Книга - Atəşkəs və sürgün xatirələri

a
A

Atəşkəs və sürgün xatirələri
Əhməd Ağaoğlu


Türk dünyasının nəhəng fikir və əməl adamlarından biri olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun daha bir kitabını oxucuların ixtiyarına veririk: “Atəşkəs və sürgün xatirələri”. Xatirələr 1919-1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaşmayıb. Burada oxucu Birinci Dünya savaşından sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada və Orta Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər.

Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb.

“Atəşkəs və sürgün xatirələri” XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər.





Əhməd Ağaoğlu

Atəşkəs və sürgün xatirələri





ATƏŞKƏS, SÜRGÜN VƏ İMPERATORLUĞUN SÜQUTUNA DAİR

Ertan Eğribel / Ufuk Özcan


Osmanlı dövlətinin uzunmüddətli araşdırılmasının başlanğıcı XIX yüzilin əvvəllərinə qədər gedib çıxa bilir. Ənənəvi Osmanlılıq siyasətindən imtina edilmiş və Qərbləşmə dövrünə qapı açılmışdır. İmperatorluğun bu yüz ildə qarşılaşdığı problemlərin əsl qaynağı siyasi olduğu kimi, onun həlli müddəti də təməldə siyasi özəllik daşıyırdı. Gerçək bir Qərb gücünün yedəyində vurnuxmaq və bir-birinin ardınca gələn xarici savaşlar bunun bir başqa görüntüsüdür. Qərb dövlətlərinin müdaxilələri nəticəsində daxili problemlər də böyümüşdür. Mora və Girit qiyamlarının ardından Yunanıstanın müstəqilliyini qazanması Osmanlının bütün bir əsr boyunca qarşılaşacağı və həll etməkdə böyük çətinliklər çəkəcəyi problemlərin ilk nümunəsidir. Üstəlik, dövlətin qeyri-müsəlman təbəqəsi millətçi meyllərə yuvarlanırdı. Yunan müstəqilliyi digər millətlər üçün də bir modelə çevrilmişdir. “Xoşniyyətli” çalışmalar nəticəsində qəbul edilən Tanzimat fərmanı[1 - Tanzimat – islahat deməkdir və özündə verilən yeni qaydaların tətbiqi və həyata keçirildiyi dövrü ehtiva edir.] da problemə çarə ola bilməyəcəkdi. Qərb dövlətlərinin Balkanlardakı təxribat yönlü müdaxilələrinin ardı-arası kəsilmir. Problemin kökündə isə aşırı Qərb meyllərinin yayılması dayanırdı. Problem Qərbçilik problemidir, amma Osmanlı bu çətin durumdan xilas olmaq bir yana, Qərb tarazlığı içində rol alıb da Qərbli güclər arasındakı ziddiyyətlərdən yararlanaraq varlığını qoruyub saxlamağa çalışır. Beləcə getdikcə böyüyən problemlərlə Osmanlı dövləti, Qərb üçün Şərq probleminin ən vacib məsələsi halına gəlir. Yunanıstan və Misirdə başlayıb bütün Balkanlara yayılan üsyan, qiyam və müharibələr XX əsrin əvvəllərinə qədər sürmüşdür. Ard-arda gələn Balkan müharibələri və I Dünya Savaşı, Osmanlının – Çanaqqala kimi hərbi əhəmiyyətli bir bölgəyə sahib olmasına baxmayaraq – Qərb gücləri qarşısında siyasi məhkumiyyətilə nəticələndi. İmperatorluq, bir əsrə qədər davam edən müharibələrdə bütün enerjisini bitirərək, nəhayət I Dünya Müharibəsinin sonunda, özüylə birlikdə iki imperatorluğun (Avstriya-Macarıstan və Çar Rusiyasının) da sonunu gətirdi. Yeni dövrdə Osmanlının çöküşü və yoxluğu dünya tarixinin yenidən formalaşması baxımından son dərəcə əhəmiyyətli nəticələr doğurmağa başladı. Ancaq proseslərin tamamilə Qərb dünyasının xeyrinə reallaşdığını düşünmək sadəlövhlük olardı. Osmanlının tarix səhnəsindən silinməsi müharibə edən heç bir tərəfə üstünlük qazandıra bilmədi. I Dünya Müharibəsinin qurtarması Qərbin içindəki ziddiyyətlərin sona çatmasını təmin edə bilmədiyi kimi, qısa müddət sonra yeni bir siyasi mənzərəni ortaya qoydu.

Beləliklə, Birinci Böyük Savaşdan müzəffər, amma dağınıq olaraq çıxan İngiltərə dünya hegemonluğunu davam etdirməkdə böyük çətinliklərlə qarşılaşacaq, gedərək yerini ABŞ-a buraxmaq məcburiyyətində qalacaqdır.

I Dünya Müharibəsinin Osmanlı Dövlətinin məğlubiyyətilə sona çatması yalnız Türkiyə üçün deyil, Qərb dünyası üçün də irəlidə yeni siyasi proseslərə yol açdı. Türkiyənin maraqları yönündən baxdığımızda, Mondros atəşkəsinin olduqca ağır şərtləri, İttihadçı (Birlikçi) dövlət idarələrinin təsirsiz hala gətirilməsi və İstanbulun işğalı, mərkəzin siyasi iradəsini sanki iflic olma nöqtəsinə gətirmişdir. Bu gedişat, İstanbuldan müstəqil yeni bir siyasi mərkəz yaratmaq kimi cəhdləri çətinləşdirmiş, çox keçmədən Anadoluda milli mübarizə hərəkatına təkan vermişdir. Həmin illərdə dünyanın bir çox yerində Qərb hegemonluğunu təhdid edəcək proseslər də alovlanırdı. Bolşeviklərin liderliyi və təhrikiylə Qafqaz, Orta Asiya, Çin, Hindistan və islam dünyasında ingilislərin əleyhinə milli hərəkatlar genişlənirdi. Bolşevik anti-imperialist təbliğatı və self-determinasyon qanunu[2 - Self-determinasyon qanunu – millətlərin öz müqəddəratını təyin etməsi.] İngiltərənin dünya hegemonluğunu təhdid edəcək və daraldacaq səviyyəyə çatdırmışdır. İngiltərə bir tərəfdən daxildəki müxalifətin ağır təzyiqlərinə müqavimət göstərməyə çalışırkən, digər tərəfdən müstəmləkələrinə nəzarət etməkdə müxtəlif çətinliklərlə qarşılaşırdı. Üstəlik, ABŞ prezidenti Vilsonun açıqladığı beynəlxalq self-determinasyon hüququnun təməl prinsipləri səbəbindən bir də burnunun dibində ortaya çıxan İrlandiya problemi ilə çarpışmaq məcburiyyətində qalmışdır.

Müharibədən sonrakı gedişatın İngiltərəni çətin vəziyyətdə buraxması qarşılığında, Türkiyəyə Qərb gücləri tərəfindən nəzarət edilməsi üzücü bir hal idi. Böyük müharibə, Qərb dövlətlərinin öz aralarındakı heç bir təməl məsələləri həll edə bilməmişdi. Bu səbəbdən İngiltərənin himayə və dəstəyilə reallaşan yunan işğalından sonra İstanbulun müttəfiq güclər tərəfindən yenidən işğalı gündəmə gətirilmişdi. Siyasi mərkəzlər, ordu və dövlət qurumları böyük ölçüdə təsirsiz hala gətirilsə də, Türkiyə Qərb gücləri üçün hələ də sonu məchul bir problem olaraq qalmaqda idi. Bu səbəbdən də müharibədən sonra Türkiyə Almaniya və digər müttəfiqlərindən fərqli olaraq daha ağır sanksiyalarla üzləşməli oldu və ardından gələn Malta sürgünü, bütün bu hadisələrin başlanğıcında yer alan və daha sonra izləniləcək diplomatiyanın istiqamətini müəyyənləşdirən əsas hadisələrdir. Qısa müddət sonra Anadoluda başlayacaq milli mücadiləni və Türkiyənin yeni siyasi ideoloji mübarizəsini bu şərtlər içində şərh etmək doğru olardı.

Atəşkəs və Malta sürgünü haqqında ilk deyilə biləcək söz, ingilislər tərəfindən, böyük hissəsi almanyönlü kadrlardan ibarət olan İttihadçıların təmizlənməsinin təmin edilməsi idi. İngilislər, əsas məqsədlərini bəzi bəhanələrin arxasında gizləyərək sözügedən şəxsləri iki ildən çox bir müddət ərzində nəzarət altında saxlamağa, bu müddətdə Türkiyədəki prosesləri öz idarələri altında tutmağa ümid edirdilər. Məqsədlərində qismən başarılı olduqları deyilə də bilər. İttihadçı kadrların zərərsizləşdirilməsinə qarşılıq olaraq Müttəfiq ingilispərəst kadrlar sərbəst fəaliyyət göstərirdilər. Sözgəlişi, Maltada İttihadçılar dustaq həyatlarının günlərini sayarkən, illərcə xaricdə sürgündə olan Səbahəddin bəy kimi ingilispərəstlər yurda dönərək sərbəst fəaliyyət göstərməyə başlamışdılar. Başqa sözlə, ingilis dünya hegemonluğuna qarşı dirəniş göstərənlər təzyiq və ya nəzarət altında tutularkən, Osmanlının siyasi varlığına son verə biləcək uyğun bir ortam hazırlanırdı. Sonrakı bütün proseslər – Anadolu milli hərəkatı da daxil olmaqla – imperatorluğun addım-addım çöküşünə yönəlmiş tarixi hadisələr idi.

Ağaoğlunun Atəşkəs dövrü ilə sürgün həyatına dair müşahidələri və şahidliyi bu qaranlıq dövrə işıq tutacaq gücdədir. Sürgün dövründə tutduğu gündəlik bir neçə baxımdan əhəmiyyətlidir: Əvvəlcə atəşkəs illərində hökumətə sorumlu və qərbpərəst kadrların Müttəfiq dövlətlərilə qurduqları əlaqələr, məsuliyyətsiz və təslimçi mövqeləri, İstanbulun boğucu mühiti, Bəyaziddə reallaşdırılan edamlar, xalqın yaşadığı ağır şərtlər və düşdüyü ümidsizlik, bəzi zümrələrin bu mənfi şərtləri öz mənfəətlərinə çevirmə cəhdləri, qeyri-müsəlmanların yaratdıqları problemlər, İttihadçı ovu, Bəkirağa bölüyündə dustaqlıqda keçən aylar; qısacası, Ağaoğlunun həmin dövrün İstanbulunda şəxsən şahid olduğu hadisələr gözümüzün qarşısında canlanmaqdadır. (Ağaoğlu başda padşah olmaq üzrə Damad Fərid, Əli Kamal kimi hökumətin üst qatındakı məsul şəxsləri açıqca “xəyanət” və “alçaqlıq”da ittiham edirdi.) İkincisi, xatirələr Limni və Malta sürgününün fərqli tərəflərini işıqlandıracaq mahiyyətdədir. Sürgün şərtləri, dustaqların mənəvi durumları, yaşadıqları fikir böhranı və düşüncə dəyişiklikləri haqqında çox əhəmiyyətli müşahidələr diqqətçəkicidir. Maraqlı olan, bu sürgündən sonra heç bir İttihadçının köhnə öhdəliklərini xatırlamaq belə istəməməsidir. Müqavimətləri qırılmışdır. Sürgündən sonra yurda dönərək imperiyaya qarşı yeni siyasi təşkilatlarda iştirak edəcək olanları isə tam fərqli bir mühit və yeni şərtlər gözləyirdi. Üçüncüsü, xatirələr və işğal dövrü ilə günümüzdəki Türkiyənin şərtləri arasında bəzi istiqamətlərdə paralellər, oxşar tərəflər qurmamız üçün əhəmiyyətli məlumatlar ehtiva etməkdədir. Dördüncüsü və ən önəmlisi, Ağaoğlu, Qərbin ikiüzlülüyü və Qərb probleminin Türkiyə üçün necə fəlakətli nəticələr doğura biləcəyi mövzusunda kritik ipucları verə bilirdi. Bu baxımdan gündəlik yaddaşlarımızı nəinki təzələyir, həm də bizə tarixi doğru-dürüst mənimsəməyə yardımçı olur.

Əhməd Ağaoğlunun sürgün illəri və yaşantıları ilə Türkiyənin ö dövrdəki durumu arasında bir əlaqə vardır. Ağaoğlu, Mondros Atəşkəs dövrünü izləyərkən, ingilislərin təzyiqilə bir çox tanınmış İttihadçıyla birlikdə həbs olundu və Bəkirağa bölüyündə təxminən dörd ay saxlanıldı. Bu dövrdə İttihad və Tərəqqi hökumətinin öndə gələn rəhbərləri – Ənvər, Tələt və Camal Paşalar – xaricə qaçmışdılar. Geridə qalanlar isə açıq şəkildə hədəfdə idilər. Bəkirağa bölüyündəki sorğulamalar bitincə siyasi məhbus olaraq əvvəl Limni adasındakı Mondrosa, sonra da Maltaya aparıldı. 28 may 1919-cu il gecəsi Princess Ena adlı ingilis gəmisi 78 kişilik sürgün karvanıyla hərəkətə gəldi. Bunların 67-si Bəkirağa bölüyündən alınan və rəsmi protokollarda adları keçən şəxslər idi. Digər 11 adamın Türkiyə tərəfinə bildirilmədən həbs olunması ingilislərin təlaşına və hüquqsuzluğuna dəlalət edirdi. Həbs olunanlar arasında Əhməd Ağaoğludan başqa Ziya Gökalp, Süleyman Nazif, Hüseyn Cahid (Yalçın), Ebüzziyazadə Vəlid, Əhməd Emin (Yalman) kimi yazar və qəzetçilər; Fəthi (Okyar), yarbay (podpolkovnik) Əli (Çətinqaya), Əbdülxaliq (Renda), Əli İhsan (Sabis) Paşa kimi yüksək rütbəli ordu mənsubları; Sədrəzəmlik (baş vəzir) vəzifəsini icra etmiş Sait Həlim Paşa, Abbas Həlim Paşa və Şeyxülislam Xeyri Əfəndi kimi yüksək məmurlar və tanınmış partiya üzvləri vardır. Bu 78 nəfərlik karvan Admiral Calthorpe tərəfindən birinci dərəcəli məhbuslar olaraq qəbul edilmiş və Limni adasındakı əsir düşərgəsində dörd ay saxlandıqdan sonra Maltaya göndərilmişdir. Sürgün məkanının Limni/Mondrosdan Maltaya köçürülməsini, məhbusları mənəvi olaraq çökdürməyə yönəlik psixoloji bir təzyiq üsulu kimi də dəyərləndirmək olar. Sürgün yeri olaraq Mondrosun seçilməsi də simvolik bir məna daşıyır: İngilislərin Mondrosda imzalanan şərtlərin saxlanılmasında israrlılığı və Türkiyənin mövqelərinə qarşı bir göz dağı.

Həbs olunanların çoxu İttihad və Tərəqqi hökuməti içində yer alan və ya İttihadçıların savaş dövründəki məsuliyyətlərini paylaşan, liderlik xüsusiyyəti daşıyan və Müttəfiq dövlətlərə[3 - Antanta – Almaniya tərəfindən gözlənilən təcavüzə qarşı 1904-1907-ci illərdə yaradılmış B. Britaniya, Rusiya, Fransa ittifaqı. Sonralar 1915-ci ildə İtaliya və Yaponiya da bu ittifaqa qoşuldu.] qarşı müqavimət hərəkatı təşkilatlandıra biləcək olan şəxslərdir. Bu səbəbdən də onların saf-çürük edilmələri düşünülürdü. Bununla belə zaman-zaman başqa həbslərlə də sürgün sayı artacaqdı.

Sürgünün səbəbləri Müttəfiq güclərinin sözçüləri və İstanbul hökuməti tərəfindən fərqli şəkildə şərh olunurdu. Müxtəlif cinayət ittihamları vardır, amma heç bir konkret dəlil ortaya qoyulmuş deyildi. Ağaoğlu siyasi məhbus olaraq sürgündə olmalarını qızğın cümlələrlə ittiham edirdi: “Bizi ingilislər hansı üzlə bura gətirdilər? Hökumətmi təslim etdi, yoxsa özlərimi belə istədilər? Nə olursa-olsun, başımıza gələn bu macəra tarixdə bənzəri görülməmiş bir hadisədir ki, Osmanlılıq və xilafət üçün əbədi bir ləkə və günah olaraq qalacaqdır. Tarixdə görülməmişdir ki, bir dövlət şeyxülislamlıq məqamını tutmuş bir ruhanisini, sədrəzəmini, nazir, millət vəkili, yazar və paşalarını üç-dörd ay mühakiməsiz həbs etdikdən sonra düşmənin əlinə təslim etmiş olsun! Bu rüsvayçılığı yalnız VI Sultan Mehmed kimi səfil birisi edər!”. İttihadçıların necə həbs olunması və Ağaoğlunun bu haqlı ittihamları, sürgünün sıradan bir hadisə olmadığını göstərirdi. Xatirələr atəşkəs sırasında və sonrasında gözləniləcək yeni hadisələrin ən dəqiq xəbərçisi özəlliyini daşıyırdı.

Həbs olunub Maltaya sürgünə aparılanlar İttihadçı siyasi şəxslərdir. Amma hamısının eyni siyasi baxışda (yanaşmada) olduğu deyilə bilməz. Aralarında, böyük savaş illərində Ziya Gökalp, Əhməd Ağaoğlu kimi pantürkizm siyasətinə bağlı olaraq fəaliyyət göstərənlər olduğu kimi, Sait Həlim Paşa, Ubeydullah Əfəndi kimi panislamistlər də vardır. Pantürkist hərəkatın ən önəmli tərəfi, Rusiyaya qarşı müdafiə strategiyası yönündə fəaliyyət göstərməsi idi. Panislamizm isə əsasən İngiltərənin suverenlik iddialarını hədəfləyir; xüsusilə Hindistan və müsəlman ərəb dünyasının Almaniyanın suverenlik mənfəətləri istiqamətində ingilislərə qarşı təşkilatlanmasını müdafiə edirdi. Lakin Osmanlı dövlətinin və müttəfiqlərinin müharibədən məğlubiyyətlə çıxması ilə hər iki siyasi xətt qüvvədən düşəcək və sönməyə üz tutacaqdı. Malta sürgünü bu baxımdan olduqca kritik bir dönüş nöqtəsidir.

Ağaoğlunun sürgün dövründə tutmağa başladığı gündəlik, 1918-ci ildə Azərbaycandan ayrılmasından başlayaraq, Batumi üzərindən İstanbula gəlişi, Atəşkəs şərtləri, ağır qızdırma xəstəliyi, tam bu ərəfədə başlayan həbslər, Bəkirağa bölüyündə sorğulanmalarla keçən aylar, səlahiyyətli şəxslərin qarışıq ittihamları, İstanbulda Müttəfiq güclərinə mənsub əsgərlərin davranışları, yerli əhalinin çarəsizliyi, mərkəzi idarəçiliyin düşüncəsizliyi və xalqa yönəlik soyuqqanlı çağırışları, İstanbul mətbuatında əks olunan bəyanatlar, rahib Frew kimi ingilis sözçülərinin fəaliyyətləri, bir ingilis gəmisinə mindirilərək Egey dənizinə çıxmaları, ayrılıq sırasında ailələrin yaşadığı sarsıntı və s. hadisələri ardıcıllıqla şərh edir. Ağaoğlu, bəzi dustaqların dəniz səfəri zamanı gəmilərin batırılacağı və ya ingilislər tərəfindən güllələnəcəkləri qorxusunu yaşadıqlarını söyləyir. Daha sonra Limnidə keçən aylar, məhkumluq şərtləri, dustaqlar arasındakı fikir ayrılıqları və gündəlik həyat tempi ilə bağlı təfsilatlı müşahidələrə yer vermişdir.

Gündəliyin tutulma forması və üslubu da maraqlıdır. Ağaoğlu yaşadığı çətinliklər, ailə həsrətilə yuxusuz keçən gecələr və zehni çarpışmalarından və s. bəhs etməklə təkcə şəxsi həyatındakı yaşantılarını anlatmaqla kifayətlənməyib. Ayrıca sürgün şərtlərinə, ingilis əsgərlərlə türk məhkumlar arasındakı münasibətlərə dair detallı məlumatlar verir: əlinə keçən qəzetlərdən İngiltərənin Şərq siyasətini, Avropadakı və Osmanlı İmperatorluğundakı prosesləri, imzalanacaq barışın şərtlərini böyük bir həyəcanla izləyərək şərh etməyə çalışır. Digər sürgünlərin gündəlik həyatları haqqında verdiyi məlumatlar da əhəmiyyətlidir. Ziya Gökalpın qatıldığı sosioloji və fəlsəfə yığıncaqlarında, dustaqların dəyişən və passiv ruh hallarında, öz aralarındakı müzakirələrdə bir düşüncə dəyişimi keçirməkdə olduqlarının işarələri öz əksini tapır. Gündəlik, Osmanlı İmperatorluğunun çöküş illəri haqqında – məhdud belə olsa – bəzi dəyərləndirmələr etməmizə də imkan verir. Ağaoğlunun, ingilislərə və yerli işbirlikçilərinə yönəlik hirsli və dirənişçi bir davranış sərgilədiyi açıq şəkildə görünür. O, məhkumlar arasında ingilis səlahiyyətlilərə qarşı olduqca cəsur mövqedə olması ilə fərqlənir. Çox ehtimal, ingilislərin antipatiya duyduqları məhkumların başında dururdu. Bəlkə də bu səbəblə adadan ən son çıxarılanlar arasında idi.

Məruz qaldıqları sürgünün hüquqi tərəfi və ədalətə nə dərəcədə uyğun olması, həm də zamanında Sorbonnalı bir hüquqçu olan Ağaoğlunun düşüncəsini ən çox məşğul edən məsələlərdən biri olub. Gündəliyində tez-tez dustaqlara “müharibə əsiri” damğası vurulduğundan, gerçək bir ittihamın olmadığından, səlahiyyətli tərəflərin onlara yönəlik uzun müddət hər hansı konkret bir ittihamlar irəli sürməməsindən, mühakiməsiz-hökmsüz aylarla dustaq saxlanmalarından, düşərgə şərtlərinin ağırlığından şikayətlənir; sürgünün səbəbləri və bu səbəblərin qarışıq və dayanıqsızlığı haqqında da açıqlamalarında: “məni bura gətirən və vəhşi bir heyvan kimi bu dəmir qəfəs içinə soxaraq qabağıma gündə bir parça ətlə çörək atanlar bütün müraciətlərimə baxmayaraq bircə dəfə də olsun günah və xətalarımın nə olduğunu söyləmək istəmədilər”, – deyə yazmışdır.

Əhməd Ağaoğlunun gündəliyində sürgün şərtləri və gündəlik yaşam tempi haqqında da maraqlı məlumatlar var. Xüsusilə Limnidəki əsir düşərgəsində məhkumların məlumatlandırılmalarının və müalicələrinin əngəlləndiyi, gerçək bir izolyasiya mühitinin olduğu, sığınma və qida problemlərinin həllində məhkumlara hər cür çətinliklərin yaşandığı aydın dildə ifadə olunub. Limnidə qaldıqları dövrdə məhkumların ailələrilə sərbəstcə məktublaşmaları yasaqlanmışdır. Məhdud sayda çatan məktublar belə senzuraya tabe olurdu. “Çox qısa və yalnız ailədəki durumdan bəhs edən məktublar qəbul edilirdi”. Məmləkətin daxilindəkı vəziyyətdən bəhs edən məktublar çıxdaş olunurdu. Ağaoğlu, İstanbuldan gələn bir neçə qəzetin senzura üzündən ciddi xəbər mənbəyi olmadığını xüsusi vurğulayırdı. Bu baxımdan Ziya Gökalpın olduqca böyük bir məcmu tutan “Limni və Malta məktubları”nın da oxunması vacibdir.

Ayrıca, Ağaoğlu siyasi təcrid şərtləri ilə yanaşı sığınacaq və yeməklərin pisliyindən də şikayət edirdi. Qaldıqları sığınacaq üçün bir az da kinayəli bir üslubla “çəllək”, “ağıl” kimi ifadələr işlədirdi. Bunlar, dəmir məftillərlə çevrələnmış bir ərazinin ortasında, dəmir qəfəsli və kilidli komalardır. İstidən və səs-küydən yatmaq mümkün deyil. Gündəlikdən, dustaqların pozulmuş ruhi vəziyyət yaşadıqları, təslimçi düşüncələrə qapıldıqları, başqa səbəblər axtarmaqla siyasi keçmişlərini bir daha nəzərdən keçirdikləri bəlli olur. Təcrid olunmuş bir durumda bu, daxili çəkişmənin və keçmişdən xilas olma yollarının qaynağıdır. Bütün bu yetərsizliklərə qarşılıq günün müəyyən saatlarında və əsgəri nəzarətdə çölə çıxmalarına, açıq havada gəzmələrinə icazə verilir. Bəziləri sistemli təzyiq altında tutulduqlarından kimsəsiz yollarda öldürüləcəklərindən qorxduqları üçün belə imkanlardan imtina edir və dəmir barmaqlıqlar arasında qalmağa daha çox üstünlük verir. Belələri təcrid olunmuş yerdə bəlli bir şəkildə yönləndirilir, ingilis qəzetlərini və məhdud da olsa (ciddi senzuradan keçirilmiş və günü keçmiş) bəzi İstanbul qəzetlərini oxuya bilməklə, dərs və toplantıları izləməklə, öz aralarında fikir mübahisələri yürütməklə, bric, dama və şahmat oynayıb şəkil çəkməklə vaxt keçirirlər. Sürgünün, məhkumlara bir növ akademik mühit təqdim etdiyi və siyasi fikirlərini yenidən nəzərdən keçirmələrinə vəsilə olduğu deyilə də bilər. Bu baxımdan Malta sürgünü yeni Türkiyənin siyasi və düşüncə təməllərinin quruluşu baxımından əhəmiyyətli dönüş nöqtələrindən biridir.

Malta sürgününü yeni şərtlərlə əlaqəli açıq, müstəqil bir müzakirə obyekti olaraq dəyərləndirmək mümkün deyil. Burası aydındır ki, həbsdəkilər sürgündə olduqca çətin şərtlər altında yaşayıblar. Ağaoğlu, qarşılaşdıqları pis davranış və münasibət haqqında bu cümlələri yazır: “Bu kimi rəftarlar bəlkə Afrika vəhşiləri üzərində öz təsirini göstərə bilərdi! Amma bizi də mütəəssir etmək istəyi uşaqca bir xəyaldır. Çox təəssüf ki, bu qeyri-insani münasibətlərə qarşı etiraz olunmasını nə qədər təklif etdimsə də bir fayda vermədi. Nə qədər çalışdımsa, sözüm keçmədi. Biz türklər nə qədər səbirli və dözümlüyük! Doğrusu, bu qədəri mənim xoşuma gəlmir və bu hal hissizliyə meylliliyin göstəricisidir”. Ağaoğlunun, özü və digər üzdə olan İttihadçıların sürgün həyatı haqqındakı müşahidələri həqiqi bir təsviri ortaya qoyur. Gündəliyi, Malta məhkumlarının ruhi vəziyyətlərinin dəyişməsini əks etdirən bir barometr də hesab etmək olar. Bir çox məhbus yoldaşının yaşadıqları mənəvi aşınmalar sətiraltı ifadələrdə öz əksini tapıb. Bu ifadələrdən, bəzi İttihadçıların ingilislərə qarşı təslimçi bir hal içinə girdikləri aydın görünməkdədir. Sözgəlişi, Almanlarla barış razılaşması imzalandığı xəbərini alan bəzi məhkumlar sərbəst buraxılacaqları fikrinə qapılmışdılar. “Digərləri isə əksinə, çox bədbindirlər və ingilislərin bizi öldürəcəkləri fikirindədilər. Mən isə bunun ikisinin arasındayam. İngilislər nə bizi məhv edərlər, nə də sərbəst buraxarlar. Bizi ətalətə məhkum edəcəklər, aşağı-yuxarı uzun müddət süründürəcəklər. Bəlkə də beynəlxalq məhkəməyə təhvil verərlər”. Buna qarşılıq, Ağaoğlu, üsləşdikləri haqsızlıqlara qarşı tək başına qərarlı bir hüquqi mübarizə apardığını söyləyir. Barış görüşmələrində qərarsızlıq səbəbindən ingilis yüksək dairələrinə, Müttəfiq dövlətləriylə əməkdaşlıq edən və acizanə mövqe sərgiləyən Osmanlı padşahına və “müttəfiqçi” hökumət dairələrinə qarşı olduqca sərt tənqidlər irəli sürürdü. Onları mövqesizlik, xəyanət və ikiüzlülüklə ittiham edirdi. Osmanlı idarəçilərinin içinə düşdükləri “qəflət yuxusu” haqqında belə yazırdı: “Padşah və ətrafındakı axmaqlar düşündülər ki, məmləkəti avropalılara təslim etmək və alçalmaqla qurtara bilərlər. Halbuki onlar təhqir və miskinliyə dözdükcə, qarşı tərəf həyasızlığını, təcavüzünü daha da artırdı. Hökmdar və hökumətin tanınmış rəhbərlərini, məmləkətin seçilmiş adamlarını təslim etməklə namuslarından belə imtina etmiş olduqları halda qarşı tərəfdən zərrəcə belə mərhəmət və şəfqət qopara bilmədilər”. Digər siyasi məhkumların bu cür həssas mövzularda susqunluğu və tərəddüdlü davranışları müqabilində, Ağaoğlunun bu çıxışlarının cəsur bir mövqe olduğu qeyd edilməlidir. Ancaq yenə də şəxsi xarakterinə uyğun olaraq aşırı ifadələrə yer verdiyini də söyləmək lazımdır. Malta fərarilərindən Əli İhsan Sabisin xatirələrinə müraciət etmək bəlkə daha həqiqi bir mənzərə yarada bilər.

Şübhəsiz, sürgünün ən maraqlı tərəflərindən biri Ziya Gökalpın intellektual söhbət və müzakirələridir. Verdiyi dərs və toplantıların böyük hissəsi “Fəlsəfə dərsləri” adı altında əlyazma şəklində on iki dəftərdə toplanmışdır. Sözgəlişi, Ağaoğlu, bəzi yoldaşlarına rusca öyrədərkən özü də ingiliscəsini inkişaf etdirir və ingilis ədəbiyyatının seçmə əsərlərini oxumağa başlayır. Gündəliyində ifadə etdiyinə görə, Ziya Gökalp bir tərəfdən sosiologiyanın riyazi bir elm olduğu istiqamətində həddindən artıq pozitivist mühakimələr yürüdərkən, digər tərəfdən də “vəcd”, dəyərlər, mənəviyyat, kollektiv ruh/şüur kimi metafizik mövzulardan bəhs edir, sosioloqun kütlələr qarşısında oynayacağı təsiredici rolunu peyğəmbərlərin cığır açdığı yola bənzədirdi. Ağaoğlunun etdiyi bu bənzətmə, sürgündəki sosioloqumuzun fikirlərinin nə qədər “azad”, amma bir xeyli də qarışıq olduğunu göstərirdi.

Gündəlikdə diqqət çəkən bir başqa mövzu, Qərb siyasətinin ikiüzlülüyünə yönəldilib. Ağaoğlu ömrü boyunca heyranlıq bəslədiyi Qərb sivilizasiyasının başqa bir üzünü görmüşdür və duyduğu xəyal qırıqlığını gizlətmir. Qərb sivilizasiya dəyərlərinin böyük savaş dönəmində çürüdüyünü düşünür. Məsələn, “Times” qəzetində oxuduğu bir məqalədən “Düşmən tərəfini təhqir etmək və əzmək bəşəri bir vəzifəmizdir. Onların, həm mənsub olduqları ortam içində və həm də bütün bəşəriyyət qarşısında hər cür şərəf və nüfuzu qırılmalıdır” mesajını oxuduqdan sonra münasibətini bu sözlərlə ortaya qoyur: “Fəqət bu təhdidləri ingilislər tək türklər üzərində tətbiq edə bildilər. Nə Bolqarıstan, nə Avstriya-Macarıstan, nə də Alman mənsublarından heç biri bizim durumumuza məruz qalmadı!” Ağaoğlunun, ABŞ prezidenti Vilsonun ortaya atdığı və milliyyətlərə görə yeni siyasi sərhədlər təyin edən self-determinasyon siyasətinə yönəlik kəskin tənqidləri də son dərəcə düşündürücü və əhəmiyyətlidir. “Vilson iflas etdi. O qədər ki, hətta özü belə nə etdiyini bilmir. Meydana bütün millətlərin öz müqəddəratına malik olduqları fikrini atdığı halda özü şəxsən hər kəsdən əvvəl ingilislərin Misir üzərində müstəmləkəliyini təsdiq etdi. Lakin Misirin yanında olan bədəvi Hicaz ərəbləri və əhalinin üçdə birini təşkil etməyən yəhudiləri müstəqil bir hökumət halına gətirdi. Türklər hesabına bir Ermənistan qurmaq istədiyi halda İngiltərənin yanında İrlandiya, Hindistan və sairə unudulur”. Keçdiyimiz yüz ilin şərtlərini təyin edən və toplumlar arasındakı bərabərsizliyi ehtiva edən siyasi prinsiplər haqqındakı qərarlar, bu gün daha çox yaxın dövr tarixçisinin fərqində olmadığı bir gerçəyi ifşa edir.

Əsl xəstəliyin Avropanın özündə olduğu qənaətinə gəldiyini, İngiltərənin öz dəyərlərinə xəyanət etdiyini yazan Ağaoğlu, bir tərəfdən də sürgündə olduğu illərdə ingilis mətbuatını, xüsusilə “Times” qəzetini yaxından izləməkdə idi. Maraq dairəsi və oxuduqları tam olaraq Osmanlı dövlətinin yaxın gələcəyi ilə məhdudlaşmır, dünyada gedən prosesləri də analiz edərək, əvvəlki fikirlərini bir daha nəzərdən keçirirdi. Malta sürgününü izləyən dövrdə Ağaoğlunun Qərb sivilizasiya dəyərləri mövzusundakı görüşlərinin diqqətçəkici bir dəyişimə məruz qaldığını iddia etmək səhv olmaz. Hətta bu illərdə ingilis mədəniyyətinə simpatiyasının düşüncəsinin dərinliklərində özünə yer etdiyini də söyləmək olar. Qərb sivilizasiyasının üstünlüyünə, Şərq (islam və Budda-brahman) sivilizasiyalarının çöküşünün isə labüdlüyünə dair fikirləri öz təsdiqini tapırdı. Necə ki, bu dəyişmənin izlərini “Üç mədəniyyət” başlıqlı məqaləsində və Maltada qələmə almağa başladığı “Üç mədəniyyət” adlı əsərində görmək mümkündür.

Ağaoğlunun Limnidə tutmağa başladığı gündəliyə Maltaya gətirilmədən öncə fasilə verməsi, çox təəssüf ki, Malta şərtləri haqqındakı müşahidələrindən məhrum qalmamıza səbəb olur. Amma Gökalpın Malta təsviri müəyyən bir təsəvvür yaradacaq özəllikdədir. O, Polverista qışlasından yazdığı məktublarından birində ailəsinə belə yazır: “Olduğumuz yer, Maltadakı əsir qərargahlarının ən yaxşısıdır. Bura zabit və kiçik zabitlərə ailələriylə yerləşmək üçün inşa edilmişdir. Bina üç mərtəbəlidir. Hər mərtəbədə on mənzil vardır. Demək ki otuz ailə burada sığına bilər. Hər mənzildə iki-üç otaq ilə bir duş kabinəsi vardır. Əl yumaq, duş qəbul etmək üçün mənzildən çıxmağa ehtiyac yoxdur. Daimi suyu var. Hər tərəf elektriklə təchiz edilib. Demək olar ki, Avropadakı böyük otellərdən birinin içindəyik”. Yenə də, bütün sürgündəkilərin eyni şəraitdə yaşadıqlarını düşünməmək lazımdır. Məhbus əsgərlər üçün təşkil edilmiş düşərgələrdə şərait daha pisdir.

Sürgündə pis rəftarla üzləşən qeyri-müsəlmanlara qarşı müharibə zamanı günah işlədikləri ilə bağlı iddialar irəli sürülürdü. Haqlarında hər hansı bir konkret və əsaslı dəlil tapılmayan Maltaya sürgün olunmuşlar iki ili aşan həbs müddəti sonunda, Ankara hökumətinin təzyiqi nəticəsində sərbəst buraxıldılar. Aralarında köhnə ordu komandiri Əli İhsan Paşanın da olduğu 16 nəfərlik bir qrup isə 1921-ci ildə sürgündən qaçmağı bacarmış və qaçanların bir hissəsi Milli mübarizəyə qatılmışdılar. Başlanğıc və bitmə tarixləri göz önünə gətirildiyi zaman, Malta sürgünü ilə Anadoludakı Milli mübarizənin az qala üst-üstə düşdüyü görülür. 1919-1922-ci illər, Türkiyədəki hadisələrin ən kritik mərhələsini meydana gətirir. Bir tərəfdən Milli mübarizə sürərkən seçmə siyasət adamlarının ingilislərin həbsinə məruz qalaraq zərərsizləşdirilməsinin bir anlamı olmalıdır. Məsələnin bu istiqamətinin də işıqlandırılmasına gərək var. Azad edildikdən sonra Maltaya sürgün olunmuşları yeni bir mühit və şərait gözləyirdi. İmperatorluq tamamilə sona çatmışdır və Ankara mərkəzli yeni bir rejim qurulmaqdadır. Məhbusların bir hissəsi siyasi mübarizədən kənara çəkilərkən, digərləri böyük bir enerji və şövqlə yeni Türkiyənin yaradılması işinə qoşulacaqdılar.

Son olaraq, Ağaoğlunun gündəliyinin nəşr olunma tarixçəsi haqqında məlumat verək. “Atəşkəs və Malta xatirələri” ilk dəfə, Ağaoğlunun qurucusu və redaktoru olduğu “Akın” qəzetində, “Gündəlik xatirə dəftərimdən” başlığıyla, 29 may-19 avqust 1933-cü il tarixləri arasında hissələrlə nəşr edilib. Xatirələrin qələmə alındığı tarixin başlanğıcının 21 İkinci Qanun[4 - “Kanun”, ay adı olaraq, dekabr ilə yanvar aylarının əski adıdır. Yanvar –Ocak anlamına gələn كانون qanun sözündən irəli gəlir. Dekabr – aralık ayına 10 yanvar 1945 tarixli rəsmi qəzetlərdə yayımlanan qanunun qüvvəyə minməsindən öncə; “Kanuni-evvel”, “İlkkanun” ya da “Birincikanun”; Yanvar – Ocak ayına isə “Kanunisani” ya da “İkincikanun” deyilirdi.] (yanvar) 1918-də olduğu görülür. Ancaq qeydlər 3 iyul 1919 tarixində ixtisarlara məruz qalıb. Bu tarixdən etibarən Maltadan azad edilmənin reallaşdığı 1921-ci ilin mayına qədər keçən dövrə aid yazarın başqa qeydlərini əldə edə bilmədik. Dolayısıyla Ağaoğlunun ilk dəfə “Akın”da yayınlanan gündəliyini, “Atəşkəs və Malta xatirələri” başlığını daşımaqla birlikdə, yarımçıq bir mətn olaraq görmək lazımdır. Çünki gündəlik tam olaraq, yazar hələ Limnidə məhbus ikən qələmə alınmışdır. Xatirələrin yarımçıq olması, əlbəttə, onun dəyərini azaltmır; Malta sürgün ədəbiyyatı içində şərhləri, hadisələrə baxışı və yüksək həssaslığı etibarilə önə çıxan qiymətli bir əsər olaraq dəyərləndirilə bilər. Kitabın “Sürgün dönüşü” başlığını daşıyan son bölümü xatirələrə bir bütünlük qazandırmaq üçün əlavə olunmuşdur. Bu hissə daha əvvəl Ağaoğlunun qızı Tezer Taşqıran tərəfindən “Nə idik, nə olduq?” başlığıyla “Həyat məcmuəsi”ndə (Cild: 1, sayı: 6-10, fevral-mart 1978) nəşr olunmuşdur.




AĞAOĞLU ƏHMƏDİN “ ATƏŞKƏS VƏ SÜRGÜN XATİRƏLƏRİ”

Haqqı Uyar


Osmanlı dövlətinin son 40 ili (1878-1918) dövləti xilas etmə və ölkə ziyalılarının qurtuluş yolu axtarışları ilə keçdi. Bu axtarışlar eklektik çözüm yollarının da ortaya çıxmasına gətirib çıxardı. İkinci hökumətin elanını təmin edən İttihad və Tərəqqi Cəmiyyəti də, homogen (eyni mənşəli) ideoloji xəttə sahib deyildi. İttihadçılar, “Hürriyyətin elanı” (1908) ilə problemi asanlıqla həll edə biləcəkləri, ittihadçıların çoxluğunu təmin edərək imperatorluğu qurtara biləcəkləri fikrində idilər. Ancaq ard-arda gələn müharibələr zənciri (Trablusgarp savaşı, Balkan savaşları və Birinci Dünya Müharibəsi) və etnik problemlərin gərginləşməsi çözümün deyil, çözüm cəhdlərinin sonuna gəlindiyini açıqca göstərdi.

Mondros atəşkəsini (30 oktyabr 1918) izləyən dövrdə, Müttəfiq dövlətləri (Antanta) problemin həllini Osmanlı dövlətinin qalan torpaqlarını paylaşmaqda görürdü. Bunun infrastrukturu, Birinci Dünya Müharibəsi sırasında edilən gizli razılaşmalarla hazırlanmışdı. Beləcə, Şərq məsələsi Müttəfiq dövlətlərin xeyrinə həll edilmiş olacaqdı. Atəşkəs, ordunun tərxis edilməsi və silahların müsadirə edilməsi, Şərqi Anadolunun Ermənistana verilməsi və Müttəfiq dövlətlərinə təhlükə olduqda hər hansı bir strateji nöqtəni işğal edə bilmələrinə imkan verəcək bir zəmində təşkil edilmişdi. İttihadçılar hakimiyyətdən düşmüş və müxaliflər iqtidara gəlmişdi. Ancaq Müttəfiq dövlətlər İttihadçıları və ordunun üst qatındakı zabit heyətini hələ də böyük bir təhdid olaraq görürdülər. Çünki Atəşkəsdən sonra Müttəfiq dövlətlərin siyasətlərinə (Mondros və Sevr anlaşması) maneə yarada biləcək bir güc olaraq qalmaqda idilər. İngilislər başda olmaq üzrə Müttəfiq dövlətlərin təhdid olaraq gördükləri İttihadçıların yerini qısa bir müddət Kamalçılar (milliyyətçilər) alacaqdı. Bu coğrafiyada Müttəfiq dövlətlər üçün bir başqa təhdid də bolşeviklər idi.

Müttəfiq dövlətlər, öz siyasətlərinin önündə maneə olaraq gördükləri İttihadçı liderləri (köhnə vəzirlər, nazirlər, deputatlar…) və təcrübəli zabitləri, padşah və İstanbul hökuməti ilə anlaşaraq həbs etdirdi. Bəkirağa bölüyündə bir neçə ay saxlanıldıqdan sonra adı keçən kişilər ingilislər tərəfindən Maltaya sürgün edildi. Sürgünlərin bir hissəsi Maltaya çatmadan Limni adasında Mondros limanında düşürüldü. 12 nəfərlik qrupun arasında Ağaoğlu Əhməd də vardı. İngilislərin əlində, tikanlı məftillər arasında yaşanan sürgün həyatının bütün çətinliklərini Ağaoğulunun gündəliklərində oxumaq mümkündür. Buradakılar da daha sonra Maltaya aparılacaqdı.

Maltaya sürgün olunanların sayı 150-yə yaxın idi. Bunlar fərqli zamanlarda və fərqli yerlərdən Maltaya gətirilmişdilər. Sürgün müddəti iki il yarıma qədər davam etdi. 1919-un martında başlayıb, 1921-in noyabrına qədər sürdü.

Maltaya sürgün edilənlərin bir hissəsi yaşadıqlarını xatirələrində yazdılar. Bu xatirələrin bəziləri belə sıralana bilər:

Əli İhsan Sabis, Hərb xatirələrim, 5 cild, Ankara, 1951.

Fevziyə Abdullah Tansel, Ziya Gökalp külliyyatı – II, Limni və Malta məktubları, Ankara, 1965.

Ziya Gökalp, Malta konfransları, (Haz. M. Fəxrəddin Kırzıoğlu), Mədəniyyət Nazirliyi Yay., Ankara, 1977.

Osmanlı Məbusan (parlament) Məclisi rəisi Xəlil Menteşenin xatirələri, (Giriş: İsmayıl Arar), Hürriyyət Vəqfi Yay., İstanbul, 1986.

Ömər Hakan Özalp, Mehmed Ubeydullah Əfəndinin Malta, Əfqanıstan və İran xatirələri, Dərgah Yay., İstanbul, 2002.

Bu xatirələrə əlavə olaraq Tunayanın mənbə olaraq göstərdiyi Tarik Mümtaz Göztəpə, Əhməd Əmin Yalman, Hüseyn Cahid Yalçın və Əli F. Türkgəldinin xatirələri də diqqətə layiqdir.

Malta sürgünləri haqqında edilən elmi tədqiqatların ən əhatəlisi Bilal Şimşirin kitabıdır.

Bilal N. Şimşir, Malta sürgünləri, Milliyyət Yay., İstanbul, 1976. Bu kitabın daha sonrakı nəşri Bilgi Yayınları tərəfindən hazırlanmışdır. (Ankara, 1985)

Maltaya sürgün olunmuşlardan biri olan Ağaoğlu Əhməd, İkinci hökumətdən Cümhuriyyətə qədər keçən müddətdə – düşüncə baxımından bəzi fərqliliklər göstərsə də, ümumilikdə liberalizm ilə milliyyətçilik/türkçülük xəttinə sahib idi.

Malta dönüşündən sonra ikinci və üçüncü Türkiyə Böyük Millət Məclislərində (TBMM) millət vəkili olaraq yer alan Ağaoğlunun 1930-cu illərdəki nəzərə çarpan fəaliyyəti arasında Sərbəst Cümhuriyyət Firqəsi (SCF) daxilində yer alması, Birinci Türk Tarix Konqresinə qatılması, universitet müəllimliyi və bu vəzifədən ayrılması, “Akın” qəzetini çıxarması və yenə eyni illərdə Heyətçilərlə (kadro) girişdiyi ideoloji polemikalar sayıla bilər.

SCF-in mənəvi öndəri sayılan Ağaoğlunun, partiyanın proqram və nizamnaməsinin hazırlanmasında böyük zəhməti olub. Ağaoğlu, “liberal fikirləri müdafiə edən, tək partiyalı rejimin nəzarətsizliyini və CHP rəhbərliyini tənqid edən” biri kimi diqqət çəkirdi. O, partiya bağlandıqdan sonra da digər SCF-çilərin əksinə olaraq CHP-yə girmədi, liberal fikirlərini yazılarıyla müdafiə etməyə davam etdi.

Ağaoğlu, Heyətçilərlə girişdiyi polemikada, “əsas olaraq demokratiya, dövlətçilik və (onların) ziddiyyətlər”i üzərində dayandı. Heyətçilərin demokratiya ilə əlaqədar düşüncələrinə qarşı çıxdı. Demokratiyanın yerinə avtoritar və totalitar görüşlərin ağırlıq qazandığı 1930-cu illərdə Ağaoğlu, Heyətçilərin demokratiyanın çöküşülə bağlı yazılarına etiraz etdi və demokratıyanı müdafiə etdi.

Tək partiya idarəçiliyinin getdikcə möhkəmləndiyi bir mühitdə Ağaoğlu, CHP-yə müxalif və liberal mövqeyilə diqqət çəkən “Akın” qəzetini nəşr etdi. 1930-ların avtoritar, dövlətçi mühitində liberal düşüncəni müdafiə edən “Akın” uzun ömürlü ola bilmədi. Bununla birlikdə, “Akın”, 1930-lar Türkiyəsində Sərbəst Cümhuriyyət qəzeti ilə birlikdə özünəməxsus mövqeyinə görə seçilən liberal qəzetlərdən biri idi. Dövrün avtoritar mühitində səsi boğulsa da və qısa ömürlü olsa da, Türkiyə liberalizminin tarixindəki əhəmiyyətli təməl daşlarından biri oldu.

İlk sayı 29 may 1933-də bazar ertəsi günü çıxan “Akın” qəzetinin cəmi 119 sayı işıq üzü gördü. Yayım həyatı, 24 sentyabr 1933 tarixli 119 sayı ilə sona çatdı. İstanbulda nəşr olunan və redaktoru Ağaoğlu Əhməd olan qəzetin alt başlığı belə idi: “Yevmi-Siyasi-İctimai-Müstəqil Türk Qəzeti”.

Qəzetin sahibi və ümumi nəşriyyat işləri müdiri isə Hacı Ağa oğlu Yusif Ziya bəydi. Yusif Ziya bəy, qəzetin ilk buraxılışından bağlandığı tarixə qədər eyni funksiyanı yerinə yetirir. Ağaoğlu Əhmədin 10 avqust 1933 tarixindən etibarən manşet yazılarına rast gəlinmir. Bu tarixdən sonrakı manşetlər imzasız olaraq çıxır. Qəzetin 24 avqust 1933 tarixli 88-ci sayına qədər, qəzetin baş redaktoru rəsmi olaraq Ağaoğlu Əhməd göstərilirdi. 25 avqust 1933 tarixli 89-cu saydan etibarən Ağaoğlu Əhmədin adına rast gəlinmir. Ağaoğlunun baş redaktor olduğu dövrdə, qəzetdə Ağaoğlu Əhmədin “Atəşkəs və Malta xatirələri” (67 felyeton, 29 may-19 avqust 1933 tarixləri arasında) da nəşr olundu.

Ağaoğlunun tarix yazaraq gündəlik şəklində tutduğu qeydlər çox təəssüf ki, natamamdır. Xatirələrin bir hissəsi Bəkirağa bölüyündəki günlərə və geri qalanı da Limnidəki əsirlik həyatına aiddir. Bu səbəbdən xatirələrdə Malta günləri də yer alıb. Bu xatirələrin davamı Maltadan sonrakı günləri əhatə edir. Ağaoğlu burada Maltadan dönüşünü və Anadoluya gəlişini qələmə alıb. Fevral-mart 1978-də “Həyat məcmuəsi”ndə nəşr olunan xatirələrin bu hissəsi də gündəlik şəklində tutulub. Ağaoğlunun Ankaradakı ilk günlərini və hiss-həyəcanını ortaya qoyur.

Ağaoğlu Atəşkəs müqaviləsindən sonra, dekabr 1918-də İstanbula gəlir. Gəldiyi günlərdəki mühiti, iki ayrı İstanbulu gündəliyində belə vəsf edir:

İstanbulun göyü qara buludlar ilə örtülüb. Şiddətli və fırtınalı bir yağış şəhəri yumuş, islatmışdı, artıq yağış kəsilmişdi. Lakin yağış damlaları bir duman pərdəsi kimi havada sanki asılı qalmışdı.

Buna baxmayaraq Bəyoğlu tərəf sevincli, nəşəli idi. Bütün evlər, mağazalar, otellər və restoranlar sanki böyük bir bayram imiş kimi iztihamlı idi. İngilis, fransız və yunan bayraqları evlərin dirəklərindən, mağazaların qapılarından sallanır, küçələr başdan-başa insan axını ilə dolu. Gəzənlər arasında xaki paltarları ilə, təkəbbürlü və qürurlu yerişləri ilə hər kəsin diqqətini çəkən ingilis zabitləri qızğın-qızğın danışırlar, söyüşlər yağdıran fransız əsgərləri, sərxoş yunan dənizçiləri o tərəf-bu tərəfə gəzişirlər. Hərdənbir fransız əsgər dəstələri musiqi sədaları ilə küçədən keçir, xalq alqışlayır, “yaşasın Fransa”, “yaşasın İngiltərə”, “yaşasın Yunanıstan” bağırtıları qopur. Bəzən bir dəstə gənc rum vətənpərvər mahnılar oxuyaraq xalqın içindən keçir və bütün evlərin pəncərələrindən, dükan və mağazalardan “zito! zito!” səsləri yüksəlir.

Küçələrdə osmanlı dövrünün qırmızı papaqlı kişiləri yox kimidir, hərdənbir yolunu çaşmış biri görünsə də, dərhal gizlənməyə, qaranlıq yan küçələrə sığınmağa çalışır. Fürsəti qaçıranların dərhal qırmızı papağı başından alınır və min bir qəhqəhə və təhqir içincə parçalanaraq havaya tolazlanırdı.

Şəhərin Bəyoğlu tərəfi əyləncə, nəşə içindəykən, körfəzin o biri tərəfi başqa bir mənzərəyə şahidlik edirdi. Eminönündən Topqapıya və Eyüpə qədər bütün o geniş ərazi sanki bir məzarlıq idi! Küçələr dərin bir qaranlıq içindədir, kimsəyə rast gəlmək olmur! Bağlı məhəccərlərdən gələn sönük işıqlar, məzarlar üzərinə yanan şamları xatırladırdı, insan səsi eşidilmirdi. Hərdənbir tərk edilmiş bir pişiyin acı miyoltuları, sahibsiz itlərin ümidsiz hürmələri insana izah edilməsi çətin olan dəhşətli bir hiss verirdi. İstanbul sanki yerin dibinə girmişdi; Yeniqapıdan Eyüpə qədər sıralanan o möhtəşəm abidələr, köhnə xarabalıqlar arasında yıxılmış məbədlərin dağıntılarını xatırladırdı. Bu nəm hava, bu boş və qaranlıq küçələr, məbədləri bürümüş bu əzab, ardı-arası gəlməyəcək bir fəlakət və matəm hissi insanı içindən üşüdürdü; lakin bu yalnız bir matəm də deyildi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336794) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Tanzimat – islahat deməkdir və özündə verilən yeni qaydaların tətbiqi və həyata keçirildiyi dövrü ehtiva edir.




2


Self-determinasyon qanunu – millətlərin öz müqəddəratını təyin etməsi.




3


Antanta – Almaniya tərəfindən gözlənilən təcavüzə qarşı 1904-1907-ci illərdə yaradılmış B. Britaniya, Rusiya, Fransa ittifaqı. Sonralar 1915-ci ildə İtaliya və Yaponiya da bu ittifaqa qoşuldu.




4


“Kanun”, ay adı olaraq, dekabr ilə yanvar aylarının əski adıdır. Yanvar –Ocak anlamına gələn كانون qanun sözündən irəli gəlir. Dekabr – aralık ayına 10 yanvar 1945 tarixli rəsmi qəzetlərdə yayımlanan qanunun qüvvəyə minməsindən öncə; “Kanuni-evvel”, “İlkkanun” ya da “Birincikanun”; Yanvar – Ocak ayına isə “Kanunisani” ya da “İkincikanun” deyilirdi.



Türk dünyasının nəhəng fikir və əməl adamlarından biri olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun daha bir kitabını oxucuların ixtiyarına veririk: “Atəşkəs və sürgün xatirələri”. Xatirələr 1919-1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaşmayıb. Burada oxucu Birinci Dünya savaşından sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada və Orta Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər.

Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb.

“Atəşkəs və sürgün xatirələri” XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər.

Как скачать книгу - "Atəşkəs və sürgün xatirələri" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Atəşkəs və sürgün xatirələri" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Atəşkəs və sürgün xatirələri", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Atəşkəs və sürgün xatirələri»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Atəşkəs və sürgün xatirələri" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *