Книга - Qorio ata

a
A

Qorio ata
Onore de Balzak


Dünya ədəbiyyatından seçmələr
Arvadını erkən itirən varlı fabrikant bir daha evlənmir, bütün həyatını çox sevdiyi iki qızına həsr edir. Qızlarının ailə qurmasından sonra isə fədakar atanın faciəsi başlayır…





Onore de Balzak

Qorio ata





1


Dul qadın Voke qırx ildir ki, Parisin Nev-Sent-Jenevyev küçəsində bir ailə pansionu[1 - Pansion – ev üslubunda qurulmuş və hər cür şəraiti olan kiçik mehmanxana] işlədir. “Konflan” onun qızlıq soyadıdır. Pansion isə “Vokenin evi” adlanır. Çünki bura madam Vokenin şəxsi evidir.

Pansionun fasadı bağçaya baxır. Küçədən evin ancaq yan divarları görünür. Bağça ilə evin arasında qırma daşla hörülmüş dayaz bir arx çəkilib. Arx boyunca qumsal cığır uzanıb gedir. Bağçadan həmin cığıra tərəf balaca qapı açılır. Qapının üstündəki lövhənin yuxarısına “Vokenin evi”, aşağıda isə “Kişilər, qadınlar və b. üçün ailə pansionu” sözləri yazılıb.

Buranın qapısı hamının üzünə açıqdır. İstənilən köməksiz insan “Vokenin evi”ndə məskən sala bilər.

Bu dördmərtəbəli, mansardlı ev yumşaq daşdan tikilib. Ev sarı boyaqla rənglənib. Yeri gəlmişkən, bunu mütləq demək lazımdır: Parisdə sarı rənglə boyanmış evlər həddən çoxdur, bu isə bayağı mənzərə yaradır.

Qayıdaq madam Vokenin evinə… Hər mərtəbənin xırda çərçivəli beş pəncərəsi var. Evin arxa tərəfindəki həyətin eni iyirmi futdur[2 - Fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi]. Burada donuzlar, ev dovşanları və toyuqlar bir-birinə qarışıb. Həyətin bir küncündə odun anbarı gözə dəyir. Anbarla mətbəx pəncərəsi arasında ərzaq üçün qutu sallanır. Qutunun altından mətbəxin çirkab suyu axır. Həyətdən küçəyə tərəf balaca bir qapı açılıb. Qaravaş evin zir-zibilini həmişə burdan çölə atır.

Aşağı mərtəbə isə elə bil xüsusi olaraq ailə pansionu üçün nəzərdə tutulub. Birinci otağın pəncərələri küçəyə baxır. Bu, qonaq otağıdır. Qonaq otağından yemək otağına keçmək mümkündür. Qonaq otağı çox yoxsul və cansıxıcı görünür…Otağın ortasında qara xallı mərmərdən girdə bir stol, stolun üstündə qızılı bəzəkləri sürtülüb getmiş ağ çinidən qəhvə dəsti qoyulub. Otağın döşəməsi cırıldayır. Divarlara adamın çiyni hündürlüyündə panellər vurulub. Panellərdən yuxarıya isə parıldayan kağızlar yapışdırılıb. Kağız üzərində boya ilə antik dünyanın qəhrəmanları təsvir olunub.

Bu birinci otaqda xüsusi qoxu var. Elə bir qoxu ki, adamın ətini ürpəşdirir, çürüntü iyi beyinə vurur, paltardan keçir; aşxana, ya da lakey[3 - Lakey – nökər] daxması kimi iyim-iyim iylənir. Bu, pansionun xəstə qonaqlarının yaratdığı qoxu idi. Ancaq qonaq otağını qonşu yemək otağıyla müqayisə etməli olsaq, birinci otaq daha zərif və rayihəli görünürdü.

Yemək otağının divarlarına başdan-ayağa bəzəkli taxta vurulmuşdu. Divarların yanında çirkli şkaflar, onların içində tutqun rəngli qrafinlər, podnoslar, mavi zolaqlı çini boşqablar gözə dəyirdi. Otağın bir küncündə gözləri nömrələnmiş qutu qoyulub. Həmin qutuda pansionda yaşayanların şəraba bulaşmış, ya da çirklənmiş salfetləri saxlanır. Divara vurulmuş ürək bulandıran lövhələrə baxanda adamın iştahı qaçır. Divar saatının kənarları buynuz şəklində mis bəzəklərlə işlənib. Uzun stolun üstündəki müşəmbə[4 - Müşəmbə – su keçirməmək üçün bir və ya hər iki üzünə xüsusi maddə sürtülmüş parça] o qədər çirklidir ki, sakinlərdən biri məzə üçün öz adını barmağıyla onun üstünə yaza bilər. Sınıq stullar, köhnə, yırtıq həsirlər daim istifadə olunur, onları atmaq sanki heç kimin ağlına gəlmir. Bir sözlə, yemək otağındakı bütün şeylərin nə qədər köhnə, çürük, yırtıq-sökük olduğunu təsəvvürünüzə belə gətirə bilməzsiniz.

Bu otaqda həyat təxminən səhər saat yeddiyə yaxın canlanır. Öncə madam Vokenin pişiyi sahibəsindən qabaq bu otağa daxil olub ağzına boşqab qoyulmuş süd kasalarını iyləyir. Sonra isə madam Voke peyda olur, tuflilərini şappıldada-şappıldada otaqda o tərəf-bu tərəfə yeriyir. Onun əprimiş[5 - Əprimək – çürüyüb tökülmək, didik-didik olmaq], piyli üzünün düz ortasından burnu tutuquşu dimdiyi kimi uzanır. Madam Vokenin totuq əlləri, mətbəx sıçanı kimi şişmiş vücudu, qazanc ehtirasıyla qaynayan ürəyi bu mənfur havalı salonla ahəng təşkil edir.

Madam Vokenin təxminən əlli yaşı var. Heç kim onun keçmişi barədə çox şey bilmir. Bununla belə, pansion sakinləri madam Voke haqqında pis fikirdə deyillər. Bu dul qadının əri kim olub, bilən yoxdur. Madam Voke heç vaxt mərhum ərindən söhbət açmazdı. Ondan: “Necə oldu ki, ərinizin var-yoxu əlindən çıxdı?” – deyə soruşanda qısa cavabla kifayətlənərdi:

– Onunku gətirmədi.

Bircə o məlum idi ki, əri madam Voke ilə pis rəftar etmişdi. Yazıq qadın bir insanın dözə biləcəyi hər dərdə dözmüş, hər fəlakətə qatlanmışdı.

Elə ki Silviya adlı kök qaravaş sahibəsinin ayaq səslərini eşidirdi, dərhal kirayənişinlər üçün səhər yeməyi hazırlamağa tələsirdi. Pansionda qalmayanlar isə bura ancaq nahar üçün gəlirdilər. Naharın qiyməti ayda otuz frank[6 - Frank – Fransada pul vahidi] idi.

İndi sizə nəql edəcəyimiz əhvalat baş verərkən pansionda cəmi yeddi kirayənişin yaşayırdı. İkinci mərtəbə iki ən yaxşı otaqdan ibarət idi. Otaqların birində – kiçik otaqda madam Vokenin özü, digərində isə madam Kutürlə Viktorina Tayfer adlı gənc qız yaşayırdı. Madam Kutür ona analıq eləyirdi. Hər iki qadının yeməyi ildə min səkkiz yüz franka başa gəlirdi.

Üçüncü mərtəbədəki iki otaqdan birində Puare adlı bir qoca, o birində isə cənab Votren qalırdı. Cənab Votrenin qırx yaşı vardı. Qara parikli, bakenbardları boyanmış bu kişi, özünün dediyinə görə, keçmişdə ticarətlə məşğul olubmuş. Dördüncü mərtəbə dörd otaqdan ibarət idi. Bu dörd otağın ikisində daimi kirayənişinlər yaşayırdı: biri yaşlı madmazel Mişono idi – o heç vaxt ailə qurmamışdı. Digər otaqda isə vaxtilə makaron istehsal edən fabrikin sahibi olmuş bir kişi yaşayırdı. O, hamıya özünü «Qorio ata» kimi çağırmağa icazə vermişdi. Yerdə qalan iki otağa gəlincə, bunlar yeməyə və mənzilə beş frankdan artıq verməyə imkanı çatmayan yoxsul tələbələr, gəldi-gedər müştərilər üçün idi.

Haqqında danışacağımız əhvalat baş verən ərəfədə otaqlardan birinə hüquq elmini öyrənmək üçün əyalətdən Parisə gəlmiş bir gənc yerləşmişdi. Ailələri böyük olduğundan ata-anası ona ildə min iki yüz frankı güc-bəla ilə göndərə bilirdilər. Həmin gəncin adı Ejen de Rastinyak idi. Rastinyak ehtiyac üzündən zəhmətə alışmışdı.

Dördüncü mərbəbənin damında, adətən, paltar sərib qurudardılar. Buradakı iki mansardada Kristof adlı xidmətçi ilə Silviya yatırdı.

Yeddi kirayənişindən başqa, madam Voke ildə ən azı səkkiz hüquq, yaxud tibb tələbəsinə xörək verərdi. Bundan başqa, iki-üç nəfər də öz məhəlləsində yaşayan müştəriləri vardı. Onların hamısı ancaq nahar üçün abunə yazılmışdı. Nahar vaxtı yemək otağına on səkkiz nəfər yığışardı, lakin burada iyirmi nəfəri də əyləşdirmək mümkün idi. Səhərlər isə orada yeddi nəfər kirayənişindən başqa kimsəni görə bilməzdin. Kirayənişinlərin səhər yeməyinə toplanışı ailə süfrəsini xatırladırdı. Onlar dostyana, bir-birinə qarşı etimad hissi ilə söhbət edərdilər. Madam Voke bu yeddi kirayənişinin nazını çəkər, zərgər dəqiqliyi ilə onların hər birinə öz diqqət və qayğısını paylayardı.




2


Madam Vokenin pansionundakı kirayənişinlərin xarici görünüşündə onların nə vaxtsa yaşadıqları, yaxud hələ də yaşamağa davam etdikləri faciələr ifadə olunurdu. Götürək qoca Mişononu… O, zəifləmiş gözlərinin üstünə yaşıl taftadan tikilmiş, mis məftillə bağlanmış kirli günlük taxırdı. Seyrək saçaqlı şalı sanki skeletə sarınmışdı: şalın altından az qala sümükləri görünürdü. Onun incə səsi qış vaxtı kol-kos içində gizlənmiş cırcıramanın cırıltısına bənzəyirdi. Dediyinə görə, xəstəliyə düçar olmuş bir qocanın qulluğunda dururmuş. Uşaqları pulu olmadığı üçün həmin qocanı atıb gediblərmiş. Ancaq sonradan öyrəniblər ki, atalarının min franklıq rentası[7 - Renta – istiqraz vərəqəsi sahiblərinə daimi gəlir gətirən müddətsiz dövlət istiqrazı] var. Qoca onu madmazel Mişonoya vəsiyyət edib. İndi uşaqları Mişonoya hər cür iftira ataraq bu vəsiyyətnaməni ləğv etməyə çalışırdılar.








Ya da cənab Puareni götürək. Budur, o, boz bir kölgə kimi həyətdə dolaşır. Başında köhnə, əzik papaq, əlində isə fil sümüyündən olan əsa var. Sürtukunun rəngi solub, ətəkləri isə yellənir. Çirkli, ağ jiletinin üstündə hinduşka boynu kimi nazik və uzun boynu görünür. Görəsən, onu hansı məşğuliyyət bu hala salıb? Bu adam keçmişdə nəçi olub və niyə indi bu kökdədir? Belə adamlar haqqında adətən: «Çarə yoxdur, belələri də lazımdır!» – deyirik. Bəzəkli, dəbdəbəli Parisə mənəvi, yaxud cismani iztirablardan üzü saralmış belə insanlar yamaq kimi görünür…

«Vokenin evi»ndə kirayənişin və nahar üçün kənardan gələn qonaqlarla kəskin təzad təşkil edən iki şəxs var. Onlardan biri Viktorina Tayferdir. Bu gənc qızın sifəti adama sarılıq xəstəsinin üzünü xatırladır. Lakin bununla belə, hərəkətlərində, səsində bir gümrahlıq hiss olunur. Əynində sadə, ucuz parçadan tikilmiş don var. Başqalarıyla müqayisədə ona, hər halda, «qəşəng» demək mümkündür.

Viktorinanın atası müxtəlif bəhanələrlə öz qızına biganə yanaşır, dolanmaq üçün ildə ona cəmi altı yüz frank verir. Ata bütün əmlakını qiymətli kağızlara çevirmişdi ki, hamısı oğluna qalsın. Viktorinanın anası əlacsız qalıb qızını da götürərək uzaq qohumu olan madam Kutürün yanına köçdü. Bir müddət sonra o, qəm-qüssədən çərləyib öldü. Həmin vaxtdan madam Kutür Viktorinanı öz sevimli övladı kimi bəsləməyə başladı. Bu qadının pensiya ilə dul olduğu üçün aldığı vəsaitdən başqa heç bir şeyi yox idi. Madam Kutürün qayğısı olmasaydı, Viktorina tamamilə yalqız və kimsəsiz qalardı. Bu mərhəmətli qadın hər bazar günü Viktorinanı kilsəyə ibadətə aparardı ki, heç nəyə baxmadan həyatda həyalı, namuslu bir qız kimi qala bilsin. Viktorina atasını sevirdi. Lakin hər il onun yanına gedəndə bağlı qapıları qızcığazın üzünə açan olmurdu. Qızın qardaşına gəlincə, o, dörd il ərzində bircə dəfə də bacısının yanına gəlməmiş, ona yardım əli uzatmamışdı. Viktorina atasının və qardaşının qəlbi yumşalsın deyə bütün günü Allaha yalvarırdı. Hətta madam Kutürlə Voke varlı, ancaq daşqəlbli atanı söyəndə belə Viktorinanın səsində ona qarşı mərhəmət duyulurdu. O, atasının rəhmə gələcəyinə inanırdı.

Ejen Rastinyaka gəlincə: bu adamın özü ağ, saçları qara, gözləri isə göy idi. Onun hərəkətlərindən, insanlarla münasibətlərindən, qıvraqlığından aristokrat nəslindən olduğu sezilirdi. Ejen harasa gedəndə bir gəncə yaraşan libas tapmaq iqtidarında idi. Bununla belə, adi günlərdə onun əynində köhnə sürtuk, bayağı bir jilet, ucuz qalstuk, pantalon və təzə altlıq salınmış çəkmə görmək olardı.

O ki qaldı cənab Votrenə, bu cür adamlar haqqında el arasında belə deyirlər: «Yaman qoçaq adamdır!» Onun çiyinləri, döşü enli, əzələləri möhkəm, iri əlləri ətliydi. Barmaqlarının üzərində od rənginə çalan sıx, sarı tüklər görünürdü. Üzündəki vaxtsız qırışlardan daşürəkli olduğu bilinirdi. Qadın səsi kimi xoş təsirə malik səsi onun şən əhvali-ruhiyyəsinə tam uyğun gəlirdi. Votren hər kəsə qulluq göstərir və gülməkdən xoşlanırdı; birisi öz taleyindən şikayətlənən kimi dərhal öz köməyini təklif edirdi. Dəfələrlə madam Vokeyə və bir neçə kirayənişinə borc pul belə vermişdi. Lakin o, xeyirxah adama oxşasa da, qəribə, dərin baxışları ilə hamıda dəhşət oyadırdı.

Cənab Votren, adətən, gününü belə keçirirdi: səhər yeməyindən sonra evdən çıxar, nahar vaxtı geri dönər, sonra yenə şəhərə çıxıb ancaq gecə yarısı qayıdardı. Onun madam Voke ilə yaxşı münasibəti vardı. Həmişə ona «cici» deyə müraciət edər, zarafatlaşardı. Votren ətrafdakı adamların qəlbindən keçənləri yaxşı duyurdu. Ancaq heç kəs onun nəylə məşğul olduğunu, ya da nə barədə fikirləşdiyini dərk edə bilməzdi. Daim başqalarına iltifat və xeyirxahlıq göstərsə də, bəzən xasiyyətinin qorxunc cəhətlərini büruzə verərdi. Məsələn, kübar cəmiyyəti ələ salar, yaxud da qanunlara istehza edərdi.




3


Adətən, məktəblərdə olduğu kimi, burda – pansion sakinləri arasında da bir nəfər tapılmışdı ki, bütün istehzalar, kinayələr onun üzərinə yığılırdı. Elə Ejen Rastinyakın da bu insanların içərisində nəzər-diqqətini ən çox cəlb edən həmin şəxs idi. Söhbət vaxtilə makaron fabrikinin sahibi olmuş Qorio atadan gedir. Bu hamıdan yaşlı kirayənişinə qarşı bəslənən nifrəti və hörmətsizliyi doğuran səbəb nə ola bilərdi? Bəlkə də, səbəb özü idi. Bəlkə, onun təbiətində qəribəlik və gülməli adətlər vardı?

Qorio atanın indi yaşı yetmişə yaxın idi. O, 1813-cü ildə ticarət işlərindən əl çəkdikdən sonra madam Vokenin evində yaşayırdı. Əvvəlcə madam Kutürün indi yaşadığı mənzili götürmüşdü. İllik xərci cəmi min iki yüz frank idi. Elə zənn etmək olardı ki, Qorio ata üçün bu məbləğin az və ya çox olmasının elə bir fərqi yoxdu. Madam Voke pansiondakı üç otağı yüngülvari təmir eləmək üçün qabaqcadan Qorio atanı şirin dilə tutub bir az pul almışdı. Ümumiyyətlə, keçmiş fabrikant madam Vokedə belə bir təsəvvür yaratmışdı ki, guya bir çox işlərdən başı çıxmayan axmaq bir adamdır.

Qorio ticarəti atmış olsa da, heç nədə özünə korluq vermək istəmirdi. Odur ki qaldığı yerə özü ilə çoxlu paltar və əntiq şeylər gətirmişdi. Madam Voke bahalı parçadan tikilmiş on səkkiz dəst köynəyi məftunluqla seyr edirdi. Sabiq fabrikant bu köynəklərin yaxalığına nazik zəncirlə birləşdirilmiş bir cüt sancaq taxar, hər sancağın başında isə iri brilyant görünərdi. O, adətən, bənövşəyi frak[8 - Frak – qabaq ətəkləri kəsik, dal tərəfdən isə uzun, dar ətəkləri olan kişi kostyumu] geyər, armuda bənzəyən qarnının üstündə breloklardan sallanan qızıl zəncir gözə dəyərdi.

Onun otağındakı şkaflar gümüş qablarla dolu idi. Madam Voke Qorioya lütfkarlıq göstərib bu qabları şkaflara düzdükcə heyrətdən gözləri alışıb-yanırdı. Bundan başqa, o, Qorionun dövlət istiqrazlarını da görmüşdü. Beləcə, madam Vokedə Qorioya ərə getmək həvəsi yaranmışdı: bu qədər sərvəti olan bir kişi ilə evlənmək bu dul qadını çoxdankı arzularına qovuşdura bilərdi. O, pansionun daşını ata, şöhrətli qadına çevrilə, kefi istədiyi vaxt teatra gedə, ürəyi istədiyi kimi yaşaya bilərdi. Bu zaman qəpik-qəpik topladığı qırx min franka sahib olduğunu isə kimsəyə söyləməzdi.

Keçmiş fabrikant onun pansionuna yerləşdikdən sonra madam Voke yanına gələnlərə Parisin ən məşhur və hörmətli tacirlərindən biri olan cənab Qorio haqqında ağızdolusu danışır, qocanın ona hörmət əlaməti olaraq pansiona düşdüyünü fəxrlə söyləyərdi. Madam Voke, eyni zamanda, «Vokenin evi» sərlövhəli açıqcalar çap etdirmişdi. Bu açıqcalarda pansion gen-bol reklam olunmuşdu. Elə həmin reklam sayəsində qrafinya[9 - Qrafinya – vaxtilə Qərbi Avropada və Rusiyada zadəgan rütbəsi olan adamların arvadı] de l'Ambermenil madam Vokenin pansionuna gəlmişdi. Qrafinyanın otuz altı yaşı vardı. O, müharibədə ölən generalın dul arvadı kimi pensiya hüququna malik idi. Bir müddət idi ki, bu pensiya işini həll etməyə çalışır və onu alacağı günü gözləyirdi. Hərbi dəftərxana qrafinyanın işini elə hey süründürürdü.

Nahardan sonra hər iki dul qadın Vokenin otağına çəkilərək laqqırtı vurardılar. Qrafinya de l'Ambermenil ev sahibəsinin Qorio haqqında mülahizələrini maraqla dinləyir və bəyənirdi. O, elə birinci gündən madam Vokenin niyyətini başa düşmüşdü. Pansion sahibi deyirdi:

– Ah, mənim əzizim! Bu kişi yaşlı olsa da, palıd kimi möhkəmdir. Belə görünür, özünə yaxşı baxıb.

Qrafinya alicənablıq hissiylə madam Vokeyə geyim və bəzək barədə bəzi göstərişlər belə verdi. «Siz döyüşə hazır olmalısınız», – o dedi. Daha sonra onlar birlikdə moda mağazasına gedərək lələkli şlyapa və çutqu[10 - Çutqu – qadın yaylığı] aldılar. Qrafinya öz rəfiqəsini həvəsləndirərək başqa bir mağazaya apardı. Burda onlar şərf və paltar seçib götürdülər. Baxmayaraq ki əliaçıq deyildi, bununla belə, madam Voke qrafinyaya minnətdarlıq əlaməti olaraq iyirmi franklıq bir şlyapa alıb bağışladı.

Bir müddət sonra qrafinya de l'Ambermenil də keçmiş makaron fabrikantının başına dolanmağa başladı. O istəyirdi ki, Qorio ilə məhz özü evlənsin. Fəqət onun bütün cəhdləri boşa çıxdı. İşi belə görən qrafinya öz rəfiqəsinə dedi:

– Madam Voke, inanmıram bu adamdan nəsə qopara biləsiniz. O, heç kimə inanmır, hamıya şübhəylə yanaşır. Üstəlik, xəsisdir. Heyvan kimi kobuddur. Ondan bircə şey gözləmək olar: əziyyət!

İş o yerə çatdı ki, qrafinya belə bir adamla eyni evdə qalmaq istəmədi. Tezliklə pansionda qaldığı altı ayın haqqını belə verməyi unudaraq şey-şüylərini də götürüb evi tərk etdi. Onun bu zir-zibili isə beş franka gedərdi, ya yox… Madam Voke qrafinyanı çox axtarsa da, Parisdə onu “gördüm” deyən olmadı. Sonralar pansion sahibi tez-tez bu kədərli hadisədən danışar, insanlara həddən artıq etimad göstərdiyinə görə göz yaşı tökərdi.

Madam Vokenin xasiyyətidir: o, adətən, hadisələrin dairəsindən kənara çıxmır, nəsə baş verdikdə bunun səbəbini araşdırmaq üçün özünə əziyyət vermirdi. O, hətta öz səhvlərini belə, böyük məmnuniyyətlə başqalarının üstünə atardı. Elə qrafinya altı aylıq haqqı ödəməyib evi tərk etdikdən sonra da ziyana düşdüyü üçün günahı namuslu makaron fabrikantında gördü. Qorio ataya qəşəng görünmək üçün çəkdiyi xərclərin boşa çıxdığını anladıqdan sonra madam Voke çox da düşünmədən belə qərara gəldi ki, üzləşdiyi hadisənin səbəbkarı məhz sabiq fabrikantdır. Artıq o, Qorio atadan qazanc götürməyin mümkün olmadığını anlamışdı. Bununla da pansion sahibi ilə onun arasında ixtilaf başladı. Bu ixtilaf isə, əlbəttə, onların dostluğundan daha şiddətli oldu.

Çox keçmədi ki, dul arvad öz düşməninə gizli zərbə vurmaqdan ötrü hərəkətə keçdi. Bunun üçün o, bütün qadın hiyləgərliklərini səfərbər etdi.

Qorio ata əslində xeyli təvazökar adam idi: var-dövlətini gözə soxmağa, sağa-sola səpələməyə çalışmazdı. Öz sərvətini özü qazanmış hər kəs kimi, qənaətcillik artıq onun üçün bir vərdişə çevrilmişdi. Heç kəsin dişi bata bilmədiyi bir adamla toqquşmaq məcburiyyətində qaldığını anlayan Voke çarəsiz qalıb başqa bir yola əl atdı: Qorionu nüfuzdan salmağa başladı. O, keçmiş fabrikantla aralarındakı ədavəti başqa kirəçilərə də aşılayır, onların qulağını Qorio ataya qarşı doldururdu. Kirəçilər pansion sahibinin intiqam qərarını dəstəkləyirdilər: bu, onlara əyləncə üçün – kənardan tamaşa edib zövq almaqdan ötrü lazım idi.

Getdikcə madam Vokenin şübhəsi artırdı. Bir gün o öz-özünə belə bir sual verdi: bu qədər var-dövləti olan bir tacir nə üçün hələ də onun pansionunda yaşayır, kirayə haqqını isə niyə sərvətinə uyğun şəkildə vermir? Qorio əvvəl-əvvəl bəzən həftədə bir-iki dəfə kənarda nahar edirdi. Sonra yavaş-yavaş bu, ayda iki dəfəyə endi. Qorionun pansiondan qıraqda nahar eləməsi madam Voke üçün çox mənfəətli idi. Ancaq kirayənişin getdikcə pansionda tez-tez nahar eləməyə başlayanda bu, Vokenin narazılığına səbəb oldu. Qorionun pansionda tez-tez nahar etməsi yalnız onun pulsuzluğuyla bağlı olmayıb, bəlkə də, ev sahibinin kefini pozmaq istəyindən irəli gəlirdi, kim bilir.

Bədbəxtlikdən, pansionda qaldığı ikinci ilin sonlarında Qorio madam Vokedən üçüncü mərtəbəyə köçürülməsini və kirayə haqqını doqquz yüz franka qədər azaltmasını xahiş etdi. Keçmiş fabrikantın qənaətcilliyi o həddə çatdı ki, hətta qışda sobanı qalamaqdan belə vaz keçdi. Belədə madam Voke kirayə pulunu qabaqcadan istəməyə başladı. Cənab Qorio buna razı oldu. Elə həmin gündən pansionda ona «cənab Qorio» deyil, «Qorio ata» deməyə başladılar.

Qorionun müflisləşməsinin səbəbini hərə bir cür izah edirdi. Bu izahlardan hansının doğru olduğunu dəqiqləşdirmək müşkül məsələ idi. Yalançı qrafinyanın söylədiyi kimi, öz işləri barəsində danışmayan adamlar, adətən, yaramaz işlərlə məşğul olurlar. Beləliklə, bizim «cah-cəlallı tacir» də dəyişilib əvvəlcə cibgir, sonra hər şeyə tamah salan, lap axırda da qoca təlxəyə çevrildi. Madam Vokenin dediyinə görə, Qorio ata gah birjaya qaçaraq «iflasa uğradıqdan sonra» saçını yolan adam olurdu, gah da hər axşam on frank udan qumarbaz… Hərdən onu gizli polis casusu hesab edənlər də tapılırdı. Lakin Votrenin iddiasına görə, Qorio gizli polis casusu olmaq üçün kifayət qədər hiyləgər deyil. Bundan başqa, Qorio atanı qısa müddətə yüksək faizlə borc pul verən simic adam, əli gətirən lotereya oyunçusu zənn edənlər də vardı. Bunlar bir yana, hər halda, Qoriodan xeyir görənlər də az deyildi: onlar sabiq fabrikantı lağa qoyub ələ salır, bu yolla nəşələnir, acıqlarını soyudurdular.

Madam Vokenin ehtimalı daha çox həqiqətə bənzədiyindən hamı onunla razılaşmışdı. Onun dediyinə görə, bu kişi axmağın biri idi, çoxlu əcaib vərdişləri vardı. O, bu iftiranı belə əsaslandırmağa çalışırdı: qrafinya de l'Ambermenil pul vermədən pansiondan qaçandan bir neçə ay sonra, bir dəfə səhər tezdən, hələ yatağında ikən Voke ipək paltar xışıltısı eşitdi. Gənc bir qadın astaca Vokenin otağının yanından keçərək Qorionun açıq qoyduğu qapıdan içəri girdi. Dərhal Silviya sahibəsinin yanına gələrək, həddən artıq gözəl bir xanımın Qorionun harda yaşadığı barədə soruşduğunu xəbər verdi. Belə məlum oldu ki, artıq həmin xanım sabiq fabrikantın otağındadır. Madam Voke yatağından qalxdı, qaravaşla birlikdə Qorionun otağına doğru gəldi, sonra isə qapının arxasından onları pusmağa başladı. Pansion sahibəsi ilə qaravaş keçmiş fabrikantın naməlum qadınla mehriban söhbətinə bir xeyli qulaq asdı. Bu söhbət xeyli sürdü.

Handan-hana Qorio ata ilə qadın otaqdan çıxdılar. Keçmiş fabrikant qonağını ötürmək üçün onunla birlikdə pansiondan çıxdı. Bu zaman Silviya da onları izləməkdən ötrü arxalarınca yola düşdü. Qaravaş qoluna səbət keçirmişdi, bunu da Qorio ata ilə naməlum qadını şübhələndirməmək üçün etmişdi: guya bazara gedir.

Silviya madam Vokenin yanına qayıtdıqda isə sahibəsinə belə dedi:

– Xanım, yəqin cənab Qorio çox varlı adamdır ki, görüşdüyü qadın belə bahalı paltarlar geyinib. Görünür, bunları ona məhz Qorio alıb.

Nahar vaxtı madam Voke Qorio atanın gözünə gün düşməsin deyə pəncərənin pərdəsini çəkə-çəkə dedi:

– Cənab Qorio, sizə qonaq gələn xanım çox gözəl idi. Yəqin ki, bir-birinizi çox sevirsiniz?








Qorio:

– O mənim qızımdır, – deyə cavab verdi.

Qorionu ziyarət edən qız bir aydan sonra yenə gəldi. Qonaq otağında laqqırtı vuran kirayənişinlər də bu gözəl xanımı görmək səadətinə nail oldular. Qız bu dəfə başqa paltar geyinmişdi. Odur ki Silviya qızı tanımayıb qışqırdı:

– Bunlar ki iki nəfərmiş!..

Bir neçə gün sonra başqa bir yaraşıqlı qız cənab Qorionu xəbər almışdı.

Silviya bu dəfə:

– Bunlar üç nəfərmiş!.. – deyə səslənmişdi.

Qorionun ikinci qızı atasını səhər ziyarət etdi; bir neçə gün sonra isə axşamüstü karetada, bal paltarında gəldi.

Birinci dəfə gələn qızla bu dəfə gələn arasında heç bir bənzərlik görməyən madam Voke Silviya ilə birlikdə:

– Bunlar dörd nəfərmiş, – dedilər.

Madam Voke Qorionun qızları ilə onun pansionunda görüşməsinə əvvəl-əvvəl qətiyyən etiraz etmirdi. Ancaq bir gün hər şey dəyişdi: keçmiş fabrikant pansion haqqını min yüz frankdan doqquz yüz franka düşürdüyü vaxt qızlarından biri yenə yanına gəlmişdi. Bu zaman Voke olduqca həyasız bir tövrlə Qorioya xitab edərək, onun evini nəyə çevirdiyini soruşmuşdu. Qorio ata cavabında gələn xanımın onun böyük qızı olduğunu bildirdi.

Madam Voke istehza ilə:

– Axı sizin neçə qızınız var? – deyə soruşdu.

Qorio sakitcə cavab verdi:

– Mənim ancaq iki qızım var.

Üçüncü ilin sonlarında Qorio ata daha da qənaətcil davranmağa başladı: o, dördüncü mərtəbəyə köçdü. Burada qalmaq üçün keçmiş fabrikant cəmi qırx beş frank xərcləyirdi. Aydın görünür ki, o, getdikcə daha da müflisləşir. Qorio atanın brilyantları, qızıl tütün qabı, qızıl zənciri, cəvahirləri… – bir sözlə, qiymətli nəyi vardısa, hamısı bir-bir yox olurdu. Tezliklə o, bənövşəyi frakdan da məhrum oldu. İndi keçmiş fabrikantın əvvəlki görünüşündən əsər-əlamət qalmamışdı; qışda da, yayda da eyni paltar geyirdi. Qorionu artıq tanımaq belə mümkün deyildi. Altmış iki yaşlı bu kişi indi tamamilə qocalıb əldən düşmüşdü.

Bir dəfə şam yeməyindən sonra madam Voke rişxəndlə soruşdu:

– Nə oldu, qızlarınız daha sizi ziyarət eləmir?

Keçmiş fabrikant qəfil sualdan diksinib cavab verdi:

– Niyə, hərdən gəlirlər?

Pansionun kirayənişin tələbələri bir ağızdan istehza ilə dilləndilər:

–Doğrudan? İndi biz necə inanaq ki, onlar sizin qızlarınızdır?

Qoca artıq cavabının doğurduğu istehzalara qulaq asmır, eləcə fikrə dalırdı. Onun öz qızları kimi təqdim etdiyi qadınlar haqqında hər kəs Vokenin ehtimalına inanmağı üstün tuturdu:

– Əgər bu varlı qadınlar, doğrudan da, cənab Qorionun qızlarıdırsa, atalarının mənim evimdə, dördüncü mərtəbədə, ayda qırx beş franka yaşamasına razı olardılarmı?

Vokenin bu şübhələrini dağıtmaq üçün heç bir dəlil yox idi. Bir sözlə, 1819-cu il noyabr ayının axırlarında, bu faciə baş verdiyi zaman hər bir kirayənişində zavallı qoca barədə belə bir qənaət hasil olmuşdu: onun heç bir arvadı olmayıb, deməli, heç bir qızı da yoxdur.




4


Ejen Rastinyak istedadlı və qabiliyyətli gənclərin hamısına xas şəkildə davranmağa başlamışdı. Parisdə yaşadığı birinci il məşğələlərin asan olmasından istifadə edərək boş vaxtlarını şəhərin gözəlliklərini seyr etməklə keçirirdi. Bu zaman o hər şeylə xüsusi maraqlanırdı. Tələbə yavaş-yavaş həyata daxil olur, köhnə adətlərdən uzaqlaşır, həyata baxışını genişləndirirdi.

Ejen dil və hüquq elmləri bakalavrı dərəcəsini aldıqdan sonra onun uşaqlıq xəyallarından, əyalət görüşlərindən heç bir əsər-əlamət qalmamışdı. Odur ki öz ata-baba malikanəsində yaşadığı zaman hər şeyə aydın nəzərlə baxırdı. Atası da, anası da, iki qardaşı, iki bacısı da, təqaüddən başqa heç bir sərvəti olmayan xalası da həmin kiçicik malikanədə yaşamaqda idi.

Ejen ailəsinin daim ehtiyac içində olduğunu, bu ehtiyacı alicənablıqla ondan gizlətməyə çalışdıqlarını görürdü. Bir çox hadisələr onun qəlbində həyatda uğur qazanmaq arzusunu on qat artırmışdı. O, cəmiyyətdə qabağa getmək ehtirası ilə alışıb-yanmaqda idi. Qadınların cəmiyyət həyatında nə qədər böyük nüfuza malik olduqlarını duyduqdan sonra, o özünə himayədarlıq edəcək bir qadın tapmaq eşqiylə dərhal aristokrat məclislərinə can atdı. Vaxtilə xalası madam de Marsilyak sarayda xidmət etmişdi. Onun yüksək kübar məclislərində dostları vardı. Ejen onlardan kiminlə tanış ola biləcəyini xalasından soruşdu. Qocalmış xanım çox götür-qoydan sonra bir qərara gəldi ki, bacısı oğluna yardım əli uzada biləcək ən münasib şəxs vikontessa[11 - Vikontessa – vikontun arvadı (vikont keçmişdə bəzi Avropa ölkələrində baron ilə qraf arasında orta zadəgan rütbəsinə sahib olan şəxsə deyilirdi)] de Boseandır. O, bu məqsədlə gənc xanıma məktub yazaraq Ejenə verdi. Rastinyak Parisə gəldikdən bir neçə gün sonra xalasının məktubunu madam de Boseana göndərdi. Vikontessa cavab olaraq onu bala dəvət etdi. Bal ertəsi günə təyin edilmişdi.

1819-cu il noyabrın axırlarında ailə pansionunda ümumi vəziyyət bu şəkildəydi.

Bir dəfə Ejen madam Boseanın təşkil etdiyi baldan evə düz gecə saat ikidə qayıtdı. O, hüquqa dair kitabları vərəqləməzdən əvvəl bir neçə dəqiqə dalğın-dalğın oturdu. Vikontessa de Boseanı ağlından çıxara bilmirdi. Bu qadın Paris əyan məclislərinin çariçası idi; evi Sen-Jermen məhəlləsinin ən gözəgəlimli evlərindən sayılırdı. Kübar aləminin yuxarı təbəqələrinə mənsub olan vikontessa yoxsul tələbəni yaxşı qarşılamışdı. Ejen vikontessa ilə yenicə bir neçə kəlmə kəsmişdi ki, diqqətini başqa bir yaraşıqlı qadın cəlb etdi. Bu, ucaboylu, şöhrəti bütün Parisə yayılmış qrafinya Anastazi Resto idi. Rastinyak iri, qara gözləri olan bu qadına yaxınlaşıb elə birbaşa soruşdu:

– Madam, sizi harda görmək olar?

– Hardamı?.. – qrafinya dedi, – Bulon meşəsində də olar, öz evimdə də olar… hər yerdə olar.

Ejen bu xanımı «adlı-sanlı» hesab edərək özünü madam de Boseanın əmisi oğlu kimi təqdim etdi. Bundan sonra qrafinya ona evinə gəlməyə icazə verdi. Vidalaşarkən gülümsəməsindən Ejen daha da ruhlandı və belə qərara gəldi ki, qrafinyanın görüşünə mütləq getmək lazımdır.

Tələbə oğlanı bu coşub-daşan fikirlərdən eşitdiyi inilti ayırdı. O, yavaşca qapını açıb dəhlizə çıxdı. Qorio atanın qapısı altından gələn işığı gördü. Ejen düşündü ki, qonşusuna nəsə olub. Odur ki qapıya yaxınlaşdı, açar deşiyindən içəri baxdı. Qoca işləyirdi. Tələbənin gördüyü mənzərə özünü keçmiş fabrikant kimi qələmə verən bu şəxsin dürüstlüyünə şübhə yaradırdı. Qorio ata stolu arxası üstə aşırıb, onun ayaqlarını yuxarı çevirmişdi. Əlində tutduğu gümüş qabı kəndirlə stolun ayaqlarına dolayıb var gücü ilə əzir, külçə halına salırdı.

Rastinyak qocanın gümüş qabı əzdikcə damarları çıxan əllərinə baxıb düşünürdü: «Bir bunun gücünə bax!” Sonra tələbə Ejen dikəlib belini düzəltdi və öz-özündən soruşdu: “Bəlkə bu, özünü əbləh yerinə qoyaraq oğurluq mal satan bir tacir, ya da oğrudur?”.

Tələbə yenə gözünü açar deşiyinə dirədi. Qəmgin nəzərlərlə əzib yumruladığı gümüş külçəsinə baxdıqca Qorio atanın gözləri yaşarırdı. Sonra o, otağı işıqlandıran burma şamı söndürdü. Rastinyak qocanın dərin bir ah çəkərək yatağa uzandığını eşitdi. Öz-özünə pıçıldadı:

– Bu adam lap divanədir!

Bu zaman o, Qorio atanın ucadan dediyi sözləri eşitdi:

– Zavallı balam!

Ejen bu sözləri eşidib belə qərara gəldi ki, bayaq gördükləri barədə heç kimə bir kəlmə də danışmasın. Düzdür, qocanın qəribə davranışları onun barəsində şübhələr yaradır, ancaq Rastinyak qonşusunu belə tələm-tələsik ittiham etməyi də mənasız sayırdı.

Rastinyak otağına qayıdıb hüquqa dair kitabları səhifələməyə başladı. Lakin fikirləri çox dağınıq idi deyə düz-əməlli çalışa bilmirdi. Bir yandan Qorio atanın şübhəli davranışları, o biri yandan qrafinya de Restonun xəyalı Ejeni çalışmağa qoymurdu.

Nəhayət, o, yatağına uzanıb ölü kimi yatdı.




5


Ertəsi gün Parisin üstünü duman bürümüşdü. Duman elə sıx idi ki, az qala bir addım irəlini görmək mümkün deyildi. Saata baxmasan, vaxtı təyin edə bilməzdin: səhərdir, günorta, ya axşama doğru? Halbuki səhər saat onun yarısı idi. Ancaq madam Voke hələ də yuxudan ayılmamışdı. Kristofla Silviya kirayənişinlər üçün bişirilən südün üzünə yığılmış qaymağı toplayıb hazırladıqları qəhvəni içməklə məşğul idilər.

Kristof dedi:

– Saat ona on beş dəqiqə qalıb, amma heç kəs yerindən tərpənmir.

Silviya:

– Nə xəbərdir? – dedi. – Tələsən yerin var? Evdə heç kəs yoxdur. Madam Kutür öz qızı ilə səhər saat səkkizdə müqəddəs Etyen kilsəsinə ibadətə gedib. Qorio ata əlində bir bağlama ilə küçəyə çıxıb harasa yollandı. Onlar gedəndə mən aşağıda pilləkən təmizləyirdim. Hələ Qorio ata əlindəki bağlama ilə mənə yüngülcə toxundu da: dəmir kimi bərk bir şey idi. Görəsən, bu qoca kaftar nə işlə məşğuldur? Hərəkətlərindən heç şeytan da baş açmaz. Düzdür, pansionda hamı onu dolayır. Ancaq kirayənişinlər arasında ən yaxşısı yenə də odur. Bəzən məni hər hansı bir iş üçün qızlarının yanına göndərir, onlar isə heç vaxt bəxşişimi əskik etmirlər.

– Sən əminsən ki, onlar Qorio atanın qızlarıdır? Bir düjündülər.

– Məni ancaq ikisinin yanına göndərib. Başqa qızlarının olub-olmadığını bilmirəm.

Bir neçə dəqiqədən sonra Voke aşağı endi. Bu vaxt pişik süd kasasından tələsə-tələsə süd içməkdəydi. Voke öncə pişiyə bağırdı, sonra isə qaravaşı səslədi:

– Piştə! Silviya, Silviya!

– Nə var, ay xanım, yenə nə olub?

– Bir baxsana, pişik südü içib qurtarıb.

– Günah axmaq Kristofdadır. Ona demişdim göz-qulaq olsun. Bəs hara çıxıb gedib? Narahat olmayın, xanım, bu süd Qorio ata üçündür. Bir az su tökərəm, heç xəbəri olmaz.

Bu vaxt Votren yoğun səslə oxuya-oxuya yemək otağına daxil oldu. Madam Vokeni görüb:

– Xoş gördük, Voke cici! – deyərək oynaq bir hərəkətlə onu bağrına basdı.

– Yaxşı, buraxın…

– Mən bu saat bir şey görmüşəm…

– Nə görmüsünüz? – madam Voke maraqla soruşdu.

– Qorio ata saat doqquzun yarısında Dofina küçəsindəki zərgərin yanında idi. Bizim qoca ona qızıl suyuna çəkilmiş gümüş qab-qacaq satırdı. Özü də babat qiymətə! Qab-qacağı əməlli-başlı əzib yumrulamışdı. Görünür, bu işdə təcrübəsi var.

– Doğrudan?

– Doğrudan! Mən buna təsadüfən şahid oldum. Onu küçədə görüb təqib etdim. Nə edəcəyini bilmək istəyirdim: elə-belə, məzə üçün. Zərgərin yanından çıxdıqdan sonra bizim məhəllədəki Qobsek adlı məşhur sələmçinin evinə girdi. Qobsek kimi hiyləgər adam az-az tapılar. Belə adam hətta öz atasının sümüyündən domino daşı düzəltdirər.

– Sizcə, Qorio ata nə ilə məşğuldur?

– Məncə, bu sarsaq adam o qədər əbləhdir ki, pullarını bura gələn qadınlara xərcləyir. Düzdür, o, həmin qadınların öz qızları olduğunu iddia edir, amma…

Bu vaxt Silviya xəbərdarlıq etdi:

– Sakit! Qorio ata gəlir.

Keçmiş fabrikant pansiona daxil olub öz otağına qalxdı. Pilləkənləri çıxarkən o:

– Kristof, – deyə bağırdı, – mənim yanıma qalxarsan!

Kristof hardansa qəfil peyda oldu və Qorio atanın dalınca yuxarı qalxdı. Çox keçmədən isə yenidən aşağı endi.

Madam Voke xidmətçidən soruşdu:

– Nə məsələdir?

– Cənab Qorionun verdiyi məktubu ünvanına çatdırmalıyam.

Votren Kristofun əlindən məktubu alaraq:

– Nə məktubdur elə? – deyə zərfi o üz-bu üzünə çevirdi. Zərfin üstündə Qrafinya Anastazi de Restonun adı yazılmışdı.

Votren məktubu işığa tutub:

– Bəs, görəsən, bunun içindəki nədir? – dedi. –Bank vərəqəsi? Yox, ayrı şeydir!

Sonra zərfin ağzını azacıq açaraq:

– Pul! – deyə bağırdı. – Get, qoçağım, yəqin buna görə sənə yaxşı bəxşiş verərlər.

Süfrə hazır olanda madam Kutürlə madmazel Viktorina Tayfer göründü.

Madam Kutür:

– Biz Viktorina ilə kilsədə ibadət edirdik. Axı bu gün biz cənab Tayferin yanına getmək fikrindəyik.

Votren stulu yetim qıza təklif edərək ona:

– Atanızın qəlbində mərhəmət hissi oyatmaq üçün Allaha yalvarmaq yaxşı işdir, – dedi. – Lakin inanmıram ki, bunun bir faydası olsun. Siz yenə də bu gün görüşmək üçün cəhd edin. Ancaq mən özüm də yaxın günlərdə sizə kömək etməyə çalışaram. Əlimdən gələni edərəm ki, bu məsələ xoş sonluqla yoluna qoyulsun. Atanızla görüşüb danışaram. Darıxmayın, hər şey düzələr.

Viktorina yaşarmış və ümid dolu gözlərini Votrenə çevirib dilləndi:

– Ah, cənab, əgər biz bu gün yenə əliboş qayıtsaq və siz nə vaxtsa atamla görüşə bilsəniz, ona söyləyərsiniz ki, yer üzündə mənimçün ən qiymətli şey atamın məhəbbəti, bir də anamın namusu və şərəfidir…

Bu zaman Puare, madmazel Mişono və Qorio aşağı endilər. Küçədən tələbənin ayaq səsləri eşidildi:

Silviya:

– Lap yaxşı oldu, cənab Ejen, – dedi. – Bu gün siz də hamı ilə birlikdə səhər yeməyi yeyərsiniz. Neçə vaxtdır gec yatıb-gec oyandığınız üçün buna vaxtınız olmur.

Tələbə hamı ilə salamlaşıb Qorio atanın yanında oturdu. Bir parça ət götürüb çörəkdən kəsərək dedi:

– Başıma qəribə bir iş gəlib.

– Nə olub? Bizə də danışın, – deyə madam Voke xahiş etdi.

– Dünən qohumlarımdan birinin – vikontessa de Boseanın verdiyi balda idim. Həmin balda füsunkar bir qrafinya ilə rəqs edirdim. Ömrümdə onun qədər gözəl qadına rast gəlməmişəm. Bu gün səhər doqquzda mən bu yaraşıqlı qrafinyanı bir daha gördüm. O, piyada de-Qre küçəsi ilə gedirdi. Ürəyim döyünməyə başladı, elə zənn etdim ki…

Votren burda tələbəni dərin baxışla süzərək:

– Bura gəlir, hə?.. Halbuki doğrusunu bilmək istəyirsinizsə, o, sələmçi Qobsek dayının yanına gedirdi. Qrafinyanın adı Anastazi de Resto, yaşadığı küçə isə Elder küçəsidir. Düzdür?

Tələbə de Restonun adını eşidəndə diqqətlə Votrenə baxdı. Qorio ata kəskin bir hərəkətlə başını yuxarı qaldırdı, təlaşlı bir nəzərlə söhbət edənlərə baxdı, sonra isə kədərli səslə:

– Kristof çox gec gəldi, o artıq oraya getmişdir!– dedi.

Votren madam Vokenin qulağına tərəf əyilib:

– Mən doğru tapmışam,– deyə pıçıldadı.

Ejen soruşdu:

– Cənab Votren, hansı məlun onun adını sizə söyləyib?

– Aha! Belə oldu?! Qorio ata o adamı çox yaxşı tanıyır. Mən niyə tanımayım?

Tələbə:

–Qorio ata!– deyə çığırdı.

Zavallı qoca:

– A… Nə? Deməli, o dünən çox gözəl görünürdü.

– Kim?

– Madam de Resto.

Madam Voke Votrenə dönüb soruşdu:

– Bircə bax, madam de Restonun adı çəkilincə qoca axmağın gözləri necə parıldadı!





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/onore-de-balzak/qorio-ata-68289847/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Pansion – ev üslubunda qurulmuş və hər cür şəraiti olan kiçik mehmanxana




2


Fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi




3


Lakey – nökər




4


Müşəmbə – su keçirməmək üçün bir və ya hər iki üzünə xüsusi maddə sürtülmüş parça




5


Əprimək – çürüyüb tökülmək, didik-didik olmaq




6


Frank – Fransada pul vahidi




7


Renta – istiqraz vərəqəsi sahiblərinə daimi gəlir gətirən müddətsiz dövlət istiqrazı




8


Frak – qabaq ətəkləri kəsik, dal tərəfdən isə uzun, dar ətəkləri olan kişi kostyumu




9


Qrafinya – vaxtilə Qərbi Avropada və Rusiyada zadəgan rütbəsi olan adamların arvadı




10


Çutqu – qadın yaylığı




11


Vikontessa – vikontun arvadı (vikont keçmişdə bəzi Avropa ölkələrində baron ilə qraf arasında orta zadəgan rütbəsinə sahib olan şəxsə deyilirdi)



Arvadını erkən itirən varlı fabrikant bir daha evlənmir, bütün həyatını çox sevdiyi iki qızına həsr edir. Qızlarının ailə qurmasından sonra isə fədakar atanın faciəsi başlayır…

Как скачать книгу - "Qorio ata" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Qorio ata" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Qorio ata", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Qorio ata»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Qorio ata" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Kitab - Qorio Ata

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *