Читать онлайн книгу "Hekayələr"

Hekayələr
Lev Tolstoy


Hekayə ustaları
Nağılçılıq məharəti ilə oxucunu heyran qoyan Lev Tolstoyun bu kitaba daxil edilən hekayələrində mühüm sosial və əxlaqi problemlərə toxunulur, pulun hakim kəsildiyi cəmiyyət kəskin tənqid edilir.





Lev Tolstoy

Hekayələr





LÜTSERN[1 - Con Murrey (1841-1914) – ingilis səyyahı, təbiətşünas alimi]



(Knyaz D.Nexlyudovun qeydlərindən)

Dünən axşam mən Lütsernə gəldim və buranın ən yaxşı mehmanxanası hesab olunan Şveytserqofda qaldım.

"Lütsern dörd mahala məxsus gölün sahilində yerləşən qədim vilayət şəhəridir, – Murrey deyirdi, – İsveçrənin ən axarlı-baxarlı guşəsidir: burada üç əsas yol kəsişir, buradan dünyanın ən əzəmətli mənzərələrindən olan Riqi dağına gəmi ilə cəmi birsaatlıq yoldur".

Bu nə dərəcədə doğrudur, deyə bilmərəm, ancaq bələdçilər də eyni şeyi təkrar edirdilər, buna görə də bütün millətlərdən olan səyyahların, xüsusilə ingilislərin Lütserndə sayı-hesabı yoxdur.

Şveytserqofun beşmərtəbəli gözəl binası sahil küçəsində, lap gölün kənarında bu yaxınlarda tikilmişdir. Qədim zamanlarda həmin bu yerdə çatma tağlı, üstüörtülü, dolanbac, künclərində kiçik kilsələri olan taxta körpü var idi. İndi isə ingilislərin buraya böyük axını, onların tələbləri, zövqü və pulları sayəsində köhnə körpü uçurulmuş, yerində tir kimi düz, kürsülü sahil düzəldilmişdir. Sahil küçəsində isə düzünə, dördkünc beşmərtəbəli evlər salınmışdır: evlərin qabağında iki cərgə cökə ağacları əkilmiş, cökələrə dirək vurulmuş və aralarına, adət üzrə, yaşıl skamyalar qoyulmuşdur. Bura gəzinti yeri idi, başlarına İsveçrə istehsalı olan həsir şlyapalar qoymuş ingilis xanımları ilə əyinlərində davamlı və rahat paltarları olan kişiləri burada gəzişir və öz əlləri ilə yaratdıqlarından həzz alırdılar. Bu sahil küçəsi, evlər, cökə ağacları və ingilislər burada, çox əzəmətli, bununla belə, ifadəedilməz dərəcədə ahəngdar və zərif təbiətin qucağında deyil, haradasa başqa bir yerdə, bəlkə də, çox yaxşı görünə bilərdilər.

Mən yuxarı, öz otağıma qalxıb gölə baxan pəncərəni açan kimi suların, dağların, səmanın gözəlliyi ilk anda elə bil gözlərimi qamaşdırıb məni sarsıtdı. Daxili narahatlıq duydum, qəlbimi birdən-birə dolduran nəyinsə artıqlığını birtəhər ifadə etmək ehtiyacı hiss etdim. Bu dəqiqələrdə kimi isə qucaqlamaq, bərk-bərk qucaqlamaq, qıdıqlamaq, çimdikləmək, bir sözlə, nə isə qeyri-adi bir iş tutmaq istəyirdim.

Axşam saat yeddi idi. Bütün günü yağış tökmüşdü, indi isə hava açılırdı. Yanan kükürd kimi gömgöy olan göl nöqtə boyda görünən qayıqları və onların silinən, hamar izləri ilə birlikdə müxtəlif yaşıl sahillərin arasında yayılaraq sanki pəncərələrin qarşısında qabarır, qabağa cumur, iki nəhəng çıxıntının arasında sıxılır və tutqunlaşaraq bir-birinin üstünə qalanmış dərələrə, dağlara, buludlara və buzlaqlara dirənərək görünməz olurdu. Ön planda qamışlı, çəmənli və bağ-bağatlı, açıq-yaşıl rəngə çalan yaş, hərəkətli sahillər, ondan sonra isə uçuq qəsrləri olan tünd-yaşıl pöhrəli, kol-koslu təpələr görünürdü; lap arxada isə ağ-bənövşəyi rəngli yumru dağlar, ecazkar qayalıqlar və ağ qarlı zirvələr vardı və bütün bunlar havanın zərif və şəffaf maviliyinə, səmanın parçalanmış yerindən süzülən isti quru şüalarına qərq olunmuşdu. Nə göldə, nə dağlarda, nə də səmada bütöv bir xətt, tam rəng, eyni məqam tapmaq mümkün idi; hər yerdə hərəkət, əlvanlıq, ecazkarlıq, kölgələrin, xətlərin sonsuz qarışıq və müxtəlifliyi vardı. Hər şeydə dinclik, zəriflik, gözəlliyin vəhdəti və zəruriliyi duyulurdu. Burada, bu qeyri-müəyyən və dolaşıq təbii gözəllik içərisində, lap pəncərənin qarşısında ağ tir kimi səfehcəsinə uzanan sahil küçəsi, dirək vurulmuş cökə ağacları və yaşıl skamyalar – insanların yaratdığı bu miskin və bayağı əsərlər uzaq bağ-bağat və uçmuş qəsrlər kimi gözəlliyin ümumi ahənginə qərq olmayıb, əksinə, onu kobudcasına pozurdu. Nəzərlərim istər-istəməz, ara vermədən sahil küçəsinin bu dübbədüz xətti ilə toqquşurdu və xəyalən onu, gözümün altına, burnuma düşmüş qara ləkə kimi silib atmaq və məhv etmək istəyirdim; lakin sahil küçəsi orada gəzişən ingilislərlə birlikdə öz yerində dayanmışdı və mən, ixtiyarsız olaraq, elə bir baxış guşəsi axtarmağa çalışırdım ki, ordan bu küçə gözümə görünməsin. Mən belə baxmağı öyrəndim və naharadək öz-özümə təbiətin gözəlliyini tək seyr etdiyim zaman duyduğum natamam, lakin şirin, üzücü hislərdən həzz aldım.

Səkkizin yarısında məni yeməyə çağırdılar. Aşağı mərtəbədəki son dərəcə səliqəli böyük bir otaqda azı yüz adamlıq iki uzun stol açılmışdı. Qonaqların sükut içərisində toplaşmaları üç dəqiqə çəkdi: qadın paltarlarının xışıltısı, yüngül addım səsləri, nəzakətli və yaraşıqlı xidmətçilərlə danışıqlar eşidilirdi. Bütün yerlər olduqca gözəl, hətta zəngin və ümumiyyətlə, qeyri-adi dərəcədə səliqəli geyinmiş kişilər və xanımlar tərəfindən tutulmuşdu. Bütün İsveçrədə olduğu kimi, qonaqların əksəriyyəti ingilislərdi, buna görə də süfrənin ümumi xüsusiyyətləri – təkəbbürə deyil, yaxınlaşma ehtiyacının yoxluğuna əsaslanan sərtlikdən, qanunla bəyənilmiş nəzarətdən, ünsiyyətsizlikdən və öz ehtiyaclarını rahat və xoş təmin etməkdə təkliklə kifayətlənməkdən ibarət idi. Hər tərəfdə ağappaq təbii və süni dişlər, yaxalıqlar, ağappaq üzlər və əllər parıldayırdı. Lakin çoxu gözəl olan sifətlər ancaq şəxsi rifah duyğusunu və ətrafında öz şəxsiyyətinə aid olmayan bütün şeylərə tam bir laqeydlik ifadə edirdi; barmaqsız əlcəklərdəki üzüklü ağ əllər ancaq yaxalıqları düzəltmək, əti doğramaq və stəkana şərab tökmək üçün hərəkət edirdi: onların hərəkətində heç bir daxili həyəcan hiss olunmurdu. Ailə üzvləri arabir hansı xörəyin və ya şərabın dadlı olması, ya da Riqi dağından görünən gözəl mənzərə barədə sakitcə bir-birinə nə isə deyirdilər. Tənha səyyahlar və ya səyyah qadınlar tək, sakitcə, yanaşı oturaraq hətta bir-birinə baxmırdılar da. Əgər bu yüz adamdan iki nəfəri hərdənbir öz aralarında söhbət edirdisə, o da, yəqin ki, hava və Riqi dağına qalxmaları barədə idi. Çəngəl və bıçaqlar səssizcə nimçələrdə gəzir, yemək çox az götürülür, noxud və tərəvəz mütləq çəngəllə yeyilirdi; xidmətçilər qeyri-ixtiyari, bu ümumi sükuta tabe olaraq hansı şərabın gətirilməsini pıçıltı ilə soruşurdular. Belə yemək zamanı həmişə özümü pis hiss edirəm və hətta axırda məni qüssə bürüyür. Mənə elə gəlir ki, nədəsə günahkaram və uşaqlıqda olduğum kimi, nadincliyim üstündə cəzalandıraraq stula oturdur və istehza ilə deyirlər: "İstirahət elə, mənim əzizim", bu zaman damarlarımda qaynar qan vurur, o biri otaqda isə qardaşlarımın fərəhli səsləri eşidilir. Əvvəllər, belə yeməklər zamanı hiss etdiyim bu boğuq hissə qarşı üsyan eləmək istəyirdim, ancaq əbəs yerə, bütün süst sifətlər mənə elə təsir edirdi ki, özüm də dönüb onlar kimi süstləşirdim. Heç bir şey istəmir, fikirləşmir və hətta müşahidə də etmirdim. Əvvəlcə qonşularımla danışmağa cəhd etdim; lakin həmin yerdə və həmin adam tərəfindən, yəqin ki, yüz min dəfə təkrar olunmuş cümlələrdən başqa özgə cavab ala bilmədim. Axı bütün bu adamlar səfeh və hissiz deyildilər, yəqin ki, bu donuq adamların çoxunun içərisində məndə olduğu kimi, bəzilərində isə daha mürəkkəb və daha maraqlı bir həyat qaynayır. Bəs nə üçün onlar özlərini həyatın ən yaxşı həzzindən, bir-birindən zövq almaqdan, insandan zövq almaqdan məhrum edirlər?

Bizim Paris pansionunda isə belə deyildi, orada biz, müxtəlif millətlərdən olan, müxtəlif peşə sahibləri və fərqli xarakterli iyirmi nəfər, fransız ünsiyyətinin təsiri altında ümumi yemək stoluna əyləncə kimi baxırdıq. Stol arxasında oturan kimi bu başdan-o başa başlayan lətifəli, cinaslı söhbət, bəzən hətta pozuq dildə olsa da, ümumi söhbətə çevrilirdi. Orada hamı deyəcəyi sözün necə çıxacağını fikirləşmədən, ağlına gələni deyirdi. Orada bizim öz filosofumuz, höcətimiz, bel espritimiz[2 - Bel esprit (fr.) – müdrik, hazırcavab adam], öz plastronumuz[3 - Plastron – qalstuk, nişastalanmış yaxalıq], vardı və hamısı da ümumi idi. Orada yemək qurtaran kimi stolları geri çəkir, ahəngə uyğun oldu-olmadı, tozlu xalçanın üstündə lap axşamadək la polka[4 - La polka (fr.) – qrup şəklində oynanılan rəqs növü] oynayırdıq. Orada biz şux olsaq da, o qədər də ağıllı və sanballı olmasaq da, adamdıq. Romantik sərgüzəştləri olan ispan qrafinyası da, yeməkdən sonra “İlahi komediya”dan əzbər deyən italyan abbatı da, Tüilriyə[5 - Tüilri – Parisdə fransız krallarının yaşadıqları saray; XVI əsrdə inşa edilib.] gediş-gəlişi olan amerikalı həkim də, uzunsaçlı cavan dramaturq da və öz sözləri əsasında dünyanın ən yaxşı polkasını bəstələmiş pianoçu qadın da və hər barmağında üç üzüyü olan bədbəxt, gözəl dul qadın da – hamımız bir-birimizə insan kimi, səthi də olsa, lakin qəlbən yanaşırdıq və ayrılarkən də bəzimiz ötəri, bəzimizsə dərin səmimi xatirələrlə ayrılırdıq.

İngilis table d’hot[6 - Table d’hot – ümumi yemək] arxasında oturarkən, bütün bu krujevalara, lentlərə, üzüklərə, rənglənmiş saçlara və ipək paltarlara baxaraq tez-tez fikirləşirəm ki, bu geyimlərlə nə qədər canlı qadın xoşbəxt ola bilər və başqalarını da xoşbəxt edə bilər. Fikirləşirsən ki, burada nə qədər dost və məşuq, bəlkə də, ən xoşbəxtləri yanaşı oturub, amma bundan xəbərləri yoxdur. Allah bilir nə üçün bundan heç zaman xəbər tutmurlar, çox asanlıqla verə biləcəkləri və vermək istədikləri səadəti bir-birinə verə bilmirlər.

Həmişə belə yeməkdən sonra olduğu kimi, yenə də məni qüssə bürüdü və çərəzi axıradək yemədən, kefim pozulmuş halda şəhərdə veyillənməyə çıxdım. Ensiz, qaranlıq, çirkli küçələr, bağlanan dükanlar, su dalınca gedən sərxoş xidmətçilərlə, ya da başlarında şlyapa divarların dibi ilə, boylana-boylana döngələrdə otərəf-butərəfə gəzən qadınlarla rastlaşmaq mənim qüssəmi nəinki dağıtmadı, əksinə, daha da artırdı. Ətrafıma baxmadan və heç bir şey fikirləşmədən, ancaq yatmaqla belə əhvali-ruhiyyədən qurtara biləcəyim ümidi ilə evə qayıtdıqda küçələr tamam qaranlığa qərq olmuşdu. İçimdə ruhən bir soyuqluq, tənhalıq və ağırlıq hiss etdim. Belə hallar bəzən təzə yerə köçdüyün zaman, heç bir səbəb olmadan baş verir.

Mən ancaq ayaqlarımın altına baxaraq sahil küçəsi ilə Şveytserqofa tərəf gedirdim. Birdən qəribə, lakin son dərəcə xoş və əziz bir musiqi səsi məni sarsıtdı. O, bir an içərisində ruhumu oynatdı. Qəlbim sanki parlaq bir işıqla nurlandı. Kefim duruldu. Yuxulu diqqətim təzədən ətrafdakı əşyalara yönəldi. Bayaq laqeyd qaldığım gecənin və gölün gözəlliyi birdən-birə yeni bir şey kimi məni məftun etdi. Qeyri-ixtiyari olaraq bir anlığa boz, parçalı buludları sezilən və qalxan ayın nuru ilə işıqlaşan tutqun səmanı da, tünd-yaşıl hamar gölü və onda əks olunan işıqları da, uzaqdakı çənli dağları da görə bildim. Bataqlıqdakı qurbağaların quruldaşmasını və o biri sahildən bildirçinlərin tər şehə qarışmış qaqqıltılarını da eşitdim. Düz qarşımda, musiqi səsinin eşidildiyi və diqqətimin yönəldiyi yerdə, alaqaranlıqda adamların yarımdövrə vurub dayandıqlarını və onların qabağında, azca aralıda qara geyimli, balaca bir adamın durduğunu gördüm. Adamların və balaca adamın arxasında tünd-bozumtul və göy səmada bağın bir neçə qələməsi öz boyları ilə seçilir, qüllənin düz, mil ucları qədim kilsənin hər iki yanından əzəmətlə yüksəlirdi.

Mən yaxınlaşdıqca musiqi səsi daha da aydınlaşırdı. Gitaranın axşam havasında məlahətlə titrəyən dolu akkordlarını aydın ayırd eləyə bilirdim və bir neçə səs bir-birinə qoşularaq mahnının bəzi qabarıq yerlərini oxuyur və onun təsirini gücləndirirdi. Mahnı xoş və məlahətli mazurka[7 - Mazurka – polyak xalq rəqsi] ruhunda idi. Səslər gah yaxından, gah uzaqdan gəlirdi, gah tenor, gah bas, gah da donqultulu tirol[8 - Tirol – səs, nəğmə çaları; Alp dağı ətrafı xalqların musiqi ahəngi. Tirol Roma imperiyasına daxil olan ərazi olub. Hazırda cənub hissəsi İtaliyaya, qalan hissəsi isə Avstriyaya məxsusdur.] çalarlı boğaz fistolası[9 - Fistola – fleyta növü] eşidilirdi. Bu, mahnı deyil, mahnının yüngül eskizi idi. Başa düşə bilmirdim ki, bu nədir, lakin gözəl idi. Gitaranın bu məlahətli, zərif akkordları, bu xoş, xəfif mahnı və qara geyimli balaca adamın tənha görkəmi tutqun gölün, işıqlanan ayın, iki nəhəng mil ucu sükut içərisində göyə dirənən qüllənin və bağın tutqun qələmələrinin fantastik aləmində çox qəribə və son dərəcə gözəl idi, ya da mənə elə gəlirdi.

Həyatın bütün dolaşıq və qapalı təəssüratları birdən-birə məndən ötrü mənalandı və füsünkar bir şəkil aldı. Daxilimdə elə bil tər ətirli bir çiçək açıldı. Bircə dəqiqə bundan qabaq duyduğum yorğunluq, pərişanlıq, dünyada hər şeyə qarşı laqeydlik əvəzinə birdən-birə məhəbbət ehtiyacı, dolğun ümid və səbəbi bilinməyən həyat sevinci duydum. “Daha nə istəyirsən? – deyə qeyri-ixtiyari düşündüm. – Diqqətlə bax, hər tərəfdən səni gözəllik və poeziya dövrəyə alıb. Onu gücün çatdıqca bol-bol içinə çək, həzz al, bundan artıq daha sənə nə lazımdır! Hər şey, hər şey sənindir…”

Yaxınlaşdım. Balaca adam, məlum olduğu kimi, səyyah tirollu idi. O, mehmanxananın pəncərələri qabağında duraraq bir ayağını qabağa qoymuş, başını yuxarı dikmiş halda gitaranı dilləndirir və müxtəlif səslərlə öz məlahətli mahnısını oxuyurdu. İçimdə yaratdığı bu dəyişiklik üçün ona qarşı dərhal şəfqət və minnətdarlıq duydum. Onu sezə bildim ki, müğənninin köhnə qara sürtükü vardı, saçları qara və qısa idi, başına sadə meşşan şlyapası qoymuşdu. Onun üst-başında artistlərə məxsus heç bir əlamət yoxdu, lakin oynaq, uşaqlara xas fərəhli duruşu və hərəkətləri onun kiçik boyu ilə təsirli və eyni zamanda əyləncəli bir mənzərə təşkil edirdi. Gur işıqları yanan mehmanxananın qapılarında, pəncərələrində, balkonlarında gözəl paltarları, geniş ətəkləri olan xanımlar, ağappaq yaxalıqlı cənablar və zərbaftalı qapıçı və nökərlər durmuşdular. Küçədə də adamlar yarımdairə vurub baxırdılar. Bir az o yanda, bulvarda da cökə ağaclarının arasında qəşəng geyinmiş xidmətçilər, ağ papaqlı, qısa xalatlı aşpazlar, bir-biri ilə qucaqlaşmış qızlar və gəzintiyə çıxanlar toplaşmışdılar. Elə bil hamı mənim duyduğumu hiss edirdi. Hamı sükut içərisində müğənninin ətrafında dövrə vurub durmuşdu və diqqətlə dinləyirdi. Hər yer sükut içərisində idi, yalnız mahnı ara verdiyi zaman, haradasa uzaqda, göldən ahəngdar çəkic səsləri eşidilir, bataqlıqda qurbağalar kövrək bir səslə quruldaşır, arabir bildirçinlərin yeknəsəq səsləri ilə kəsilirdi.

Balaca adam qaranlıqda küçənin ortasında bəndi-bəndə, mahnını-mahnıya calayaraq bülbül kimi ötürdü. Ona lap yaxınlaşdığıma baxmayaraq, mahnı hələ də mənə böyük həzz verirdi. Onun o qədər də güclü olmayan səsi həddindən artıq məlahətli idi və bu səslə yiyələndiyi zəriflik, zövq və ölçü hissi fövqəladə idi və onda böyük fitri istedad olduğunu göstərirdi. Kupletlərin nəqəratını o hər dəfə başqa cür oxuyurdu və məlum olurdu ki, bu məlahətli dəyişikliklər ona asanlıqla və dərhal müyəssər olur.

Adamların arasında, yuxarıda Şveytserqofda və aşağıda bulvarda tez-tez təqdiredici pıçıltılar eşidilir və hamı ehtiramla susurdu. Balkonlarda və pəncərələrdə, evlərin işığında dirsəklənib baxan kişi və qadınların sayı getdikcə artırdı. Gəzintiyə çıxanlar və sahil küçəsinin hər yerində, kölgədə, cökə ağaclarının yanında kişilər və qadınlar dəstə-dəstə durub dinləyirdilər. Ümumi izdihamdan ayrılan bir neçə zadəgan nökəri və bir nəfər aşpaz mənim yanımda duraraq siqar çəkirdilər. Aşpaz musiqinin gözəlliyini çox həssaslıqla duyurdu və hər yüksək zəngulədə həyəcan və heyrətlə nökərə göz vurub onu dümsükləyir, sanki deyirdi: “Gör bir necə oxuyur, hə?” Nökər açıq bir təbəssümlə (bu təbəssümdə mən onun duyduğu bütün həzzi başa düşdüm), aşpaz dümsüyü müqabilində çiyinlərini çəkdi və bununla da demək istədi ki, onu heyrətə salmaq çox çətindir və guya bundan da yaxşısını çox eşitmişdir.

Müğənni öskürüb mahnısına ara verdikdə mən nökərdən onun kim olduğunu və buraya tez-tez gəlib-gəlmədiyini soruşdum:

– Hə, yayda iki dəfə gəlir, – deyə nökər cavab verdi. O, Arqoviyadandır. Bu yolla dilənir.

– Belələri buraya çox gəlirlər? – soruşdum.

– Bəli, bəli, – nökər mənim nə barədə soruşduğumu başa düşməyərək cavab verdi. Lakin sonra sualın mənasını başa düşüb əlavə etdi: – Xeyr, xeyr! Burada təkcə onu görürəm. Ondan başqası yoxdur.

Bu zaman balaca adam birinci mahnısını bitirdi və cəld bir hərəkətlə gitaranı çevirib burnunun altında yerli alman ləhcəsində nə dedisə, ətrafındakılar qəhqəhə çəkib güldülər.

– Deyir ki, boğazım quruyub, şərab olsaydı, içərdim, – yanımda duran nökər onun dediklərini mənə tərcümə etdi.

– Doğrudan, o, içməyi sevir?

– Onların hamısı elə belədir, – deyə nökər gülümsəyərək əlini yellədi.

Müğənni papağını çıxartdı və gitaranı yellədə-yellədə evə yaxınlaşdı. Başını qaldırıb pəncərələrin qabağında və balkonlarda dayanan ağalara müraciət etdi: "Messieurs et mesdames, – deyə hoqqabazların camaata müraciət etdikləri nida ilə yarıitalyan və yarıalman ləhcəsi ilə dilləndi. – Si vous croyez que je gagne quelque chosse, vous vous trompez, je ne suis qu`un bauvre tiaple[10 - Mərhəmətli ağalar və xanımlar, əgər düşünürsünüz ki, mən bir şey qazanıram, səhv edirsiniz, mən çox yoxsulam.]. O ayaq saxladı və bir qədər susdu. Lakin ona heç nə vermədiklərindən gitaranı təzədən qaldırıb dedi.

– A present, messieurs et mesdames, je vous chanterai l`air du Righi[11 - İndi isə mərhəmətli ağalar və xanımlar, sizə Riqi mahnısını oxuyacam.].

Yuxarıda adamlar susurdular, lakin bununla belə, mahnının gerisini eşitmək üçün durub gözləyirdilər. Aşağıda camaatın arasında gülüşənlər vardı, görünür, onun qəribə ifadəsinə və heç bir şey vermədiklərinə gülüşürdülər. Mən ona bir neçə santim[12 - Santim – Avropanın bəzi ölkələrində dəmir pul vahidi] verdim. O, pulu cəld bir əlindən o biri əlinə ötürərək jiletinin cibinə qoydu və papağını geyərək Riqi mahnısı adlandırdığı məlahətli xoş Tirol mahnısını yenidən oxumağa başladı. Bu mahnı əvvəlkilərdən də gözəl alındı. Hər tərəfdən getdikcə çoxalmış camaatdan təqdir səsləri eşidilirdi. Oxuyub qurtardı. Yenə də gitaranı qaldırıb silkələdi, papağını çıxararaq qabağa uzatdı, iki addım pəncərələrə tərəf irəlilədi, özünün aydın olmayan cümləsini təkrar etdi: "Messieurs et mesdames, si vous croyez que je gagne quelque chosse". Görünür, o bu sözləri çox fəndgir və hikmətli hesab edirdi, lakin mən onun səsində və hərəkətlərində indi bir qədər qətiyyətsizlik və uşaq ürkəkliyi hiss edirdim ki, bu da onun alçaq boyu ilə xüsusilə həmahəng idi. Qəşəng geyimli adamlar yenə əvvəlki kimi işıqlı balkonlarda və pəncərələrdə durmuşdular, əyinlərindəki zəngin pal-paltar bərq vururdu. Bəziləri mülayim bir səslə öz aralarında danışırdılar, başqaları isə diqqət və maraqla aşağıya, bu balaca qara fiqura baxırdılar. Balkonlardan birində gənc bir qızın cingiltili və fərəhli gülüş səsi eşidildi. Aşağıda camaatın içərisində hənirtilər hündürdən eşidilir və müğənnini məsxərəyə qoyurdular. Müğənni öz cümləsini üçüncü dəfə çox zəif bir səslə təkrar etdi və hətta sözünü qurtarmamış papağını qabağa uzatdı və dərhal da əlini yanına saldı: ikinci dəfə də onu dinləməyə toplaşmış yüzlərcə gözəl geyimli adamlardan heç kəs ona bir qəpik də vermədi. Adamlar zalımcasına qəhqəhə çəkib gülürdülər. Mənə elə gəldi ki, balaca müğənni bundan daha da kiçildi və gitaranı başqa əlinə alaraq onu başı üstünə qaldırıb:

– Messieurs et mesdames, je vous remercie et je vous seuhaite une bonne nuit[13 - Mərhəmətli ağalar və xanımlar, təşəkkür edirəm, gecəniz xeyrə qalsın.], – dedi və papağını başına qoydu. Adamlar qaqqanaq çəkib gülüşdülər. Balkondakı gözəl kişilər və qadınlar öz aralarında aramla söhbət edə-edə içəri çəkildilər. Bulvarda təzədən gəzinti başlandı. Mahnı oxunarkən sükuta qərq olmuş küçə təzədən canlandı, bir neçə nəfər yaxınlaşmadan uzaqdan müğənniyə baxaraq gülürdü. Onu eşitdim ki, balaca adam burnunun altında nə isə mızıldadı və sanki daha da balacalaşaraq döndü və iti addımlarla şəhərə tərəf yollandı. Gəzintiyə çıxmış şux qadın və kişilər yenə də gözlərini müğənnidən çəkmədən arxasınca düşür, ondan azca aralıda gedərək gülməklərində davam edirdilər…

Mən çaşıb-qalmışdım, başa düşmürdüm ki, bu nə deməkdir; yerimdən tərpənmədən qaranlıqda addımlarını yeyinlədərək sürətlə şəhərə gedən balaca adamın uzaqlaşan qaraltısına və onu təqib edən şux adamlara baxırdım. Balaca adamdan ötrü ürəyim ağrıdı, daha çox camaatın əvəzinə və öz yerimə vicdan əzabı çəkdim, sanki onlardan pul xahiş edən mən idim və mənə pul verməmişdilər, məni məsxərəyə qoymuşdular. Arxama baxmadan, sıxılmış ürəyimlə, addımlarımı yeyinlədərək evə, Şveytserqofa yollandım. Gördüyümü və hiss etdiyimi özümə hələ də aydınlaşdıra bilmirdim. Ancaq onu bilirdim ki, nə isə ağır, həll edilməmiş bir şey qəlbimə dolmuşdu və içəridən məni üzürdü.

Çox əla işıqlandırılmış giriş qapısında ehtiramla geri çəkilib mənə yol verən qapıçı və bir ingilis ailəsi ilə rastlaşdım. Qara ingilis bakenbardları olan qara şlyapalı, əlində bahalı əsa və qolunun üstündə kobud şal tutan qıvraq, yaraşıqlı və hündür bir kişi əynində qara ipək paltar, başına parlaq lentləri olan qəşəng krujevalı ləçək bağlamış bir xanımın qoluna girərək lovğa bir əda ilə ağır-ağır gedirdi. Onlarla yanaşı gözəl, zərif bir qız gedirdi. Qızın başında lələkli İsveçrə şlyapası vardı. Şlyapanın altında qızın ağ sifətini dövrələyən uzun, yumşaq, sarışın saçlarının qıvrımları sallanırdı. Qabaqlarınca onyaşlı qırmızıyanaq bir qız tullana-tullana gedirdi. Onun paltarının zərif krujevaları arxasından ağ, dolu dizləri görünürdü.

Onların yanından ötüb-keçdiyim zaman xanım şirin, xoş bir səslə dedi:

– Füsünkar gecədir.

– Aha! – deyə ingilis tənbəl-tənbəl böyürdü.

Görünür, bu dünyada yaşamaq onun üçün o dərəcə yaxşı idi ki, danışmaq da istəmirdi və onlara elə gəlirdi ki, bu dünyada yaşamaq çox sakit, təmiz və rahatdır. Onların hərəkət və sifətlərində də hər hansı bir başqa həyata laqeydlik və elə bir inam ifadə olunurdu ki, sanki qapıçı onlara yol verib təzim etməyə borcludur. Evə qayıtdıqları zaman yataqlarını, otağı təmiz və rahat görəcəklər, guya bu elə belə də olmalıdır və bütün bunlara onların tam ixtiyarı var. Birdən istər-istəməz, yorğun, bəlkə də, ac olan və onu məsxərəyə qoyan adamlardan utanıb qaçan səyyah müğənnini onlara qarşı qoydum; başa düşdüm ki, qəlbimə ağır bir daş kimi çökən nədir və bu insanlara sözlə ifadə edilə bilməyəcək bir qəzəb duydum. Mən böyük həzlə ingilisin yanından iki dəfə irəli-geri keçərək ona yol vermədən dirsəyimlə itələdim, giriş qapısından çıxıb balaca müğənninin gözdən itdiyi şəhərə tərəf qaranlıq istiqamətə üz tutdum. Qabaqda gedən üç nəfərə çatıb müğənninin harada olduğunu soruşdum; onlar gülümsədilər və irəlidə gedən müğənnini göstərdilər. O, iti addımlarla tək gedirdi: heç kəs ona yaxınlaşmırdı. Mənə elə gəldi ki, o hələ də burnunun altında nə isə mızıldayır. Mən onun bərabərinə çatdım və təklif etdim ki, bir yerə gedib şərab içək. O hələ də sürətlə gedirdi və narazılıqla mənə tərəf qanrıldı, lakin söhbətin nədən getdiyini bilib ayaq saxladı:

– Nə olar, əgər siz, doğrudan da, belə mərhəmətli adamsınızsa, rədd etmərəm. Bax orada kiçik bir qəhvəxana var, oraya getmək olar. Çox sadə yerdir, – deyə hələ də açıq olan bir meyxananı göstərib əlavə etdi.

Onun dediyi "sadə yer" sözü məndə belə bir fikir doğurdu ki, bu sadə qəhvəxanaya deyil, məhz onun mahnısına qulaq asan adamların olduğu Şveytserqofa gedək. O, Şveytserqofa getməkdən bir neçə dəfə ürkək bir həyəcanla imtina edib dedi ki, ora çox təmtəraqlıdır. Mən öz dediyimin üstündə durdum. O artıq özünü elə göstərdi ki, oraya getməkdən heç də çəkinmir və gitarasını fərəhlə silkələyərək mənimlə birlikdə sahil küçəsi ilə addımladı. Mən müğənniyə yaxınlaşanda kefcil avaralardan bir neçəsi irəliləyib ona dediklərimə qulaq asmışdılar. İndi də öz aralarında sözləşib ta giriş qapısınadək dalımızca gəlirdilər. Yəqin ki, bu tirolludan yenə də bir tamaşa gözləyirdilər.

Dəhlizdə rast gəldiyim ofisiantdan bir şüşə şərab istədim. O bizə baxıb gülümsədi və heç bir cavab vermədən yanımızdan sovuşub keçdi. Eyni xahişlə müraciət etdiyim baş ofisiant da çox ciddi bir tərzdə məni dinlədi və müğənninin kiçik vücudunu başdan-ayağa süzüb qapıçıya qəti tapşırdı ki, bizi sol salona aparsın. Sol salon adi camaat üçün meyxana otağı idi. Bu otağın bir küncündə qozbel xidmətçi qadın qab-qacaq yuyurdu. Otağın bütün mebeli çılpaq taxta stollardan və kətillərdən ibarət idi. Bizə xidmət etməyə gəlmiş ofisiant xəfif istehzalı bir təbəssümlə bizə baxır və əllərini cibindən çıxarmadan qozbel qabyuyanla nə barədə isə danışırdı. O, görünür, bizə bildirmək istəyirdi ki, öz ictimai vəziyyəti və ləyaqəti etibarilə müğənnidən çox yüksəkdə durur və bizə xidmət etmək onun heysiyyətinə nəinki toxunmur, əksinə, ondan ötrü çox məzəlidir.

– Adi şərab istəyirsiniz? – dedi və dəsmalı əlindən əlinə ötürərək ədalı bir tərzdə müsahibimə tərəf göz vurdu.

Mən məğrur və vüqarlı bir görkəm almağa çalışaraq dedim:

– Şampan şərabı verin, özü də ən yaxşısını.

Lakin nə şampan sifarişi və nə də mənim məğrur və vüqarlı görkəmim ofisianta heç bir təsir bağışlamadı. O gülümsündü və bizə baxaraq bir az gözlədi, tələsmədən qızıl saatına baxdı və gəzintiyə çıxmış adamlar kimi sakit addımlarla otaqdan çıxdı. Çox çəkmədi ki, o, şərab gətirdi və özündən başqa iki ofisiant da gəldi. Həmin ofisiantlar qab-qacaq yuyulan yerdə oturub bizə elə baxırdılar ki, sanki sakitcə oynayan əziz uşaqlarına mülayim təbəssümlə tamaşa edib həzz alan ata-analar idilər. Təkcə qozbel qabyuyan elə bil istehza ilə deyil, əksinə, şəfqətlə bizə baxırdı. Ofisiantların baxışları altında müğənni ilə danışmaq və onu qonaq etmək mənim üçün ağır və çətin olsa da, öz işimi mümkün qədər müstəqil aparmağa çalışırdım. İşıqda mən onu daha yaxşı görürdüm. O, xırdaca, mütənasib bədənli, arıq bir adamdı, demək olar ki, liliputdu. Çox qara saçları, həmişə nəm olan kirpiksiz, iri qara gözləri vardı, kiçik ağzı olduqca xoş və zərifdi. Balaca bakenbardları vardı, saçları uzun deyildi, geyimi çox sadə və miskindi. Üst-başı tökülmüş və kirli idi. Sir-sifəti qarsalanmışdı. Bir sözlə, zəhmət adamına oxşayırdı. O, aktyordan daha çox yoxsul alverçiyə bənzəyirdi. Yalnız həmişə yaş olan parıltılı gözlərində və sıxılmış dodaqlarında nə isə orijinal və təsirli bir ifadə vardı. Üzdən ona iyirmi beşdən qırxadək yaş vermək olardı. Əslində isə otuz səkkiz yaşı vardı.

O, sadə və açıq bir səmimiyyətlə öz həyatı barədə belə danışdı: Arqoviyadandı. Hələ uşaq ikən ata-anasını itirib. Heç bir qohumu yoxdur. Heç bir zaman var-dövləti olmayıb. Dülgərlik öyrənib və iyirmi iki il əvvəl əlində sümük çürüməsi əmələ gəldiyindən dülgər işləməkdən məhrum olub. Uşaqlıqdan mahnıya həvəsi olduğundan oxumağa başlayıb. Əcnəbilər hərdənbir ona pul verirlərmiş. O, beləliklə, oxumağı özünə peşə eləmiş və gitara alaraq, on səkkizinci ildir ki, İsveçrəni və İtaliyanı gəzir, mehmanxanaların qabağında oxuyur. Bütün yükü gitaradan və bir pul kisəsindən ibarətdir, onun içində də cəmi bir yarım frank vardır ki, bu axşam yemək yeyib gecələyə bilsin. O artıq on səkkiz dəfədir ki, hər il İsveçrənin ən yaxşı və ən gəzməli yerlərini – Sürixi, Lütserni, İnterlakeni, Şamonini və başqa yerləri gəzir. Oradan İtaliyaya keçir və sonra St.-Qotarddan, ya da Savoyadan geri qayıdır. İndi ona gəzmək çətinləşir, çünki soyuqda hiss edir ki, ayaqlarındakı ağrı ildən-ilə güclənir, gözləri və səsi zəifləyir. Buna baxmayaraq o, indi İnterlakenə, Aix-les-Bains-ə yola düşür, oradan da kiçik St.-Bernardı keçərək xüsusilə çox sevdiyi İtaliyaya keçəcəkdir. Bir sözlə, görünürdü ki, öz həyatından çox razıdır. Mən ondan niyə evə qayıtdığını, orada yaxın adamları, evi-eşiyi, torpağı olub-olmadığını soruşanda dodaqları ucunda oynaq təbəssüm göründü və mənə belə bir cavab verdi:

– Oui, le sucre est bon, il est doux pour les enfants![14 - Bəli, qənd yaxşı şeydir, o, uşaqlar üçün şirnidir.] – və ofisiantlara tərəf göz vurdu.

Mən heç bir şey başa düşmədim, lakin xidmətçilər gülüşdülər.

– Heç nəyim yoxdur. Olsaydı, mən belə gəzərdim? – deyə məni başa saldı. – Mən evə ona görə gedirəm ki, necə olsa da, vətəndir, özünə çəkir.

O, hiyləgər, özündənrazı bir təbəssümlə: "Oui, le sucre est bon" cümləsini yenə də təkrar etdi və mehribanlıqla güldü. Ofisiantlar bundan çox razı qalıb qəhqəhə ilə güldülər. Təkcə qozbel qabyuyan arvad mehriban gözləri ilə balaca adama baxaraq söhbət zamanı onun yerə saldığı papağını qaldırıb verdi. Mən bilirdim ki, səyyar müğənnilər, akrobatlar, hətta fokusçular belə özlərini artist adlandırmağı sevirlər və buna görə o öz müsahibinə bir neçə dəfə eyhamla bildirmək istəyirdi ki, artistdir. Lakin o bu keyfiyyətin özündə olduğunu heç də etiraf etmirdi və öz peşəsinə yaşamaq üçün çox sadə bir vasitə kimi baxırdı. Ondan soruşdum ki, oxuduğu mahnıları özümü qoşur? Belə qəribə suala təəccübləndi və cavab verdi ki, oxuduqlarının hamısı qədim Tirol mahnılarıdır.

– Bəs Riqi mahnısı? Mən elə bilirəm ki, o, qədim deyil, – dedim.

– Bəli, bu mahnı on beş il bundan qabaq bəstələnib. Bazeldə bir alman vardı, çox ağıllı adamdı. Sözlərini o qoşub. Əla mahnıdı. Bilirsiniz, onu səyyahlar üçün yazıb.

O, görünür, çox xoşuna gəldiyi Riqi mahnısının sözlərini fransızcaya tərcümə etməyə başladı.

Getmək istəyirsən Riqiyə əgər,
Başmaq gərək deyil Veqisə qədər.
(Onsuz da Veqisə paroxod gedir)
Veqisdə əlinə bir ağac götür,
Bir gözəl qızı da vur qoltuğuna,
Arada şərabla özünü sına.
Ancaq ki çox içmək gəlməsin asan,
Halal keflənməkçün hələ nə qədər
Tər töküb bu haqqı qazanmalısan[15 - Şeirin tərcüməsi Sabir Rüstəmxanlınındır.].

– Oh, əla mahnıdır! – deyə sözünü bitirdi.

Ofisiantlar, görünür, bu mahnını çox yaxşı hesab etdiklərindən bizə yaxınlaşdılar.

– Bəs musiqisini kim bəstələyib? – soruşdum.

– Heç kim. Elə belə, bilirsinizmi, əcnəbilərə mahnı oxumaq üçün nə isə təzə bir şey lazımdır.

Bizə buz gətirdikləri zaman müsahibim üçün bir qədəh şampan tökdüm, görünür, o bundan narahat oldu və öz stulunda çevrilib ofisiantlara tərəf baxdı. Qədəhlərimizi toqquşdurub artistlərin sağlığına içdik. O, şərabı yarıyadək içərək qaşlarını çatdı və fikirləşdi.

– Çoxdandır ki, belə şərab içməmişəm, je ne vous dis que ça[16 - Bunu ancaq sizə deyirəm.]. İtaliyada d`Asti çaxırı yaxşıdır. Ancaq bu ondan da yaxşıdır. Eh, İtaliya! Orada olmaq necə xoşdur, – deyə əlavə etdi.

– Bəli, orada musiqini və artistləri qiymətləndirirlər, – söhbəti Şveytserqof qarşısındakı axşamkı uğursuzluğun üstünə gətirmək arzusuyla dedim.

– Xeyr, – dedi, – orada mən musiqi ilə heç kəsə həzz verə bilmərəm. İtalyanlar özləri musiqiçidirlər, yer üzündə tayları yoxdur. Mən ancaq Tirol mahnılarından danışa bilərəm. Bu onlar üçün, hər halda, yeni şeydir.

– Orada ağalar daha səxavətlidirlər? – deyə onu da Şveytserqof sakinlərinə olan qəzəbimə şərik olmağa məcbur etmək məqsədilə sözümə davam etdim. – Orada buradakı kimi ola bilməz: dövlətlilərin yaşadığı iri bir hoteldə artistə yüz nəfər qulaq asa və ona heç bir şey verməyələr…

Mənim sualım heç də gözlədiyim təsiri bağışlamadı. Müğənni onlara qəzəblənmək belə istəmədi, əksinə, mənim sözlərimdə özünün mükafata layiq görülməmiş istedadı barədə məzəmmət duyaraq qarşımda özünə bəraət qazandırmağa çalışdı.

– Həmişə çox qazanmaq olmur, – deyə cavab verdi. – Bəzən səsim batır, yoruluram. Elə bu gün doqquz saat gəzmişəm və bütün günü də, demək olar, oxumuşam. Çətindir. Təkəbbürlü kübar ağalar bəzən Tirol mahnılarına heç qulaq asmaq istəmirlər.

– Ancaq yenə də, heç pul verməmək olar? – təkrar etdim.

O mənim sözlərimi başa düşmədi.

– Belə deyil, – dedi, – burada əsas şey on est tres serre pour la police[17 - Polis çox sıxışdırır.], məsələ bundadır. Burada respublika qanunlarına görə, oxumağa icazə verilmir, İtaliyada isə nə qədər istəsən gəzə bilərsən, heç kəs də bir söz deməz. Burada əgər istəsələr, adama icazə verirlər, istəməsələr, həbsxanaya da sala bilərlər.

– Necə? Doğrudan?

– Bəli. Əgər sizi bir dəfə görsələr və yenə də oxusanız, sizi həbsxanaya sala bilərlər. Mən də üç ay yatmışam, – deyib gülümsədi. Bu elə bil onun ən xoş xatirələrindən biri idi.

– Bu ki dəhşətdir! – dedim. – Axı nəyin üstündə?

– Onlarda respublikanın təzə qanunlarına görə belədir, – deyə həvəslə sözünə davam etdi. – Onlar heç fikirləşmək istəmirlər ki, axı yoxsul da birtəhər yaşamalıdır. Əgər mən şikəst olmasaydım, işləyərdim. Oxumağımla məgər bir kimsəyə zərər vururam? Niyə belə axı? Dövlətlilər istədikləri kimi yaşaya bilirlər, mənim kimi a un bauvre tiaple[18 - Çox kasıblar.] isə heç yaşaya bilmir. Bu necə respublika qanunlarıdır? Madam ki belədir, onda biz respublikanı heç istəmirik, elə deyil, hörmətli cənab? Biz respublikanı istəmirik, biz istəyirik qanunlar sadə olsun, istəyirik ki… – o azca duruxdu, – biz istəyirik ki, qanunlar təbii olsun.

Onun qədəhinin başını doldurdum.

– Heç içmirsiniz!

Stəkanı əlinə alıb mənə təzim elədi.

– Bilirəm siz nə eləmək istəyirsiniz, – deyə gözlərini qıydı və barmağı ilə məni hədələdi. – İstəyirsiniz ki, məni içirdəsiniz və görəsiniz ki, nə hala düşürəm; yox, bunu eləyə bilməyəcəksiniz.

– Axı nə üçün sizi içirdim, – dedim, – mən ancaq istəyirəm ki, siz kef çəkəsiniz.

O, görünür, mənim niyyətimi pis yozaraq qəlbimə toxunduğu üçün məzlum bir görkəm alıb sıxıldı və azca ayağa qalxaraq dirsəyimdən yapışdı.

– Yox, yox, – deyə nəmli gözləri ilə mənə baxdı, üzü yalvarıcı bir ifadə aldı, – mən elə-belə, zarafat eləyirdim.

Bunun dalınca o, nə isə olduqca dolaşıq, bic bir cümlə işlətdi, gərək ki, mənim mərhəmətli adam olmağıma işarə edirdi.

– Je ne vous dis que ça![19 - Bunu ancaq sizə deyirəm!] – deyə sözünə əlavə etdi.

Beləliklə, müğənni ilə birlikdə içir və söhbət edirdik. Ofisiantlar da çəkinmədən bizə tamaşa edir və deyəsən, arabir lağa da qoyurdular. Söhbətimin maraqlı olduğuna baxmayaraq, mən onları sezməyə bilməzdim və düzünü deyim ki, getdikcə daha da qəzəblənirdim. Onlardan biri yerindən qalxaraq balaca adama yaxınlaşdı və onun təpəsinə baxaraq gülməyə başladı. Məndə Şveytserqof sakinlərinə qarşı hazır qəzəb ehtiyatı vardı ki, onu hələ heç kəsin üstünə tökməyə macal tapmamışdım. Üstəlik, bu xidmətçilər də məni lap hövsələdən çıxarırdılar. Qapıçı papağını çıxarmadan içəri girdi və yanımda oturub stola dirsəkləndi. Bu axırıncı vəziyyət mənim qurur və heysiyyətimə elə toxundu ki, daha özümü saxlaya bilməyib bütün axşam içimdə toplaşmış qəzəbi işə salmalı oldum. Nə üçün bu adam qapı ağzında məni tək gördükdə ikiqat qabağımda əyilir, indi isə bu səyyar müğənni ilə oturduğumdan kobudluqla yanımda əyləşir? İçimdə qaynamaqda olan qəzəbli nifrət başıma vurdu. Mən bu qəzəbi sevirəm, hətta dilxor olduğum vaxtlarda özüm onu qızışdırıram, çünki o mənə təskinlik verir, qısa müddətə olsa da, mənə qeyri-adi bir çeviklik, qətiyyət və böyük fiziki və mənəvi iqtidar üçün qüvvət verir.

Mən yerimdən sıçradım.

– Nəyə gülürsünüz? – deyə ofisiantlara çığırdım. Hiss edirdim ki, rəng-ruhum ağarıb və dodaqlarım qeyri-ixtiyari olaraq titrəyirdi.

– Mən gülmürəm, sadəcə, elə-belə, – deyə ofisiant geri çəkilə-çəkilə cavab verdi.

– Xeyr, bu cənaba gülürsünüz. Burada qonaq olduğu zaman nə ixtiyarınız var ki, buraya gələsiniz və əyləşəsiniz! Nə cəsarətlə oturdunuz? – deyə qapıçıya çığırdım.

Qapıçı nəsə mızıldaya-mızıldaya ayağa qalxdı və qapıya tərəf uzaqlaşdı.

– Sizə kim ixtiyar verib ki, xidmətçi ola-ola qonağı ələ salasınız? Nə üçün nahar zamanı mənə gülmədiniz və mənimlə yanaşı oturmadınız? Ona görə ki, o, kasıb geyinib və küçədə oxuyur? Mənimsə əynim-başım yaxşıdır. O yoxsuldur, ancaq min dəfə sizdən yaxşı adamdır, mən buna əminəm. Ona görə ki, o heç kəsi təhqir eləmir, sizsə onu təhqir eləyirsiniz.

– Siz nə danışırsınız, axı mən heç bir şey eləmədim, – deyə özümə düşmən hesab etdiyim ofisiant müticəsinə cavab verdi. – Məgər onun oturmağına mane oluram?..

Ofisiant məni başa düşmürdü və almanca danışığım boşa gedirdi. Kobud qapıçı ofisianta havadar çıxmaq istəyirdi, lakin ona elə gəliş gəldim ki, özünü bilməzliyə qoyub əlini yellədi, guya o da məni başa düşmür. Qozbel qabyuyan qadın mənim qızışdığımı görüb qalmaqaldan qorxduğundanmı, ya da fikrimlə şərik olduğundanmı mənim tərəfimə keçdi; mənimlə qapıçının arasında duraraq onu qandırmaq istəyirdi ki, mən haqlıyam və onun susması yaxşıdır, məndən də xahiş edirdi ki, sakitləşim. "Der Herr hat Recht: sie haben Recht"[20 - Cənab haqlıdır, siz haqlısınız (alm.)] deyə təkrar edirdi. Müğənni, görünür, mənim nədən ötrü qızışdığımı və nə istədiyimi başa düşmədiyindən qorxub çox məzlum bir sifət almışdı. Məndən xahiş edirdi ki, tez buradan çıxıb gedək. Məndə isə qəzəblə danışmaq ehtirası getdikcə qızışırdı. Hər şeyi – camaatın ona gülüşməsini və ona heç bir şey verməyən dinləyiciləri xatırlayıb heç nəyin xatirinə sakitləşmək istəmirdim. Fikirləşirdim ki, əgər xidmətçilər belə yumşalmasaydılar, məmnuniyyətlə onlarla əlbəyaxa olardım, ya da ağacla aciz ingilis qızının başını yarardım. Əgər bu dəqiqədə Sevastopolda olsaydım, qızğın həvəslə ingilis səngərinə atılıb hamını qırıb tökərdim.

– Nə üçün məni bu cənabla o salona deyil, bu biri salona gətirdiniz? Hə? – məndən uzaqlaşmasın deyə qapıçının qolundan yapışıb onu sorğu-suala tutdum. – Nə ixtiyarınız vardı ki, görkəminə görə bu cənabın orada deyil, bu salonda olmasını qərara aldınız? Mehmanxanalarda pul verənlərin hamısı bir deyil? Təkcə respublikada deyil, bütün dünyada belədir. Sizin respublika yaramazdır. Bərabərliyə bir bax! İngilisləri bu salona gətirməyə cəsarətiniz çatmazdı. O ingilisləri ki, bu cənaba pulsuz qulaq asır, daha doğrusu, verməli olduqları pulu ondan santim-santim oğurlayırlar. Nə cəsarətlə bizə bu salonu göstərdiniz?

– O biri salon bağlıdır, – qapıçı cavab verdi.

– Yox, – deyə çığırdım, – düz demirsiniz, salon bağlı deyildi.

– Özünüz yaxşı bilirsiniz.

– Bilirəm, bilirəm ki, yalan danışırsınız.

Qapıçı dönüb məndən uzaqlaşdı.

– Eh! Nə deyəsən! – deyə mızıldadı.

– Yox, "nə deyəsən"-zad yoxdur. Məni bu saat o biri salona apar.

Qozbelin öyüd-nəsihətinə və müğənninin xahişinə baxmayaraq, mən evə getməyib baş ofisiantı tələb etdim və müsahibimlə birlikdə o biri salona keçdim. Baş ofisiant mənim qəzəbli səsimi eşidib həyəcanlı sifətimi gördükdə mübahisəyə girişmədi və əsəbi bir nəzakətlə dedi ki, ürəyim istədiyi yerə gedə bilərəm. Mən qapıçıya onun yalan danışdığını sübut edə bilmədim, çünki biz hələ salona daxil olmamışdan o qaçıb gizlənmişdi.

Salon, doğrudan da, açıq idi, işıqları da yanırdı. Stollardan birinin arxasında bir ingilis öz xanımı ilə birlikdə oturmuşdu. Bizə xüsusi bir stol göstərmələrinə baxmayaraq, kirli müğənni ilə birlikdə ingilisin lap böyründə əyləşərək axıradək içilməmiş butulkamızın buraya gətirilməsini tapşırdım.

İngilislər əvvəlcə təəccüblə, sonra isə qəzəblə, yanımda oturub qorxusundan sarısını udmuş balaca adama baxırdılar: sonra aralarında nə isə danışdılar, xanım boşqabı itələdi və ipək paltarını xışıldada-xışıldada əri ilə birlikdə gözdən itdi. Şüşə qapıların dalından onları görürdüm. İngilis əli ilə bizim tərəfi göstərərək, ofisianta qəzəblə nə isə deyirdi. Ofisiant başını qapıdan uzadıb içəri baxdı. Mən sevinclə gözləyirdim ki, indicə gəlib bizi çıxaracaqlar və mən də, nəhayət, öz qəzəbimi onlara tökəcəyəm. Lakin xoşbəxtlikdən bizi rahat buraxdılar.

Bayaq şərabdan imtina edən müğənni indi buradan tez çıxıb getmək üçün butulkanı tamam boşaltdı. Mənə elə gəldi ki, o, qonaqlıq üçün öz duyğuları ilə mənə minnətdarlıq etdi. Onun nəm gözləri daha da yaşarmışdı və işıldayırdı. Ən qəribə, dolaşıq bir cümlə ilə minnətdarlığını bildirdi. Əgər hamı artistlərə mənim kimi hörmət edərsə, onun razı qalacağını və mənə hər cür xoşbəxtlik arzuladığını bildirən bu cümlə, hər halda, xoşuma gəldi. Onunla birlikdə dəhlizə çıxdıq. Ofisiantlar da, düşmənim qapıçı da burada idi, görünür, məndən şikayətlənmişdi də. Hamı mənə elə bil dəliyə baxan kimi baxırdı. Mən balaca adamın onların bərabərinə çatmasını gözləyib onların yanında ancaq yaxın adamına ifadə edə biləcəyin bir hörmətlə şlyapamı çıxarıb taxta kimi quru əlini sıxdım. Xidmətçilər özlərini elə göstərdilər ki, guya mənə zərrə qədər əhəmiyyət vermirlər. Onlardan ancaq biri istehza ilə güldü.

Müğənni baş əyib qaranlıqda gözdən itdikdən sonra yuxarıya öz nömrəmə qalxdım. İstəyirdim ki, yuxuya gedib bütün bu təəssüratdan və birdən-birə məni bürümüş olan bu səfeh uşaq qəzəbindən xilas olum. Lakin həddindən artıq hirsləndiyimdən yata bilməyəcəyimi görüb sakitləşənədək gəzmək məqsədilə yenə küçəyə çıxdım. Bundan başqa, onu da etiraf edim ki, dumanlı da olsa bu ümiddə idim ki, xidmətçilər, ya da bayaqkı ingilislə tutaşmaq üçün bir bəhanə düşünəcək və bütün amansızlıqlarını və başlıca olaraq ədalətsizliklərini onlara sübut edəcəm. Lakin məni görən kimi arxasını çevirən qapıçıdan başqa heç kimə rast gəlmədim və sahil küçəsində təkbaşına oyan-buyana getməyə başladım.

"Poeziyanın qəribə taleyinə bax, – deyə bir qədər sakitləşəndən sonra fikirləşdim. – Hamı onu sevir, axtarır, həyatda təkcə onu arzulayır, ancaq heç kəs onun gücünü etiraf edib bəyənmir, dünyanın bu gözəl nemətini heç kəs qiymətləndirmir və onu insanlara verənlərə minnətdarlıq etmir. Bütün Şveytserqof sakinlərindən, kimdən istəyirsiniz soruşun: dünyada ən yaxşı nemət nədir? Hamı, ya da yüzdən doxsan doqquz nəfəri istehzalı bir ifadə ilə sizə deyəcəkdir ki, dünyanın ən yaxşı neməti puldur. Sizə deyəcəklər ki: "Bəlkə, bu fikir xoşunuza gəlmir və ali ideyalarınıza uyuşmur, lakin insan həyatı elə qurulubsa ki, orada insan səadətini təkcə pul təşkil edir, nə edə bilərsən". Sonra əlavə edəcəklər: "Mən öz ağlıma imkan verə bilmərəm ki, işığı olduğu kimi görməsin, yəni həqiqəti görməsin”.

Sizin ağlınız miskindir, arzuladığınız səadət miskindir və özünüz zavallı məxluqlarsınız. Özünüz də bilmirsiniz ki, sizə nə lazımdır… Nə üçün hamınız öz vətəninizi, məşğələnizi və maliyyə işlərinizi buraxıb buraya, İsveçrənin bu kiçik şəhəri Lütsernə toplaşmışsınız? Nə üçün siz hamınız bu axşam balkonlara çıxıb balaca dilənçinin mahnısını dərin sükut içərisində dinləyirdiniz? Əgər o, yenə də oxumaq istəsəydi, siz yenə də susub dinləyəcəkdiniz. Pulla, lap milyonlarla olsun, sizin hamınızı vətəninizdən qovub buraya, kiçik Lütsern şəhərinə toplamaq olardımı? Pulla sizin hamınızı balkonlara toplayıb yarım saat ərzində sakit və hərəkətsiz durmağa məcbur etmək olardımı? Yox! Sizi hərəkət etməyə məcbur edən və həmişə də həyatın başqa mühərriklərindən daha güclü hərəkət etdirə biləcək yalnız bir şeydir: poeziya ehtiyacı. Siz onu dərk etmirsiniz, ancaq hiss edirsiniz və sizdə insanlıqdan bir əsər qalanadək əsrlər boyu hiss edəcəksiniz. "Poeziya" sözü sizin üçün gülüncdür, siz onu gülünc danlaq şəklində işlədirsiniz, siz uşaqlarda və səfeh qızlarda nə isə poetik bir şeyə məhəbbəti mümkün hesab edirsiniz, ancaq bununla belə, ona gülürsünüz; axı sizə müsbət şey lazımdır. Bəli, uşaqlar həyata sağlam baxırlar. Onlar insanın sevə biləcəyi və insana səadət gətirə biləcək hər şeyi bilir və sevirlər. Sizi isə həyat elə dolaşdırmış və elə pozmuşdur ki, məhz sevdiyiniz şeyə gülürsünüz, məhz nifrət etdiyiniz şeyi axtarırsınız ki, bu da sizin bədbəxtliyinizə səbəb olur. Elə dolaşmışsınız ki, sizə təmiz həzz verən yoxsul tirollunun qarşısında düşdüyünüz vəziyyəti başa düşmürsünüz və bununla belə, lordun qabağında özünüzü havayı, faydasız yerə alçaltmağı, dinclik və rahatlığınızı nə üçünsə ona qurban verməyi özünüzə borc bilirsiniz. Bu nə cəfəngiyatdır, nə mənasız, boş şeydir?! Lakin məni bu axşam çox sarsıdan bu deyildi. Səadət gətirən şeydən xəbərsiz olmağı, poetik həzzin bu hissizliyini, demək olar ki, başa düşürəm, ya da həyatda tez-tez rast gəldiyim üçün ona alışmışam: kütlənin qaba, hissiz amansızlığı da məndən ötrü təzə bir şey deyil. Xalq fikrinin müdafiəçiləri nə deyirlər desinlər, kütlə – yaxşı adamların birləşməsi olsa da, yalnız heyvani, iyrənc cəhətlərlə təmasdadır və insan təbiətinin yalnız zəiflik və amansızlığını ifadə edir. Ey azad, bəşəri xalqın övladları, xristianlar, ey sadə adamlar, bəs siz niyə təmiz həzz verən, dilənən zavallı adamı soyuq və rişxəndlə qarşıladınız? Lakin yox, sizin vətəndə dilənçilər üçün evlər var, dilənçi yoxdur, onlar olmamalıdırlar da və dilənçiliyin əsaslandığı şəfqət hissi də olmamalıdır. O isə axı zəhmət çəkmişdi, sizi sevindirmişdi, yalvarırdı ki, istifadə etdiyiniz əməyi üçün artıq pulunuzdan ona bir şey verəsiniz. Siz isə öz yüksək imarətlərinizdən soyuq bir təbəssümlə nadir bir şey kimi ona baxırdınız və yüz nəfərədək xoşbəxt, varlı adamdan bir nəfər cənab və xanım tapılmadı ki, ona bir şey tullaya! O xəcalət çəkib sizdən uzaqlaşdı. Düşüncəsiz kütlə də sizə deyil, ona güldü, onu izlədi, onu təhqir etdi. Ona görə ki siz soyuq, amansız və insafsızsınız; ona görə ki sizə verdiyi həzzi ondan oğurladınız, buna görə onu təhqir etdilər.

"1857-ci il iyulun yeddisində Lütserndə ən varlı adamların düşdüyü Şveytserqof hotelinin qarşısında bir nəfər dilənçi müğənni yarım saat gitarada çalmış və mahnı oxumuşdur. Yüz nəfərədək adam onu dinləmişdir. Müğənni üç dəfə xahiş etmişdir ki, ona bir şey versinlər. Lakin bir nəfər də ona heç bir şey verməmiş və çoxu onu məsxərəyə qoymuşdur".

Bu, uydurma deyil, tam bir faktdır ki, araşdırmaq istəyənlər Şveytserqofun daimi sakinlərindən və ya həmin tarixdə Şveytserqofda əcnəbilərdən kimlərin yaşadığı barədə qəzetlərdən məlumat almaq yolu ilə öyrənə bilərlər.

Bu hadisəni bizim zəmanənin tarixçiləri silinməz hərflərlə yazmalıdırlar. Bu hadisə qəzetlərdə və tarix kitablarında yazılan faktlardan daha əhəmiyyətli, daha ciddi və daha dərinmənalıdır. İngilislər min nəfər çinlini ona görə öldürmüşdülər ki, çinlilər pulla heç bir şey almırlar, amma onların ölkələri cingiltili sikkələri udur, fransızlar yenə minlərlə ərəbi ona görə öldürüblər ki, Afrikada taxıl yaxşı bitir, daimi müharibə qoşunların təşəkkülü üçün xeyirlidir. Neapolda Türkiyə səfiri yəhudi ola bilməz, imperator Napoleon Plombierdə[21 - Plombier – Belçikada ərazi] piyada gəzir və mətbuat vasitəsilə xalqı inandırır ki, o, ancaq xalqın iradəsi ilə hökmranlıq eləyir – bütün bu sözlər çoxdan məlum olan hadisələri ört-basdır edir, ya da açıb göstərir.

Yeddi iyulda Lütserndə baş vermiş hadisə isə, məncə, tamamilə yeni, qəribədir və insan təbiətinin daimi eybəcər cəhətlərinə deyil, bəlkə də, cəmiyyət inkişafının müəyyən dövrünə aiddir. Bu fakt insan fəaliyyətinin tarixi üçün deyil, tərəqqi və sivilizasiya tarixi üçündür.

Nə üçün bu qeyri-bəşəri fakt heç bir alman, fransız, ya da italyan kəndində deyil, burada, sivilizasiyanın, azadlığın və bərabərliyin son dərəcə inkişaf etdiyi, səyyahların, ən mədəni millətlərin, ən mədəni adamların toplaşdıqları bu yerdə baş verir? Nə üçün bu inkişaf etmiş, humanist, bir sözlə, hər cür namuslu, bəşəri işə qabil olan adamlarda öz şəxsi xeyirxah işlərinə qarşı bəşəri, səmimi hislər yoxdur? Nə üçün bu adamlar öz palatalarında, mitinq və cəmiyyətlərdə Hindistanda subay çinlilərin vəziyyəti, Afrikada xristianlığın yayılması və yaradılması, bütün insanlığın islahı üçün müxtəlif cəmiyyətlərin tərtib edilməsinin qayğısına qala bilir, lakin öz qəlblərində insanın insana olan sadə ibtidai hissini tapa bilmirlər? Doğrudanmı, bu hiss yoxdur və onun yerini bu adamları palatalarda, mitinqlərdə və cəmiyyətlərdə idarə edən şöhrətpərəstlik və tamah tutmuşdur? Doğrudanmı, insanların sivilizasiya adlanan məlun və xudbin assosiasiyalarının yayılması instinktiv və məhəbbət assosiasiyalarını məhv edir və ya onlara ziddir? Doğrudanmı, bu, uğrunda nə qədər günahsız qan tökülmüş və nə qədər cinayət edilmiş həmin bərabərlikdir? Doğrudanmı, xalqlar uşaqlar kimi, təkcə bir “bərabərlik” sözü ilə xoşbəxt ola bilərlər?

Qanun qarşısında bərabərlik! Məgər insanların bütün həyatı qanun çərçivəsində baş verir? Bu həyatın ancaq mindəbir hissəsi qanuna aiddir, qalan hissəsi isə onun xaricində, cəmiyyətin əxlaq və əqidəsi dairəsində baş verir. Xidmətçi dilənən müğənnidən yaxşı geyinib və onu alçaldır. Mən xidmətçidən yaxşı geyinmişəm və cəzasız olaraq onu təhqir edirəm. Xidmətçi məni özündən yüksək, müğənnini isə özündən alçaq hesab edir. Mən müğənni ilə birləşdiyim zaman o özünü bizə bərabər hesab etdi və buna görə də kobud hərəkətə keçdi. Mən xidmətçi ilə kobud rəftar etdim və o özünü məndən alçaq hesab etdi. Doğrudanmı, bu həmin azadlıqdır ki, insanlar onu mütləq azad dövlət hesab edirdilər və həmin dövlətdə, heç olmasa, bir vətəndaş var ki, o heç kəsə zərər yetirmədən, heç kəsə mane olmadan, bəlkə də, acından ölməmək üçün bir iş gördüyündən onu həbsxanaya salırlar.

Bədbəxt və zavallı bir məxluq olan insan özünün müsbət qərarlar tələbi ilə daimi hərəkətdə olan, intəhası görünməyən bu xeyir və şər faktlar, mülahizələr və ziddiyyətlər okeanına atılmışdır. İnsanlar bir tərəfdən xeyirxahlığa, o biri tərəfdən bədxahlığa yetişmək üçün əsrlərlə vuruşur, zəhmət çəkirlər. Əsrlər keçir və qərəzsiz ağıl xeyir və şər tərəzisinə haradasa və nəsə əlavə etməsinə baxmayaraq, tərəzinin oxu oyan-buyana əsmir və onun hər tərəfində xeyirxahlıq olduğu qədər bədxahlıq vardır. İnsan kəskin düşünməyi və ona verilən suallara, onların yalnız həmişəlik olaraq sual qalması üçün cavab verməməyi öyrənsəydi! Əgər o başa düşsəydi ki, hər bir fikir həm saxta və həm də ədalətlidir! Birtərəfliliyi və insanın bütün həqiqəti qavraya bilməzliyi ilə saxtadır, insan səyinin bir cəhətinin ifadə etməsi ilə ədalətlidir. İnsanlar əbədi hərəkət edən bu intəhasız xeyir və şər qat-qarışığında özlərinə bölmələr düzəldir, bu dənizdə xəyali xətlər çəkərək gözləyirlər ki, beləliklə də, dəniz bölünəcəkdir. Başqa nöqteyi-nəzərdən, başqa baxımdan milyonlarca belə bölmələr yoxdur. Doğrudur, bu bölmələr yüz illər boyu yaranır, lakin əsrlər keçib, milyon əsrlər də keçəcək. Sivilizasiya – nemətdir, vəhşilik – şərdir; azadlıq – nemətdir, əsarət – şərdir. Bax təsəvvür olunan bu bilik insan təbiətində olan instinktiv, ibtidai xeyirxahlıq tələbini öldürür. Kim təyin edib mənə deyə bilər ki, nə azadlıqdır, nə despotizmdir, nə sivilizasiyadır, nə vəhşilikdir? Bunlardan birinin və ya başqasının hüdudu haradadır? Bu xeyir və şər meyarı kimin qəlbində möhkəmdir ki, onun vasitəsilə bu uzaqlaşan dolaşıq faktları ölçə bilsin? Kimdə böyük bir ağıl vardır ki, heç olmasa, hərəkətsiz ötüb-keçən faktları qavrayıb onları təyin edə bilsin? Kim elə bir vəziyyət görüb ki, onda xeyirlə şər bir yerdə olmamış olsun? Və mən nə üçün bilirəm ki, birini o birindən çox görürəm, ona görəmi ki, lazımi yerdə dayanmamışam? Kim həyatdan, heç olmasa, bir anlığa tamamilə ayrıla bilər ki, ona yuxarıdan müstəqil baxa bilsin? Bizim bircə, yalnız bircə qüsursuz rəhbərimiz vardır, bu da hamımıza birlikdə və hərəyə təklikdə nüfuz edən, hərəyə lazım olan şeyə bir meyil bəxş edən ümumdünya ruhudur. Bu həmin ruhdur ki, ağaca günəşə doğru ucalmağı əmr edir, çiçəyə əmr edir ki, üzü payıza toxum buraxsın və bizə də əmr edir ki, qeyri-ixtiyari bir-birimizə qısılaq.

Təkcə bu qüsursuz, müqəddəs səs sivilizasiyanın gurultulu, sürətli inkişafını zəiflədir. Kim insandır, kim vəhşidir: müğənninin nimdaş paltarını görərək qəzəblə stolun arxasından durub qaçan və müğənninin zəhməti müqabilində ona gəlirinin milyondabir hissəsini verməyən və indi öz işıqlı rahat otağında oturaraq Çindəki vəziyyəti rahatca müzakirə edən, oradakı qatilləri ədalətli hesab edən lordmu, ya da cibində cəmi bir frank olan, həbs edilmək təhlükəsi altında iyirmi il heç kimə zərər toxundurmadan dağları və dərələri gəzərək öz mahnısı ilə insanlara təsəlli verən, təhqir olunan və bayaq az qala mehmanxanadan qovulan, indi isə utandırılıb yorğun, ac halda, harada isə çürük saman üstündə yatmağa gedən müğənnimi?

Bu zaman şəhərdə, gecənin dilsiz sükutu içərisindən, uzaqdan balaca adamın gitarasının və özünün səsini eşitdim.

– Yox, – qeyri-ixtiyari səsləndim, – ona acımağa və lorda qəzəblənməyə ixtiyarın yoxdur. Bu adamlardan hər birinin qəlbində ona daxili səadəti kim ölçmüşdür? Budur, indi o, haradasa çirkli bir astanada oturaraq parlaq aylı səmaya baxır və sakit, ətirli gecədə fərəhlə oxuyur, onun qəlbində nə danlaq, nə qəzəb və nə də peşmanlıq hissi var. Kim bilir, indi bu zəngin və uca divarların arxasında yaşayan insanların ürəklərində nələr baş verir? Kim bilir, bu balaca adamın qəlbində yaşayan bu qədər qayğısız, mülayim həyat sevinci və dünyadan razılıq sevinci onların hamısında varmı? Bu ziddiyyətlərin yaşamasına əmr və icazə verənin mərhəmət və hikməti tükənməzdir. Yalnız sənə – onun qanunlarına, niyyətlərinə kobud, qanunsuzcasına nüfuz etməyə çalışan zavallı soxulcana, yalnız sənə bu, ziddiyyət kimi görünür. O özünün ölçülməz parlaq yüksəkliyindən mülayimcəsinə baxır və sizin hamınızın ziddiyyətlə daim hərəkət etdiyiniz bu intəhasız harmoniyaya sevinir. Sən öz təkəbbürünlə ümumi qanunlardan qopmaq istəyirdin. Yox, sən də xidmətçilərə olan kiçik, mənasız qəzəbinlə, sən də əbədiyyət və intəhasızlığın ahəngdar tələbinə cavab vermisən…




ALBERT



I

Beş nəfər zəngin gənc gecə saat üçdə əylənmək üçün kiçik bir Peterburq balına gəlmişdilər. Çoxlu şampan içilmişdi, cənablardan əksəriyyəti cavan idi, qızlar da gözəldilər, fortepiano və skripkada bir-birinin ardınca polka çalınırdı, rəqs və gurultunun arası kəsilmirdi; ancaq bununla belə, məclis nə isə cansıxıcı və yöndəmsiz idi, nədənsə hamıya elə gəlirdi ki (belə hallar tez-tez olur), bütün bunlar öz qaydasında deyil və gərəksizdir.

Onlar bir neçə dəfə məclisi canlandırmağa çalışdılar, lakin saxta şənlik cansıxıcılıqdan daha pisdir.

Beş gəncdən biri həm özündən, həm də başqalarından və bütün gecədən daha çox narazı idi. O, nifrət hissi ilə ayağa qalxıb şlyapasını axtardı və səssiz-səmirsiz getmək üçün bayıra çıxdı.

Dəhlizdə heç kim yox idi, lakin qapının arxasından qonşu otaqda iki nəfərin mübahisə etdiyini eşitdi. Qadın səsi deyirdi:

– Olmaz, orada qonaqlar var.

– Buraxın, xahiş edirəm, heç bir şey eləmərəm! – deyə zəif kişi səsi yalvarırdı.

Qadın deyirdi:

– Xanım icazə verməsə, buraxmayacağam. Hara getdin? Ay səni!..

Qapı taybatay aralandı və astanada qəribə bir kişi fiquru göründü. Xidmətçi qadın qonağı görən kimi ondan əl çəkdi. Qəribə fiqur isə çəkinə-çəkinə baş əyərək, dizdən bükülən ayaqları səndirləyə-səndirləyə otağa daxil oldu. Bu, ortaboylu, dar, əyilmiş kürəyi və uzun, pırtlaşıq saçları olan bir kişi idi. Əynində qısa palto, yırtıq, ensiz şalvar, ayaqlarında qırış-qırış olmuş bulaşıq çəkmə vardı. Qalstuku ip kimi burub uzun ağ boynuna taxmışdı. Kirli köynəyi paltosunun qollarından çıxıb arıq əlləri üstə düşmüşdü. Lakin bədəninin həddindən artıq arıq olmasına baxmayaraq, sifəti zərif və ağdı, hətta seyrək qara saqqalından və bakenbardlarından yuxarıda, yanaqlarında qırmızılıq da nəzərə çarpırdı. Daranmamış saçlarını dala verdiyindən dar və həddindən artıq təmiz alnı açıqda qalmışdı. Qara yorğun gözləri mülayim və bununla belə, təmkinlə qabağa baxırdı. Onların ifadəsi cazibədarlıqla seyrək bığları altından görünən ucları büzüşmüş zərif dodaqlarının ifadəsinə qovuşmuşdu.

Bir neçə addım atıb dayandı, gəncə tərəf qanrıldı və gülümsədi. O sanki çətinliklə gülümsədi, lakin təbəssüm onun sifətini işıqlandırdıqda gənc də səbəbini bilmədən gülümsədi.

– O kimdir? – deyə qonaq qəribə fiqur rəqs səsi eşidilən otağa keçəndən sonra pıçıltı ilə xidmətçi qadından soruşdu.

– Teatrdandır, başıhavalı çalğıçıdır, – deyə xidmətçi qadın cavab verdi, – hərdənbir xanımın yanına gəlir.

Bu zaman salondan çağırdılar:

– Delesov, sən hara getdin?

Delesov dedikləri həmin gənc salona qayıtdı.

Çalğıçı qapının yanında durub rəqs edənlərə tamaşa eləyirdi. O öz təbəssümü və baxışı ilə, ayaqlarını qaldırıb-qoymaqla bu tamaşadan həzz aldığını bildirirdi.

Qonaqlardan biri ona dedi:

– Siz də gəlin, rəqs edin!

Çalğıçı baş əydi və sualedici bir nəzərlə ev sahibəsinə baxdı.

Ev sahibəsi söhbətə qarışdı:

– Gəlin, gəlin, əgər sizi cənablar dəvət edirsə, gəlin!

Çalğıçının arıq, zəif bədən üzvləri birdən-birə güclü bir hərəkətə gəldi. O gülümsəyib göz vurdu və dartınıb çətinliklə, ağır-ağır salonda atılıb-düşməyə başladı. Kadrilin[22 - Kadril – rəqs növü] ortasında çox gözəl, həvəslə rəqs edən şən zabit bilmədən kürəyi ilə çalğıçıya toxundu. Çalğıçının zəif, yorğun ayaqları müvazinətini saxlaya bilmədi, o, dizləri bükülə-bükülə bir neçə addım kənara çəkildi və döşəmənin üstünə sərildi. Onun yıxılması ilə güclü və quru bir səs eşidildi. Buna baxmayaraq ilk dəqiqədə, demək olar ki, hamı buna gülüşdü.

Lakin çalğıçı yerindən qalxmırdı. Qonaqlar susdular, hətta fortepianonun da səsi kəsildi. Delesov ev sahibəsi ilə yıxılanın yanına birinci yüyürdülər. O, dirsəyi üstə yıxılmışdı və sönük gözləri yerə zillənmişdi. Onu qaldırıb stula qoyduqları zaman çalğıçı cəld arıq əli ilə saçlarını alnından yığdı və suallara cavab vermədən gülümsəməyə başladı.

– Cənab Albert! Cənab Albert! – ev sahibəsi deyirdi, – əzildiniz? Haranız əzildi? Mən sizə dedim axı sizə rəqs eləmək olmaz. – Sonra qonaqlara müraciətlə sözünə davam etdi: – O, çox zəifdir, güclə yeriyir, ona rəqs etmək olar?

– Bu kimdir? – deyə ev sahibəsindən soruşdular.

– Zavallı bir adam. Artistdir. Çox yaxşı adamdır, ancaq görürsünüz də, yazıqdır.

O bu sözləri çalğıçının öz yanında ondan çəkinmədən deyirdi.

Çalğıçı özünə gəlmişdi, elə bil nədənsə qorxmuş kimi büzüşdü və onu dövrəyə almış adamları özündən araladı.

– Boş şeydir, – deyə birdən səsləndi və stuldan qalxmağa səy göstərdi.

Heç bir yerinin ağrımadığını sübut etmək üçün otağın ortasına çıxdı və tullanmaq istədi, lakin səndirlədi və onu tutan olmasaydı, təzədən yıxılacaqdı.

Hamı pərt olmuşdu, ona baxaraq susurdular.

Çalğıçının baxışı yenə küt bir ifadə aldı. O, görünür, hər şeyi unudaraq dizini ovxalayırdı. Birdən başını qaldırdı, titrəyən ayağını qabağa ataraq yenə əvvəlki mənasız bir hərəkətlə saçlarını dala tulladı və skripkaçıya yaxınlaşıb skripkanı ondan aldı.

– Hamısı boş şeydir, – deyə skripkanı əlində qolaylayıb yenə də təkrar etdi. – Cənablar, musiqi çalacağıq!

Qonaqlar öz aralarında deyirdilər:

– Nə qəribə adamdır!

Qonaqlardan biri dedi:

– Bəlkə də, bu zavallı xilqətin simasında böyük bir istedad məhv olur.

Bir başqası deyirdi:

– Hə, yazıqdır, yazıqdır!

– Gözəl simadır!.. Onda nə isə fövqəladə bir şey var, – Delesov dedi, – indi görərik…


II

Albert bu zaman heç kəsə əhəmiyyət vermədən, skripkanı çiyninə sıxaraq, fortepianonun yanında var-gəl edə-edə onu sazlayırdı. Dodaqları sıxılıb soyuq bir ifadə almışdı. Gözləri görünmürdü. Ensiz, arıq kürəyi, uzun, ağ boynu, əyri qıçları, pırtlaşıq saçlı qara başı qəribə bir şəkil almışdı və nə üçünsə heç də gülünc görünmürdü. O, skripkanı sazladıqdan sonra cəld akkord götürdü və başını geri ataraq, onu müşayiət etməyə hazırlaşan pianoçuya "Melancholie C-dur"[23 - Dur (major) tonunda melanxoliya] deyə amiranə bir əda ilə müraciət etdi. Bunun ardınca isə sanki lovğa ədasına görə üzr istəyirmiş kimi mülayimcəsinə gülümsədi və belə bir təbəssümlə adamlara baxdı. Kamanı tutduğu əli ilə saçlarını geri verərək fortepianonun küncündə durub rəvan bir hərəkətlə kamanı simlərdə gəzdirdi. Otağa şəffaf, ahəngdar bir səs yayıldı və tam bir sakitlik yaratdı.

Musiqi səsləri bir-birinin arxasınca sərbəst və incəliklə axaraq gözlənilməz, aydın təskinlik yayan bir işıqla hər bir dinləyicinin daxili aləmini aydınlatdı. Nə saxta, nə də ifrat bir səs dinləyicilərin rahatlığını pozmurdu, bütün səslər aydın, zərif və təsirli idi. Hamı susaraq həyəcanla onların inkişafını izləyirdi. Bu adamlar düşdükləri cansıxıcı, gurultulu və ruhi yuxululuq vəziyyətindən birdən-birə özləri də bilmədən, unutmuş olduqları tamamilə başqa bir aləmə köçdülər. Onların qəlbində gah keçmişin sakitcə seyri kimi bir hiss, gah nə isə xoş bir şeyin ehtiraslı xatirəsi, gah hüdudsuz bir hakimiyyət və şöhrət tələbi, gah da itaətkarlıq, nakam məhəbbət və kədər hisləri baş qaldırırdı. Gah kədərli-zərif, gah coşqun-şiddətli səslər sərbəstcəsinə hörülüb bir-birinin arxasınca elə incə, elə güclü və elə qeyri-iradi axırdı ki, sanki eşidilən səs deyildi, bəlkə də, hərənin qəlbinə çoxdan tanış olan, lakin ilk dəfə poeziyanın dilə gətirdiyi gözəl bir axın yol tapırdı.

Albert notdan-nota daha yüksəklərə qalxırdı. O heç də eybəcər, ya da qəribə görünmürdü. Skripkanı çənəsinə sıxaraq ehtiraslı bir diqqətlə səslərə qulaq asır və ayaqlarını əsəbiliklə tərpədirdi. O gah dimdik düzəlir, gah da belini səylə əyirdi. Gərginliklə bükülmüş sol qolu elə bil öz vəziyyətində donub-qalmışdı, yalnız arıq barmaqları əsəbiliklə hərəkət edirdi. Sağ əli rəvanlıqla, incəliklə, sezilmədən hərəkət edirdi. Sifəti ardıkəsilməz bir fərəhlə işıldayırdı, gözləri açıq bir parıltı ilə yanır, burun pərələri körüklənir, qırmızı dodaqları həzdən aralanırdı. Bəzən başı skripkaya tərəf əyilir, gözləri yumulur və saçları ilə yarıörtülü sifəti mülayim bir sevinc təbəssümü ilə işıqlanırdı. Bəzən də ayağını geri çəkərək dümdüz düzəlirdi. Elə bu zaman onun təmiz alnı və otağa nəzər salan parlaq gözləri qürur, əzəmət və üstünlük düşüncəsi ilə parlayırdı.

Bir dəfə pianoçu çaşıb səhv bir akkord götürdü. Çalğıçının bütün fiqurunda və sifətində fiziki əzab duyuldu. O, bir dəqiqəliyə durdu və uşaq qəzəbi ilə ayağını yerə vurub çığırdı: "Moll, c-moll!"[24 - C-moll (do minor) – minor tonda “do” səsi] Pianoçu səhvini düzəltdi, Albert gözünü yumub gülümsədi və özünü, başqalarını və bütün dünyanı unudaraq zövqlə işinə davam etdi.

Albert çaldığı müddətdə otaqda olanların hamısı lal bir sükuta qərq olmuşdu və elə bil ancaq musiqinin səsləri ilə yaşayır və nəfəs alırdılar.

Şux zabit pəncərənin yanında stulda oturaraq sönük baxışlarını döşəməyə dikmişdi və arabir ağır-ağır nəfəs alırdı. Qızlar divar diblərində tam bir sükut içərisində əyləşmişdilər və ancaq hərdənbir təqdir və heyrət bildirən baxışlarla bir-birinə baxırdılar. Ev sahibəsinin gülümsər, kök sifəti sevinc içindəydi. Pianoçu gözlərini Albertin sifətinə, dartılmış bədəninə zilləmişdi. Yenə səhv edəcəyindən qorxduğu üçün onu izləməyə çalışırdı. Qonaqlardan biri başqalarından daha çox içmişdi və üzüüstə divanda uzanaraq öz həyəcanını büruzə verməmək məqsədilə tərpənməməyə çalışırdı. Delesov qeyri-adi bir hiss içərisindəydi. Hansısa görünməz, soyuq dairə gah yığılır, gah da genişlənərək başını sıxırdı. Saçlarının dibi də göynəyirdi, kürəyini soyuq bir rəşə bürümüşdü, nə isə getdikcə qalxaraq boğazına dirənir, nazik iynə ucu kimi burun və damağına sancılır və göz yaşları yanağını isladırdı. O, başını silkələyərək onları sezilmədən silməyə çalışırdısa da, gözündən təzə damlalar süzülüb yenidən yanağı ilə axırdı. Təəssüratının qəribə şəkildə bir-birinə qarışması nəticəsində Albertin skripkasının ilk sədaları Delesovu ilk gənclik illərinə aparıb çıxardı. Artıq o qədər də gənc deyildi, həyatdan bezmiş, taqətdən düşmüş olan Delesov birdən-birə özünü on yeddi yaşlı, özündənrazı, gözəl, bəxtiyar, səfeh, düşüncəsiz, xoşbəxt bir məxluq kimi hiss etdi. Çəhrayı paltarlı əmisi qızına olan ilk məhəbbəti yadına düşdü, cökə xiyabanında ilk dəfə məhəbbətini izhar etdiyini xatırladı, təsadüfi öpüşün hərarət və anlaşılmaz füsunkarlığını və o zaman onun ətrafındakı təbiətin möcüzəsini və dərkedilməz əsrarəngizliyini xatırladı. Onun geri qayıtmış xəyalında o qız qeyri-müəyyən ümidlər, anlaşılmaz arzular və mümkün olmayan səadətin mümkünlüyünə şübhəsiz bir inam dumanı içərisində parladı. O zamanın qiymətləndirilməmiş bütün dəqiqələri gəlib gözləri qabağından keçdi. Lakin bu dəqiqələr indi irəli qaçan zamanın mənasız anları kimi deyil, bəlkə də, keçmişin dayanan, şaxələnən, tənəli obrazları kimi xəyalında bərpa olunurdu. O, məmnuniyyətlə onlara tamaşa edir və ağlayırdı. Ona görə ağlamırdı ki, bu ötüb-keçmiş zamandan yaxşı istifadə edə bilərdi (əgər zamanı ona geri qaytarsaydılar, ondan yaxşı istifadə etməyə çalışmazdı da), ona görə ağlayırdı ki, bu zaman ötüb-keçib və bir də geri qayıtmayacaq. Xatirələr öz-özünə canlanır, Albertin skripkası isə ancaq bir şey deyirdi: "Qüvvət, məhəbbət və səadət zamanı səndən ötrü ötüb-keçib. Keçib və heç zaman geri qayıtmayacaq. Onun üçün ağla, bütün göz yaşlarını axıt və bu zaman üçün tökdüyün göz yaşları içərisində də öl, bu sənə qalmış ən yaxşı səadətdir".

Sonuncu hissənin axırına doğru Albertin sifəti qıpqırmızı pörtmüşdü, gözləri yanır, iri tər damcıları yanağı ilə süzülürdü. Alnında damarları şişmişdi; bütün bədəni getdikcə daha çox hərəkətə gəlirdi. Rəngi qaçmış dodaqları daha bağlanmırdı və bütün görkəmi aldığı həzzi coşqun bir vəcdlə ifadə edirdi.

O, bütün bədənini var gücü ilə hərəkətə gətirərək saçlarını əsdirdi və skripkanı yanına salaraq məğrur bir əzəmət və səadət təbəssümü ilə məclisdəkilərə baxdı. Sonra beli əyildi, başı sinəsinə düşdü, dodaqları sıxıldı, gözlərinin işığı söndü və sanki özündən xəcalət çəkərək cəsarətsizcəsinə ətrafına baxdı və ayaqları dolaşa-dolaşa o biri otağa keçdi.


III

Məclisdəkilərin hamısına elə bil nəsə olmuşdu və Albertin ifası qurtarandan sonra araya çökmüş sükut içərisində nə isə qəribə bir şey hiss olunurdu. Elə bil hərə bu gördüklərinin mənasını demək istəyir, ancaq bacarmırdı. İşıqlı və isti otaq, gözəl qadınlar, pəncərələrdəki sübh şəfəqi, coşmuş qan və uçub getmiş səslərin təmiz təəssüratı nə deməkdi? Lakin bunun nə demək olduğunu heç kim söyləməyə cəhd etmirdi. Əksinə, onlara yeni təəssürat gətirmiş adamın tərəfinə tamamilə keçməkdə, demək olar ki, hamı özünü aciz hiss edərək ona ürəklərində qəzəblənirdilər.

Zabit dedi:

– O ki olduqca yaxşı çalır.

Delesov qolu ilə yanağını gizlicə silərək cavab verdi:

– Fövqəladədir!

Divanda uzanan azca özünə gələrək dedi:

– Cənablar, getmək vaxtıdır. Axı musiqiçiyə də bir şey vermək lazımdır. Gəlin pul yığaq.

Albert bu zaman o biri otaqda, tək-tənha divanda oturmuşdu. O, arıq dizlərinə dirsəklənmişdi; tərləmiş çirkli əlləri ilə üzünü tumarlayır, saçlarını hamarlayır və öz-özünə fərəhlə gülümsəyirdi.

Çoxlu pul yığıldı və onu Albertə verməyi Delesov öz boynuna götürdü.

Bundan başqa, musiqinin daha güclü və fövqəladə təsir bağışladığı Delesovun başına belə bir fikir gəlmişdi ki, bu adama yaxşılıq eləsin. Fikirləşdi ki, onu öz yanına alsın, geyindirsin və harasa bir işə düzəltsin – bir sözlə, onu bu iyrənc vəziyyətindən qurtarsın.

Delesov ona yaxınlaşıb soruşdu:

– Nədi, yorulmusunuz?

Albert gülümsədi.

– Sizdə əsl istedad var, musiqi ilə ciddi məşğul olmalısınız, camaat üçün çalmalısınız.

Albert yuxudan ayılan kimi oldu.

– Bir şey içərdim, – dedi.

Delesov şərab gətirdi. Çalğıçı acgözlüklə iki stəkan içdi.

– Nə yaxşı şərabdır! – dedi.

Delesov dedi:

–"Melanxoliya" nə füsunkarmış!

– Hə! Bəli, bəli, – deyə Albert gülümsəyərək cavab verdi, – ancaq məni bağışlayın, bilmirəm kiminlə danışmaq şərəfinə nail olmuşam: bəlkə, qrafsınız, ya da knyazsınız. Mənə bir az pul verə bilərsinizmi? – O, bir az susdu. – Mənim heç nəyim yoxdur… yoxsulam. Onu sizə qaytara bilməyəcəyəm.

Delesov qızardı və tez toplanmış pulu çalğıçıya verdi.

Albert pulu qamarlayıb aldı.

– Çox minnətdaram. İndi isə yenidən musiqiyə keçək. Nə qədər istəsəniz, sizin üçün ifa edərəm. – Ayağa qalxıb əlavə etdi: – Ancaq yenə bir şey olsaydı, içərdim.

Delesov ona yenə şərab gətirdi və xahiş etdi ki, yanında əyləşsin.

– Sizinlə açıq danışsam, məni bağışlayın, – Delesov dedi. – Sizin istedadınız məni çox maraqlandırdı. Mənə elə gəlir ki, sizin vəziyyətiniz pisdir.

Albert gah Delesova, gah da otağa daxil olmuş ev sahibəsinə baxdı.

– İcazə verin, sizin xidmətinizdə hazır olduğumu bildirim, – deyə Delesov sözünə davam etdi. – Əgər bir şeyə ehtiyacınız varsa, hazıram. Mən çox şad olaram ki, siz bir müddətə yanıma köçəsiniz. Mən tək yaşayıram, bəlkə, sizə faydam toxundu.

Albert gülümsəyib heç bir cavab vermədi.

– Nə üçün minnətdarlıq eləmirsiniz? Əlbəttə, bu sizin üçün yaxşılıqdır. Ancaq bunu sizə məsləhət bilməzdim, – deyə ev sahibəsi Delesova müraciət etdi və başını buladı.

– Sizə çox minnətdaram, – deyə Albert yaş əlləri ilə Delesovun əlini sıxdı, – indi isə buyurun, sizin üçün ifa edim.

Lakin qalan qonaqlar artıq getməyə hazırlaşmışdılar, Albert onları dilə tutsa da, dəhlizə çıxdılar.

Albert ev sahibəsi ilə xudahafizləşdi və bütün qış geyimini təşkil edən enli kənarlı köhnə şlyapasını və nimdaş yaz almavivasını[25 - Almaviva – kişi plaşı] geyinib Delesovla birlikdə artırmaya çıxdı.

Öz təzə tanışı ilə karetə minən Delesov çalğıçıdan qalxan sərxoşluq və natəmizlik iyini hiss etdikdə öz hərəkətinə peşman oldu və özünü uşaq ürəyiyumşaqlığı və düşüncəsizliyinə görə töhmətləndirməyə başladı. Bundan başqa, Albert mənasız və boş şeylər danışırdı və açıq havada içki onu elə tutmuşdu ki, Delesov tamam iyrəndi. "Mən onunla nə eləyəcəyəm?" – deyə fikirləşdi.

On beş dəqiqə yol gedəndən sonra Albert susdu, şlyapası ayaqlarının altına düşdü, özü də karetin bir küncünə yıxılıb xoruldamağa başladı. Çarxlar donmuş qarın üstündə aramla xırçıldayırdı. Sübh şəfəqinin zəif işığı donmuş pəncərələrdən içəri süzülürdü.

Delesov öz qonşusuna tərəf qanrıldı. Albertin plaşla örtülmüş arıq bədəni cansız halda böyründə uzanmışdı. Delesova elə gəldi ki, iri, tünd burunlu uzunsov bir baş onun bədəni üstündə yırğalanır, lakin yaxından baxanda gördü ki, ona sifət və burun kimi görünən Albertin saçlarıdır, onun əsl sifəti isə aşağıda idi. O əyilib çalğıçının sifətini aydın seçə bildi və alnının gözəlliyi, sakitcə büzüşmüş ağzı təzədən onu məftun etdi.

Delesov bu sifətə baxaraq əsəblərinin yorğunluğunun, qıcıqlandırıcı yuxusuz sübh saatının və eşitdiyi musiqinin təsiri altında özünü təzədən bu gecə xəyalında canlandırdığı gözəl aləmdə hiss etdi. Gəncliyinin xoşbəxt və comərd vaxtları təzədən yadına düşdü, o öz hərəkəti üçün daha peşmançılıq çəkmədi. O bu dəqiqədə Alberti ürəkdən və hərarətlə sevirdi və qəti qərara gəldi ki, ona yaxşılıq eləsin.


IV

Ertəsi səhər işə getmək üçün onu oyatdıqları zaman Delesov xoşagəlməz bir təəccüblə ətrafında özünün köhnə şirmasını[26 - Şirma (alm. schirm – müdafiə) – soyunub-geyinmək üçün qatlanan, rahat daşınan mebel növü; bəzən bir otağı bölmək üçün də (mətbəx və ya yataq otağı kimi) interyer vasitəsi kimi istifadə olunur.] və stol üstündəki saatını gördü. "Məni həmişə əhatə edən bu şeylərdən başqa daha nəyi görmək istəyirdim?" – deyə özündən soruşdu. Dərhal çalğıçının qara gözlərini və xoşbəxt təbəssümünü xatırladı. "Melanxoliya"nın motivi və bütün dünənki qəribə gecə xəyalında canlandı.

Çalğıçını yanına gətirməklə yaxşı və ya pis hərəkət etdiyi barədə fikirləşməyə vaxtı yox idi. Geyinə-geyinə xəyalında öz gününü bölüşdürdü: kağız-kuğuzunu götürdü, ev işləri barədə lazımi göstərişlər verib tələsik şinel və qaloşlarını geydi. Yemək otağının yanından keçərkən qapıya baxdı. Albert üzünü balışa dirəyib üstüaçıq, çirkli cırıq köynəkdə tumac divanda ölü kimi yatırdı. Onu buraya dünən axşam hissiz halda uzatmışdılar. Bu, Delesova istər-istəməz xoşagəlməz bir hal kimi göründü.

O öz xidmətçisinə dedi:

– Boryuzovskinin yanına get, mənim adımdan onun üçün bir neçə günlüyə skripka al. Oyananda da ona qəhvə ver və alt tuman-köynəyimdən və köhnə paltarlarımdan bir şey ver geysin. Bir sözlə, ona yaxşı qulluq elə.

Delesov axşamdan keçmiş evə qayıtdıqda Alberti görməyib təəccübləndi.

– O haradadır? – deyə öz xidmətçisindən soruşdu.

Xidmətçi dedi:

– Yeməkdən sonra skripkanı da götürüb o saat getdi. Vəd elədi ki, bir saata gələcək, ancaq indiyədək gəlib çıxmayıb.

– Belə! Təəssüf! – Delesov söyləndi. – Zaxar, necə oldu ki, sən onu buraxdın?

Zaxar Peterburq lakeylərindən[27 - Lakey – eşikağası, xidmətçi] idi, artıq səkkiz il idi ki, Delesovun yanında xidmət edirdi. Delesov tək yaşayan subay kimi istər-istəməz öz fikir və niyyətlərini ona etibar edib danışır və öz tədbirlərinin hər biri barədə onun rəyini öyrənməyi sevərdi.

Zaxar saatının möhürcüyünü əlində hərləyərək dedi:

– Mən onu necə buraxmaya bilərdim? Dmitri İvanoviç, mənə desəydiniz ki, onu evdən buraxma, mən də onu saxlardım. Siz mənə ancaq paltar barədə dediniz.

– Belə! Çox heyif! Bəs o mənsiz burada nə eləyirdi?

Zaxar gülümsündü.

– Elə bil əsl artistdi, Dmitri İvanoviç. Oyanan kimi madera[28 - Madera – çaxır növü] istədi. Sonra mətbəx xidmətçisi və qonşu ilə söhbət elədi. Çox məzəli idi. Ancaq yaxşı xasiyyəti var. Mən ona çay verdim, xörək gətirdim, tək yemək istəmədi, hamını dəvət elədi. Hələ skripkada elə çalırdı ki, yəqin, belə musiqiçi az tapılar. Belə adama əl tutmaq lazımdır. "Volqa ilə üzüaşağıya" mahnısını elə çaldı ki, elə bil adam ağlayırdı. Çox yaxşı çalırdı! Hətta bütün mərtəbələrdə adamlar bizə gəlib dəhlizdə qulaq asırdılar.

– Bəs onu geyindirdinmi? – deyə ağa onun sözünü kəsdi.

– Bəs necə! Mən sizin alt köynəyinizi verdim və öz paltomu ona geyindirdim. Belə adama kömək eləmək lazımdır, – Zaxar gülümsündü, – hamısını məndən yerbəyer soruşdu: mənsəbiniz nədir, yuxarı dairələrdə adamınız, tanışlığınız varmı, təhkimli kəndliləriniz nə qədərdir?

– Hə, yaxşı, ancaq onu tapmaq lazımdır və bundan sonra ona içməyə heç nə vermə, bununla ona daha da pislik edərsən.

– Orası elədir, – deyə Zaxar onun sözünü kəsdi, – görünür, bədəncə zəifdir. Bizim ağanın da belə bir xidmətçisi vardı…

Delesov içki düşkünü olan həmin xidmətçinin tarixini çoxdan bildiyindən Zaxara sözünü qurtarmağa imkan vermədi və tapşırdı ki, gecə üçün lazım olan bütün şeyləri hazırlasın və onu Alberti tapıb gətirmək üçün göndərdi.

O, yatağına girdi, şamı söndürdü, ancaq xeyli müddət yata bilmədi, elə hey Albert barədə fikirləşirdi. "Bütün bunlar tanışlarımdan çoxuna qəribə görünə bilər, – Delesov fikirləşirdi, – axı çox nadir hallarda başqaları üçün belə bir iş görürsən və Allaha şükür eləmək lazımdır ki, belə bir imkan düşüb və mən də onu əldən buraxmıram. Ona kömək etmək üçün hər şeyi edəcəm, bacardığım şeyi əsirgəməyəcəm. Bəlkə, o heç də dəli deyil, adicə içəndir? Bu mənə heç də baha başa gəlməyəcək: bir nəfər olan yerdə ikincinin də qarnı doyacaq. Əvvəlcə qoy yanımda yaşasın, sonra isə bir yerə, ya da konsertə düzəldərik, təki onu bu bataqlıqdan çəkib çıxardaq, sonrasına baxarıq".

Belə bir mülahizədən sonra onu xoş özündənrazılıq hissi bürüdü.

"Həqiqətən, mən pis adam deyiləm, hətta qətiyyən pis adam deyiləm, – o fikirləşirdi, – hətta çox yaxşı adamam, özümü başqaları ilə müqayisə edəndə…"

Dəhlizdə açılan qapının cırıltısı və addım səsləri eşidiləndə o artıq yuxuya gedirdi.

"Hə, mən onunla ciddi danışmalıyam, – fikirləşdi, – belə yaxşıdır və mən bunu etməliyəm".

O, zəngi çaldı.

– Hə, gətirdin? – deyə içəri girən Zaxardan soruşdu.

– Yazıq adamdır, Dmitri İvanoviç, – deyə Zaxar mənalı bir tərzdə başını bulayıb gözlərini yumdu.

– Nə olub, sərxoşdur?

– Çox zəifdir.

– Skripka yanındadır?

– Gətirmişəm. Ev sahibəsi verdi.

– Amma indi onu mənim yanıma buraxma, apar yatırt və sabah evdən qəti buraxma.

Lakin Zaxar çıxmağa macal tapmamışdı ki, Albert otağa daxil oldu.


V

– Siz yatmaq istəyirdiniz? – Albert gülümsəyərək dedi. – Mən orada Anna İvanovnanın yanındaydım. Axşamı xoş keçirdik: musiqi çalmışıq, gülmüşük, yaxşı cəmiyyət idi. – Sonra stolun üstündəki su qrafinini götürüb əlavə etdi: – Mənə icazə verin bir stəkan nə isə içim, ancaq su olmasın.

Albert elə dünənki kimi idi: gözlərinin və dodaqlarının həmin gözəl təbəssümü, həmin parlaq, ilhamlı alın və zəif bədən üzvləri. Zaxarın paltosu lap əyninə idi və köynəyinin təmiz, uzun, nişastalanmamış yaxası nazik, ağ boynunun dövrəsində gözəl bir şəkildə qatlanaraq ona məsumanə bir uşaq ifadəsi verirdi. O, Delesovun yatağında oturaraq dinməzcə, fərəh və minnətdarlıqla ona gülümsəyirdi. Delesov Albertin gözlərinə baxdı və birdən-birə özünü yenə onun təbəssümünün tabeliyində hiss etdi. O daha yatmaq istəmirdi, Albertə qarşı ciddi olmaq barədəki vəzifəsini də unutdu, indi əksinə, keflənmək, musiqi dinləmək və lap sübhədək oturub Albertlə dostcasına laqqırtı vurmaq istəyirdi. Delesov Zaxara tapşırdı ki, bir butulka şərab, papiros və skripka gətirsin.

Albert dedi:

– Bax bu əla oldu! Hələ ertədir, çalacağıq, nə qədər istəsəniz, sizin üçün musiqi səsləndirəcəm.

Zaxar nəzərəçarpan bir məmnuniyyətlə bir butulka şərab, iki stəkan, Albertin çəkdiyi zəif papiros və skripkanı gətirdi. Ağanın ona tapşırdığı kimi gedib yatmaq əvəzinə, qonşu otaqda oturub siqar çəkməyə başladı.

Delesov skripkanı əlinə almaq istəyən çalğıçıya dedi:

– Yaxşısı budur ki, söhbət eləyək.

Albert itaətkarlıqla yataqda oturub fərəhlə gülümsədi.

– Eh, yaxşı yadıma düşdü, – deyə birdən əlini alnına vuraraq qayğılı bir ifadə aldı. (Onun sifətinin ifadəsi həmişə nə demək istədiyini qabaqcadan bildirirdi.) – İcazə verin bir şey soruşum… – O, bir qədər dayandı. – Dünən axşam sizinlə orada olan cənab… siz onu N adlandırırdınız, məşhur N-in oğlu deyil?

– Doğma oğludur, – deyə Delesov bunun Alberti nə üçün maraqlandırmasının fərqinə varmadan cavab verdi.

– Odur da, – Albert razılıqla gülümsədi, – mən o saat onun ədalarında nə isə kübarcasına bir şey sezdim. Mən kübarları sevirəm: kübarlarda nə isə gözəl, incə bir şey nəzərə çarpır. Gözəl rəqs edən zabit vardı ha, – dedi, – o da xoşuma gəldi, yaman əhvallı və alicənab adamdır. Deyəsən, o, N-in adyutantıdır[29 - Adyutant (lat. adjutans – köməkçi) – hərbi rütbə, köməkçi zabit; hazırkı praporşik, donanmada – miçman]?

– Hansını deyirsiniz? – Delesov soruşdu.

– Rəqs elədiyimiz zaman mənimlə toqquşanı. Görünürdü ki, yaxşı adamdır.

– Yox, o, boş adamdır. – Delesov cavab verdi.

– Yox, yox! – Albert hərarətlə havadar çıxdı, – onda nə isə xoş bir şey var. O həm də yaxşı çalğıçıdır, – deyə Albert əlavə etdi, – orada o, hansı operadansa bir hissə çaldı. Çoxdandır ki, heç kəs belə xoşuma gəlməyib.

– Bəli, o, yaxşı çalır, ancaq mən onun çalmasını xoşlamıram, – deyə Delesov müsahibini musiqi barədə söhbətə gətirib çıxarmaq istədi. – O, klassik musiqini başa düşmür. Axı Donizetti və Bellini musiqi deyil. Siz də, yəqin, bu fikirdəsiniz.

– Yox, yox, məni bağışlayın, – Albert xəfif bir havadarlıq ifadəsi ilə dilləndi, – köhnə musiqi də musiqidir. Təzə musiqidə isə qeyri-adi bir gözəllik var; məsələn: “Somnambul”?[30 - “Somnambul” – italyan bəstəkarı Vinçenso Bellininin operası] “Luçiya”nın[31 - “Luçiya” – italyan bəstəkarı Donizetti Qaytanonun tragik operası] finalı? Şopen? Robert? Mən tez-tez fikirləşirəm ki, – o, görünür, fikrini toplamaq üçün dayandı, – əgər Bethoven sağ olsaydı, o, “Somnambul”u dinləyərkən ağlayardı. Hər yerdə gözəllik var. Mən “Somnambul”u birinci dəfə Viardo[32 - Polina Viardo (1821-1910) – fransız müğənnisi, bəstəkarı, vokal pedaqoqu] və Rubini[33 - Covanni Batista Rubini (1794-1854) – tanınmış italyan opera müğənnisi] burada olduqları zaman eşitmişəm. Bu, bilirsiniz nə idi, elə bil, – onun gözləri parıldadı və iki əlinin işarəsi ilə göstərdi ki, guya sinəsindən nə isə çıxarır. – Bir az da davam etsəydi, ona daha dözmək olmazdı.

– Bəs indi, opera barədə nə fikirdəsiniz? – deyə Delesov soruşdu.

– Bozio[34 - Ancolina Bozio (1830-1859) – italyan opera müğənnisi] yaxşıdır, çox yaxşıdır, – cavab verdi, – son dərəcə gözəldir, ancaq buraya təsir eləmir, – çuxura düşmüş sinəsini göstərərək dedi. – Müğənni üçün ehtiras lazımdır, ancaq onda yoxdur. O sevindirir, lakin əzab vermir.

– Bəs Lablaş?[35 - Luici Lablaş (1794-1858) – italyan opera müğənnisi]

– Mən onu hələ Parisdə, "Sevilya bərbəri"ndə[36 - “Sevilya bərbəri” – italyan bəstəkarı Coakkino Rossininin (1792-1868) operası] dinləmişəm. Onda o tək idi, misli-bərabəri yox idi, indi isə qocalıb. O daha artist ola bilməz, qocalıb.

– Nə olsun ki qocadır, ansamblda, hər halda, yaxşıdır, – Delesov Lablaş barədə həmişə dediyini təkrar etdi.

– Necə yəni nə olsun? – Albert ciddi etiraz elədi. – Sənətkar qoca olmamalıdır. Sənətə çox şey lazımdır. Başlıcası isə atəşdir! – gözləri işıldadı, hər iki əlini yuxarı qaldırdı.

Doğrudan da, onun bütün görkəmində qorxunc, daxili bir od şölələnirdi. Birdən o dedi:

– Oh, pərvərdigara! Siz Petrovu, rəssam Petrovu tanımırsınız ki?

– Xeyr, tanımıram, – deyə Delesov gülümsəyərək cavab verdi.

– Çox istərdim ki, onunla tanış olasınız. Onunla söhbətdən həzz alarsınız. O da sənəti çox yaxşı başa düşür. Biz onunla qabaqlar Anna İvanovnagildə tez-tez görüşürdük. Lakin indi Anna İvanovna nəyin üstündəsə ona hirslənib. Mənsə çox istərdim ki, siz onunla tanış olasınız. O, böyük, çox böyük istedaddır.

– O, şəkil çəkir? – Delesov soruşdu.

– Bilmirəm. Deyəsən, yox. O, akademiyanın rəssamı idi. Nə gözəl fikirləri var! Bəzən o danışanda heyrət edirsən. Oh, Petrov böyük istedaddır, ancaq çox kefcil bir həyat sürür. Heyif, – deyə Albert gülümsəyərək əlavə etdi. Bunun dalınca o, yataqdan qalxıb skripkanı götürdü və sazlamağa başladı.

– Siz çoxdan operada olmamısınız? – Delesov ondan soruşdu.

Albert ətrafına göz gəzdirib dərindən nəfəs aldı.

– Eh, daha bacarmıram, – deyib əlləri ilə başını tutdu. O, təzədən Delesovun yanında oturdu. – Sizə deyim ki, – o, demək olar, pıçıltı ilə söylədi, – mən oraya gedə bilmirəm, orada çala bilmirəm, heç nəyim yoxdur, heç nəyim. Paltarım yox, mənzilim yox, skripkam yox. Rəzil həyatdır! Rəzil həyatdır! – o, bir neçə dəfə təkrar etdi. – Nə üçün də oraya gedim? Nəyə lazımdır? Lazım deyil! – deyib gülümsədi. – Ah, "Don Juan!"[37 - “Don Juan” – görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Mosartın (1756-1791) operası] – və başına vurdu.

Delesov dedi:

– Bir vaxt tapıb birlikdə gedərik.

Albert cavab vermədən yerindən sıçrayıb qalxdı, skripkanı götürdü və "Don Juan"ın birinci pərdəsinin finalını çalmağa başladı və öz sözləri ilə operanın məzmununu danışdı.

O, ölən komandorun səsini çalarkən Delesovun başında tükləri biz-biz durdu.

– Yox, bu gün çala bilmərəm, – deyib skripkanı yerə qoydu, – çox içmişəm.

Bunun dalınca o, stola yaxınlaşdı, stəkanı ağzınadək şərabla doldurub birnəfəsə içdi və yenə də çarpayıda Delesovun yanında əyləşdi.

Delesov gözlərini çəkmədən Albertə baxırdı. Albert ara-sıra gülümsəyirdi, Delesov da gülümsəyirdi. Hər ikisi susmuşdu. Lakin baxışları və təbəssümləri ilə onların arasında daha yaxın məhəbbət əlaqələri yaranırdı. Delesov hiss edirdi ki, bu adamı getdikcə daha çox sevir və bundan anlaşılmaz bir sevinc duyur.

– Siz heç sevmisiniz? – deyə birdən-birə soruşdu.

Albert bir neçə saniyə fikrə getdi, sonra sifəti kədərli bir təbəssümlə işıqlandı. O, Delesov tərəfə əyilib diqqətlə gözlərinin içinə baxdı.

– Bunu məndən niyə soruşdunuz? – pıçıltı ilə dedi. – Ancaq sizə hamısını danışacam, siz xoşuma gəlirsiniz. – Bir qədər ətrafına göz gəzdirib sözünə davam etdi: – Mən sizi aldatmayacam, hamısını, başdan-ayağa necə olubsa danışacam. – O dayandı və gözləri qəribə, vəhşi bir ifadə aldı. – Siz bilirsiniz ki, mən ağıldankəməm, – birdən-birə dedi. – Bəli, bəli, – o, sözünə davam etdi. – Anna İvanovna, yəqin ki, sizə danışıb. O, hamıya deyir ki, mən dəliyəm. Bu, düz deyil. Zarafatla belə deyir, o, xeyirxah bir qadındır. Ancaq mən bir müddət, doğrudan da, tam sağlam deyildim.

Albert yenə susdu və geniş açılmış gözləri ilə qaranlıq qapıya baxdı.

– Siz soruşdunuz ki, mən sevmişəm, ya yox? Bəli, mən sevmişəm, – deyə qaşlarını qaldıraraq pıçıldadı. – Bu çoxdan olub, onda hələ teatrda işləyirdim. Mən operada ikinci skripkanı çalmağa gedirdim, o qadın isə sol tərəfdə literli benuara[38 - Literli benuar – teatr lojası] gəlirdi.

Albert qalxıb Delesovun qulağına tərəf əyildi.

– Yox, adını niyə deyim, – dedi. – Siz, yəqin ki, onu tanıyırsınız, hamı onu tanıyır. Mən susaraq ancaq ona baxırdım. Bilirdim ki, mən yoxsul bir artist, o isə kübar xanımdır. Bunu çox yaxşı başa düşürdüm. Mən ona ancaq baxır və heç bir şey fikirləşmirdim.

Albert fikrə gedib nəyi isə xatırlamaq istədi.

– Bu necə olub, yadımda deyil: məni bir dəfə onun evinə skripka ilə müşayiət etməyə çağırdılar. Mən nə idim, yoxsul bir artist! – deyib başını buladı və gülümsədi. – Yox, mən danışmağı bacarmıram, bacarmıram… – başını tutaraq əlavə etdi. – Mən necə xoşbəxt idim!

– Bəs siz tez-tez onun yanında olurdunuz? – deyə Delesov soruşdu.

– Bir dəfə, ancaq bir dəfə… ancaq mən özüm günahkardım. Ağlım başımdan çıxdı. Mən yoxsul artist, o isə kübar xanım. Mən ona heç bir şey deməməli idim. Ancaq ağlım başımdan çıxdı və səfehlik elədim. O vaxtdan məndən ötrü hər şey bitib. Petrov mənə düz deyirdi: onu ancaq teatrda görmək yaxşı idi…

– Siz nə eləmişdiniz axı? – Delesov soruşdu.

– Ah, dayanın, dayanın, burasını danışa bilmirəm.

Əlləri ilə üzünü örtərək bir müddət susdu.

– Mən orkestrə gec gəldim. O axşam Petrovla birlikdə içmişdik və əhvalım pozulmuşdu. O öz lojasında oturub generalla söhbət edirdi. O generalın kim olduğunu bilmirəm. O lap kənarda əyləşib əlini rampanın[39 - Rampa – ensiz baryer, səhnəni zaldan ayırmaqla işıqlandırma aparaturası] üstünə qoymuşdu. Əynində ağ paltar, boynunda mirvari vardı. Saçları da gözəl formada idi. O, generalla danışır və mənə baxırdı. Hiss eləyirdim ki, o mənim barəmdə danışır. Mən çalmırdım, dayanıb eləcə ona baxırdım. Elə bu an mənimlə qəribə bir şey baş verdi. Bir də gördüm ki, orkestrdə deyil, lojadayam və onunla birlikdə durub onun qolundan, bax bu yerindən tutmuşam. Bu nədir? – Albert susub soruşdu.

– Bu, xəyalın canlanmasıdır, – Delesov dedi.

– Yox, yox… mən danışa bilmirəm, – deyə Albert üz-gözünü büzüşdürüb cavab verdi. – Mən elə o zaman da yoxsuldum, mənzilim yoxdu və teatra getdiyim zaman bəzən elə orada gecələyirdim.

– Necə? Teatrda? Boş, qaranlıq zalda?

– Ah! Mən bu boş şeylərdən qorxmuram. Ah, dayanın. Hamı gedəndən sonra mən onun oturduğu benuara qalxır, orada oturur və yatırdım. Bu mənim yeganə fərəhim idi. Bilsəniz orada necə gecələr keçirmişəm. Ancaq bir dəfə yenə tutmam tutdu. Gecə gözümə çox şey göründü, lakin sizə çox danışa bilmirəm. – Albert gözlərini aşağı dikib Delesova baxdı. – Bu nə deməkdir? – soruşdu.

– Qəribədir! – Delesov dedi.

– Yox, dayanın, dayanın! – O, Delesovun qulağına pıçıldayıb sözünə davam etdi. – Mən onun əlini öpürdüm, orada yanındaca ağlayırdım, onunla xeyli danışırdım. Mən onun ətrini duyurdum, səsini eşidirdim. Bir gecənin ərzində o mənə çox söz deyirdi. Sonra mən skripkanı götürüb yavaşdan çalmağa başladım. Özü də əla çalırdım. Ancaq məni qorxu bürüdü. Mən bu boş şeylərdən qorxmuram və onlara inanmıram. Lakin mən öz başım üçün qorxuya düşdüm, – deyib əlini alnına toxundurdu və mehribancasına gülümsədi, – yoxsul ağlım üçün qorxuya düşdüm: mənə elə gəldi ki, başıma nə isə olub. Bəlkə, bu da bir şey deyil? Necə bilirsiniz?

Hər ikisi bir neçə dəqiqə susdu.

Günəşi buludlar örtsə də ancaq,
O, yenə əbədi işıq saçacaq…

– Albert sakitcə gülümsəyib oxudu. – Doğru deyilmi? – deyə əlavə etdi:

Mən də ömür sürdüm, çox keflər çəkdim…

– Ah, qoca Petrov bütün bunları sizə elə izah edərdi ki!

Delesov susaraq dəhşət içərisində müsahibinin həyəcanlı və rəngi qaçmış sifətinə baxırdı.

– Siz “Yuristen-valtse”ri[40 - “Yuristen-valtser” – Avstriya bəstəkarı İohann Ştrausun (1825-1899) valsı] bilirsiniz? – deyə Albert birdən çığırdı və cavab gözləmədən yerindən sıçrayıb skripkanı götürdü və şən bir vals çalmağa başladı. Özünü tamamilə unudan və görünür, arxasında bütöv bir orkestrin çaldığını zənn edən Albert gülümsəyir, yırğalanır, ayaqlarını tərpədir və əla çalırdı.

– Eh, kef çəkəcəyik! – qurtarandan sonra skripkanı yellədib dedi.

Bir az sakit oturdu. Sonra dedi:

– Mən gedim. Bəs siz getmirsiniz?

– Hara? – deyə Delesov təəccüblə soruşdu.

– Yenə Anna İvanovnanın yanına gedək, ora şəndir, gurultu, camaat, musiqi…

Delesov əvvəl-əvvəl az qalmışdı ki razılaşsın. Lakin özünə gəlib Alberti dilə tutmağa başladı ki, bu gün getməsin.

– Mən bir dəqiqəliyə…

– Düzünu deyirəm, getməyin.

Albert dərindən nəfəs aldı və skripkanı yerə qoydu.

– Demək, qalırıq?

O, yenə də stola baxdı. Şərab qurtarmışdı. Xeyirli gecə arzulayıb çıxdı.

Delesov zəngi çaldı.

Zaxara dedi:

– Bax ha, cənab Alberti mənim icazəm olmadan heç yerə buraxma!


VI

Ertəsi gün bayram idi. Delesov oyanıb qonaq otağında qəhvə içir və kitab oxuyurdu. Qonşu otaqda Albert hələ heç qımıldanmırdı da.

Zaxar qapını ehtiyatla aralayıb yemək otağına baxdı.

– Dmitri İvanoviç, inanırsınız ki, divanda üstüaçıq yatıb, Allah haqqı, qoymadı ki, üstünə bir şey salım. Elə bil körpə uşaqdır. Doğrudan da, artist ki, artist!

Saat on ikidə qapının dalında nıqqıltı və öskürək səsi eşidildi.

Zaxar yenə yemək otağına getdi. Ağa qonaq otağından Zaxarın mehriban səsini və Albertin zəif, yalvarıcı səsini eşidirdi.

Zaxar yemək otağından çıxanda ondan soruşdu:

– Hə, nə olub?

– Darıxır, Dmitri İvanoviç, yuyunmaq istəmir. Çox dilxordur. Hey içki istəyir.

Delesov öz-özlüyündə dedi: "Yox, əgər başlamışamsa, xarakterimi göstərmək lazımdır". Ona şərab verməməyi tapşırıb yenə kitab oxumağında davam etdi, lakin bununla belə, qeyri-ixtiyari olaraq yemək otağında baş verənlərə qulaq asırdı. Orada heç bir şey tərpənmirdi, ara-sıra sinədən gələn ağır öskürək və tüpürmək səsi eşidilirdi. İki saat keçdi. Delesov geyinib eşiyə çıxmamışdan qabaq mənzil yoldaşına baş çəkməyi qərara aldı. Albert hərəkətsiz halda pəncərənin qabağında oturub başını əllərinin üstünə qoymuşdu. O qanrıldı. Sifəti sapsarı idi, nəinki kədər, bəlkə də, dərin dərdlə qırışmışdı. Salamlaşmaq üçün gülümsəməyə cəhd etdi, ancaq sifəti bundan daha dərdli bir ifadə aldı. Elə bil bu saat ağlamağa hazırdı. Çətinliklə qalxıb baş əydi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/lev-tolstoy/hekay-l-r-68289343/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Con Murrey (1841-1914) – ingilis səyyahı, təbiətşünas alimi




2


Bel esprit (fr.) – müdrik, hazırcavab adam




3


Plastron – qalstuk, nişastalanmış yaxalıq




4


La polka (fr.) – qrup şəklində oynanılan rəqs növü




5


Tüilri – Parisdə fransız krallarının yaşadıqları saray; XVI əsrdə inşa edilib.




6


Table d’hot – ümumi yemək




7


Mazurka – polyak xalq rəqsi




8


Tirol – səs, nəğmə çaları; Alp dağı ətrafı xalqların musiqi ahəngi. Tirol Roma imperiyasına daxil olan ərazi olub. Hazırda cənub hissəsi İtaliyaya, qalan hissəsi isə Avstriyaya məxsusdur.




9


Fistola – fleyta növü




10


Mərhəmətli ağalar və xanımlar, əgər düşünürsünüz ki, mən bir şey qazanıram, səhv edirsiniz, mən çox yoxsulam.




11


İndi isə mərhəmətli ağalar və xanımlar, sizə Riqi mahnısını oxuyacam.




12


Santim – Avropanın bəzi ölkələrində dəmir pul vahidi




13


Mərhəmətli ağalar və xanımlar, təşəkkür edirəm, gecəniz xeyrə qalsın.




14


Bəli, qənd yaxşı şeydir, o, uşaqlar üçün şirnidir.




15


Şeirin tərcüməsi Sabir Rüstəmxanlınındır.




16


Bunu ancaq sizə deyirəm.




17


Polis çox sıxışdırır.




18


Çox kasıblar.




19


Bunu ancaq sizə deyirəm!




20


Cənab haqlıdır, siz haqlısınız (alm.)




21


Plombier – Belçikada ərazi




22


Kadril – rəqs növü




23


Dur (major) tonunda melanxoliya




24


C-moll (do minor) – minor tonda “do” səsi




25


Almaviva – kişi plaşı




26


Şirma (alm. schirm – müdafiə) – soyunub-geyinmək üçün qatlanan, rahat daşınan mebel növü; bəzən bir otağı bölmək üçün də (mətbəx və ya yataq otağı kimi) interyer vasitəsi kimi istifadə olunur.




27


Lakey – eşikağası, xidmətçi




28


Madera – çaxır növü




29


Adyutant (lat. adjutans – köməkçi) – hərbi rütbə, köməkçi zabit; hazırkı praporşik, donanmada – miçman




30


“Somnambul” – italyan bəstəkarı Vinçenso Bellininin operası




31


“Luçiya” – italyan bəstəkarı Donizetti Qaytanonun tragik operası




32


Polina Viardo (1821-1910) – fransız müğənnisi, bəstəkarı, vokal pedaqoqu




33


Covanni Batista Rubini (1794-1854) – tanınmış italyan opera müğənnisi




34


Ancolina Bozio (1830-1859) – italyan opera müğənnisi




35


Luici Lablaş (1794-1858) – italyan opera müğənnisi




36


“Sevilya bərbəri” – italyan bəstəkarı Coakkino Rossininin (1792-1868) operası




37


“Don Juan” – görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Mosartın (1756-1791) operası




38


Literli benuar – teatr lojası




39


Rampa – ensiz baryer, səhnəni zaldan ayırmaqla işıqlandırma aparaturası




40


“Yuristen-valtser” – Avstriya bəstəkarı İohann Ştrausun (1825-1899) valsı



Если текст книги отсутствует, перейдите по ссылке

Возможные причины отсутствия книги:
1. Книга снята с продаж по просьбе правообладателя
2. Книга ещё не поступила в продажу и пока недоступна для чтения

Навигация