Книга - Sufi hekayətləri

a
A

Sufi hekayətləri
Xalq yaradıcılığı (Folklor)


Hikmət
Bu kitaba dünya xalqlarının pritçalarını, müxtəlif dini təlimləri, eləcə də lətifələri, Molla Nəsrəddin haqqında rəvayətləri sintez etməsi ilə məşhurlaşan yazıçı Entoni de Mellonun topladığı müdrik hekayətlər toplanıb.







Sufi hekayətləri





ÖN SÖZ


İslamda ezoterik cərəyan sayılan, tərki-dünyalığı və ali ruhaniliyi təbliğ edən sufizm (təsəvvüf) hələ də qırx qapı arxasında möhürlənmiş sirr olaraq qalır. Bununla belə, əsrlərin süzgəcindən keçmiş bu cərəyana qısa baxış keçirməyə cəhd edək.

Sufilər Allaha birbaşa qovuşmağın mümkünlüyünə inanan və həyatı boyu Haqqa can atan şəxslərdir. Onlar məlum məqsədlərinə tabe etdirdikləri həyatlarını Yol adlandırırlar.

Sufizm təcrübədən nəzəriyyəyə doğru yol alıb və onun ilk daşıyıcıları islam dünyasını dolaşan dərvişlər olub. Allaha gedən yolda vasitəçinin olmadığını söyləyən bu adamlar zaman-zaman təqibə məruz qalıb, hətta əqidələrinə görə edam olunublar. Hərçənd sonradan məşhur islam ilahiyyatçıları sufizmin inkişafına və qanuniləşməsinə təkan veriblər. Bunlardan Ömər Xəyyamın müasiri, böyük din mütəfəkkiri Məhəmməd əl-Qəzalinin adını çəkmək olar.

Məramı dünyəvi təlaşlardan azad, mənfi keyfiyyətlərdən qurtulmuş “kamil insan” yetişdirmək olan sufizm öz ardıcıllarını hər zaman ilhamlandırıb və estetika, etika, ədəbiyyat, incəsənətin inkişafında mühüm rol oynayıb. Cəlaləddin Rumi, Sədi Şirazi, Ömər Xəyyam kimi böyük mütəfəkkirlər buna bariz nümunədir.

Sufizm insanın ruh dünyasını kamilləşdirir. O, maddi dünyanın təsirini zəiflədir və şəxsin Allaha təmənnasız, sadiq xidmətinə rəvac verir. Sufinin Haqqa gedən Yolu Ustada (mürşid) itaətdən və onun göstərişlərinə əməl etməkdən keçir. Hərçənd Yola müstəqil də çıxmaq olar. Belə ki, ötən əsrlərin dahi ustadları özlərindən sonra gələnlər üçün xeyli nişan qoyublar. Bu şəxsiyyətlərin yazdıqları hələ də öyrənilməkdədir.

Oxucuya təqdim olunmuş “Sufi hekayətləri”ndə Cəlaləddin Rumi, Fəridəddin Əttar, Əhməd Yasəvi, Bəhaəddin Nəqşbəndi, Bəyazid Bistami, Şihabəddin Yəhya Sührəvərdi, İdris Şah kimi böyük ustadların və digərlərinin fikirləri yer alıb. Ən başlıcası müdrikliyi təlqin edən bu hekayətləri həm də İnsani keyfiyyətlərə və Eşqə çağırış kimi qəbul etmək olar.




USTAD SUFİLƏR





YAĞIŞ DUASI


Deyilənə görə, Qəsr əl-Arifin adlı ərazidə quraqlıq baş verir. Camaat Ustad Bəhaəddin Nəqşbəndinin yanına gəlib ondan yağışın yağması üçün dua etməsini diləyir. Sufi yanına gələnlərlə birgə bayıra çıxıb küçələri gəzməyə başlayır, nəhayət, körpəsini əzizləyən bir qadın görüb ayaq saxlayır.

– Yalvarıram, uşağını əmizdir! – Ustad deyir.

– Öz uşağımı nə vaxt əmizdirmək lazım olduğunu özüm bilərəm! – qadın cavab verir. – Niyə başın çıxmayan işə qarışırsan ki?!

Bəhaəddin şagirdlərinə qadının sözlərini kağıza yazıb camaat qarşısında oxumalarını buyurur.




ƏHMƏD YASƏVİ


Yasəvi təlim verməyə başlayanda müxtəlif niyyətli şagirdlərlə qarşılaşır. Onun söhbətlərini hər kəs maraqla dinləsə də, kütlə tezliklə müntəzəm tədris proqramı tələb etməyə başlayır.

Yasəvi onlara bildirir ki, bunun üçün xüsusi bina – təkyə[1 - təkyə – təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yer.] tikməyi qərara alıb. Beləcə, yüzlərlə insan onun rəhbərliyi ilə altı ay tikintidə iştirak edir. İnşaat başa çatanda Yasəvi deyir:

– Bu binanın divarları arasında təhsil almaq istəyənlər lütfən sağ tərəfdə dayansın. Əleyhinə olanlarsa sol tərəfə keçsin.

İki qrup yaranandan sonra Yasəvi deyir:

– Sağ tərəfdə dayananları buraxıram: sizə heç nə verə bilməyəcəyəm, ona görə də haradan gəlmisiniz, ora da qayıdın. Yerdə qalanlar şagirdim ola bilər. Onların ilk işi isə təkyəni dağıtmaq olacaq.

Rədd edilmiş şagirdlər pərt vəziyyətdə qalır və Yasəvinin ağlının azdığı barədə şayiələr yayırlar. Amma məhz bu Allah divanəsinin yaxşını yamandan seçmə bacarığı Ustad Nəzəriyyənin binasını qurur.




BƏYAZİD BİSTAMİ


Böyük sufi ustadı Bəyazid hələ uşaq yaşlarında ikən Müəllimin yanına gedir. O, kəlmə belə kəsmədən oturub Müəlliminə baxar, bir müddət sonra sakitcə çıxıb gedərdi. Müəllim onunla düz on iki ildən sonra danışır:

– Oğlum, rəflərdəki kitabı gördünmü?

Bəyazid cavab verir:

– Bura gələndə heç vaxt sağıma-soluma baxmamışam və kitabların harada olduğunu belə bilmirəm. Yeganə məqsədim, sadəcə, qənşərinizdə oturub Sizə baxmaq və sükutunuzun gücünü özümə hopdurmaq idi.

Bunları eşidən Müəllim deyir:

– Oğlum, sən qəbul olundun!

Şagirdliyə namizədə qarşı bu cür münasibət həddən artıq sərt, insafsız görünə bilər. Amma belə yanaşma hər şeylə maraqlananları və kifayət qədər yetkin olmayanları ələməyə imkan verir. Ustad soruşmayacaq: “Sən kimsən? Məqsədin nədir?” Burnunu hər yerə soxanlara möminlərin dünyasında yer yoxdur. Bütün dünya onun ixtiyarında ola bilər, ancaq Həqiqəti dərk etmək onluq deyil.




DÜŞÜNCƏSİZLƏR


– Bu dünyanın adamları düşüncəsizdirlər, – Əcnabi deyir və şagirdlərinə fikrini sübut edəcəyinə söz verir.

Əcnabi elə həmin axşam varlı birisini evinə orucunu açmağa dəvət edir. Qonaq gəlib çıxır və onlar bir tikə quru çörəklə bir dənə xurma yeyirlər. Əcnabinin evində başqa yemək yox idi.

Evinə qayıdan zəngin sufiyə içində on min dinar olan pulqabını hədiyyə göndərir. Əcnabi hədiyyəni geri qaytarır, üstəlik, məktub da yazır: “Çörəyi yemək olar, qızıldan nə fayda var ki? Adamlar onun nəyəsə yaradığını düşünməkdə kökündən yanılırlar”. Sonra pula ehtiyacı olan birisini yanına çağırıb varlının qapısına getməyi və ondan on min dinar istəməyi buyurur. Adam qayıdanda Əcnabi soruşur:

– O sənə nə dedi?

Ehtiyacı olan cavab verir:

– Dedi ki, mənə heç nə verməyəcək.

Onda Əcnabi öz şagirdlərinə müraciət edir:

– Bu dünyanın adamları, şübhəsiz ki, düşüncəsizdirlər. Onlar qızılın da çörək kimi qiymətli olduğunu düşünürlər, hətta birini digərinə dəyişirlər. Halbuki qapılarına dürüst və pula ehtiyacı olan birisi gələndə ona rədd cavabı verməklə haqlı olduqlarını hesab edirlər. Əgər onlar özlərini normal sayırlarsa, gəlin biz onların hesab etdikləri dəli kimi olaq.




ATLI VƏ İLAN


Deyirlər ki, bilikli adamın “qəddarlığı” səfehin “xeyirxahlığından” yaxşıdır.

Yol gedən atlı zəhərli ilanın yerdə yatmış birisinin aralı qalmış ağzına girdiyini uzaqdan görür. Zavallının bədbəxt hadisənin qurbanı olacağını anlayıb atını tez ora çapır və hələ də yuxuda olan bixəbəri qamçılamağa başlayır. Yerindən dik atılan adam nə baş verdiyini anlamayıb gözlərini bərəldir. Atlı bu dəfə onu yaxınlıqdakı ağaca tərəf qovub yerə səpələnmiş çürük almaları yeməyə məcbur edir. Sonra yenə qamçısını işə salıb bu dəfə çaya tərəf qovur və suyu hortultu ilə içməyə məcbur edir.

– Axı günahım nədir ki, mənə bu qədər əzab verirsən?! – zavallı boğula-boğula söyləyir.

Amma amansız atlı biçarəyə qaş qaralanadək işgəncə verir. Sonda o dözməyib qusmağa başlayır və çürüntü ilə birgə ilanı da tüpürür. Yalnız onda qurtulduğunu anlayıb xilaskardan üzr istəyir və deyir:

– Nə baş verdiyini mənə əvvəlcədən söyləsəydin, müalicəni məmnuniyyətlə qəbul edərdim.

– Sənə hər şeyi əvvəlcədən söyləsəydim, mənə inanmazdın, ya da qorxudan qaçıb gedərdin, ən pisi isə olanları unutmaq üçün yenidən yuxuya gedərdin və onda axırın çatardı.




BƏYAZİD VƏ LOVĞA


Bir nəfər IX əsrin böyük sufilərindən olan Bəyazid Bistamini qınayıb deyir:

– Otuz ildir oruc tuturam, namaz qılıram, amma sənin vəd etdiyin təsəllini tapa bilmirəm.

– Üç yüz il də oruc tutsan və namaz qılsan, təsəlli tapan deyilsən.

– Niyə? – aydınlanma axtarışında olan soruşur.

– Çünki lovğasan, – müdrik cavab verir.

– Bəs bundan necə qurtulum?

– Bir çıxış yolu var, amma sənə uyğun gəlməyəcək.

– Yenə də de görüm.

– Bərbərin yanına gedib saqqalını qırxdırmalı, sonra üst paltarını soyunmalı, belbağıyla qurşanmalı və boynundan içi qozla dolu torba asmalısan. Bütün bunları edəndən sonra bazar meydanına yollan və dil boğaza qoymadan qışqır: “Boynuma zərbə vuran hər kəsə qoz verəcəyəm”. Sonra məhkəmə binasının qarşısında gəziş ki, şəhər qazısı səni bu vəziyyətdə görsün.

– Axı mən söylədiklərini etmək iqtidarında deyiləm. Yalvarıram, mənə başqa yol göstər.

– Bu, məqsədə doğru ilk və yeganə mümkün olan addımdır, – Bəyazid söyləyir. – Amma xəbərdar etdim axı, söylədiyim çıxış yolu xoşuna gəlməyəcək. Buna görə də sənə çarə yoxdur.




MİNNƏTDARLIQ MƏKTUBU


Rum ölkəsinin baş nazirinin qəbulundan evə qayıdan Şərif Şah dərhal şəhərin ən yaxşı xəttatına şit tərif və bayağı ehtiram dolu məktub yazdırır. Bunun şahidi olan bir mütəfəkkir ona deyir:

– Şərif Şah! Bu məktubu nazirə göndərsəniz, ya yaltaqlığınız onu özündən çıxaracaq və sizi bir daha evinə dəvət etməyəcək, ya da adamların guya səcdənizin ona təsir etdiyini düşünməsindən çəkinib sizə sarayda heç vaxt yüksək vəzifə tapşırmayacaq.

Şərif Şah gülümsünüb deyir:

– Tamamilə düzgün buyurursunuz. Nazirə qoyduğunuz diaqnoz əla filosof olmağınıza bariz sübutdur. Amma, deyəsən, barəmdə düşündükləriniz elə öz təkəbbürünüzü təhrif etdi. Məsələ burasındadır ki, indicə eşitdiyiniz sözləri məhz saraydakı qəbullardan uzaq durmaq üçün yazdırdım. Sarayda vəzifə almaq isə mənim üçün qəbula düşməkdən də arzuolunmazdır.




ANA HÜNƏRİ


Peyğəmbərin dövründə Umm Abdallah adında mömin bir qadının on səkkiz yaşlı oğlu xəstələnib ölür.

Qadın ah-vay etmir və fikirləşir ki, tarladan yorğun-arğın qayıdacaq ərinə bu hüznlü xəbəri necə çatdırsın. Kişi işdən qayıdıb oğlunu soruşanda deyir:

– Oğlumuz yatıb, onu oyatma.

Sonra qadın ərinə şam yeməyi verir və müsibətdən bixəbər ər məscidə gedib-gəlir, gecəni arvadının qoynunda rahatca yatır. Səhər qadın ərinə deyir:

– Dünən qəribə bir hadisənin şahidi oldum: qonşularımıza saxlamağa nəsə vermişdilər, sonra sahibi gəlib verdiyini geri istədi. Onda onlar nalə çəkib şikayətlənməyə başladılar.

Kişi deyir ki, qonşuları səfehdir. Bu sarsaqlar axı onların üzərinə qoyulmuş öhdəlikdən azad olmuşdular. Onda qadın ovladlarının ölüm xəbərini ərinə açıb deyir. Qadının hünərinə heyran qalan ər ağır itkini mətanətlə qarşılayır.




SUSQUN ŞEYX


Məşhur sufi şeyxi İbrahim ibn Ədhəm yolda bir atlıyla rastlaşır. Atlı ondan yolu soruşur. İbrahim əlini göyə qaldırır.

Atlı boş zarafat etməyi buraxıb ona şəhərin yolunu göstərməyi xahiş edir. Onda şeyx qəbiristanlığı göstərir.

Özündən çıxan atlı şeyxin üzünü qamçılayır. Bir kəlmə belə söyləməyən İbrahim bulaq başına gedib üzünün qanını yuyur.

Yoluna davam edən atlı az sonra bir dəstə adamla rastlaşır. Onlar kimisə axtarırdılar. Atlı onlardan kimi axtardıqlarını soruşanda bu cavabı alır:

– Biz günahlarla dolu şəhərimizə ayaq basmaq istəməyən İbrahim ibn Ədhəmi axtarırıq, onun pişvazına çıxmışıq.

Adamlar atlıya şeyxin yerini deyərsə, mükafatlandırılacağını söyləyirlər. Atlı onun zahiri əlamətlərinin necə olduğunu soruşur. Onlar İbrahimin geyimini təsvir edirlər: qolsuz, keçə əba. Az əvvəl şeyxlə rastlaşdığını anlayan atlı hönkür-hönkür ağlayır.

Xeyli axtarandan sonra, nəhayət, İbrahimi çay kənarında möhkəm yuxuya getmiş halda tapırlar. Atlı ondan üzr istəyir və bundan belə bir daha heç kəsin xətrinə dəyməyəcəyini vəd edir.




FƏZL-RƏBBİ KİMİ OL


Kasıb bir qoca bəzi məsələləri müzakirə etmək üçün Fəzl-Rəbbini görməyə gedir. Əldən düşmüş əsəbi qoca bilmədən əsasının dəmir ucluğunu Fəzl-Rəbbinin ayağına sancır.

Qocanı izzətlə dinləyən Fəzl-Rəbbi bir kəlmə belə söyləmir, hərçənd üzü ağrıdan gah kağıztək ağarır, gah da közərmiş dəmirtək qızarır. Qoca danışıb qurtarandan sonra Fəzl-Rəbbi ondan kağızı alıb imzasını atır.

Xahişinin yerinə yetməsindən məmnun qalan qoca, nəhayət, çıxıb gedəndən sonra Fəzl-Rəbbi ağrıya təslim olub yerə sərilir. Bu hadisənin şahidi olan adlı-sanlı bir adam soruşur:

– Ağa, qoca ağılsızlığının ucbatından əsasının dəmir ucluğunu ayağınıza batırdı. Ayağınızı qan götürüb getsə də, ağrıdan qovrulsanız da, bunu heç nə ilə büruzə vermədiniz.

Fəzl-Rəbbi cavab verir:

– Bəli, mən ağrımı gizlətdim, çünki qocanın pərt olacağından və utanaraq çıxıb gedəcəyindən, ona yardım edə bilməyəcəyimdən qorxdum. Axı onun mənə ehtiyacı vardı, qocanın qayğılarına mən də nəsə artıra bilməzdim.

Həqiqi insan ol: Fəzl-Rəbbinin fədakarlığından ibrət götür.




HƏQİQİ ARZULAR


Vaxtaşırı moizə oxuyan Rəşid Sitarzadə dinləyicilərin çoxsaylı suallarını həvəslə cavablandırırdı. Onun məclisinə gələnlər arasında tez-tez üç gənc də görünməyə başlayır. Onlar mərifətsizlik edib ustadın sözünü kəsir, mübahisə edir və zəhlətökən suallar verirdilər. Rəşid onlardan yaxa qurtarmaq qərarına gəlir. Moizələrin birindən sonra onlardan qalmağı xahiş edir.

– Siz mənim hər şeyi bilmək istəyən ən inadkar dinləyicilərimsiniz, – o deyir. – Mənə həmişə çoxlu maraqlı suallar verirsiniz. Buna görə hərənizin bir arzusunu yerinə yetirmək istəyirəm.

– Mən yaman çox papiros çəkirəm, – onlardan biri dillənir, – və əlbəttə ki, bu ziyanlı vərdişdən yaxa qurtarmaq istəyirəm.

– Əla, – Rəşid cavab verir. – Bəs siz?

– Mənsə musiqini sevirəm, – digəri cavab verir.

– Həmişə sirinqada çalmağı öyənmək istəmişəm!

– Lap yaxşı. Bəs siz, cavan oğlan?

– Mən işsizəm. İş tapmaq istəyirəm. Amma heç kəs məni işə götürmür, – deyə üçüncü cavab verir.

– Çox pakizə, – Rəşid Sitarzadə deyir. – Arzularınız həyata keçə bilər. Sabah yanıma gəlin, sizə adamları siqaretdən çəkindirən loğmanın, sirinqada çalmağı öyrədən musiqi məktəbinin və mənim zəmanətimlə iş verəcək şəxsin ünvanını deyim.

Rəşidin loğmanın harada yaşadığını, musiqi məktəbinin harada yerləşdiyini və kənddə kimin işçiyə ehtiyacı olduğunu öyrənmək fikri yox idi. Təxmin etdiyi kimi, bu gənclərdən heç biri bir daha onun yanına gəlmədi.




RUMİNİN BƏSİRƏTİ


İşləri düz gətirməyən təbrizli tacir Rumini görmək üçün Konyaya gəlir. Ustada təqdim etmək üçün özü ilə əlli qızıl sikkə də götürür. Otağa daxil olub Mövlananı görəndə həyəcandan özünü itirir.

Cəlaləddin deyir:

– Əlli qızılın qəbul olundu! Amma sən iki yüz itirmisən, gəlişinin səbəbi də budur. Allah səni cəzalandırıb, indisə yol göstərir.

Ruminin bəsirəti taciri heyran qoyur. Mövlana davam edir:

– Bir dəfə uzaq Qərbdə, xristian dünyasında, xristian dərvişin yanından ötüb-keçəndə onun üzünə tüpürmüsən, buna görə də işlərin pis getməyə başlayıb. Get onu tap və üzr istə, bizim də salamlarımızı çatdır.

Açıq kitab kimi oxunduğunu görən tacir lap özünü itirir.

– Bura bax, – Cəlaləddin deyir, – indi onu sənə göstərərik.

Ustad bu sözləri deyib divara toxunur və tacirin gözləri qarşısında Avropadakı bazar, bir də yerdə uzanmış dərviş canlanır. Tacir Ruminin yanından sarsılmış halda ayrılır.

O, dərhal Avropaya yollanır və xristian dərvişi tapır. Tacirin yaxınlaşmağı ilə onun dilə gəlməyi bir olur:

– Ustad mənimlə əlaqə saxladı.

Tacir dərvişin göstərdiyi istiqamətə baxır və Cəlaləddini görür. Mövlana deyir:

– Onun dağında yaquta da, çınqıla da yer var.

Konyaya qayıdan tacir Rumiyə xristian dərvişin salamını çatdırır və özü də dərviş icmasına qoşulur.




AXTARDIĞIN DAXİLİNDƏDİR


Bir dəfə sufi mistiki Rəbiyyə axşam saatlarında balaca evinin qabağında, küçədə nəsə axtarırdı. Günəş batmaqda, qaş qaralmaqda idi. Onun başına bir dəstə adam yığışır. Camaat soruşur:

– Nə edirsən? Nə itirmisən? Nə axtarırsan?

– İynə itirmişəm, – qadın deyir.

– Hava artıq qaralır, iynəni tapmaq çətin olacaq, gəl sənə kömək edək. Hara düşdüyünü xatırlayırsan? Küçə böyükdür, iynəsə balaca. Yerini dəqiq bilsək, tapmaq asan olar.

– Kaş ki bu sualı verməyəydiz, – Rəbiyyə deyir, – açığı, o, küçədə deyil, evdə düşüb.

Camaat gülə-gülə deyir:

– Ağlının azdığını onsuz da bilirdik! İynə evdə düşübsə, onu niyə yolda axtarırsan ki?

– Sadə və məntiqi səbəbdən, – Rəbiyyə cavab verir. – Evin içi qaranlıqdır, bayırsa hələ bir az işıqlıdır.

Camaat qəhqəhə çəkib dağılışmağa başlayır. Rəbiyyə onları geri çağırıb deyir:

– Ayaq saxlayın! Məhz siz belə edirsiniz; mənsə, sadəcə, nümunə götürürəm. Siz xoşbəxtliyi zahirdə axtarırsınız, halbuki əsas sualı verməyi unudursunuz: onu harada itirmisiniz? Mənsə deyirəm: onu daxilinizdə itirmisiniz. Siz səadəti sadə və məntiqi səbəbdən, duyğu orqanlarınız zahirə yönəldiyindən və orada azacıq işıq olduğundan xaricdə axtarırsınız. Mənsə öz təcrübəmdən çıxış edib deyirəm ki, xoşbəxtliyi orada itirməmisiniz. Mən də onu illər boyu zahirdə axtarmışam, amma bir gün daxilimə nəzər salıb heyrətləndim. Axtarmağına dəyməzmiş: axı o, həmişə içimdə olub…




QAYÇI


Ürək nevrozundan əziyyət çəkən bir nəfər Ruminin yanına gəlib deyir:

– Gəzmədiyim loğman qalmayıb, heç kəs dərdimə əlac tapa bilməyib. Sizə pənah gətirmişəm.

Ustad qonağı diqqətlə seyr edib azacıq fikrə gedir və deyir:

– Mənə qayçı gətirin.

Şagirdlər qayçını gətirənədək yerindəcə əsəbi halda qurdalanan qonaq sonda səbrini basa bilməyib soruşur:

– Olmaya ürəyimi kəsmək istəyirsiniz?

Rumi qəhqəhə çəkib deyir:

– Mən cərrah deyiləm, özü də qayçı ilə ürəyi əməliyyat eləmək barədə ilk dəfə səndən eşidirəm.

Nəhayət, qayçını gətirirlər və Rumi qonağın köynəyindəki düymələrdən birini kəsib tövsiyə edir:

– Bunun yerinə başqasını tikmə, üstəlik, ora toxunma.

Rumi həmin adama iki həftədən sonra gəlməyi tapşırır və deyir ki, bu müddət ərzində yaxşılığa doğru dəyişiklik olacağını gözləyir.

İki həftədən sonra qayıdıb gələn şikayətçinin bu dəfə üz-gözündən sevinc yağır:

– Həkim məni müayinə elədi, ürəyimi də dinlədi və hər şeyin qaydasında olduğunu dedi. Möhtərəm, olmaya siz düyməmdən zalım ruhları qovdunuz?

Rumi gülümsəyərək cavab verir:

– Həmişə köynəyinizin ürəyinizə yaxın olan düyməsini sıxır və oynadırdınız. Ürəyinizi gəmirən “ruh” elə bu düymə idi. Onu kəsməklə və sizə həmin yerə toxunmağı qadağan etməklə ürəyinizi əlinizin əsəbi hərəkətlərindən azad etmiş oldum.




MÜƏLLİMİN ÖHDƏLİKLƏRİ


Birisi Bəyazid Bistamidən xahiş edir:

– İcazə ver sənin ailənin üzvü olum.

– Bunun üçün bir neçə tələbimi yerinə yetirməlisən, – Bəyazid deyir. – Həqiqətən şagirdlik etmək istəyirsənsə, çoxlu öhdəliyin olmalıdır.

Namizəd soruşur:

– Bu nə öhdəliklərdir ki?

Müəllim cavab verir:

– Qış qapını kəsdirib. Meşəyə gedib çırpı yığmalısan. Növbədə mətbəx işləri var. Daha sonra nə etmək lazım olduğunu da deyəcəyəm.

Namizəd deyir:

– Amma mən Həqiqət axtarışındayam. Bu işlər mənə necə kömək edəcək ki? Çırpı yığmaqla Həqiqətə çatmaq arasında nə əlaqə var?

Müəllim deyir:

– Ya məni dinlə, ya da özünə başqa müəllim axtar. Tələb nə qədər cəfəng olursa olsun, onu yerinə yetirməlisən. Əks halda gerçəyi qəbul etmək nədir bilməyəcəksən. Mən də çırpının Həqiqətlə heç bir ortaq nöqtəsi olmadığını bilirəm, lakin buna hazır olmağın Həqiqətə dəxli var. Başqa işlər də həmçinin. Buyurduqlarımı sevə-sevə yerinə yetirməlisən. Bu səni Həqiqəti qəbul etməyə hazırlayacaq. Mən onu sənə indi açıqlaya bilmərəm. Gözləməyi öyrənməlisən.

Hələ də müqavimət göstərən şagird soruşur:

– Yaxşı, bəs Müəllimin vəzifəsi nədən ibarətdir?

Müəllim cavab verir:

– Müəllimin vəzifəsi oturub idarə etməkdir.

– Onda mənə Müəllim olmağa kömək et. Məni öyrət. Mən hazıram.




ADİLİK


Rəşid Sitarzadənin yanına bir dəstə yeni şagird gəlir. Bu adamlar sufinin möcüzələri barədə gəzən şayiələrdən əməlli-başlı təsirlənmişdilər və Həqiqətin mənbəyinə yaxınlaşdıqlarını düşünürdülər.

Rəşid deyir:

– Aranızdan bir nümayəndə seçin, hisləriniz barədə danışsın.

Namizədlərdən biri irəli çıxıb söyləyir:

– Biz Ali Varlıqdan vəcdə gəlirik, Biliyə ehtirasla can atırıq, Ənənəyə toxunuş bizi ucaldır.

Rəşid deyir:

– Hislərinizi yaxşı təsvir etdiniz. Həyəcanlandırıcı şeylər xoşladığınız üçün sizə adi həqiqətlər söyləyəcəyəm. Siz həyatdan öyrənməlisiniz. Həyatsa biliyə gedən yoldur və bu, yer üzündə ən adi həqiqətdir. Həyatı dərk etmək üçün ən adi həyati sınaqlardan çıxmalısınız, özü də bunun üçün onun maraqlı olması heç də şərt deyil.

Namizədlərdən biri səslənir:

– Nümayəndəmiz təkcə öz adından danışdı, niyə hamımız onun davranışının qurbanı olmalıyıq ki?!

Rəşid cavab verir:

– O hamının əvəzindən danışdığını düşünə bilər. Siz onun təkcə özünə cavabdeh olduğunu hesab edə bilərsiniz. Amma bir də onun hamının adından danışdığını düşünən mən varam. Olmaya nüfuzuma şəkk edirsiniz? Elə indicə dediyiniz də həyəcana susadığınızdan xəbər verir və təkzib etməyə çalışdığınızı təsdiqləyir!




ƏNVƏR ABBASİ


Ənvər Abbasi şairliyi və sitarda çalmağı ilə şöhrət qazanmışdı. Demək olar ki, hər axşam ifasını dinləmək üçün insanlar onun evinə yığışardılar. Musiqi alətində çalıb qurtardıqdan sonra bir çoxları onun Şərq fəlsəfi söhbətlərinə qulaq asmaq məqsədilə evində ləngiyərdilər.

Onun evinə gələnlər Abbasini son dərəcə ədəbli və başqalarına örnək ola biləcək dərəcədə nəzakətli hesab edirdilər. Amma Ənvər başqa evlərə dəvət olunanda özünü tam əksinə aparırdı. O, dəvət olunduğu yerə gecikir, elmi söhbətləri kəsir, məclisdə iştirak edənlərdən, heç olmasa, biri ilə höcətləşirdi.

Günlərin birində Abbasi bundan belə heç kəsə heç nə öyrətməyəcəyini bəyan edir. Sonra məmləkəti tərk edir və onu bir daha görən olmur.

Sufinin bu davranışından qayğılanan adamlar Ənvərlə tez-tez mübahisə edən Firuz Əndakinin yanına gəlir və ondan məsələyə aydınlıq gətirməsini xahiş edirlər.

Firuz deyir:

– Siz Abbasini tənqid etməyimi istəyirsiniz, amma onun necə dahi olduğunu söyləməliyəm. Onu öz müəllimim sayıram, sizlərəsə Ənvərin öz nümunəsində çatdırdığı nəzəriyyəsinin böyüklüyündən bir-iki kəlmə söyləyim. Abbasini heç vaxt öz nüfuzu maraqlandırmayıb, onu nəzəriyyəsinin odunda yandırıb. O, mübahisəyə başlayanda on nəfərdən doqquzu deyirdi: “Necə də kobuddur!” Onuncu isə söyləyirdi: “O, mübahisənin necə mənasız olduğunu göstərir!” Abbasi öz şan-şöhrətini qorumağa deyil, həqiqi biliyi onu qavramaq iqtidarında olanların naminə möhkəmlətməyə üstünlük verib.




BİLMİRƏM


Diyarbadiyar gəzən buxaralı dərviş Nazinda ona verilən suallara tez-tez “Bilmirəm” deyə cavab verərdi.

Onun bu özəlliyi Allahabadda mübahisə mövzusuna çevrilir. Müzakirədə iştirak edənlərin bir qismi müəllimin istənilən suala münasibətdə cahillik göstərməməli olduğunu deyir, digər qismi elə bu nöqteyi-nəzərin özünün cahillik olduğunu təsdiqləyir. Bu məsələylə bağlı çoxlu sayda başqa fikirlər də səslənir.

Sonda məlum dəlillər hind panditi Ram Lalın mühakiməsinə təqdim olunur və alim brəhmən belə cavab verir:

– O, “bilmirəm” deyəndə, bəlkə də, cavabı heç kəsin bilmədiyini nəzərdə tutur. Ya da, bəlkə, bunu məhz sizin bilmədiyinizi qabardır və həmin an sizə “mən”inizi nümayiş etdirir. Yaxud sualın cavabını “bilmək” lazım olmadığına işarə edir, çünki sualda, ya da cavabda nəsə yanlış fikir gizlənir.

Birisi yenə sual verir:

– Bunu daha aydın şəkildə ifadə edə bilməzmi?

Pandit cavab verir:

– Belə etməklə yürüdülən fikirlərin və müzakirələrin qarşısını almış olar.




SİLAH


Hakim əl-Mənsuri Orta Asiyanın böyük müdriklərindən sayılırdı.

Hakim nadir hallarda və çox az danışardı. Ağzını açandasa sanki söylədiklərinin ilahi dəyərlərlə heç bir əlaqəsi yox idi.

Bir dəfə adlı-sanlı bir din xadimi Hakimi fəlsəfi yarışmaya çağırır. O belə hesab edirdi ki, əl-Mənsuri nadan olduğu üçün az danışır.

Beləcə, əl-Mənsuri din xadimi Kvari Muxtarın yaşadığı və dərs dediyi Herat şəhərinə təşrif buyurur. Mübahisə tərəflərinin hər birini yüzlərlə şagird dəstəkləyir.

Kvari nitqinə aramla, səylə düşünüb-daşındığı kəlmələrlə başlayır, amma görüşün başlanmasından bircə dəqiqə keçməmiş Hakim ayağa sıçrayır və barmağı ilə din xadimini göstərir. Kvarini sanki ildırım vurur və o bundan belə bir söz də söyləyə bilmir.

Yolda şagirdlərindən biri soruşur:

– Müəllim, rəqibinin dəlillərini təkzib eləmək əvəzinə niyə onu iflic etdin ki?

Hakim cavab verir:

– Əlində qılınc varsa, düşmənə niyə palçıq atırsan ki? Hətta meymun daha çox şey edə bilsəydi, cırnatmaqdan əl çəkərdi. Bu adam həqiqət axtarmırdı, onun niyyəti mənə qalib gəlmək idi.




ƏHMƏD HÜSEYN


Bir gün sultan Mahmud Qəznəvi ilə sufi Əhməd Hüseyn gəzintiyə çıxırlar. Deyilənlərə görə, Əhməd insanların fikirlərini oxuya bilirdi. Sultan sufinin məharətini göstərməsini istəyirdi, amma Əhməd hər dəfə etiraz edirdi. Onda sultan hiyləyə əl atır və elə şərait yaradır ki, müdrik bilaixtiyar qabiliyyətini üzə çıxarsın.

– Əhməd, – sufiyə müraciət edir.

– Bəli.

– Səncə, orada dayanan kimdir?

– Dülgər.

– Adı nədir?

– Əhməd.

– Necə bilirsən, o, çoxdan yemək yeyib?

– Yox, bir az əvvəl, özü də şirniyyat.

Sultan həmin adamı çağırtdırır və məlum olur ki, müdrikin söylədiklərinin hamısı düz imiş.

– Görürsən, – sultan sevincək dillənir, – öz gücünü gizlədirsən. Amma boynuna al ki, bu dəfə dilini aça bildim. Olanları camaata danışsam, səni dərhal müqəddəs elan edəcəklər. Görüm onda necə kölgədə qalacaqsan.

– Sultan, – Əhməd cavab verir, – mən, həqiqətən, fikirləri oxuya bilirəm, amma bunu necə etdiyimi heç kəs bilmir. Bildiyimi əyləncəyə xərcləyənlərdən deyiləm, ona görə də sirrim açılmamış qalacaq.

– Amma axı elə indicə qabiliyyətindən istifadə elədin?

– Nədən belə düşündün?

– Yaxşı, onda suallarımı necə düzgün cavablandırdın?

– Çox sadə. Sən məni çağıranda o da çevrildi, deməli, adı Əhməddir. Meşədə onu təkcə dülgər üçün lazım olan ağaclar maraqlandırırdı, deməli, bu adam dülgərdir. Dodağına qonan arıları qovandasa düşündüm ki, şirniyyat yeyib.




BƏHAƏDDİN VƏ SƏRSƏRİ


Nəqşbəndi qardaşlığının dahi ustadı Bəhaəddin əl-Şah[2 - Xacə Bəhaəddin Məhəmməd Buxari (1318–1389) – nəqşbəndilik təriqətinin yaradıcısı, islam alimi, övliya.] Buxaranın böyük meydanında həmfikri ilə rastlaşır. Bu, Məlamət qardaşlığından[3 - Məlamət qardaşlığı, Məlamətilik – təsəvvüf anlamı çərçivəsində əsas ideyası “yaxşını gizlətmək, pisi ifşa etmək” olan təriqət.] olan sərsəri dərviş (qələndər[4 - qələndər – Şərqdə dünyadan əl çəkib sərsəri həyat keçirən dərviş; dünyanın zövq və nemətlərinə inanmayaraq həqiqət axtaran filosof.]) idi.

– Haradan gəlmisən? – o, sufilərin ənənəvi sualını verir.

– Bilmirəm, – dərviş səfehsayağı gülümsünür.

Bəhaəddinin bir neçə şagirdi bu hörmətsizliyə ağız büzür.

– Hara gedirsən? – Bəhaəddin əl çəkmir.

– Bilmirəm, – dərviş çığırır.

– Yaxşılıq nədir?

Onların ətrafına artıq xeyli adam yığışmışdı.

– Bilmirəm.

– Pislik nədir?

– Bilmirəm.

– Ədalət nədir?

– Mənim üçün yaxşı olan hər şey.

– Ədalətsizlik nədir?

– Mənim üçün pis olan hər şey.

Dərvişin davranışından narazı qalan kütlə onu qovur. O, inamlı addımlarla oradan uzaqlaşır. Dərvişin belə qətiyyətlə yönəldiyi istiqamətə aparan bircə yol da yox idi. Bunu hamı bilirdi.

– Səfehlər! – Bəhaəddin Nəqşbəndi dillənir. – Bu adam adi insanın rolunu oynayır. Siz onu saya salmadığınız halda, o, bilərəkdən diqqətsizlik nümayiş etdirir. Halbuki siz hər gün fərqinə varmadan belə edirsiniz.




MİNDƏ BİR


Ustad sufilərdən birinin yanına olduqca mömin, amma adət-ənənələrə sadiq adam gəlir. Məqsədi ustad dünyasını dəyişməmiş onu görmək və bu görüşdən qiymətli nəsə əxz etmək olur. Lakin çox həyəcanlı olduğundan baş verənlərin məğzinə düzgün vara bilmir. O deyir:

– Sufizm məni sərxoş edir! İşləriniz heyrətamizdir! Demə, hələ öyrənəsi o qədər şey varmış!

Sufi deyir:

– Əgər təkcə “sufizm” anlayışının özü sizi bu qədər vəcdə gətiribsə, nə yaxşı ki elə onun mində birini görə bilmisiniz.

– Bu necə olur ki? – mömin soruşur.

– Bilirsiniz, – sufi deyir, – sufizm bütünlükdə biliyin təkcə mində biridir. Yerdə qalanını isə yalnız sufi öyrənə bilər; sizin kimilərsə onun təkcə mində birini hiss etməyə qadirdir.

– Necə gözəl sözlər! Əla fikirlər! – mömin çığırır.

– Bu konsepsiya məni tar-mar etdi!

Sufi söyləyir:

– Müşahidəçinin pərəstiş obyektinə çevirdiyi hikmət mənadan xali olur. Əgər şaftalını dadmaq iqtidarında deyilsinizsə, ona həddən ziyadə pərəstişdən ehtiyatlanın. “Öyrənməyi öyrənin” deyənlər məhz bunu nəzərdə tutublar.




SİNCAB


Mövlana Bəhaəddin nişapurlu Ələddinlə çəmənlikdə gəzirmiş. Ələddin deyir:

– Niyə insanları zövq aldıqları bir çox sufi ənənəsindən məhrum edirsiniz? Bu məşğuliyyətləri bayağı saymaqda, bəlkə də, haqlısınız. Amma yoldaşlığın adamlar üçün sevinc mənbəyi olmasının qarşısını almaqla onları heç nəsiz qoyursunuz.

Bəhaəddin cavab verir:

– Bir ora bax, qanuni ləzzətlərin möhtərəm müdafiəçisi, müşahidə et. Vəziyyəti anlaya bilsən, cavabını alacaqsan.

Bir neçə oğlan tutduqları sincabın pəncələrini bağlayıb bir-birinə atırdı. Ora-bura qaçışan uşaqlar bolluca əylənirdilər. Bir neçə dəqiqədən sonra yaşca daha böyük oğlan yaxınlaşıb sincabı əllərindən aldı. Biçarənin ayaqlarını açıb azadlığa buraxdı. Dəcəllər qəzəblənib xilaskarı söyməyə başladılar.

Ələddin sonralar deyirdi:

– Bu səhnə olmasaydı, vəziyyətlər arasındakı yaxınlığı heç vaxt duya bilməzdim, üstəlik, qanuni ləzzət saydığımız şeylərin arxasında gizlənən təhlükələri dərk etməzdim. O zamandan bəri və bütün həyatım boyunca insanın arzu olunana nəyinsə itməsi hesabına çatdığını tez-tez müşahidə etdim. Bir də adamlara zövq verən şeylərin onlarda heç gözləmədikləri nöqsanlara istək yaratdığını gördüm.




LOĞMANIN AZAD EDİLMƏSİ


İsrail oğulları tayfasından bir adam Loğmanı müəyyən məbləğ pula satın aldıqdan sonra o həmin adamın yanında işləməyə başlayır. Loğmanın ağası marağa nərd oynamaqla məşğul olurdu. Onun evinin yanından çay axırdı. Bir dəfə o, yenə də bir nəfərlə nərd oynayırdı. Uduzan ya evin yaxınlığındakı çayı bütünlüklə içməli, ya da fidyə verməli idi. Loğmanın sahibi uduzur və udan tələb edir:

– Ya çayı iç, ya da fidyə ver!

Loğmanın sahibi nə fidyə verəcəyini soruşur.

– Ya hər iki gözünü çıxaracağam, ya da var-dövlətinə sahib olacağam.

Uduzan bir gün möhlət istəyir, udan razılıq verir. Ev yiyəsi bütün gecəni qəm-qüssə içində keçirir. Sahibinin qəm dəryasına batdığını görən Loğman kürəyindəki yükü yerə qoyub ona yaxınlaşır. Adətən, Loğmanı görəndə ağası ona atmaca atar, əvəzində eşitdiyi müdrik kəlamlardan isə mat-məəttəl qalardı. Loğman sahibinin yanında əyləşib soruşur:

– Niyə kədərlisən?

Ev sahibi onunla söhbətə baş qoşmaq istəməyib üzünü çevirir. Onda Loğman deyir:

– Başına gələnləri danış, bəlkə, vəziyyətdən çıxış yolu tapdım.

Ev sahibi, nəhayət, olanları danışır. Loğman deyir:

– Narahat olma, çıxış yolu var. O adam gələndə de ki, çayı içə bilərəm, amma necə edim: köndələninə olan suyu içim, yoxsa uzununa olanı? O deyəcək: “Köndələninə olanı”. Onda sən deyərsən: “Mən köndələninə olan suyu içənəcən sən də çayın uzununa axan suyu tut saxla”. Beləcə, qurtulmuş olacaqsan.

Loğmanın haqlı olduğunu anlayan ağasının kefi kökəlir. Səhəri həmin adam gəlir:

– Şərti yerinə yetirəcəksən?

– Əlbəttə, amma de görüm, köndələninə olan suyu içim, ya uzununa axanı?

– Köndələninə, hər iki sahil arasında olanı.

– Elə isə mən köndələninə olan suyu içənəcən sən də çayın uzununa axan suyu tut saxla.

– Axı mən bunu necə edim?

Beləliklə, ev sahibi həm malını, həm də canını qurtarmış olur. Loğman əl-Hakimsə müdrikliyinin sayəsində azadlığına qovuşur.




FAYDASIZLARIN ÖYRƏDİLMƏSİ


Yazılı mənbələrdən belə məlum olur ki, Sinddən olan şeyx Əbu-Əli, adətən, olduqca cahil adamlara mühazirə oxuyar və lal-karlarla meditasiya edərdi.

O deyirdi:

– Siz təkcə ona görə öyrənə bilirsiniz ki, müasir müəllimlər və keçmişdə dərs deyənlər biliyi ağıllı adamlara, bitkilərə, heyvanlara, axmaqlara və cansız əşyalara, həmçinin özündənrazı şagirdlərə ötürürdülər və ötürməkdə davam edirlər.

Məsaməli gil bardaqdakı su onu necə faydalı və məmnun edirsə, üstəlik, yolçunun susuzluğunu aradan götürüsə, sizin fəaliyyətsiz və faydasız qab saya biləcəyinizin sayəsində illərlə yığılan və ötürülən işimiz də eyni şeyi edir.




AZAD OLUNMUŞ


Gürzlə soyuq dəmiri döyməkdən nə fayda

    (zərbi-məsəl)

Böyük Ustad Həzrət Nuriyə sufinin kim olduğunu sual edirlər. O deyir:

– Sufi azad olunmuş və başqalarının köləliyinə aidiyyəti olmayan bir insandır. Sufizmi nə nəzəriyyə terminləri, nə də ayinlərin sayəsində izah edə bilərsən.

Nəzəriyyələr lazım oldu-olmadı insana nəyisə aşılayır, ayinin əsasında isə təkrarlanan hərəkətlərin təcrübəsi durur. Sufizm yaranmaqda olandır, artıq yaranmış olana isə tətbiq edilməyən bir şeydir.




OXUDAN MƏHRUM GÜL DƏSTƏSİ


Birisi ustad Nurəddindən Sufi yolunun şəfa verə biləcək qabiliyyətindən, sehr dolu gücündən və insana bəxş elədiyi daxili rahatlıqdan danışmağı inadla xahiş edir.

Nurəddin deyir:

– Qardaş, sən düşərgə tonqalımızın ətrafında dolaşırsan. Canavar tamahkarlığından imtina et və bizi yemə, sadəcə, bizimlə birlikdə ye. Sənin sufizm barədə təsəvvürlərin kökündən yanlışdır. Əvvəlcə birinə çatmaq lazımdır, digəri sonra gələcək.

Adam Nurəddindən əl çəkmir:

– Onda özün və dostların barədə elə bir şey danış ki, sizə qoşulmaq fikrinə düşüm.

Ustad deyir:

– İndi beynində olan fikirlərini boğmaqla bizi qiymətləndirmək günəşə his bağlamış pəncərədən baxmaq kimi bir şeydir. Bu cür yanaşmanla özünü vadar edəcəksən ki, bizi məlum fikirlərinlə, dostlarının və ya düşmənlərinin fikirləri ilə əlaqələndirəsən. Haqqımızda qırıq-qırıq məlumat toplamağa başlasan, bu üsul bizim gül dəstələrinin bağlanma üsulundan fərqli olacaq. Belə olan halda gül dəstəmiz kənardan qəşəng görünə bilər, amma ehtiyacın olan qoxudan məhrum olacaq və bu, son məqsədə çatmaqda maneçilik törədəcək.




BİRCƏ XALA BUXARA


Sufi şairi Hafiz Şirazi məşhur misralarında belə deyir:

Şirazlı türk gözəli, ürəyimi ələ alsan,
O qara xalına Səmərqəndlə Buxaranı bağışlaram.

Topal Teymur şairi hüzuruna çağırtdırır və qeyzlə səslənir:

– Bir zənən naminə Buxara ilə Səmərqənddən necə keçmək olar? Bir də ki bu şəhərlər mənə məxsusdur və mən bunun əksini düşünənin bir andaca boynunu vurduraram!

Hafiz cavab verir:

– Yəqin, hakimiyyətinizi xəsisliyiniz sayəsində əldə etmisiniz. Əvəzində səxavətim məni sizin əlinizə verdi. Yəqin, sizin simicliyiniz mənim səxavətimdən qat-qat yararlıdır.

Topal Teymur qəhqəhə çəkir və sufiyə xələt verir.




USTADIN İMTİNASI


Suriyadan olan yəhudi, xristian, müsəlman dərviş və məzhəbi məlum olmayan insanlardan ibarət dəstə əsrin ustadı Əhməd Yasəvini görmək üçün İraqı keçib Türküstana gəlir. Ustad onları şəhər darvazasının ağzında qarşılayır, xeyli diqqət nümayiş etdirir. Onlar üçün ayrılmış otaqlara başdan-başa xalı döşənmiş, istənilən arzularını yerinə yetirmək üçün qulluqlarında xidmətçilər durmuşdu.

Çərşənbə axşamı, xüsusi təmrinlərin zamanı gəlib çatanda qonaqlar ustad Yasəvinin təkyəsinə dəvətolunma anını böyük həyəcanla gözləyirlər. Gözlənilən an, nəhayət, gəlib çatanda səksən iki zəvvardan yalnız dördünə təkyəyə girməyə icazə verilir. Qəzəbindən zəncir çeynəyən dəstə rəhbəri Yasəvinin nümayəndəsindən bu ayrı-seçkiliyə aydınlıq gətirməsini tələb edir:

– Ustadınız bizi az qala zərxaraya bürüdü, açdığı süfrədə bircə quş südü əskik idi. Bəs indi niyə bizi yanına buraxmır, axı bu anı ömrümüz boyu gözləmişik?!

Nümayəndə deyir:

– Siz bəxşişləri qəbul edəndə özünüzü təhqir edilmiş saymadınız, bunu yalnız indi, sizə nədəsə imtina ediləndə hiss edirsiniz. Bu lap körpə davranışına bənzəyir. Təkyə – Özgə dünyaların sərvət xəzinəsidir. Dükana girib şirniyyatdan gözü qamaşan uşaq hamısını birdən istəyə bilər. Yetkin adamlarsa nümayəndələrinin təkcə bir hissəsinin içəri buraxılıb lazım olanı götürməsindən və onlara gətirməsindən məmnundurlar.




BƏHAƏDDİNİN SƏHVİ


Bəhaəddin dövlət işləri ilə məşğul olan qüdrətli hökmdar idi və başqa işlər onu maraqlandırmırdı. Bir dəfə o, çiçəklənən məmləkətinə axışan çoxsaylı sərsəri və fırıldaqçıların qarşısını almaq üçün tədbir görməyi qərara alır.

Hökmdar əsgərlərə bir ay ərzində bütün dilənçiləri və sərsəriləri tutub sarayına gətirtməyi əmr edir. Sarayda yaşayan bir sufi həmin arada şahdan ezamiyyət istəyir və səyahətə yollanır.

Bəhaəddin bir ay sonra qəsrinin qarşısına yığışan sərsərilərin çoxluğunu görüb qəzəblənir və onların hamısının şallaqlanmasını əmr edir. Onda cındırından cin ürkən saray sufisi kütlənin arasından çıxıb deyir:

– Ey peyğəmbər ailəsinin varisi! Əgər öz əyanınız geyimi ucbatından cani hesab edilərək tutulubsa, məncə, buna diqqət kəsilməyinə dəyər. Əgər bizi üst-başımıza görə arzuolunmaz sayırsınızsa, qorxuram ki, rəiyyət də bundan nümunə götürə və hökmdarları daxili keyfiyyətlərinə görə deyil, təkcə geyimlərinə görə qiymətləndirə. Onda bəs ədalətli idarə hara getsin?

Bəhaəddin bu hadisədən sonra taxt-tacdan əl çəkir. O, tarixdə ən böyük sufi şeyxlərindən sayılır. Onun sərdabəsinin yanından ötüb-keçən hər kəs atdan düşür və bu dərs yaddaşlardan heç silinmir.




BƏRƏÇİ


Birisi bərəçinin Ustad Xızır olduğunu anlayır.

Xızır onun fikirlərini oxuyub deyir:

– Əgər adamları küçənin ortasında tutub onlara nə etmək lazım olduğunu desəydim, ya mənim dəli olduğumu, ya da öz maraqlarım naminə çalışdığımı düşünər və heç nə etməzdilər. Yox, əgər alim, ya da varlı adam libasına bürünüb sağa-sola məsləhət verməyə başlasaydım, onlar ya dediklərimi qulaqardına vurar, ya da, sadəcə, mənə yarınmağa çalışardılar. Amma mən kütləyə qarışıb sözümü gah burda, gah da orada deyirəm. Arada sənin kimi səsimi eşidənlər də tapılır.




BİLİYİN ÖTÜRÜLMƏSİ


Birisi Ərdəbiliyə deyir:

– Ustadların şagirdləri ilə söhbətləri barədə danışılan heyrətamiz şeylər aydınlanmağıma sirayət edir. Amma bir şey mənim üçün müəmmalı qalıb.

– Nə? – sufi soruşur.

– Siz əməllərdən danışdığınız halda, nədənsə çox vaxt onları meydana çıxaran şəraitin üzərindən keçirsiniz. Bəzən şəraiti qabartdığınız halda, iştirakçıların adını gizli saxlayırsınız. Bu cür yanaşma salnaməçilərin ənənəvi dəqiqliyindən olduqca uzaqdır.

Ərdəbili deyir:

– Əziz dost! Qarşınıza mələk çıxarsaydım, onun məhz haradan peyda olduğu sizin üçün əhəmiyyətli olardımı? Ya da sizə qədəhdən su içməyi öyrətsəydim, bu sözləri mütləq deməliydimmi: “Baxın, Xorasan sultanı suyu bu cür içir”. Suallarınızın cavabları mövcuddur, amma onlar diqqətsizlər üçündür.




BİRİ DİGƏRSİZ


Türküstandan olan sufi Əhməd Yasəvinin yanına birisi gəlib deyir:

– Öyrənmək istəyirəm, amma nə kitabların, nə də müəllimlərin köməyini istəyirəm. Çünki mənimlə Həqiqətin arasında dayanacaq istənilən müəllim müvəqqəti, istənilən kitabsa boşdur.

Yasəvi cavab verir:

– Görürəm, ağzını açmadan yemək, mədəni işə salmadan həzm etmək istəyirsən. Yoxsa könlündən ayaqların olmadan gəzmək, pulunu ödəmədən almaq keçir?.. Bəlkə də, sənə kömək edə bilərəm, amma bu təkcə sadaladığım bədən üzvlərindən ayrıldığın təqdirdə baş verə bilər! Bir təsəvvürünə gətir, həzm sistemi olmadan necə yeyə bilərsən? Yaxud bir heç saydığın sözlər olmadan sufini necə taparsan? Həqiqət istəyirsən, amma sənə uyğun mənbədən imtina edirsən? Kitablar olmadan nəzəriyyə, müəllim olmadan dərs arzulamaq, bəlkə də, çox əyləncəlidir. Yəqin, eyni uğurla möcüzə və sehrin xəyalını yaşamaq olar. Amma əyləncəni bir kənara qoyaq, bəs bilavasitə nəticə necə olsun?




O, AĞ DEYİL


Nəqşbəndi deyir:

– Bizə pənah gətirən, amma əsl ehtiyac duyduqları şeyləri almayanlar, əslində, bizə heç pənah gətirməyiblər də. Üstəlik, onlar heç vaxt kifayət qədər dolu olmayacaqlar. Nə danışmaq istəyənlərdən eşidiləsi bir sözümüz var, nə də təkcə qulaq asmaq istəyənlərə deyiləcək bir kəlməmiz.

Aldığını qəbul edən və heç nə almadığını düşünməyən kəslərə daha çox veriləcək. Burda təklif olunanlardan fərqli bir şey istəyənlər heç yerdə heç nə ala bilməyəcəklər.

Gümüş istəyən, amma gümüşün olmaması səbəbindən qızıl təklifi ilə qarşılaşan adamı xatırlayırsınızmı? O deyir: “Mən bunu xərcləyə bilmərəm, çünki o, ağ deyil”.




SUFİNİN CAVABI


Bəyazidin şagirdlərindən olan çox mömin bir nəfər ona deyir:

– Anlamıram, Allahın varlığına inanan ona təzim etmək üçün məscidə necə getməyə bilər?

Bəyazid cavab verir:

– Mənsə Allahın varlığına inanan birisinin ona təzim etməsini və dualarının gərəksiz olduğunu etiraf edərək ağlını itirməməsini heç cür anlamıram.




İXTİYARİNİN QAZANINDAKI BUXAR


Şeyx Əbu-Əli əl-İxtiyari Hindistana yola düşməzdən öncə Bağdadın şeyxlərini bir yerə yığıb onlardan xahiş edir:

– Uzaqdan Yol axtarışında olanlar gəlsələr, məni tanımadığınızı söyləyin. Ya onlara qonaqpərvərlik nümayiş etdirin, ya da başınızdan eləyin, çünki onları təkcə müəyyən məqsəd üçün axtarışlara ruhlandırmışam.

Sonra Hindistana gedib Yol barədə moizələr oxuyur.

Dinləyicilər onun haralı olduğunu soruşanda Bağdaddan gəldiyini söyləyir.

Tezliklə Bağdada adamlar axışmağa başlayır. Sufilər onlara İxtiyarini tanımadıqlarını deyirlər.

Şeyx Mustafa İxtiyarini tanımadığını söyləməklə ona yardımçı olmasından məmnun qaldığını qeyd edir. Sufilərdən biri deyir:

– İxtiyarinin mövcudluğundan xəbərdarıq. Onu tanımadığımızı söyləməklə işinə necə yarayırıq ki?

Şeyx Mustafa cavab verir:

– Bu adamlar, sadəcə, İxtiyarinin qazanının buxarıdır. Onlar şeyxin qaynatdığından buxarlanıblar və elə zənn edirlər ki, başqa yerə axtarışa getməklə dəyişə bilərlər. Biz İxtiyarini tanıdığımızı söyləsək, qayıdıb zəhləsini aparacaqlar, çünki doğma şəhərində hörmət sahibi olduğunu biləcəklər. Əksinə, tanımadığımızı söyləsək, ya faydasız olduğunu düşünüb ondan əl çəkəcəklər, ya da, sadəcə, zəhləsini apara biləcəkləri bir başqasını tapacaqlar. İstənilən halda İxtiyari yaxasını qurtarmış olacaq.




MƏN HÜZURUNUZDA DEYİLƏM


İnsanlıqda məskunlaş.

    (Həriri)

Sufi ustadı Halkaviyə meydan oxuyurlar: şahın hüzuruna gedib elə kandardaca ona həyatı bahasına başa gələ biləcək təhqiramiz bir söz deyə bilərmi?

Halkavi çağırışı düşünmədən qəbul edir. Şahın hüzuruna gəlməsiylə dalaşqan xasiyyəti ilə fərqlənən hökmdarın dillənməsi bir olur:

– Hər kəs səni ağıllı sayır. Bu meydan, bu da şeytan: əylənməyim üçün elə bir söz de ki, hüzurumda heç kəs buna cürət etməsin.

Sufi duruxmadan söyləyir:

– Mən hüzurunuzda deyiləm.




BƏHAƏDDİNİN MÜSTƏBİDƏ MƏKTUBU


Özünü alim sayan bir müstəbid Bəhaəddinə məktub yazır: “Yazdıqlarınızdan qəzəblənmişəm və onların həm tarixi, həm də həqiqi mənada ədəbsiz olduğunu düşünürəm”.

Bəhaəddin cavab verir: “Sizə acıdığımdan düşündüklərimin dörddə birini yazdım. Buna görə də elə hesab edin, bəxtiniz gətirib, çünki imkanlarımı sona qədər işə salmamışam. Amma bilin ki, şagirdlərimin rifahını tələb edən zaman yetişərsə, sizi təhqir edən bu mətnin yerdə qalan dörddə üç hissəsini də yazacağam. Çünki kefi istədiyi kimi hərəkət edən şəxsə, – fərq eləməz, istər şah olsun, istər din xadimi, istərsə də alim, – hörmət ucbatından adamları yalnız müəyyən həddəcən həqiqətsiz qoymaq olar.




TƏHSİL HAQQI


Yusif ibn Cəfər əl-Əmudi şagirdlərindən pul götürürdü. Təhsil haqqı bəzən hətta kifayət qədər böyük məbləğdə olurdu. Onun yanına gələn mötəbər bir hüquqşünas deyir:

– Öyrətdikləriniz məni heyran edir. Üstəlik, şagirdlərinizi düzgün yolla apardığınızı düşünürəm. Amma biliyə görə pul götürmək ənənəyə uyğun gəlmir. Bundan savayı, belə əməllər düzgün anlaşılmaya bilər.

Əl-Əmudi cavab verir:

– Mən biliyi heç vaxt satmamışam, onun qarşılığını ödəmək üçün yer üzünün bütün pulları belə çatmaz. O ki qaldı yanlış yozmaya, onların qarşısını heç bir halda almaq mümkün deyil. İnsanlar pis tərəfə yozmaq üçün həmişə bəhanə axtarıb tapırlar. Ondansa qulaqlarınızda sırğa edin: pul götürən birisi tamahkar da ola bilər, gözütox da. Amma başqalarından pul almayan birisinin daha ağır günaha batdığını – şagirdlərinin ruhunu qarət etdiyini düşünmək olar. “Mən heç kəsdən heç nə almıram” deyənlər, bəlkə də, qurbanlarını iradəsindən məhrum etməkdə günahkardırlar.




TƏKRAR


Bir səfeh Abdulla Mənazilin yanına gəlib ona sual verir. Mənazil cavabını deyib qurtaran kimi sual sahibi xahiş edir:

– Dediklərini bir də təkrarlaya bilərdinmi?

Onda Mənazil deyir:

– Sual verdin və mən cavabı anlayacağını düşünməklə səhv elədim. İndi sən məndən səhvimi təkrarlamağımı istəyirsən?




ÖZ YOLUNA HAZIRLIQ


Fəridəddin Əttar çoxsaylı və cürbəcür çeşidli mallarla dolu dükanında oturur. Birdən qapının ağzında dünyanı dolaşan sufi peyda olur və göz yaşlarıyla dolu baxışlarını ona dikir. Şeyx Əttar ona çıxıb getməyi əmr edir.

– Mənim üçün bu o qədər də çətin iş deyil, – səyyah deyir, – əynimdəki köynəkdən savayı heç nəyim yoxdur. Amma sən bahalı mallarla dolu dükanını necə tərk edəcəksən? Yaxşısı budur, yola çıxmağının qay-ğısına qal.

Bu sözlər Əttara elə təsir edir ki, dükanını və sənətini tullayıb sufi icmasına qoşulur.




ALICI VƏ SATICI


Dərviş Saleh Yunis danışır ki, mübahisə ilə arası yaxşı olan və alim olmağa hazırlaşan birisinin müəllimi Bürhanəddinə düşünülməmiş və qeyri-səmimi şeylər dediyinin şahidi olub.

Bürhanəddin ona heç bir cavab verməyib. Həmin adam məclisi tərk edəndə isə Yunis üzünü ona tərəf çevirib soruşub:

– Niyə o adamla mübahisəyə girmədiniz ki? Ən azından ona düşdüyü dəhşətli durumu anlatmış olardınız.

Bürhanəddin cavab verir:

– Onu bir daha görən deyilik, çünki bu adam mənim onun çağırışına cavab vermədiyimi düşündü.

– Bu yolla zəhlənizi tökən adamlardan yaxa qurtarırsınız?

– Bu, yol deyil, – Bürhanəddin cavab verir, – üsuldur, onun sayəsində adama öz istədiyini verirəm. O, mübahisə etməyə adam axtarır. Mən bu cür adam olmaqdan imtina edirəm və məlum addımım onu qızğın şəkildə başqasını axtarmağa vadar edir. Beləcə, o axtaracaq və sonda mübahisə həvəskarını tapacaq. Hər bir halda alıcı və satıcıya görüşməkdə yardımçı oluruq. Bu adama istədiyimi verə bilməsəm belə, ən azından ona gerçəkdən arzuladığı şeyi tapmaqda kömək edirəm.




İŞIQ HARADANDIR?


Bəsrəli Həsən əlində şam aparan uşaqdan soruşur:

– Bu işıq haradandır?

O, dərhal şamı söndürüb deyir:

– Mənə onun hara yoxa çıxdığını söylə, onun haradan peyda olduğunu deyim.




ŞƏKSİZ


Simab hələ lap cavan olarkən yol qırağında oturmuş bir dərvişə sual verir:

– Səncə, elə bir şey edə bilərəmmi ki, adamlar məni müqəddəs saysınlar?

Dərviş başını qaldırıb düşünmədən cavab verir:

– Bundan asan nə var ki?!

Simab dərvişə bu sirri açması üçün yalvarır.

Dərviş deyir:

– Minlərlə sufi dindarlar tərəfindən ona görə öldürülüb ki, onların xoşuna gəlməyən sözlər deyib. Sən, sadəcə, bir şey eləməlisən: nəsə dərkedilməz bir şey söyləməlisən. Onda, heç olmasa, düşdüyün vəziyyət səni böyük müqəddəs Həllacla (ilk sufi əzabkeşi) bağlayar. Bundan çoxunu kim istər ki?

Davranışları və insani inancları adamları müqəddəslərə çevirsəydi, yer üzü olmazdı, bircə müqəddəslərlə dolu göylər qalardı.




SİMABIN DİQQƏTİ


Bir dəfə Simaba baş çəkən bir neçə şəxs onu susqun vəziyyətdə oturduğunu görürlər. Bir müddət sufinin yanında dayanandan sonra ondan səs çıxmadığını görən adamlar kor-peşman geri qayıdır və hər yerdə onun tənbəlliyindən, üstəlik, hörmətəlayiq insan olmadığından danışırlar.

Bunu eşidən şagirdlərdən bəzisi Simabın yanına gəlib deyir:

– Bizə göstərdiyiniz diqqəti yanınıza gələn kəslərə nümayiş etdirmədiyinizdən nüfuzunuza xələl gəlib.

Simab soruşur:

– Nə etməyimi istərdiniz?

Onlar bir ağızdan cavab verirlər:

– Bizə söylədiklərinizdən bəzilərini onlara da söyləyin.

Simab deyir:

– Niyyətiniz yaxşıdır, amma istəyinizə əməl edə bilməyəcəyəm. Bildiklərimi sizə ötürmək əvəzinə onlara ötürməliyəm? Yoxsa onlara lütfkarlıq nümayiş etdirib çevrəmdən uzaqlaşacaq və yeni şagirdlərə diqqət ayırmağıma imkan yaradacaqsınız? Bəlkə, sadəcə, onları susdurmaq istəyirsiniz ki, haqqınızda ləyaqətsiz birisinin şagirdi kimi ifadələr işlətməsinlər?




DƏYİRMAN ÇARXI


Deyilənə görə, bir nəfər Ömər Xəyyamın yanına gəlib deyir:

– Mənim ən ülvi arzum sizin şagirdiniz olmaqdır. İstəyirəm ki, nəzəriyyəniz əvvəlki müəllimlərdən öyrəndiklərimi möhkəmləndirsin. Axı məni bura gətirən də elə onlardır.

Ömər Xəyyam bu adamı su dəyirmanının yanına gətirir. O, əlinə bir ağac parçası götürüb çarxa paz vurur və dəyirman dayanır. Xəyyam deyir:

– Bu ağac parçası sizin əvvəlki müəllimlərinizin rəmzidir. Onu çarxa paz kimi vurub, məsələn, təmir məqsədilə dəyirmanın işini müvəqqəti dayandırmaq olar. Pazın vurulduğu an eşidilən taqqıltı çarxda çox böyük hislər oyada bilər. Beləcə, yanından su axan çarx, özü də hərəkət etməli olduğu halda, hərəkətsizliyin dadını çıxarmaq fürsəti qazanar. İndi o, zərbədən doğan səsin kəsildiyini dərk edib yenidən oxşar hislər yaşamaq istəyə bilər. Amma çarxın ehtiyac duyduğunun daha bir ağac parçası olması ilə razılaşa bilərikmi?

Əzizim, təkcə müşahidəçi mənzərəni bütövlükdə görə bilər. Mənzərənin özü nə desən təsvir edə bilər. Təsəvvür hələ görüntü anlamına gəlmir.




QƏSR ƏL-ARİFİN HAVASI


Deyilənə görə, Buxara əmiri Bəhaəddin Nəqşbəndidən məsləhət almaq üçün onu yanına çağırtdırır. Əmirin məktubunda yazılırdı: “Səfir gəlir, yanımda olmağına, məsləhət verməyinə ehtiyacım var. Lütfən, dərhal gəl”.

Bəhaəddin cavab verir: “Gələ bilmərəm, çünki hazırda həyatım Qəsr əl-Arifin havasından asılıdır, xüsusi səhənglər olmadığından isə onu özümlə götürə bilmirəm”.

Əmir əvvəlcə qulaqlarına inanmır, sonra qəzəblənir. Müdrikə ehtiyacı olsa da, onu camaat qarşısında cəzalandırmağı qərara alır.

Bu arada səfirin gəlişi alınmır və nəticədə əmirin Bəhaəddinə ehtiyacı qalmır.

Aylar sonra əmir öz taxt-tacında oturarkən muzdlu qatilin hücumuna məruz qalır. Həmin an içəri daxil olan Bəhaəddin qatilin üzərinə atılır və onu tərk-silah edir.

– Ədəbsizliyinə baxmayaraq, həyatımı sənə borcluyam, – əmir deyir.

– Bilənlərin ədəbi gəlmək fikrindən vaz keçmiş səfiri boş-boşuna oturub gözləmək deyil, lazım olan anda lazım olan yerdə olmaqdır.




MÜDRİK XIZIRIN SEHRLİ SÖZÜ


Sarsaqlar ölkəsinin üç ən müdrik adamı xoş təsadüf nəticəsində öz müdrikliyini hər kəsə çatdırmaq üçün yer üzünü dolaşan Xızırla rastlaşır.

– Elə bir söz bilmək istərdinizmi ki, sayəsində istənilən arzunuza çatasınız? – onlardan soruşur.

– Əlbəttə ki, – müdriklər cavab verir.

– Həmin sözü eşitməyə hazırsınızmı? – Xızır bir də soruşur.

– Əlbəttə, – müdriklər söyləyir.

Xızır onlara bu sözü deyir.

Birinci müdrikin cavabı bu olur:

– Bu sözü hər kəs söyləyə bilər! Ondan nə fayda ola bilər ki?

Və sözü o andaca unudur.

İkinci müdrik deyir:

– Bu söz qulaqları heç oxşamır.

Və elə həmin an aşkarlayır ki, sözü xatırlaya bilmir.

Üçüncü deyir:

– Əgər bu sözü harasa yazmaq olarsa, deməli, o faydasızdır.O elə gözlənilməz səslənir, deməli, heç də sehrli deyil.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289529) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


təkyə – təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yer.




2


Xacə Bəhaəddin Məhəmməd Buxari (1318–1389) – nəqşbəndilik təriqətinin yaradıcısı, islam alimi, övliya.




3


Məlamət qardaşlığı, Məlamətilik – təsəvvüf anlamı çərçivəsində əsas ideyası “yaxşını gizlətmək, pisi ifşa etmək” olan təriqət.




4


qələndər – Şərqdə dünyadan əl çəkib sərsəri həyat keçirən dərviş; dünyanın zövq və nemətlərinə inanmayaraq həqiqət axtaran filosof.



Bu kitaba dünya xalqlarının pritçalarını, müxtəlif dini təlimləri, eləcə də lətifələri, Molla Nəsrəddin haqqında rəvayətləri sintez etməsi ilə məşhurlaşan yazıçı Entoni de Mellonun topladığı müdrik hekayətlər toplanıb.

Как скачать книгу - "Sufi hekayətləri" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Sufi hekayətləri" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Sufi hekayətləri", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Sufi hekayətləri»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Sufi hekayətləri" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *