yanımda saxladı.

– Kitabların hamısını oxudun?

– Yox hələ, Osman dayı, birini bitirmişəm, indi o birini oxuyuram.

– O nədəndi?

– Şeirdi. Yaman uzundu, – şikayətləndim, – amma asan yadda qalır.

Osman dayının xahişini gözləməyib əzbərlədiyim parçanı oxudum: “Keçmiş zamanda, Yunanıstanda, İskəndər adlı…” “Bir şah yaşarmış, Buynuzu varmış” yerində içini çəkdi. Maşından düşdü. Həmişə bərk təəccüblənəndə etdiyi kimi, çənəsini sinəsinə yapışdırıb gözlərini bərəltdi:

– Nə təhər!? Buynuzu varmış?! Adamın?

– Adam deyil, Osman dayı, İskəndərdi, – özümü çoxbilmiş göstərdim.

“İskəndərin buynuzu var, buynuzu” misrasını deyəndə, Osman dayı qeyri-ixtiyari hər iki əlinin şəhadət barmağını başına qaldırıb özünə buynuz qoydu və ləzzətlə güldü. Cibindən bir neçə nanəli konfet çıxarıb ovcuma qoydu.

On gün sonra Osman dayını Suray xalanın qızı Gülsabahın toyunda gördüm. Həyətdəki tut ağacına söykənmişdi. Əl-qolunu oynadıb nə haqdasa vərəvurd eləyirdi. Yaxınlaşıb salam verdim. Məni görən kimi üzü güldü. Əlimi sıxıb özünə tərəf çəkdi. Araq iyi burnumu çimçəşdirdi.

– O şeir nə təhər idi? Onu bir də de, başam.

Əlimi əlindən qoparıb bir az aralandım. Şeiri astadan, eləcə, Osman dayının eşidəcəyi səslə dedim. “İskəndərin buynuzu var, buynuzu” yerində məni saxladı, yanbızları ilə təkan verib tutdan aralandı, çovustanın ağzındakı kətili gətirib qabağıma qoydu.

– Başam, mən ölüm, çıx bu stulun üstünə, o yerin bir də bərkdən de.

Kətilin üstünə çıxsaydım, camaatın diqqətini çəkəcəkdim. Qorxurdum ki, luğaz eləyib şəbədə qoşalar. Osman dayı tərəddüd elədiyimi görüb, arıq boğazının dərisini hulqumundan çənəsinin ucuna qədər çəkdi, elə boğazı çəkili, başını göyərçin udan qutan quşu kimi yeyin-yeyin sağa-sola döndərib məni kətilə çıxartmaq üçün hansı tanrıya and verəcəyini dalaq kələfində aradı və dizlərini azacıq qatlayıb, çöməli yalvardı:

– Səni Bəsirətin canı, çıx.

Bəsirəti heç vaxt görməmişdim; o, mən doğulmazdan qabaq qaranlığa gömülmüşdü, amma indi – sərxoş Osman dayı dilinin qaytanını açıb canının gözündə öldürdüyü Bəsirətin adını çəkməklə məni xırxalamışdı. Yan-yörəyə boylandım. Xurşud toy mağarında yaslı balabana dəm vermişdi. Camaat əlində işini yarımçıq qoyub onun təzə qoşduğu yanıqlı “Qarabörə” havasını yaxından dinləməyə axışırdı.

Kətilin üstünə çıxdım. “İskəndərin buynuzu var, buynuzu…”

Ləzzətdən gözləri parıldayan, ağzı qulağının dibinə getmiş Osman dayı əllərini əvvəl başına aparıb qoşa buynuz göstərdi, sonra da cibindən bir ovuc nənəli konfet çıxarıb mənə uzatdı.

Yenə arzuma çatmışdım. Nanəli konfetləri sümürdükcə özümü dünyanın ən xoşbəxt adamı sanırdım.

O nanəli konfetin eşqinə harda Osman dayını görürdüm, özümü gözünə soxurdum.

Osman dayı da məni harda görürdü, tələsirdisə, əlini başına aparıb buynuz göstərirdi, tələsməyəndə, maşını saxlayır, alnımdan öpür, daş olsun, kötük olsun, hündür bir yerə çıxmağı xahiş eləyib o şeiri bir də dedirtdirir, nanəli konfet payımı verib yola salırdı.


* * *

Aradan uzun illər keçdi. Biz şəhərə köçdük. Kəndə yolum az-az düşdü. Gedəndə də elə atüstü gedib qayıdırdım, Osman dayı əksərən kəcavə qoşduğu “Villis”i ilə dağ kəndlərində alverdə olduğundan, görüşə bilmirdim.


* * *

İndi budur, əlini gözünə günlükləyib mənə baxan səksən yaşlı Osman dayı qarşımdaydı; sümükləri quruyub boyunu kiçiltmişdi. Mənə altdan yuxarı baxırdı. Eynəyinin şüşəsini kirli dəsmalıyla silib gözünə taxır, yenidən çıxarır, şüşələrə hovxurub bir də silir, təzədən gözünə taxır, əli ilə eynəyi irəli-geri aparır, mənim kim olduğumu anlamağa çalışırdı.

İki addımlıqda – Osman dayının komasının arxasında xeyli hörgü daşı qalaqlanmışdı. Qalaqdan iki daş götürüb Osman dayının qarşısında yerə atdım, hər ayağımı bir daşın üstünə qoydum, yaxşı eşitsin deyə hündür səslə bizim dostluq himnimizi aram-aram deməyə başladım: “Keçmiş zamanda, Yunanıstanda…”

Osman dayının sifəti dəyişdi: qırış yanaqları qarmon körüyü kimi qulaqlarına tərəf dartıldı, gözləri irilənib eynəyinin şüşələri boyda oldu, ağzı yavaş-yavaş aralandı, aşağı damağında səksən ilə sinə gərmiş sonuncu iki dişi göründü.

“İskəndərin buynuzu var, buynuzu” yerində dodaqlarını tərpədib mənimlə birlikdə misranı bir neçə dəfə təkrarladı.

Sükan əlindən düşdü.

Əlini hövlnak cibinə apardı. Şalvarının, köynəyinin cibini eşələdi, eşələdi… heç nə tapmayb yerə çökdü. Sükanı yerdən götürüb sinəsinə sıxdı. Çiyinləri əsə-əsə dayanmadan “İskəndərin buynuzu var, buynuzu…” təkrarladı.



    İyun, 1999




Fələstinli və sərçələr


“Şahinlər” sərçə yuvalarının haqqını ikiqat ödəyib qırx il gözlədilər. Qırx ilin tamamında sərçələrin fəlakəti başladı.


Aban Müəzzin Bəhreyn tütününün acı tüstüsünü ciyərinə çəkib əlinin dalı ilə qəlyanın öləzimiş közünü küldana itələdi. Tüstünü pəncərənin qabağınadakı qurumuş güllərə üfürüb xurma ağacının dibində qurduğu cələyə baxdı. Cələyə düşmüş sərçə qaynar qumun üstündə çırpınıb təslim olmuşdu: başını göyə tutub ağzını ayırmışdı. Aban Müəzzin köhnə ələkdən düzəltdiyi quştutanı ehmalca sərçənin üstünə basdı, quma dirənmiş sərçəni cələdən ayırıb torda açdığı dəlikdən çıxartdı.

– On şekelin[1 - Şekel – İsrailin rəsmi pul vahidi. Qəzza Zolağı da daxil, Fələstinin hər yerində şekel işlənir. Şnekel – el arasında 2-şekellik dəmir pula deyirlər. Şnayim (iki) və şekel sözlərinin birləşməsindən yaranıb.]var, ağoğlan! – qonşu damların üstünə dırmaşıb Aban Müəzzinin sərçə ovlamasını izləyən uşaqlar birağızdan çığırdılar.

Aban Müəzzin sərçəni Əl-Fürqan[2 - Əl-Fürqan (Meyar, Gözüaçıqlıq) – Quranın 25-ci surəsi. İsrailin “Qurğuşun əməliyyatı”, Fələstinin isə “Qəzza Qətliamı” və ya “Əl-Fürqan savaşı” adlandırdığı, 27 dekabr 2008 – 18 yanvar 2009 arası baş vermiş Qəzza müharibəsi.] savaşında dənizdən şığıyan “gürzələr”[3 - “Gürzə” – çoxməqsədli F-16 qırıcı təyyarəsi. Rəsmi adı: “Döyüşən Şahin”. Çevikliyinə görə, pilotlar ona “gürzə” (viper) deyirlər.] kimi başı üstünə qaldırıb havada süzdürdü, qamış çəpərə tərəf bir neçə addım atdı, qəlpənin yeddiaylıq hamilə arvadı Ayişənin qarnına sancıldığı yerdə “ölüm ilgəyi” vurdu. Damların üstündə atılıb-düşüb ləzzətlə çığırışan uşaqlara baş əyib sərçəni eyvanın kölgətutan yerində düzəltdiyi quş damına atdı. Qəfəsdəki sərçələr qonağı boğuq cikkilti ilə qarşıladı.

Ayişəsini doğmadığı qızı ilə iç-içə basdırıb gələndən sonra Aban Müəzzin kufiyə[4 - Kufiyə – ərəblərdə kişi baş örtüyü, yaylığı. Ş(a)max(q), kaffiya, keffiya, ğutra da deyirlər. El arasında “ərəfati” də işlənir. Örtüyü başda saxlamaq üçün üstündən qara dairə (iqal) taxırlar.] taxıb səub[5 - Səub (thawb) və ya soub (thobe) – uzunətəkli ərəb kişi geyimi.] geyməyə başladı. Səubu həmişə tər-təmiz, ağappaq olduğundan, uşaqdan böyüyə bütün Qəzza ona “ağoğlan” deyirdi.

Aban Müəzzin bugünü dünəninə əkiz olan Cəbəlyə[6 - Cəbəlyə qaçqın düşərgəsi – Şimali Qəzza qubernatorluğunda, Cəbəlyədən 3 km şimalda yerləşir.] qaçqın düşərgəsindən sahilə, Qəzza yoluna çıxan kimi qəsəbə uşaqları yenə çığır-bağırla dalınca düşüb: “Ölüdü!”, “Diridi!”, “Gəl mərc qoşaq, ağoğlan!” deyib çiynindən asdığı dəmir qəfəsi daşladılar. Aban Müəzzin sərçələri çarpanaq daşlardan yayındırmaq üçün kufiyəsini başından açıb qəfəsin üstünə saldı.

Hərdən uşaqların ən dəcəli arxadan yaxınlaşıb səubunun ətəyini dartıb qaçır, Aban Müəzzin də dayanıb ona səssizcə göz ağardıb yoluna davam edirdi.

Qəzzanın girişində dayandı, yolboyu bir-birinə bitişik birmərtəbəli suvaqsız dükanlara baxdı. Luay Abdullahın ətir dükanından başqa hamısı bağlı idi. Qəfəsə göz atıb cümə günü olduğunu dəqiqləşdirdi. Gözü balıqçı dostu Ala’a oğlu Kənaanı axtardı.

Cəbəlyədə Kənaandan başqa hamı Ala’anın öldüyünü bilirdi. İnişil səs bombasından qorxub dili tutulmazdan qabaq kimiymişsə, – boynuna almasa da, deyilənə görə, Luay Abdullah olub, – dilindən qaçırdıb Kənaana atasının öldürüldüyünü deyibmiş. Kənaan xəbəri eşitcək evlərinə qaçmış, atasının İordan məxmərinə büküb soyuducunun üstündəki şahmat taxtasının içində saxladığı Quranı götürüb Aban Müəzzinin evinə cummuş, Kitabı onun qarşısına tutmuşdu. Aban Müəzzin çəpərin başından boylanan qonşularının gözü qabağında əlini yuyub silib qurulayıb Quranın üstünə qoymuş, bərkdən demişdi:

– Ya Ala’a oğlu Kənaan, and içirəm, mərmi partlayıb qayığımızı aşıranda atanın dənizə düşdüyünü gördüm, amma ölüsünü görmədim.

Aban Müəzzinin sözlərini eşidən qonşu kişilər içlərini çəkmiş, arvadlar isə üzlərini cırmaqlayıb qanatmışdılar.

Kənaan Quranı üç dəfə öpüb gözünün üstünə qoymuş, Kitabı səliqə ilə məxmərə büküb Əl-Aqsa[7 - Əl-Aqsa – Yerusəlimdə (Əl-Qüdsdə) yerləşən və islam dünyasının üçüncü müqəddəs məscidi. Beyt əl-Müqəddəs də deyilir.] imamları kimi təmkinli addımlarla evlərinə getmişdi.

O gündən Kənaan Cəbəlyədə təkcə hər kəsin üzdə “ağoğlan”, arxada “havalı” dediyi Aban Müəzzini görəndə təzim eləyirdi.

Kənaanın başı Luay Abdullahın dükanının arxasında öz əliylə əkdiyi, günaşırı məscidin həyətindən daşıdığı su ilə suvardığı zeytun ağacına qarışdığından, Aban Müəzzini görmədi. Heç Aban Müəzzin də onun gözdələn baxışlarına tuş gəlmək istəmirdi. O zeytun ağacına, illah da o ağacdan asdığı yazılara görə, Kənaanın başı çox ağrımışdı. Uzunsaqqal qəsəbə kişilərinin, yalnız sürməli gözləri görünən qarapaltar qonşu qadınların qınağı bir yana, Əl-Kəbir məscidinin imamı ilə “müqavimət”çi[8 - “Müqavimət”çi – “İslam Müqavimət Hərəkatı”na (Harakat al-Muqāwamah al-İslāmiyyah – HAMAS) el arasında verilən qısa ad. “Hamas” sözünün özü isə ərəbcə “çalışqanlıq”, “inadkarlıq” anlamını verir. Qurum 15 dekabr 1987-ci ildə, misirli “Müsəlman Qardaşları”nın bazasında yaradılıb. 2007-ci ildən Qəzzada idarəçilik HAMAS-ın əlindədi.] başqanın açıq hədəsi onu çox qorxutmuşdu. Təkcə ətirçi bəhayi Luay Abdullahla Aban Müəzzin Kənaanın “kadima”çıların[9 - Kadima – “İrəli”. İsrailin mərkəzçi- liberal siyasi partiyası.] “likud”çulara[10 - Likud (HaLikud) – “Birlik”. İsrailin aparıcı mərkəzçi-sağ siyasi partiyası.], onların da “müqavimət”çilərlə “azadlıq”çılara[11 - “Azadlıq”çı – Fələstində siyasi partiyaların konfederasiyası sayılan Fələstin Azadlıq Təşkilatının ən böyük qolu olan, əsası Yasir Ərəfat tərəfindən qoyulmuş FƏTH (Fatah və Fateh kimi də tanınır) partiyası.] qoşulub birgə öldürdükləri qəzzalıların adını ağ boya ilə dəmir lövhəciklərə yazıb zeytunun budaqlarından asmasına təmkinlə baxırdı. Kənaan Luay Abdullahın da, Aban Müəzzinin də küləkli havada zeytun ağacının altında əlləri qoynunda durub yel vurduqca cingildəyən dəmir addaşların qarışıq müsiqisini dinlədiyini çox görmüşdü. Ötən milad bayramı gecəsi üç qarapaltarlı qadının da pir zeytunun altında ağlaşdığını, addaşlardan birini növbə ilə sığallayıb öpdüklərini görən olmuşdu.

Rəfah tuneli uçub dörd nəfər torpaq altında qalan gün isə Kənaan ətirçi ilə ağoğlanın “Əl-Fürqan” savaşı zamanı Qəzzaya girən tank tırtılları yeri titrədərkən addaşların vahiməli cingilti qopartmaları haqda xəlvəti söhbətini eşitmişdi.

Qəzzalılar Aban Müəzzinin harda sərçə gördü, “gürzə” bilib, çapan çala-çala dalınca qaçdığını Ayişənin qırxı çıxana qədər qəhərli boğazla, qırxdan sonra qəhqəhə ilə seyr eləyirdilər. Arvadlar isə Aban Müəzzini görəndə zağruta[12 - Zağruta – lülüləmək. Ərəb qadınlarının toylarda, bayramlarda dillərini cəld hərəkət etdirməklə birlikdə çıxardıqları şən səs.] çalıb lülüləyib şənlənirdilər.

Onun qəfəsində neçə sərçə olduğunu da hamı əzbər bilirdi: ara günlər iki, cümə günləri beş sərçə. Hər sərçə on şekel qazanc gətirirdi. Həftəlik qazancı pitaya[13 - Pita – müxtəlif ölçülü dairəvi çörək.], hummusa[14 - Hummus – Qaynadılmış noxuddan əzilib hazırlanmış, küncüt, zirə, sarımsaq, limon şirəsi, zeytun yağı və duz qatılmış yüngül yemək.], bir də tütünlə qəhvəyə bəs eləyirdi. Bir-iki dəfə Luay Abdullah Aban Müəzzinə falafel[15 - Falafel – Noxud, lobya və başqa növ paxlalardan əzilib hazırlanmış, içi ədviyyatla doldurulub kündələnib kartof kimi qızardılmış təam.] təklif etsə də, o, “toxam” deyib ətirçinin əlini geri qaytarmışdı.

Aban Müəzzinin hara gedəcəyini də hər kəs bilirdi: sahildəki üç tərəfi qamışla hasarlanmış “Baradays Qahve va İstiraha” kafesinin müştəriləri həmişə əliaçıq olurdu, müştərilər onunla mərcə girməsələr belə, kafenin yiyəsi Cəmal Atamneh onu heç vaxt əliboş qoymazdı.

Aban Müəzzin, adəti üzrə, qumsallıqdan balıqqulağı götürüb Luay Abdullahın pəncərəsinə sarı tulladı. Ətirçi səsə başını qaldırdı, “Əl-Əyyam”ı[16 - “Əl-Əyyam” – Ramallahda (Fələstin) ərəbcə çıxan qəzet.] qatlayıb kənara atdı, əlini yelləyib ona salam verdi.

Sərçələrin cikkiltisi gəlmirdi, eləcə, Aban Müəzzin addımladıqca, millərin üstündə müvazinətlərini saxlamaq üçün qanadlarını çırpırdılar.

Aban Müəzzin əlində su qabı, gözü dolmuş Kənaanı qarşısında görəndə duruxdu. Kənaan ona yüngülcə təzim edib ləpədöyən qayalığı göstərdi. Aban Müəzzin gözucu o tərəfə baxdı, qayalara aramsız çırpılıb sönən dalğalardan, bir də leş üstündə dimdikləşən iki kərkəsdən başqa bir şey görməyib Kənaanın başını sığallayıb alnından öpdü, salavat çevirıb şəhərə doğru addımladı.

O, daş yoldan sağa, kafeyə tərəf dönəndə, Cəmal Atamneh özü onu qarşılayardı. Bu dəfə belə olmadı. Cəmal qaşqabaqlı idi, Aban Müəzzinə dilucu “Səbah əl-Nur” deyib küncdəki boş kətili göstərdi. Dirəyə bərkidilmiş radiodan kafeyə Fayruzun[17 - Fayruz – Nouhad Vadi Həddad (21 noyabr 1935-ci ildə doğulub). Dünya şöhrətli livanlı müğənni. Səhərlər əksər qəzzalılar Fayruzu dinləməyi çox sevir.] “Bektob esmak, ya habibi”[18 - “Bektob esmak, ya habibi” – “Sənin adını yazıram, əzizim”] sızıltısı axırdı. Cəmal Atamneh radionun səsini alıb Aban Müəzzinlə üzbəüz oturdu. Cəzvədəki qəhvəni qarışdırıb onun fincanına tökdü.

– Aban Müəzzin, həbibi, – Cəmal ayağının ucu ilə qəfəsi mizin altına itələyib dedi, – tezdən “müqavimət”çilər gəlmişdi, səni soruşdular, dedilər, mərc qoşmaq şəriətdə yasaqdı. Ehtiyatlı ol, ya Aban, yaman acıqlı danışırdılar!

Aban Müəzzin dinmədi. Şəriət yasaqlarından xəbəri vardı. Dodaqlarını tərpədib hər cümlənin başında işlətdiyi “mafii müşkila”sını[19 - Mafii müşkila – eybi yoxdur, problem deyil (ərəbcə)] deyib ayağa durdu, əlini bir neçə dəfə yüngülcə Cəmalın kürəyinə vurdu, qəfəsin quşqusunu barmağına keçirib qəhvəxanadan çıxdı.


* * *

Dənizdən əsən nəsim çirkab suların üfunətini ətrafa yayırdı. Aban Müəzzin arxasını dənizə çevirmişdi. Qayıqları batırılıb iki balıqçı yoldaşını itirəndən sonra o, dənizə ancaq gözucu, sabahın havasını öyrənmək üçün baxardı. Elə bilirdi dənizə çox baxsa, orda mütləq Ala’anın suya qarışmış qanını görəcəkdi.

Əl-Kəbir məscidindən günorta azanının ucalması ilə işıqların sönməsi bir oldu. Maqnitofona yazılmış azan bir dəfə “Allahu-Əkbər” deyib susdu. Generatorlar uğultu ilə işə düşdü. Azan səsi generatorların qara tüstüsünə qarışıb Qəzzanın içinə doğru süründü.

Sahildə gəzişən iki ahıl kişi Ərəfatın[20 - Ərəfat – Yasir Ərəfat (4 avqust 1929 – 11 noyabr 2004). Fələstin Milli Azadlıq hərəkatının (Harakat al-Tahrir al-Vatani al-Filastini – FATH) təşkilatının banisi. 1994-cü ildə Nobel Sülh mükafatı alıb. Yasir Ərəfatı Fələstində ümummilli lider, İsraildə isə terrorçu sayırlar. Ərəfatın Əl-Qüdslə (Yerusəlim) Ölü Dəniz arasında açdırdığı “Oazis” kazinosu islam ələmində böyük səs-küyə səbəb olmuşdu.] “Oazis” kazinosu haqda qızğın mübahisə eləyə-eləyə Aban Müəzzinin qarşısından keçib getdilər, amma bir azdan qayıdıb onun yanına gəldilər. Kişilərdən biri əlini açıb beş şnekeli Aban Müəzzinin gözü qabağına tutdu:

– Oynayaq?

Aban Müəzzin dinməzcə qəfəsdəki sərçələrdən birini çıxarıb ovcunda gizlədi. Sərçənin başı ilə quyruğu görünürdü.

Aban Müəzzin rəqibinə baxdı.

– Ölüdü! – rəqibi kefikök dilləndi.

– Yox, diridi!

Rəqibi dostuna baxıb irişdi, Aban Müəzzinin burnuna bir çırtma vurdu:

– Dedim. ölüdü!

– Di-ri-di!!! – Aban Müəzzin var gücü ilə bağırdı.

Sahildə top qovan uşaqlar bir anda çəkişənləri dövrəyə aldı.

Rəqibi gülüşüb qışqırmağa hazır durmuş uşaqlara baxıb əlini Aban Müəzzinin əlinin üstünə şappıldatdı:

– Diridisə, aç, baxaq.

Aban Müəzzin barmaqlarını aralayan kimi sərçə qanadlarını sürətlə çalıb dənizə tərəf uçdu, amma tez də burulub Əl-Kəbir məscidinə sarı uçub getdi. Uşaqların sevinclə atılıb-düşməsi xeyli çəkdi. Ahıl kişi beş şnekeli bir-bir qumun üstünə atdı. Aban Müəzzin ona təşəkkür etdi, yerdən dəmir pulları götürdü, tozunu üfürüb təmizləyib qəfəsin küncünə yığdı.


* * *

Gün Aşdoda tərəf əyilirdi. Qəfəsdəki dörd sərçə qoxusunu hələ unutmadıqları yuvalarına tərəf uçmuş, Aban Müəzzinə qırx şekel qazanc gətirmişdi.

Aban Müəzzin boyu şərqə uzanan kölgədə oturdu. Mərcə girən təzə müştəri olmadığından, qəfəsi açıb sonuncu sərçəni ovcuna aldı. Birinci dəfə idi, gətirdiyi sərçələrdən geri qaytardığı olurdu.

Gözlərini yumub dənizə tərəf çevrildi. “Get bacılarının yanına, qanadlı məxluq!” – deyib sərçəni başı üzərinə qaldırdı.

– Oyun bitdimi, Aban Müəzzin?! – kimsə onun qolundan yapışdı.

Gözlərini açdı. Qarşısında dənizin mavi yeləni ilə uyuşmayan tünd palıd köynəkli, qalın qara saqqallı pota bir oğlan, bir də ondan on-on beş yaş böyük, pırpız saçlı, çal saqqallı bir kişi dayanmışdı. Aban Müəzzin “müqavimət”çilərlə görüşün elə belə də olacağını ağlından yüz dəfə keçirmişdi.

– Yox, bitməyib, – cavab verdi. Səsinin titrədiyini özü də duydu.

Pota cibindən yüz şekellik əsginas çıxarıb Aban Müəzzinin gözü qabağında yellədi:

– Şekel deyir, diridi, – sifətinin bir tərəfini əyib istehza ilə qımışdı, – sən nə deyirsən?

Aban Müəzzin “Hə, diridi” deyib ovcunu açmaq istədi, amma potanın qurşağında parıldayan gümüş qundaqlı tapançanın, bir də uduzacağı yüz şekelin qorxusundan fikrindən daşındı:

– Yox, ölüdü, – mızıldandı.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/ataqam/qanadli-korpu/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes


Примечания





1


Şekel – İsrailin rəsmi pul vahidi. Qəzza Zolağı da daxil, Fələstinin hər yerində şekel işlənir. Şnekel – el arasında 2-şekellik dəmir pula deyirlər. Şnayim (iki) və şekel sözlərinin birləşməsindən yaranıb.




2


Əl-Fürqan (Meyar, Gözüaçıqlıq) – Quranın 25-ci surəsi. İsrailin “Qurğuşun əməliyyatı”, Fələstinin isə “Qəzza Qətliamı” və ya “Əl-Fürqan savaşı” adlandırdığı, 27 dekabr 2008 – 18 yanvar 2009 arası baş vermiş Qəzza müharibəsi.




3


“Gürzə” – çoxməqsədli F-16 qırıcı təyyarəsi. Rəsmi adı: “Döyüşən Şahin”. Çevikliyinə görə, pilotlar ona “gürzə” (viper) deyirlər.




4


Kufiyə – ərəblərdə kişi baş örtüyü, yaylığı. Ş(a)max(q), kaffiya, keffiya, ğutra da deyirlər. El arasında “ərəfati” də işlənir. Örtüyü başda saxlamaq üçün üstündən qara dairə (iqal) taxırlar.




5


Səub (thawb) və ya soub (thobe) – uzunətəkli ərəb kişi geyimi.




6


Cəbəlyə qaçqın düşərgəsi – Şimali Qəzza qubernatorluğunda, Cəbəlyədən 3 km şimalda yerləşir.




7


Əl-Aqsa – Yerusəlimdə (Əl-Qüdsdə) yerləşən və islam dünyasının üçüncü müqəddəs məscidi. Beyt əl-Müqəddəs də deyilir.




8


“Müqavimət”çi – “İslam Müqavimət Hərəkatı”na (Harakat al-Muqāwamah al-İslāmiyyah – HAMAS) el arasında verilən qısa ad. “Hamas” sözünün özü isə ərəbcə “çalışqanlıq”, “inadkarlıq” anlamını verir. Qurum 15 dekabr 1987-ci ildə, misirli “Müsəlman Qardaşları”nın bazasında yaradılıb. 2007-ci ildən Qəzzada idarəçilik HAMAS-ın əlindədi.




9


Kadima – “İrəli”. İsrailin mərkəzçi- liberal siyasi partiyası.




10


Likud (HaLikud) – “Birlik”. İsrailin aparıcı mərkəzçi-sağ siyasi partiyası.




11


“Azadlıq”çı – Fələstində siyasi partiyaların konfederasiyası sayılan Fələstin Azadlıq Təşkilatının ən böyük qolu olan, əsası Yasir Ərəfat tərəfindən qoyulmuş FƏTH (Fatah və Fateh kimi də tanınır) partiyası.




12


Zağruta – lülüləmək. Ərəb qadınlarının toylarda, bayramlarda dillərini cəld hərəkət etdirməklə birlikdə çıxardıqları şən səs.




13


Pita – müxtəlif ölçülü dairəvi çörək.




14


Hummus – Qaynadılmış noxuddan əzilib hazırlanmış, küncüt, zirə, sarımsaq, limon şirəsi, zeytun yağı və duz qatılmış yüngül yemək.




15


Falafel – Noxud, lobya və başqa növ paxlalardan əzilib hazırlanmış, içi ədviyyatla doldurulub kündələnib kartof kimi qızardılmış təam.




16


“Əl-Əyyam” – Ramallahda (Fələstin) ərəbcə çıxan qəzet.




17


Fayruz – Nouhad Vadi Həddad (21 noyabr 1935-ci ildə doğulub). Dünya şöhrətli livanlı müğənni. Səhərlər əksər qəzzalılar Fayruzu dinləməyi çox sevir.




18


“Bektob esmak, ya habibi” – “Sənin adını yazıram, əzizim”




19


Mafii müşkila – eybi yoxdur, problem deyil (ərəbcə)




20


Ərəfat – Yasir Ərəfat (4 avqust 1929 – 11 noyabr 2004). Fələstin Milli Azadlıq hərəkatının (Harakat al-Tahrir al-Vatani al-Filastini – FATH) təşkilatının banisi. 1994-cü ildə Nobel Sülh mükafatı alıb. Yasir Ərəfatı Fələstində ümummilli lider, İsraildə isə terrorçu sayırlar. Ərəfatın Əl-Qüdslə (Yerusəlim) Ölü Dəniz arasında açdırdığı “Oazis” kazinosu islam ələmində böyük səs-küyə səbəb olmuşdu.



Tanrı gildən Adam düzəltdı, ona nəfəs verdi. Adam Tanrıya yalvardı: “Məni yaratdın, indi mənə xoşbəxtlik də ver!” Tanrı artıq qalan gili onun ovcuna qoydu: “Buyur, hər kəs öz bəxtinin bəstəkarıdır, öz xoşbəxliyini özün yoğur”. Adam sevindi. Əvvəlcə gələcək xoşbəxtliyini yad nəfəsdən qorumaq üçün bir silah düzəltdi.

Başı işə necə qarışdısa, xoşbəxtliyə gil çatmadı”.

Как скачать книгу - "Qanadlı körpü" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Qanadlı körpü" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Qanadlı körpü", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Qanadlı körpü»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Qanadlı körpü" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *