Читать онлайн книгу "Hekayələr"

Hekayələr
Süleyman Sani Axundov


Hekayə ustaları
Bu kitaba orijinal nasir kimi tanınan dramaturq Süleyman Sani Axundovun Azərbaycan uşaq ədəbiyyatını forma, məzmun və üslub baxımından zənginləşdirən ən yaxşı hekayələri toplanıb.





Süleyman Sani Axundov

Hekayələr





HEKAYƏLƏR





KÖVKƏBİ-HÜRRİYYƏT[1 - Kövkəbi-hürriyyət − azadlıq ulduzu]


Şahzadə nağıla başlayaraq deyir:

− Şahım, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir cənnətmisal məkan idi ki, təbiət öz gözəlliyini orada sübuta yetirmişdi. Lakin bu torpaq bir mərəzi-bidərmanə mübtəla olub o gözəl nemətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18 yaşında cavanın saçı-saqqalı ağarıb beli ikiqat olurdu. Əlləri, ayaqları əsib gözlərinin nuru gedirdi. Səksən yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş yaşına çatan olmamışdı. Bir gün bu tayfa məclisi-kübra qurub mərəzlərinə çarə tapmağa şüru[2 - Şüru − başlamaq] etdilər. Lakin aciz qalıb məyus oldular. O vaxt onlardan biri kürsüyə qalxıb dedi:

− Qardaşlar, biz özümüz bu azara çarə tapa bilmədik. Mənim başıma bir fikir düşmüş, söylərəm, bəyənsəniz, onu əmələ gətirərik. Tərəfi-cənubda, Asiya torpağında bəni-İsrail tayfasının arasında alim bir şəxs var. Bu alim hər bir çətin işə əlac və hər bir dərdə dərman bilir. Ağıllı adamlar seçib onun hüzuruna göndərək və dərdimizə çarə istəyək.

Hamı bu təklifə razı oldu. Elçilər seçib hədiyyələrlə bərabər o alimin yanına göndərdilər. Elçilər o zaman gəlib çatdılar ki, alim həzrətləri əyləşib, işə məşğul idi. Elçilər divanxanaya daxil olub təzim etdilər və dedilər:

− Ey tilsimlər açan, heyvanların, quşların dilini bilən, ey əcinnəyə hökmü çatan. Biz əhli-şimalıq. Yerimiz cənnətmisal bir yerdir. Xuda hər nemətini bizə əta[3 - Əta − klassik ədəbiyyatda vermə, veriş, bağışlanma mənalarında işlənmiş söz] etmişdir. Lakin biz bir mərəzi-bidərmana mübtəla olmuşuq. Hənuz cavan ikən piraniyə[4 - Piraniyə − qoca, ağsaqqal, ixtiyar, nurani] dönürük. Ey sultani-hökmran, bizə bir nəzər et. Bax, qamətimiz bükülüb, saç-saqqalımız ağarmış, lakin heç birimizin yaşı iyirmidən ziyadə deyildir. Bu nə mərəzdir? Lütf elə, çarəsini söylə.

Alim dedi:

− Ey əhli-şimal, bu azarın dərmanı kövkəbi-hürriyyətin şəfaətidir. O ulduz torpağınızın şərq tərəfində bir dağ dalında pünhandır. O dağ təbii deyil, onu divlər hörüb sizi kövkəbi-hürriyyətin şəfaətindən məhrum etmişlər; zamani ki onu dağıtdınız, kövkəbi-hürriyyətin nuru canınıza sirayət edib ruh və bədənlərinizi təzələyəcəkdir. Sizləri cavanlaşdırıb öz təbii halınıza salacaqdır.

Elə ki elçilər dərdlərinin çarəsini bildilər, alimə artıq razılıq edib şad və xürrəm öz vətənlərinə qayıtdılar və vətəndaşlarını işdən hali etdilər, onlar da balta, bel, kürək, ling və qeyri alət gotürüb dağı dağıtdılar və kövkəbi-hürriyyətin üzü açıldı. Onun şöləsi üstlərinə düşüb cümləsini cavan etdi. İnsanlar ruha gəlib, al libaslara girib bayram etdilər.

Lakin şadlıqları artıq davam etmədi. Bir müddət keçəndən sonra qara buludlar kövkəbi-hürriyyətin üzünü tutub onu yenə pünhan etdi.




YUXU


Yuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş ətrafımdakı əşyanı seçməyə qadir oldum. Müqabilində bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm: qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib guya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəccübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.

− Gedim, onlardan harada olduğumu soruşum, − deyə yola düşdüm. Gəlib çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar dərin yuxuya getmişlər.

− Xudaya, bu nə məxluq və nə məkandır ki, mənə rast gəlmiş?..

Bu fikirdə ikən gözümə bir günbəd dəydi. Yanına getdim. Günbədin heç bir qapısı yox idi. Lakin mərmər divarın üzərində barmaq işarəsi, qapı bura olduğunu göstərirdi. Diqqətlə baxdıqda bu yazını seçdim. "Bura zülmət aləmidir. İşıqlığa çıxmaq istəyənlərin yolu buradır".

Yazının altında belə bir üçbucaq çəkilmişdi:


. Onun hər guşəsindən qızıl qarmaqlar asılmışdı. Bu tilsimi açmaq qəsdi ilə sağ qarmağı çəkib sol və üst qarmaqla bitişdirdim, qapı açılmadı. Sonra sol qarmağı üst və sağ qarmaqla bitişdirdim, yenə də açılmadı. Axırda üst qarmağı sol və onu da sağ qarmağa tərəf çəkib bitişdirdim, o saat qapı açıldı. Mən girdim, qapı yenə üzümə örtüldü. Bir qədər getdikdən sonra bir meydana çıxdım. Buradan 72 yol ayrılırdı.

Bunların hansı məni işıqlığa çıxarar – fikrində ikən yol başında, dirək üzərində barmaq şəkli "İ" hərfini işarət etdiyini gördüm, o yolu tutub getdim. Başqa bir meydana çıxdım. Orada da yol başında qondarılmış dirək üzərində "R" hərfi yazılmışdı. Bu minval ilə hər meydanda, dirək üstündə "Ş", sonra "A" və axırda "D" hərfləri göstərişi ilə qapıya çıxdım. Bu qapının üzərində dirəklər üstündə yazılmış hərflər mürəkkəb olub "İrşad" ləfzi[5 - Ləfzi − söz, kəlmə] yazılmışdı. Qapını açdıqda günəş pəncərədən gözlərimə düşüb məni oyatdı.

Küçədən:

− "İrşad", "İrşad", təzə qəzet, − sədası gəlirdi.




QONAQLIQ


Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü.

Hökumətin sütunu kimdir?

− Əlbəttə, bəylər! − ev sahibi dedi. − Biz nücəbasız hökumət yaşaya bilməz. Hökumətin sütunu bizik.

Tacir dedi:

− Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz. Hökumətin sütunu biz tacirlərik.

Alim dedi:

− Hökumətləri yaşadan bilikdir, onsuz heç bir quruluş davam edə bilməz, pozulub məhv olar. Hökumətin sütunu alimlərdir.

Ruhani dedi:

− Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirən biz ruhanilərik. Bizsiz əxlaqlar pozular, üsyanlar qalxar, qanlar tökülər, hökumətlər də yıxılar. Bizik hökumətin sütunu.

Zabit dedi:

− Söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum etdikdə döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə, biz. Hökumətin sütunu biz əsgərlərik.

Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular. Bəhs yenə təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi, onlar da anbarlara yığırdılar. Ev sahibi bəy dedi:

− O qoca kəndlini həkəm seçək, nə desə, ona razı olaq.

Hamısı bu təklifə razı oldu. Kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər. Kəndli dedi:

− Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə, heç bir hökumət yasaya bilməz. − Bunu deyib cəld işinə getdi.




TUTUQUŞU

(nağıl)


Biri vardı, biri yoxdu, bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa haradansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumaqla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bilic nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb "Əhsən! Əhsən!" dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:

− Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim. Haydı, əfəndilərim, başlayalım!

Bunu deyib bülbül bir dəstgahda cəmi muğamatı tamam etdi və sonra quşlarla təliminə şüru etdi. Qarğalar qarıldaşdı, bayquşlar ulaşdı, sağsağanlar qığıldaşdı, sərçələr curuldaşdı, xülasə, hər quş öz anasının öyrətdiyi səslə oxumağa başladı. Bülbül nə qədər çalışdı, quşlardan heç biri onu yamsılamağı da bacarmadı. Ancaq bircə tutuquşu öz adətinə görə onun təqlidini çıxardırdı. Axırda bülbül quşlardan naümid olub onları tutuquşuna tapşırdı və özü də gəldiyi vilayətə qayıtdı. Bülbül gedəndən sonra tutuquşu bülbülün ədası ilə bir "konsert" məclisi düzəltdi. Dəvət olunmuş qonaqlar həmin gün məclisə yığıldılar. Tutuquşu bir uca yerə çıxıb kərahətli[6 - Kərahətli − iyrənc] bir səslə qarğa kimi qarıldadı, sağsağan kimi qığıldadı, hətta qurbağa kimi də quruldadı, ancaq bir bülbül kimi oxuya bilmədi. Siçan bunu eşidib dedi:

− Ay tutu dayı! Qabaqlarda pis də olsa, öz ana dilində oxuyurdun, amma indi bülbülün də adını biabır etdin və hər tərəfdən avara qalmısan.




QAN BULAĞI


İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ baslıq var idi. Qocanın at üstündə əyləşməsi, əzasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.

Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Ələlxüsus susuzluq gəncə artıq təsir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.

− Baba, muştuluq olsun, irəlidən su səsi gəlir, − deyə cavan atını sürdü.

Qoca təbəssüm ilə ona nəzər salaraq başını yırğaladı. Gənc bulağa çatdıqda gördü ki, suyun rəngi qırmızıya çalır. Buna baxmayaraq susuzluğunu tezcə rəf etmək üçün qurtum su içər-içməz:

− Bu nə cür sudur? − deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi:

− Susuzluğunu rəf etdinmi, oğlum?

− Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəhər dadı verir, rəngi də qana bənzəyir, − deyə cavab verdi.

− Elədir, oğlum, bu, "Qan bulağı"dır, bunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bəzi naxoşlara dərmandır…

Cavan sordu:

− Bu "Qan bulağı" adını nədən almış, baba?

− Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söylərəm. İndi isə ardımca sür, bu yaxında içməli su var, − deyə qoca atını sürdü.

Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun "Qan bulağı" barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını büküb dirsəyinin altına qoydu və dərindən bir ah çəkib dedi:

− Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana döndərmədi!..

Oğlum, bu dərə bu torpağı iki yerə təqsim[7 - Təqsim − bölmə] edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində digər bir silsilə Surxay xanın rəisliyi ilə sakin olurmuşlar. İttifaqən bu iki xanın arasında qan davası düşür, bunlar bir-birini tələf etməyə başlayırlar. Bir müddət keçmiş Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrəbaları bu qan davasında baqi qalır. Lakin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən intiqamını alsın. İttifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər də Misir xan qəmgin və məyus olur. Misir xanın anası oğlunu belə məyus və qəmgin gördükdə deyir:

− Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məgər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər kəsdən geri qalmazlar.

Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:

− Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olmağını kim bilir?

− Məndən və arvadından başqa kimsə bilməyir, − deyə anası cavab verir.

− Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu elan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır.

− Arxayın ol, oğlum, əmrin yerinə yetər, − deyə anası cavab verdi. On gündən sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib orada sakin olur.

Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq nağıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmayır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlməyən gözəlliyi olur.

Bu tərəfdən Surxay xanın oğlu Paşa xan Teymur xan kimi igidlikdə və gözəllikdə məşhur olur.

Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf və əknafa yayılır. Bu vaxta qədər görüşmək bunlara mümkün olmamışdı. İttifaqən bu iki cavan yek-digərinə rast gələrsə, biri və bəlkə də, ikisi də tələf olmaqlarını hiss edirmişlər. Bununla bərabər, görüşmək arzusu hər ikisində gündən-günə qüvvətlənir. Oğlum! Əcdadımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban olan bu cavanlar axırda bir-biri ilə görüşürlər.

Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan ov arxasınca, sərhədləri olan bu dərəni aşıb o tərəfə keçir. O zaman Paşa xan da ova çıxmış olur. Bu iki aslan gördüyün "Qan bulağı"nın başında bir-birinə rast gəlir. Bir müddət bir-birinin gözəl camalına heyran olub qalırlar. Paşa xan Teymur xanın fövqəladə gözəlliyinə heyran olur. Teymur xan isə on səkkiz ilin ərzində qadınlığa müğayir yırtıcı, qaniçici quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini indi anlayır, eşq odu onun ürəyini yaxıb yandırır, hər zaman igidləri xofa salan gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir. Paşa xan heyrətdən ayılıb Teymur xanın kim olduğunu duyursa da, sorur:

− Sən kimsən?

− Sən özün kimsən?

− Mən bu torpağın sahibi Surxay xanın oğlu Paşa xanam.

− Mən də bu torpağın sahibi Misir xanın övladı Teymur xanam.

Bu sual-cavabdan sonra hər ikisi bir-birinə düşmənçilik nəzəri ilə baxmağa başlayır.

Axırda Paşa xan:

− Camalın çox gözəldir, büna söz yox, görək qılınc vurmağın necədir? – deyə qılıncını çıxarır.

Onun cavabında:

− İndi qılınc vurmağımı da görüb bəyənərsən, − deyə Teymur xan da qılıncını çıxarıb Paşa xanın üstünə hücum edir.

Oğlum, necə ki göy üzündə əvvəl şimşək parlayıb sonra gurultu sədası gələr, elə də bu iki cavanın qılıncı od parladıb bu qayalara səs salır. Xeyli müddət çarpışırlar, lakin bir-birinə zəfər yetirə bilməyirlər. Bu halda günəş dağın dalında tülu edir. Onun zərrələri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu anda Paşa xan fürsət tapıb qılıncı Teymur xanın sinəsindən vurur. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın təzə-tər otlarını və çiçəklərini boyayır.

Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəsdi ilə sinəsini açır.

− Aman, yarəb, sən qadın imişsən! – deyə qışqırır və Teymur xanın başını dizi üstə alıb: − Söylə, söylə, gözəlim! O soluq nəfəsinlə mənə lənətini, nifrətini izhar elə, − deyə fəryad edir.

Teymur xan zəif səs ilə cavabında:

− Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lənət və nifrət! Ah, təbiət nə gözəldir! Paşa, mən gedirəm, əlvida!

− Toxta, bir az toxta, gözəlim, Paşa da səninlə gedir.

Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı ağuşuna alıb deyir:

− İndi qoy mənim də qanım səninkinə qarışsın!

Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ aralanıb iki növcavanı ağuşuna alır. Bir müddət keçərək gördüyün Qan bulağı qaya arasında cari olur. Rəvayətə görə, həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından əmələ gəlmişdir.




ÜMİD ÇIRAĞI


İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş… şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yalnız yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şöləsi bağçaya düşərək oranın zəngin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvırcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovxalayır, qalxıb pəncərəni açır, başını dışarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.

Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.

− Bu nə uşaqlıqdır? − deyə gənc pəncərəni qapayır və sonra əvvəlki yerini tutaraq özlərini şöləyə atan pərvanələrə baxır: − Bu heyvancıqlar qaranlığı sevməzlər. Gör necə özlərini oda atırlar? Nə qədər işığa məftun bir məxluq, − deyə söylənirdi. Bu zaman nəzəri masanın üstə durmuş cib saatına sataşır.

− Ah, gecə yarıdan keçmiş, lakin mən hazır deyiləm. Sabah son imtahanlarımı verəcəyəm. Orta təhsilimi bitirmək bugecəki səy və qeyrətimə bağlıdır. Atam yox, mənə yardım edəcək kimsəm yox, öz nicat və səadətim öz əlimdədir. Səy və qeyrət lazımdır. Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm. Orada bir neçə il təhsil alıb həkim olacağam, vətənim üçün mənfəətli bir üzv olacağam. Zavallı anamı məişətin bu ağır zəhmət və əziyyətindən xilas edəcəyəm.

Əli ilə o biri otağa işarə edərək:

− Yat, anacığım, rahat ol və gələcək səadətimizə də inan, − deyə yenə də mütaliəyə başlayır.

Gəncin zənni yanlış idi, zavallı qadın bir neçə saat işlədikdən sonra rahat olmaq istədisə də, yata bilmədi. Gözlərini oğlunun qapısına dikərək uzun və dərin fikrə getmişdi. Ağır, qaragünlü məişəti birər-birər gözlərinin önündən gəlib-keçdi.

Budur, on səkkiz yaşında bir qız ikən özü kimi bir zəhmətkeşə arvad oldu. İçərisində yaşadığı evə sahib oldu. Övlad arzusu çəkərək bir gözəl oğula ana oldu.

Ah, nə böyük bir səadət. Lakin rəhmsiz fələk tezliklə bu səadəti yasa döndərdi. Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəstə düşüb vəfat etdi. Onu biryaşlı uşaq ilə sahibsiz qoydu. O gündən bədbəxt ana çalışır, seltək göz yaşları tökür, lakin körpə oğluna baxdıqca ağır məişətini unudur, beşiyini yırğalarkən deyirdi:

− Yat, oğlum, yat, yat, ümid çırağım, yat, cəmi səadətimi, cəmi ömrümü sənin uğrunda sərf etməyə and içirəm.

Qeyrətli ana bu müqəddəs vəzifəsini çox gözəl ifa etdi. Oğlunu böyütdü, oxutdu, bu yaşa yetirdi. İndi təhsilini bitirmək üçün övladı belə çalışır, zəhmət çəkir. Onun incə ana qəlbi sıxılır, övladının əziyyətinə razı olmayır, onun zəhmətlərinə dözə bilməyirdi. Lakin bu zəhməti ona səadət qapısını açacağını da gözəlcə düşünürdü.

Ən artıq sıxılacaq bir şey varsa, o da oğlunun məktəbə getmək məsələsidir ki, bir neçə il bir-birindən ayrı düşəcəklərdi, bu isə ona qeyri-mümkün bir imtahan görünürdü. Yazıq ananın qəlbini hər dəqiqə deşən, onu rahat buraxmayan bir məsələ vardı. O da bir il bundan əqdəm ərinin qohumlarından biri dalaşarkən bir cavanı öldürməsi idi. Düşmənləri qatilin həbsə alınıb sürgün edilməsinə iktifa etmək[8 - İktifa etmək – kifayətlənmək] istəməyirdilər. Qana qan etmək fikri bəsləyirdilər. Bu səbəbdən zavallı qadın bu ili daim qorxu içərisində yaşayır, oğlunu gözlərindən iraq buraxmaq istəməyirdi.

Gecə keçər, oğlu yatmaz, ana axır buna səbir etməyib qalxar, şala bürünər, oğlunun otağına girər, övladının başını qucub qıvrıcıq saçlarından öpər.

− Ana, nə üçün durdun?

− Oğul, yata bilmədim. Qəlbimdə bir qorxu, bir iztirab hiss edirəm. Qorxuram sənə düşmən tərəfindən bir xətər toxuna.

− Anacığım, xof və iztirabın əsilsizdir, öz otağımda, gözünün önündə dərs oxuyuram. Mənə nə ola bilər? Mən bir məktəbliyəm, kimsə ilə də düşmənçiliyim yox, arxayın ol, mənə heç bir kimsə tərəfindən xətər toxunmaz, get, ana, rahat ol.

− Bəs sən, oğlum, yatmayacaqsan? Oxuduğun yetər, dur, sən də rahat ol, çırağı söndür.

− Yox, ana, səhəri açsam da, sabahkı imtahanlarımı hazır etməliyəm. Maraq etmə, bir gecəni yatmamaqla mənə heç bir şey olmaz, lakin bir ilimi qayib etmək hər ikimiz üçün fayda verməz. İndi daha mənə mane olma, − deyə gənc kitab oxumağa başlayır, anası da otağına çəkilir.

Bir saat belə keçir. Qəflətən bir tüfəng açılıb dağlara səda salır, dərin sükutu pozur. İkinci bir qadın çığırtısı bu sədaya cavab verir, yatmış qonşuları oyadır.

Gənc tələbə yerə sərilir. Bir saat bundan əqdəm böyük ümidlər bəsləyən gənc, bir qəddar düşmənin, rəhmsiz düşmənin gülləsinə qurban oldu.

Sahibsiz ananın ümid çırağı söndü… Yenə zülmət, yenə dərin sükunət… lakin balaca otaqdan:

− Yox, oğlum, sən ölməmisən, ancaq yatmısan. Yat, ümidim, rahat ol, sabah yenə duracaqsan, imtahanlarını verəcəksən, anacığını bəxtiyar edəcəksən… Həzin, qəlbləri oxşayan oxşama sədası gəlirdi.




CƏHALƏT QURBANI


Uşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin təsir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.

Səkkiz yaşında uşaq ikən "Seyidli" adlanan kəndimizdə başıaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.

Bir gün əmim oğlunun altıyaşlı oğlu ilə həyətimizdə oynarkən palanlı ata minmiş bir qocanı darvazamızın ağzında durmuş gördüm.

− Baba, kimi istəyirsiniz? − deyə soruşdum. Cavabından məlum oldu ki, əmim oğlu ilə görüşmək istəyir. − Buyurun içəriyə, − deyə mən əmim oğluna xəbər verməyə qaçdım. Qoca, əmim oğlu ilə görüşdü, salamlaşdı. Mən də yoldaşım ilə oynamağa məşğul oldum. Bir qədər söhbətdən sonra salamatlaşıb, "Allah sizdən razı olsun, mən qocanı ümidsiz qaytarmadınız", – deyə atını minib getdi.

Bundan bir neçə gün sonra həmin qoca üstünə on dörd yaşında bir qız minmiş yüklü atın cilovunu çəkərək yanında da on yeddi yaşlı digər bir qız ilə həyətə girdi.

Əmim oğlu onlara xoşgəldin elədi. Qoca kiçik qızı atdan düşürtdü və sonra ata çatılmış iki mafraşı açıb yerə saldı. Bu mafraşlarda bir qədər qab-qacaq və qeyri ev şeyləri vardı. Əmim oğlu həyətimizdəki bir əski komanı göstərib dedi:

− Budaq baba, məskəniniz bu koma olacaqdır. Atı axura çək, rahat et, sonra uşaqlarınız ilə otağa buyurun, bizə qonaq olun.

− Çox razıyam, sizə zəhmət vermək istəmirəm. Qızlarım komanı təmizləyib palaz salarlar, rahat olarıq.

− Budaq baba, yol gəlmisiniz, yorulmusunuz, həm də acmısınız, buyurun, bizdə yemək yeyin, bir qədər rahat olun, sonra mənzilinizi səliqəyə salarsınız.

Bu sözlərə anam da şərik olub qızları otağımıza apardı. Budaq baba da atı rahat edib əmim oğluna qonaq oldu. Anam qızlara yer göstərib oturtdu və sonra bacımı və məni göstərərək tanış etdi:

− Bu mənim qızım və bu da kiçik oğlumdur, böyük qardaşları Tiflisdə oxuyur. Sizin böyük bacınızı tanıyıram. O, Şelli kəndində olur. İndi siz birbaş Kürdüstandanmı gəlirsiniz?

− Xeyr, biz Kürdüstandan Şelliyə gəldik, bacımızın yanında mənzil tapmadıq, buraya gəldik, − deyə böyük qız cavab verdi.

− Ananız sağdırmı?

− Yox, bir ildir ki, ölübdür.

− Anasız uşaqların günü pis keçər, ananın yerini heç kəs verə bilməz. Balalarım, mənim uşaqlarım da körpə ikən ataları öldü. Amma mən özüm uşaqlarımı bəsləyib böyüdürəm.

Anam qızlar ilə mehribanlıqla danışaraq yemək hazır etdi və süfrəyə qoyub təam yeməyi təklif elədi. Lakin onlar utanaraq yerlərindən qımıldanmadılar.

− Utanmayın, qızlarım, irəli gəlin, çörək yeyin.

Bacım qalxıb bacıların əllərindən tutdu və süfrə başına apardı. Onlar da utana-utana yemək yeməyə başladılar. Qonaqlarımız yeməyə məşğul ikən mən də onların bir ata-ana övladı olaraq əsla bir-birinə bənzəmədiklərinə diqqət edirdim.

Böyük qız ucaboylu, incəbelli, iri qaragözlü, uzun qarasaçlı, dodaqlarında müdam bir təbəssüm, nəzakətli bir Kürdüstan gözəli olduğunu sübut edirdi.

İkinciyə gəldikdə alagözlü bu qız göyərçinə bənzəyirdi. Bu bənzəmə mənim fikrimi o qədər cəlb etmişdi ki, özumü saxlaya bilməyərək:

− Sənin adın göyərçindirmi? − deyə kiçik qızdan soruşdum. Qəflətən verdiyim bu sual qadınların gülüşməsinə səbəb oldu.

− Xeyr, mənim adım Gülbənd, bacımınkı Tamamdır, − deyə böyük qız cavab verdi və sonra mənə diqqət yetirərək dedi: − Göyərçin adı sizə daha artıq yaraşır.

Anladım ki, Gülbənd mənim abı mahud çuxama, çal papağıma işarə edir.

Mənim sualım indiyə qədər davam edən sükutu pozdu.

− Mənim qardaşım nağıla qulaq asmağı çox sevər. Ona yemək vermə, içmək vermə, bolluca nağıl söylə. Gecələr məni rahat qoymur. "Bacım, yenə nağıl de", – deyə yalvarar, mən də Məlik Məmməd, Qırat nağıllarından ayrısını bilmirəm, − deyə bacım şikayətləndi.

− Mən də nağıl bilməyirəm, ancaq bacım Tamam çox bilir. Kürdüstan aşıqları söylədikləri nağılların hamısını döşünə yığıb, elədirmi, bacım? – deyə Gülbənd soruşdu.

Tamam isə qızararaq, başını aşağı salıb cavab vermədi. Mən də anamdan soruşdum:

− Ana, Tamam bizim evdə olacaqdır, eləmi?

− Yox, oğlum, Gülbənd əmioğlungildə qalacaqdır, Tamam da əmiqızının uşağını saxlayacaqdır. Budaq baba ilə əmioğlun belə sözləşmişlər.

− Bəs Məmmədrza nədir? Qoy əmiqızımın oğlunu o saxlasın. Tamam da bizdə qalsın, – deyə anamdan rica etdim.

− Kişi xaylağı körpə uşaq saxlaya bilməz, bu, arvad işidir. Sən darıxma, hamımız bir həyətdə oluruq, hər saatda da Tamamla görüşəcəksən, o da sənə gözəl nağıllar söyləyəcəkdir, – deyə anam məni sakit etdi.

Qızlar yeməklərini bitirib ayağa qalxdılar. "Sağ olun", − deyə anamdan getməyə izin istədilər.

− Gedin, qızlarım, mənzilinizi səliqəyə salın. Bu gün rahat olun, sabahdan da işə başlarsınız.

Qızlar çıxdılar, mən də onların arxasınca. Həyətdə Tamama yaxınlaşıb dedim:

− Tamam, doğrusunu de, yenə nağıl deyəcəksənmi?

− Deyəcəyəm, hələ sənə yaxşı oyunlar da öyrədəcəyəm, − deyə məni arxayın etdi. Sonra əlini çiynimə qoyaraq məsumanə bir təbəssümlə: − İndi de görüm, sənsən göyərçin, ya mən?

− Əlbəttə, sənsən. Mən paltarımı dəyişsəm, heç göyərçinə bənzəmərəm, − deyə mən cavab verdim.

− Doğrusu, göyərçini sevirəm, adım göyərçin olsaydı, artıqca xoşlanardım. Anam mənə dağkeçisi deyərdi, çünki qayalara keçi kimi dırmaşardım. Tamam adını mənə atam qoyub.

− Tamam, bundan sonra mən sənə Göyərçin deyəcəyəm, razısanmı?

− Razıyam, indi gedim bacıma kömək edim, sonra söhbət edərik, − deyə Tamam qaçaraq komalarına getdi.

Meyvə bağları ilə əhatələnmiş güllü, bağçalı böyük həyətimizdə bizdən başqa iki əmioğlumun da ailəsi yaşayırdı.

Kiçik əmioğlum hərçənd evli deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu ilə bir ailə kimi ayrıca yaşayırdılar, Tamam da bunlarda işləyəcəkdi. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək bu ailələr içərisinə girməklə onlarda bir yenilik, şadlıq vücuda gətirdisə də, digər tərəfdən nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu; lakin burada onlardan bəhs etməyib hekayəmizin qəhrəmanı olan Tamam qızcığazın ürəkdeşən faciəsini yazacağam.


* * *

Yazın qızğın günləri idi. Biz uşaqlar vaxtımızın çoxunu meyvə bağlarında keçirərdik. Gah yetişmiş meyvələri dərib yeyərdik, gah quş yuvalarından bala düşürüb oynardıq. Gah da cələ qurub ana quşları tutardıq. Bu pis hərəkətləri bizə tərk etməyə Tamam, səy və qeyrət edərdi. Bunların əvəzində bizə cürbəcür oyunlar öyrədib məşğul edərdi.

Heç unutmaram. Bir gün bibim evinə getmişdim. Onların bağında gözümə ağac deşiyində qayrılmış bir alacəhrə yuvası sataşdı. Cəld ağaca dırmaşıb əlimi yuvaya soxdum və tüksüz ətcə balaların üstündən ana alacəhrəni tutub sevincək bir halda ağacdan endim. Daha bibimə görünməyib evimizə qaçdım. Həyətimizdə

Tamama rast gəldim.

− Bibin sənə nə verdi? – deyə Tamam soruşdu.

− Heç zad vermədi, − deyə cavab verdim.

− Yalan söyləyirsən, bibin səni çox istəyir, yəqin, yenə də ciblərini qənfet ilə doldurubdur. Bax onun üçün də əllərini cibindən çıxarmayırsan, heç qorxma, mən səndən zor ilə almayacağam. İstərsən verərsən, istəməzsən verməzsən. Ancaq sözlərinin yalan olduğunu bu gün mənə sübut etdin, − deyə Tamam məni utandırdı.

Mən, həqiqətən, Tamamı çox istəyirdim və heç bir şeyi ondan müzayiqə etməzdim. Bunu özü də bilirdi. Lakin bu sözlərdən məqsədi nə olduğunu anlamadım. Sol cibimdən əlimi çıxarıb dedim:

− İndi özün bax, gör cibimdə bir şey varmı?

− O biri əlini cibindən çıxart, qənfet oradadır, − deyə Tamam təklif etdi.

Əlacsız qalıb mən alacəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu söylədim.

− Mən bunu əvvəldən bilirdim. İndi mən sənə o anasız qalmış balaların halından bir neçə kəlmə söyləyəcəyəm, qəlbin yanarsa, balaca quşcuğazlara yazığın gələrsə, analarını buraxarsan, – deyə Tamam elə bir maraqla, elə bir qəlbyandırıcı sözlərlə anasız qalmış quşcığazların halını təsvir etdi ki, mən ixtiyarsız ovcumu açdım və quşcığaz da şad bir səslə uçub getdi.

Tamam mənim gözlərimdəki yaşı görüb, "indən sonra bir daha quşlara əziyyət verməyəcəyəm" sözlərini eşidib məni qucaqlayıb öpdü.

Bu ittifaqdan sonra mən bu pis adəti tərk etdim. Belə üsul ilə əsla zor etmədən Tamam bir çox çirkin hərəkət və adətləri mənə tərk etdirdi. İndi bu uzun müddət keçdikdən sonra uşaqlıq xatiratımı yad etdikdə Kürdüstan dağlarında bəslənmiş elmsiz, tərbiyə görməmiş bir qızcığazda bu qədər rəhmdilliyə, onun uşaqlara tərbiyə verməkdə bu qədər ustad olmağına heyran qalıram.

Payız yetişdikdə biz uşaqlar üçün yeni bir məşğuliyyət əmələ gəldi. O da bağlarımızdan meyvə dərib damlarda asmaqdan ibarət idi. Anam məni həvəsləndirib deyirdi:

− Dur, oğlum, dur, qışın uzun gecələrində buxarımızı yandıracağıq, onun başına toplaşacağıq, Tamam da bizə gözəl nağıllar söyləyəcək, biz də bu meyvələri şirin-şirin yeyəcəyik.

Bəli, anam vədə verdiyi günlər gəlib çatdı, ağappaq qar kəfən kimi yeri qucaqladı. Soyuq külək heyvanları isti tövlələrə, insanları buxarının başına topladı.

Gecələr qadınlar, uşaqlar otağımıza yığılıb buxarının başına toplaşırdılar. Anam da çərəz gətirib qoyardı. Biz də şirin söhbət edərək yeyərdik, danışardıq, gülüşərdik, axırda da Tamam maraqlı nağıllarını başlardı. Yeri gəldikdə özünü el aşıqlarına oxşadaraq həzin bir səslə oxuyardı. Bəzi vaxt söhbət əcinnədən, şeytandan, divdən, hal anasından düşərdi. Hər kəs bunlardan əcaib, qəraib şeylər nağıl edərdi.

Gülbənd bacısı Tamamın hər şeydən ziyadə xaraba qəbiristandan qorxduğunu söylərdi. Qadınlardan bəzisi ölülərin xortlamağından bəhs edərək Tamamın xofunu haqlı bilərdi. Anam biz uşaqların gözlərində qorxu əlamətini görərək söhbəti dəyişdirərdi. Onun əvəzində xidmətçi Bəxtiyara qaval çaldırıb bizləri oynadardı…

Bu il yay tətili münasibətilə böyük qardaşımla bir yerdə vətənə övdət[9 - Övdət – qayıtmaq] etmiş dayım mənimlə görüşdükdə anama dedi:

− Bunun da oxumaq zamanı çatmış. Gedəndə özümlə aparacağam.

− Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm, − deyə anam dayımın təklifini rədd etdi.

− Verməyib nə edəcəksən? Özün bilirsən ki, oğlunun atası, əmiləri hamısı ölüb, böyük mülkünüz əlinizdən çıxıb, cinsli ilxılarınız sahibsizlikdən tələf olub, sən bir dul arvad, buna nə tərbiyə verəcəksən? Böyüdüb çobanmı edəcəksən? Nə üçün övladının bədbəxt olmağına səbəb olursan?

Belə dəyərli sözləri ilə dayım bacısını yola gətirmək istəyirdi. Lakin anam razı olmayıb deyirdi:

− Övladımı nə üçün elmsiz qoyuram?! Bu ildən mollanın yanına göndərib oxutduracağam…

− Onda bu işi uşağın özünə burax, istər biz ilə təhsilə gedər, istəməz, sən anası və bacısı ilə burada qalar.

Anam buna razı oldu; çünki ondan ayrılmayacağıma şübhə etməyirdi. Lakin hər şey dayım tərəfə keçməyə səbəb oldu. Birisi mollanın çubuq və falaqqa qorxusu, digəri qardaşımın və qeyri məktəbli qohumların gözəl formalı məktəb paltarı və söylədikləri əcaib şeylər idi.

− Mən dayım ilə oxumağa gedəcəyəm, − deyə razılıq verdim.

Anam naçar qalıb bir şey demədi. Lakin yenə də ümidini kəsməmişdi, çünki məktəblərin açılmağına iki ay qalmışdı, ona kimi mən fikrimi dəyişdirəcəyəm ümidində idi.

Bir gün Tamam məndən soruşdu:

− Doğrudanmı, oxumağa gedəcəksən?

− Bəli, gedəcəyəm, yoxsa sən razı deyilsən?

− Mən razıyam, amma xanım məni öyrədir ki, səni bu fikirdən daşındırım. Sən heç kəsə qulaq asma, get, oxu, böyük adam ol, gəl burada çalış, ancaq yazıq kəndlilərə əziyyət vermə. Amma bu dediklərimi anana söyləmə, yoxsa xanım məndən inciyər.

Zavallı anacığım, ümid bağladığın Tamam da sənin bərəksinə gedir. Axır ayrılıq zamanı gəlib çatdı. Anamın və bacımın göz yaşlarına davam edə bilməyirdim. Əgər Tamam olmasaydı, mən anamdan ayrılmayacaqdım. Tamam mənə yanaşıb dedi:

− Heç qüssələnmə, doqquz aydan sonra yenə gələcəksən, burada şad görüşəcəyik. Sən də gördüyün şəhərlərdən, oxuduğun kitablardan bizə nağıl edəcəksən. Amma burada qalsan, heç bir zad bilməyəcəksən.

Bu sözlərlə Tamam mənə təsəlli verərək sakit edirdisə də, titrək səsindən, ağarmış çöhrəsindən, yaşla dolmuş şəhla gözlərindən məlum olurdu ki, bu ayrılıq ona da böyük təsir edir.

Axır gözüyaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm.


* * *

Vətəndən xaric qapalı pansion, dörd divar içində yeknəsəq yaşayış, hər bir tutulacaq işin çınqırıq ilə olmasını bir xəyalınıza gətirin ki, belə bir yerdə, asudə, gözəl təbiət içində bəslənmiş bir uşağın halı necə olardı? Gündüzlər dərslərə, idmana, oynamağa və sair işlərə məşğul olaraq belə məişətin ağırlığını bir o qədər hiss eləməyirdim, dərin sükuta dalmış uzun gecələri isə göz yaşı tökərək xəyal ilə keçirirdim… Nəhayət, yay tətili gəlib yetişdi. Bir para yoldaşlarımla vaqona minib vətənə üz qoyduq, üç gündən sonra gəlib evimizə çatdıq. Mən anam, bacım və sair qohumlarımla görüşdüm, öpüşdüm. Lakin nə həsrətini çəkdiyim Tamam və nə də Gülbənd onların arasında yox idi. Bu isə məni iztiraba salırdı. Soruşmağa da cəsarət eləməyirdim. Axırda görüşə gələnlər dağıldıqdan sonra anamdan soruşdum:

− Tamam və Gülbənd haradadırlar? Nə üçün mənimlə görüşməyə gəlmədilər.

Anam çaşqın bir hal ilə dedi:

− Bilmirəm nə üçün, əlbəttə, eşidib gələrlər, görüşərlər… Onlar səni çox istəyirlər.

Anamın belə dolaşıq cavabı məni daha da qorxu və şübhəyə saldı.

− Ana, nədən isə doğrusunu demək istəmirsən, söylə görüm, onların başına nə iş gəlmiş?

− Bir şey yox, onlar buradan köçmüşlər… Gülbənd də, Tamam da ərə getmişlər… Sonra başlarına nə qəziyyə gəlmişdir, bilmirəm.

Anladım ki, anam da, bacım da həqiqəti məndən gizləyirlər. Ona görə artıq sual vermədim və işin həqiqətini bilmək üçün başqa yollar aramağa səy etdim.

Əmioğlumun xidmətçisi Məmmədrza uşaqlıqdan bu üç ailə içində yaşadığına görə hamımız ona bir külfət üzvü kimi baxırdıq, ondan gizli bir sirrimiz olmazdı.

Məmmədrza üçün dünyada qəm-qüssə yaranmamışdı. Həmişə deyən, danışan, gülən, zarafatçı bir şəxs idi. Həmişə də "Bu dünya beş gündür, beşi də qara, əbləh odur onu qəm-qüssə ilə keçirə…" sözlərini təkrarlarla söyləyirdi. Sabah ertə böyük bağımızı gəzmək bəhanəsi ilə Məmmədrzanı yanıma salıb getdim. Yol uzunu Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü.

Bağımızı seyr etdikdə Məmmədrzadan soruşdum:

− Lələ, səndən bir şey soruşacağam, məndən gizləmə, doğrusunu söylə. Nə üçün Budaq baba buradan köçmüş? Tamam ilə Gülbənd necə olmuşlar?

Bu sualımdan Məmmədrzanın gülər üzü qara bulud kimi tutuldu. Bir az fikirdən sonra:

− Bu göy ot üstə oturaq, mən də sənə onların faciələrini söyləyim, − deyə təklif etdi.

Oturduq, Məmmədrza da kürd qızlarının başlarına gələn müsibəti nağıl etməyə başladı. Gülbənd ilə kiçik əmioğlumun sevişdiklərini bilirdim, lakin onu zor ilə bir kürd oğluna verib əmioğlumdan uzaqlaşdırmağı indi, Məmmədrzanın nağılından bildim.

Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə mən davam edə bilməyib başımı otların arasında gizlətdim və göz yaşım neysan yağmuru kimi tökülüb otları islatdı.

Gülbəndin qəziyyəsindən sonra Budaq baba böyük qızının yanına köçməyə məcbur olur. Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş, lakin əmioğluların aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir.

Seyidli kəndi ona qədər başqa kəndlərlə bitişən iki dağın arasında düşmüşdür. Bu kəndlilərin meyvə bağları təxminən 12–13 kvadrat kilometr yer tutaraq uzaqdan baxdıqda böyük bir meşəyə bənzəyirdi. Qərb tərəfə uzanan dağlar getdikcə daralıb əskidən bina olmuş Əsgəran qalasına çatdıqda yarım kilometr qədər bir-birinə yaxınlaşır.

Bu iki dağın arasında Qarqar çayı axır. Kəndlilərin bağları, bostanları, tarlaları bu çaydan sulanır. Seyidli kəndinin səkkiz verstliyində, Əsgəranın yaxınlığında Bozdağ adlı bir otlaq mövcuddur. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və orada yaya qədər qalıb mallarını otladarlar. Sonra yaylaqlara köçərlər.

Həmin Bozdağda, yol kənarında əski xaraba bir qəbiristan vardır, kəndlilər burada ölülərini dəfn edirlər. Zavallı Tamamcığazın faciəsi də bu yerlərdə zühur etmiş. Belə ki, bir mallı, dövlətli kəndlinin cavan oğlu şiddətli surətdə dəli olur.

Hətta onu zəncirlə bağlamağa məcbur olurlar. Nə qədər dua yazdırırlar, pirə aparırlar və bu kimi avamca müalicə edirlərsə də, fayda verməyir. Axırda kim isə: "Belə dəliyə bir məsumə qız gəlin olarsa, sağalar", – deyə ata-anasını inandırır. Onlar da elə bir qız axtarmağa başlarlar. Lakin hansı bir fağır kəndliyə böyük pullar vədəsi ilə təklif edirlərsə, heç kəs qızını belə dəliyə vermək istəmir. Axırda arayıb Budaq babanı tapırlar və böyük pul ilə onu razı edirlər.

Zavallı Tamamın "səni bir gözəl dövlətli cavan oğlana veririk" deyə məcburən razılığını alırlar, kəbinini kəsirlər. Sonra toysuz, gizlincə dəliyə gəlin aparırlar. Tamam baxıb görür ki, onu aldadıb dəliyə vermişlər. Bunu bildikdə yazığın bütün bədəni titrəməyə başlar. İttifaqən həmin gecə göy üzünü qara buludlar tutub şiddətli yağmur yağmağa başlar. Dağlardan axan sellər alaçıqlara dolub bəzilərini yumalayıb aparır. Adamların başı buna qarışdıqda Tamam fürsət tapıb qaçır.

Gecənin qaranlığı, göyün dağlara səda salan dəhşətli şaqqıltısı, dərələrdən axan sellərin gurultusu Tamam kimi bir qızı yox, bütün kişiləri də xofa salar. Başıaçıq, ayaqyalın, küləklə boğuşa-boğuşa, sellərlə əlləşə-əlləşə Tamam qaçır. Dəli onun ürəyinə elə bir qorxu salmışmış ki, zavallı qızcığaz indiki halına şad imiş. Onun fikri o imiş ki, adamlar duyuq düşüncə Qarqar çayını keçib meşədə gizlənsin. Lakin bir qədər qaçdıqdan sonra daşlara dəyib yaralanmış ayaqları, yağmurdan islanmış bədəni, külək ilə əlləşməkdən tabdan düşmüş əzası daha hərəkətdən qalır. O zaman bir pənah yeri arayır ki, gizlənib dincəlsin, haranı tapır, bilirsinizmi? Hər şeydən artıq xof etdiyi qəbiristanı.

Tamam, üstü günbədli bir əski məzar tapır və içində gizlənir.

İttifaqən axşamlamış bir qoca dilənçi yoldan keçərkən həmin günbədli məzarı görür. İçəri girmək məqsədilə qapısına gəlir. Bu zaman dəhşətli bir qışqırıqdan diksinərək çəkilir. Qoca heyrətdə ikən Tamam dışarı çıxır və sərsəri, qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. Dilənçinin bütün bədəninə bir lərzə yayılır. “Bismillah”, deyərək qəbiristandan qaçmağa üz qoyur. Səhər olcaq Tamamı aramağa başlayırlar. Xeyli aradıqdan sonra meyitini Qarqarın o biri sahilində tapırlar.




QATİL UŞAQ


Otuz-qırx il bundan əvvəl, bəlkə, indi də Azərbaycanın çox yerlərində müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhməti ilə becərilmiş taxılı biçməkdə aciz qalaraq iranlı biçinçilərinə möhtac olmaqları idi.

Yayın isti günləri idi. İran biçinçiləri əyinlərində cındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan Araz çayını keçərək Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynuyoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmanları gəzib: "Cəddimin payını ver", – deyə kəndlilərdən "seyid vergisi" tələb edərdilər. Dini və adəti-mövhumata qərq olmuş sadədil məzlum kəndlilər hər bir vergidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cürət edib onların tələbini rədd edə bilməzdi.


* * *

Zəmili kəndi dağ ətəyində, meşə qırağında düşmüşdü. Bu kəndin əhli əkinçilik və maldarlıqla məşğul olardı. Tarlaları yüksək yerlərdə olduğu üçün dağlar arasından axan çaylardan istifadə edə bilməzdilər. Ona görə yağmur az yağan ili əkinləri yanıb zəhmətləri hədər gedərdi.

Bu kəndin qurtaracağında, meşənin başlanğıcında əski və ufaq daxmada Qızxanım adlı bir qadın on iki yaşlı oğlu ilə yaşayırdı. Bu qadın beş il idi ki, dul qalmışdı. Əri Mehdiqulunu artıq dərəcədə sevərdi və sevməyə də haqlı idi, çünki Mehdiqulu həlim təbiətli, gülərüzlü, rəhmdil bir şəxs idi. Ölənə kimi bir dəfə də olsa Qızxanımı incidib əziyyət verməmişdi. Bundan əlavə, Mehdiqulu kənd əhli ilə də gözəl rəftar edərdi.

Tarlasını hamıdan qabaq şumlayıb qurtarardı və sonra dul qadınların, xəstə düşmüş kəndli qardaşların yerlərini pulsuz-parasız öz öküzləri ilə sürərdi; buna görə kəndlilər onu çox istərdilər. Bu yaxşılıqların əvəzi idi ki, indi dul qalmış Qızxanımın tarlasını "ho" edib əkərdilər və biçin zamanında kömək edərdilər. Bir tərəfdən də oğlu Mərdanı özlərinə çoban tutub pul verməklə Qızxanıma kömək əllərini uzadardılar. Qızxanım bu qeyrətli kəndlilərin sayəsində öz oğlu ilə yaxşı güzəran edərdi.

Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi. Bir ittifaq kəndlilərin məhəbbətini ona daha da artırmışdı: cavan Qızxanım dul qaldıqdan sonra dübarə ərə getməmişdi. Elçilərə belə cavab verərdi:

− Sevgili ərimdən sonra kimsəyə arvad olmaq həvəsində deyiləm və oğlum Mərdanın da qəlbini yaralamaq istəmirəm. O qeyrətli uşaq böyüyüb məni hamıdan yaxşı saxlayacaqdır.

Bu fikir yanlış deyildi. Mərdan sağlam, cəsur bir uşaq idi. Anası ilə mehriban rəftar edib itaətindən boyun qaçırmazdı.

Atası Mehdiqulu asudə vaxtlarını ovda keçirərdi. Bəzi vaxt Mərdanı da özü ilə ova aparardı. Bu isə uşaqda ovçuluq həvəsini artırardı. Atası öləndən sonra uşaq onun ov tüfəngini də özü ilə götürərdi. Anası mane olmaq istədikdə deyərdi:

− Anacan, qorxma, tüfəngdən mənə xata gəlməz, bəlkə, məni yırtıcı heyvandan mühafizə edər. Atmaqda da ustayam.

Günəş ahəstə-ahəstə dağ başından enirdi. Getdikcə gözəbatıcı şöləsi zəifləşirdi. Dünyaya buraxmış zərrələrini geri çəkərək sanki deyirdi: “Siz də bir qədər rahat olun, balalarım”.

Bir azdan sonra günəş dağın dalına enərək gözdən qaib oldu. Kəndə qaranlıq çökməyə başladı. Aradan bir on dəqiqə keçdikdən sonra dağın arxasından qara buludlar qalxaraq kəndin üstünü aldı.

Qızxanım daxmadan çıxıb darvazaya gəldi. Qara buludları gördükdə yazıq qadının ürəyi iztiraba düşdü.

Mərdan hər gün günəş batdıqda malları kəndə gətirərdi. Qəflətən şimşək qızılilan kimi göyün üzündə oynayaraq dağlara dəhşətli bir səda buraxdı. Bu səsdən diksinərək Qızxanım ürəyində dua etməyə başladı.

Gurultu getdikcə artırdı. Bir azdan sonra şiddətli yağmur yağmağa başladı.

Qızxanım daxmaya girib köhnə, yamaqlı şalına büründü və yenə qapıya çıxdı. Bu vaxt qısaboylu, qaraqaş, pırtlaqgöz bir cavan seyid əbasını başına çəkmiş, doqqaz ilə gəlirdi. Qızxanımı gördükdə ona tərəf yönəldi.

− Bacı, mən qərib seyidi Allah qonağı saxlamağı rica edirəm.

− Ağa, cəddinə qurban olum, bu ev heç bir qonağı qapısından naümid qaytarmamış, ancaq mənim ərim vəfat etmiş. Mən bir dul qadınam, kişisiz evə sən naməhrəmi necə buraxım?

Seyid bunu eşitdikdə və cavan Qızxanımın gözəl simasını gördükdə qara pırtlaq gözlərindən od parladı.

− Bacı, seyid övladı hər bir evə məhrəmdir, məni belə yağmurda qapıdan naümid qaytarsan, bu evi, bişək-şübhə, bəla tutar.

Qızxanım seyidin qarğışlarından çox qorxardı. Oğlu xəstə olanda, başı ağrıyanda, ya sancı tutanda hər bir şeydən əvvəl seyidə nəzir edərdi. İndi seyidin sözlərini eşitdikdə ürəyi qorxuya düşdü. Bir tərəfdən də namuslu qadın yad kişini evinə buraxmaqdan həya edirdi. Bu halda intizarını çəkdiyi oğlu yadına düşdü.

− Ağa, içəri buyurun, yağış sizi isladır. − Hər ikisi həyətə daxil oldu. Qızxanım daxmaya girib çırağı yandırdı və sonra seyidi içəriyə təklif etdi.

− Buyurun, ağa, rahat olun.

Seyid islanmış əbasını çıxarıb əyləşdi.

− Bacı, bəs oğlun haradadır?

− Ağa, oğlum kəndin mallarını otarır, indi gələr. Ancaq yağış çox şiddətli yağır. Oğlumdan nigaranam, çünki uşaqdır, dağdan axan selə düşüb tələf olar.

Seyid dedi:

− Xof etmə, bacı, sən mən seyidi müsafir etdin, cəddim Məhəmmədəlmustafa buyurmuşdur ki, mənim övladım olduğu evə bəla nazil olmaz. Bu saat oğlun sağ-salamat gəlib çıxar.

− Allah ağzından eşitsin, ağa.

− Əlbəttə, biz seyidlərin ağzından çıxan sözlərin hamısı allah, peyğəmbər kəlamıdır. Ancaq bacı, səndən bir söz soruşmaq istəyirəm. Sən belə gözəl və cavan qadın nə üçün ikinci ərə getməmisən?

− Ağa, mən ərimi çox istəyirdim. O öləndən sonra əhd etdim ki, bir də başqasına getməyim. Onun tək varisini böyüdüm.

− Əhsən, əhsən, görürəm sən çox vəfalı qadınsan. Lakin nadanlıqdan cəddimin əmrindən çıxmısan və günah da etmisən. Məgər bilmirsənmi ki, cəddim Məhəmmədəlmustafa öz şəriətində bir kişiyə dörd arvad almağı caiz buyurmuşlar. Bundan əlavə, siğə yolu da qoymuş. Biz seyidlərə gəldikdə bunlar da lazım deyil. Bir dua oxumaqla hər bir qadın bizə halal olur. Mən buraya girdikdə o duanı oxudum ki, sən mənə halal olasan. Bunların sirri bilirsənmi nədir? İslam tayfası törəyib artsın, yer üzünü tutsun, kafirlərə qalib gəlsin.

Bu halda Qızıl inəyin mələməsi Qızxanımın qulağına çatdı, cəld dışarıya çıxdı və qapını açıb inəyi içəriyə buraxdı. Sonra gözlərini doqqaza dikdi ki, görsün oğlu gəlirmi?

Yağış kəsilmişdi, lakin yoldan hələ sel axırdı.

Uzaqdan Qızxanımın gözünə bir qaraltı göründü. Gözlədi ki, görsün kimdir. Bir azdan sonra Mərdan və arxasınca Bozdar gəlib çıxdı. Qızxanım soruşdu:

− Oğlum, nə üçün belə gec gəldin? Yağış mallara xəta yetirmədi ki?

− Xeyr, ana, sel güclü olduğuna görə malları dağdan endirmədim ki, dərələrdən keçə bilməzlər, hamının mallarını bir-bir qapılarına kimi aparıb həyətlərinə buraxdım.

− Gəl, ağıllı oğlum, rahat ol, bir seyid qonağımız da var. Yağış tutmuşdu, çox yalvardı ki, içəriyə qoyum.

− Yaxşı etmisən, ana! Belə havada qonağı yolda qoymazlar.

− Sən get rahat ol, mən də inəyimizi sağıb pəyəyə salım.

Mərdan içəri daxil olub seyidə salam verdi və "xoş gəlmişsiniz" deyə halını soruşdu. Sonra islanmış yapıncısını çıxarıb divardan asdı və tüfəngini də bucağa qoydu. Seyid tüfəngə nəzər yetirib Mərdana dedi:

− Oğlum, tüfəng götürməyə hələ uşaqsan.

− Ağa, 12 yaşında kəndli balasına uşaq deməzlər. Bu gün sizin bəxtinizdən əlimə ov keçmədi. Dovşan çoxdu, ancaq mən onları ov etmirəm, çünki ətini heç kəs yemir. Ov edəndə də köpəyim Bozdara verirəm.

− Oğlum, dovşan ətini, at ətini peyğəmbərimiz məkruh[10 - Məkruh − iyrənc, xoşa gəlməyən] buyurmuşlar, yəni istəsən yeyərsən, istəməsən yeməzsən.

Mərdan soruşdu:

− Belə nə üçün? Desin ya halaldır, ya haram.

− Oğlum, şəriətimizdə çox sirlər vardır. Sən başa düşməzsən.

Qızxanım əlində bir badya süd daxil oldu. Sonra süfrə salıb, küpədən yağ çıxarıb sapılcaya qoydu və gedib qayğanaq bişirib süd, qatıq ilə süfrəyə qoydu.

− Ağa, başqa xörəyimiz yoxdur, Allah verəndən yeyin.

− Allah evinizə bərəkət versin, bunlar da çoxdur.

Təamdan sonra Qızxanım süfrəni yığışdıraraq dedi:

− Ağa, biz kəndlilər erkən yatıb erkən də durmağı adət etmişik. Bilirəm, siz də yol gəlmisiniz, yorulmusunuz. İzin verin, yerlərinizi salım.

Seyid dedi:

− Mənim də adətim elədir.

Qızxanım, oğlu və qonaq üçün içəridə, özü üçün də dəhlizdə yer hazır etdi.

Mərdan və seyid rahat olandan sonra Qızxanım çırağı götürüb dəhlizə keçdi və orada yatmaq istədi. Birdən yadına düşdü ki, Mərdanın köynəyi yarımçıq qalmış, səhər istəyəndə verə bilməyəcəkdir. Ona görə köynəyi tikməyə məşğul oldu. Qızxanım gecəyarıya kimi köynəyi hazır etdi. Sonra çırağı söndürüb özü də yatdı. Qızxanım yenicə yuxuya getmişdi ki, komanın qapısı açıldı, bunun cırıltısı Qızxanımı oyatdı.

− Kimsən? − deyə səsləndi.

− Bacı, mənəm, bayıra çıxmaq istəyirəm, köpəkdən qorxuram, − deyə seyid cavab verdi.

− Səbir edin, ağa, çırağı yandırım, − Qızxanım şala bürünüb çırağı yandırdı və aftafaya su töküb seyidə verib dedi: − Evin sol tərəfinə gedin.

− Bacı, köpəkdən qorxuram, dışarıya çıx, onu qoyma.

− Köpək pəyənin yanında yatır. O sizi görməyəcəkdir. Eybi yoxdur, mən də çıxaram.

Dışarıya çıxdılar, yağmurdan sonra hava çox gözəl və gündüz kimi aydınlıq idi. Seyid aftafanı yerə qoyub Qızxanıma tərəf gəldi.

− Gözəl xanım, bayıra çıxmaq bir bəhanə idi. Mən sənin eşqindən bu gecə gözlərimi yummamışam, mənim istədiyim gərək ola, − bunu deyib seyid Qızxanımın əlindən yapışdı.

Qan, həyalı, namuslu qadının başına sıçradı, əlini çəkib şala büründü.

− Ağa, sən məni bihəya qadınmı sayırsan? Heç peyğəmbər övladı belə iş edərmi? Səni evimə buraxıb qonaq etmişəm, qabağına duz-çörək qoymuşam, heç ondan utanmırsanmı? İndiyə kimi mənim əlimdən bir naməhrəm tutmamış.

Seyid dedi:

− Mən bayaq sənə dedim ki, mən sənə naməhrəm deyiləm, siğə duasını da oxumuşam. Mənlə mülaqat etsən, nəinki günah, savabdan da savabdır, çünki bir seyid övladının məramını əmələ gətirirsən. Burada nə günah ola bilər? Onu da bil ki, hərgah mənim xahişimi əmələ gətirməsən, elə bir qarğış edəcəyəm ki, bu ev yanıb kül olsun, istəkli balan da tezliklə əlindən getsin, indi səndən cavab gözləyirəm.

Yazıq qadın seyidin ayaqlarına düşüb yalvarmağa başladı:

− Ağa, səni and verirəm o cəddinin pak olan ruhuna, mənim namusuma toxunma, mənim balamı əlimdən alma.

Seyid Qızxanımın şalını başından dartıb yerə atdı və onu qucaqlayaraq dedi:

− Görürəm, sən öz ixtiyarın ilə mənim xahişimi əmələ gətirməyəcəksən.

Namuslu qadın həyasından qışqırmırdı ki, səsini qonşuları və oğlu eşidər. Ancaq öz gücü ilə seyidin əlindən xilas olmaq istəyirdi. Bu halda Mərdan oyandı.

Yuxulu uşaq dəhlizdən gələn işığı görüb səhər açılmışdır sandı. Cəld dəhlizə çıxdıqda həyətdə çılpaq anasını seyidin qucağında çapalayan görcək qan qeyrətli uşağın başına sıçradı. Tez içəri girib tüfəngi qapdı və həyətə çıxdı.

− Nə edirsən, binamus kişi?

Bunu eşitcək seyid Qızxanımı buraxdı. Mərdan onu qarovula götürüb tüfəngin çaxmağını cəkdi. Seyid şimal ruzigarından qopan qocaman ağac kimi yerə sərildi.

Bunu görcək Qızxanım qışqırdı:

− Nə etdin, oğlum, seyid qatili oldun, evimiz tar-mar olacaqdır.

− Bəs sən istərdin ki, mənim anamın namusuna toxunanı sağ qoyum? Məgər mən Mehdiqulunun oğlu deyiləm? Sən, ana, qorxma, hamıya cavabı özüm verəcəyəm, − deyə Mərdan anasına təsəlli verdi.

Tüfəngin səsinə və Qızxanımın qışqırığına yaxın qonşular tökülüb gəldilər.

Əhvalatı biləndən sonra dedilər:

− Əhsən sənə, igid və namuslu oğlan, lənət olsun belə binamus seyidə.




MOLLA QASIM


Molla Qasım öz arvadı Zeynəb ilə Güllücə kəndində ömür sürürdülər. Bunların İrandan Azərbaycana haçan keçməsi kəndin ancaq bir neçə qocasının xatirində idi. Yerdə qalanları isə gözlərini açıb onları Güllücədə görmüşdülər.

Molla Qasım İrandan gəldiyi zaman bir çox böyük-kiçik kəndlərdə dolaşaraq nağıl etdiyimiz Güllücə kəndini bəyənib seçmişdi. Bunda da bir sirr vardı.

Mərkəzdən uzaq, qışlaqdan yaylağa uzanan yolun bir cığırımında, kol-koslu, ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olmuşdu. Əhalisi isə nəhayət dərəcədə avam, dini-mövhumat və bütpərəstlikdən qalma adətlər ağuşunda boğularaq həkimsiz, dərmansız yaşayırdı.

Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki kələyi varsa, işlədə biləcəkdir. O idi ki, hərif bu kəndi və onun camaatını bəyənmişdi. Molla Qasımın fikri yanlış çıxmadı, az bir zamanda o, kəndin həm ticarət, həm mollalıq, həm də həkimlik, ağsaqqallıq və qeyri vəzifələrini əlinə keçirərək rahat yaşamağa başladı.

Molla Qasımın ticarət mənbəyi olan balaca dükanına universal adı versək, səhv etmərik, çünki bu dükanda əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri mövcud idi.

Molla Qasımın bu "məta" mallarının qızğın alış-verişi el dağa köçən zaman və dağdan enən zaman olardı. Bu vaxt Molla Qasım dükanın mallarını artırardı, çünki böyük təcrübəsindən bilirdi ki, kəndlilər taxıllarını biçib döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər, coluq-çocuqlarına, gəlin-qızlarına tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar.

Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. Molla Qasım borcunu tələb edəndə borcluları deyərdilər:

− A Molla Qasım, özün bilirsən ki, bu zaman bizdə pul olmaz.

− Pul yoxdur, toyuq, ördək, qaz, qoz ki vardır. Arvadlarınız da corab, şal, palaz toxuyurlar. Bunlardan gətirin, borclarınıza hesab edək, − deyə Molla Qasım onları məzəmmət edərdi.

Molla Qasım Güllücə kəndinə kim tərəfindən molla təyin edilmişdi, bilən yox idi. Əslinə baxsan, heç kəs tərəfindən. Başqa vəzifələri kimi bunu da o özü qəsb etmişdi və bu mətləbi də qaldıran bir adam yox idi. Molla Qasımın qəsdi avam və nadan kəndlilərə şəriət öyrətmək, xeyir-şərlərini anlatmaq deyildi və özünün də bu barədə artıq məlumatı yox idi. Onun məqsədi yenə də pul qazanmaq idi. Hətta kəndlilər bir məktəb açmaq fikrinə düşdükdə Molla Qasım mane olub demişdi:

− Canım, siz kəndlilərə məktəb nə lazımdır? Uşaqlarınızı oxutsanız, öz əkinçilik sənətini atıb şəhərlərə qaçarlar, sizi də köməksiz qoyarlar. Bu fikirdən daşının, ağrımaz başınızı bəlaya salmayın.

Molla Qasımın həkimliyinə gəldikdə ondan-bundan bir neçə dərman adı öyrənib hər cür azar olursa-olsun o bildiyi dərmanın birini imtahan edərdi. Xəstə şəfa tapmayıb öləndə deyərdi: “Əcəli yetən adam öləcəkdir, istər həkimi Loğman da ola. Öldürmək, diriltmək xudavəndi-aləmin əlindədir. Aciz bəndə burada bir şey edə bilməz”.

Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub; kəndin bir erkəyi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı. Uşaqlar onu gördükdə qorxub qaçardılar. Kənd əhli bu qarıya "həcəmət" Zeynəb ləqəbini vermişdi. Zeynəb yırtıcı quş gözlü, qoyduğu həcəmət kimi beli əyilmiş, dilavar, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. Əri xəstə üstə getdikdə, ya ölü üstə aparıldıqda o, dükanda oturub alış-veriş edərdi. Bundan əlavə, körpə uşaqların həkimliyi, kəndin mamaça və elçiliyi bunun öhdəsində idi. Bir sözlə, Molla Qasım Güllücə kəndini inək kimi sağıb yeyərdi.

Hər bir xəsis adamda olduğu kimi, bunda da təbiət böyük qorxaqlıq yaratmışdı. Hərgah gecə vaxtı həyətdə bir qaraltı, bir səs gəlsəydi, dışarı çıxmaqdansa, qapıları bərkidib Zeynəb qarını göndərərdi ki, görsün nə var. Biləks, Zeynəb qarı çox qoçaq bir qadın idi, ərinə deyərdi:

− Bilməyirəm mən olmasaydım, sən bu vəhşi camaatın içində necə yaşaya bilərdin?

Molla Qasımın bir sifətini də söyləməliyik. O da avam kəndlilər kimi mövhumata inanıb qorxmağı idi. Ələlxüsus, dostu Zeynal kişi keçən cümə ona bu hadisəni nağıl etməklə cinlərə etiqadını möhkəmləşdirmişdi.

− Molla Qasım, xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. Arvad-uşağı yaylağa köçürüb özüm aranda qalmışdım. İşlərimi qurtarandan sonra uşaqlar üçün bir kisə un və qeyri azuqə tədarük edib boz qatıra yüklədim, yola düşdüm. "Cinli" dağdan qorxa-qorxa keçirdim. Bir zihəyat yox idi. Məni vahimə götürmüşdü. Birdən qulağıma zurna səsi gəldi. Diqqət ilə baxdıqda iki dağın arasında camaat gördüm, yəqin etdim ki, toydur, qatırımı onlara tərəf sürdüm, yaxınlaşdıqda bir cavan oğlan qabağıma çıxıb dedi:

− Zeynal kişi, sən çox xoş gəlmisən, buyur, burada toyumuz var, bir az rahat ol, ye, iç, sonra gedərsən.

Oğlan qatırın cilovundan tutub yoldaşlarına tərəf çəkdi. Onlara çatdıqda məni qatırdan düşürtdü. Qatırı bir kola bağlayıb məni hazır süfrəyə dəvət etdi.

Qonaqlar:

− Buyur, buyur, Zeynal kişi, sən bizim toya xoş gəlmisən, − deyə salamladılar. Süfrənin başında əyləşdirdilər. Məni heyrətə gətirən bir şey vardı: o da hamı məni tanıdığı halda, mən heç kəsi tanımayırdım. Plov süfrəyə gəldikdə məni toya təklif edən oğlan dedi:

− Zeynal kişi, təama şüru edin, ancaq ürəyinizdəki sözü demə.

Bunu eşitcək, Molla Qasım, sənin sözün yadıma düşdü. Yəni hər şeyi başladıqda bismillah deməli. Mən bismillah deyəcək, hamı yox oldu. Gördüm boz qatırın üstündəyəm. Heyvan bir kolun qabağında dayanıb dincini alır. Bunu gördükdə qan-tər məni basdı. Heyvanı rahat qoymayıb qamçıladım. Bir azdan sonra bu cin məkanından uzaqlaşdım. İndi də bu hadisə yadıma düşəndə tüklərim biz-biz durur.

Molla Qasım:

− Zeynal kişi, cin-şəyatin biz bəni-adəmin düşmənidir. Hər cildə girib bizləri haqq yoldan çıxarmaq fikrindədirlər. Ancaq gərək Allahdan uzaqlaşmayasan, onda heç şey edə bilməzlər, − deyərdi.


* * *

Hekayəmizin qəhrəmanları belə ömür sürməkdə ikən Azərbaycanda şura hökuməti quruldu. Sair kəndlər kimi Güllücə kəndində də kənd şurası düzəlib yeni şura yaşayışı başlandı. Qızlar və oğlanlar üçün məktəblər açıldı, böyüklər üçün də savad kursları. Kəndliləri yeni quruluşun qanunu ilə aşna etmək və onların biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular.


* * *

Xanənişin olmuş Molla Qasım bir dəfə öz dostu Zeynal kişi ilə belə yığıncağa getmişdi. Natiq din və məzhəbdən bəhs etdi:

– Din və məzhəb yoxsulları zəncirləyib ağalara və sərvətdarlara qul etmək üçün yaradılmışdır.

Din yoxsullar üçün bir tiryəkdir ki, onları həmişə qəflətdə saxlayıb oyanmaqlarına mane olmuşdur. Ruhanilər hökmranların, sərvətdarların min dürlü zülmünə davam etdirmək üçün, "Yoxsullar, səbir edin, böyüklərin ehtiramını saxlayın, onların itaətində olun ki, axirətdə Allahın behiştinə nail olasınız, yoxsa əbədilik cəhənnəmin oduna yanarsınız", − deyə yoxsul sinfə bu dünyada cəhənnəm çəkdirib onların zəhməti ilə özlərinə behişt qurmuşlar…

Bu nitqi eşitdikdə Molla Qasımın bədəninə titrətmə düşdü. Qorxudan daha məsciddə qala bilməyib evinə gəldi.


* * *

Nağıl etdiyimiz zamandan üç il keçdi. Zeynəb qarı hələ ümidini kəsməmişdi. Hey tas qururdu ki, şura hökumətini yıxsın, amma bolşeviklər tilsimə düşməyib günü-gündən möhkəmləşirdilər. Güllücə kəndini indi tanımaq belə olmurdu. Bataqlı küçələri düzəlib, gecələr elektrik ilə işıqlanırdı. Cavanlar tərəfindən teatr tərtib olunmuşdu. Qadınlar üçün klub açılmışdı.

El yaylağa köçən zaman idi. Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. Zeynəb qarı da gilas və ərik qaxı qurudurdu. Bu halda darvaza döyüldü. Zeynəb qarı gedib açdı. Bir cavan kəndli yedəyində iki at qapının dalında durmuşdu.

Zeynəb qarı soruşdu:

− Nə istəyirsən?

− Zeynəb nənə, molla əmi evdədirmi?

− Bəli, evdədir, içəri gəl.

Kəndli atları küçədəki ağaca bağlayıb içəriyə girdi. Molla Qasım başını qaldırıb soruşdu:

− Qənbər, nə var? Xeyir ola, yoxsa Hacı Cəfər naxoşlamış?

− Xeyr, molla əmi, atam salamatdır. Ancaq uşaqlıqdan bizim evdə tərbiyə almış bir kürd köç üstə qəflətən naxoşlayıb öldü. İndi onu dəfn etmək üçün sizi aparmağa gəlmişəm. Yoldan kənar qəbir də hazır etmişik.

Molla Qasım istehza ilə dedi:

− Siz bolşeviklər Allaha, peyğəmbərə, imama, şəriətə inanmayırsınız. Daha molla nəyinizə lazımdır? Heyvan kimi üstünü torpaqlayın, çıxsın getsin.

− Molla Qasım, mənə qalsa, elə edərəm və sənə də əziyyət vermərəm, çünki əqidəmcə, meyit namazı qılsan da, qılmasan da, təfavütü yoxdur, ölü çürüyüb torpaq olacaqdır. Daha bundan bir də nə diriltmək və nə də sorğu-sual olacaqdır. Ancaq atam onu çox istəyirdi, deyir ki, gərək qayda ilə molla dəfn etsin.

Zeynəb qarı bu sözləri Qənbərdən eşitdikdə davam etməyib dedi:

− Allah sizin kökünüzü dibindən kəssin, dinsiz mürtədlər. Tükəzban kimi Allah bəndəsi arvaddan belə kafir oğul törəsin?

Qənbər gülərək cavab verdi:

− Ay Zeynəb nənə, mən kafir öləndə nə molla əmi zəhmət çəkib namazımı qılsın, dəfn etsin, nə də sən ağlaşma qurub şaxsey vurasan. Ancaq məni atam göndəribdir ki, molla əmi gəlib Qədiri dəfn etsin. At da gətirmişəm. Zəhmət haqqınızı da alacaqsınız.

Molla Qasım pulun adını eşitcək yumşalıb dedi:

− Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. Anan da Zeynəbin bacılığıdır. Onların xatiri üçün razı oluram.

Molla Qasım qalxıb geyindi, Qənbərin köməkliyi ilə atı mindi və hər ikisi yola düşdü. Yolda Molla Qasım Qənbərə nəsihət edirdi. O da cavabında deyirdi:

− A Molla Qasım, biz yoxsullar bu dünyada oda yanmışıq, bir də sən deyən dünyada yansaq, bu, ədalətsizlik olar və sən də deyirsən ki, Allah adildir, zalım deyil.

Molla Qasım hər nə dəlil gətirirdisə, Qənbər cavabını verib onu məəttəl qoyurdu. Belə bəhs edərək gəlib bir kolluq və qaranlıq yerdə qazılmış qəbrə çatdılar.

Orada iki kəndli, Rəhim və Kərim qəbrin yanında oturub bunları gözləyirdilər.

− Kərim, mollanın atını tut, − deyə Qənbər atdan düşdü.

Molla Qasım ölünün meyit namazını qılıb qurtardı. Onu qəbrə qoydular. Molla Qasım ölünün təlqinini oxuyan zaman Qənbər yoldaşlarına dedi:

− Molla duasını oxuyunca biz də başdaşını gətirməyə gedək.

Kəndlilər getdilər. Molla Qasım qəbirdən çıxan torpağın üstə çömbəlib ərəb dilində kürd Qədirə axırıncı imtahanlarını öyrədirdi. Qəflətən ayaqlarının altından torpaq qaçıb qəbrə yıxıldı. Molla Qasım gördü ki, ölünün ayaqları yuxarı qalxdı. Bundan qorxaraq onun ayaqlarını əli ilə basdı. İndi də ölünün başı dikəldi. Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi.

Aradan bir on dəqiqə keçmiş kəndlilər üçlükdə bir iri daş gətirərək gəlib çıxdılar. Daşı qəbrin yanında yerə saldılar.

Kəndlilər qəbrə baxdıqda gördülər ki, Molla Qasım meyiti qucaqlayaraq huşsuz uzanmışdır. Rəhim qəbrə enib yoldaşlarının köməyi ilə Molla Qasımı bayıra çıxartdı.

Hər üçü Molla Qasımı huşa gətirməyə çalışdı. Xeyli səydən sonra Molla Qasım özünə gəldi. Üzündən qan qaçıb meyit rənginə dönmüşdü. Qənbər soruşdu:

− Molla əmi, sənə nə olmuş? Bu nə halətdir?

Molla Qasım zəif və titrək səslə dedi:

− Ölü xortlamış, ayağa qalxmaq istəyirdi… məni boğdu… sonra bilməyirəm nə oldu… Məni tez Zeynəbə yetirin…

Bunu eşitdikdə kəndlilər biixtiyar qarınlarını tutub qəhqəhə ilə gülməyə başladılar.

− Bizim etiqadlı mollamız, heç ölü də xortlarmı, ölən adam da dirilərmi? Ay alim Molla Qasım, beləmi əqidə ilə biz avam kəndlilərə yolgöstərici olmuşdun? − deyə Qənbər Molla Qasıma məzəmmət etməyə başladı.

Molla Qasım dedi:

− Mənə inanmayırsınız, qəbrə girin baxın.

− Baş üstə, Molla Qasım, bu saat qəbrə enib sənə səhih xəbər gətirəcəyəm, ancaq özün də qorxmayıb qəbrə baxasan, − deyə Qənbər qəbrə endi.

Molla Qasım qorxa-qorxa oraya baxırdı. Qənbər ölünün ayaq tərəfindən basdıqda meyitin baş tərəfi dikəldi.

− Gördünüzmü, − deyə Molla Qasım titrəyə-titrəyə soruşdu.

Qənbər ölünün baş tərəfindən basdıqda ayaq tərəfi qalxdı. Molla Qasım:

− İndi mənə inanırsınız.

Qənbər əlini meyitin baş tərəfinə soxaraq Rəhim və Kərimə dedi:

− İkinizə də lənət olsun, belə də qəbir qazarlarmı? Qəbrin ayaq və baş tərəfini qazıyıb çuxura salmısınız, amma ortasını dik qoymusunuz. Əlbəttə, meyitə əl dəydikdə ləngərlənəcəkdir.

Bunu eşitdikdə Kərim gülüb dedi:

− Ay Molla Qasım, yazıq Qədir xortlamamış, biz xortlamışıq.

Kəndlilər Qədirin meyitini çıxarıb qəbri düzəltdilər. Sonra yenə qəbrə qoyub basdırdılar. Molla Qasımın at üstə tək oturmağa taqəti yox idi, onu Kərimin tərkinə mindirib qurşağı ilə bağladılar ki, atdan yıxılmasın. Bu tövr ilə Qənbər və Kərim Molla Qasımı evinə gətirdilər. Zeynəb qarı ərini belə gördükdə qışqırıq saldı.

− Zeynəb nənə, qorxma, molla əmiyə heç bir şey olmamış, zəiflikdən atda özü otura bilmədi, onun üçün belə gətirmişik, − deyə Qənbər onu sakit etdi.


* * *

Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. Bu əhvalat kənd əhli arasında yayıldı. Nadinc uşaqlar Molla Qasımın evinin yanından keçdikdə bağırırdılar:

− Molla Qasım, qaç, xortdan gəldi.

Molla Qasımın azarı getdikcə artırdı. Axırda el dağdan enən zaman, ağartının qızğın alver vaxtı Güllücə kəndinin sabiq mollası, həkimi, taciri, ağsaqqalı və sairə vəzifə sahibi Molla Qasım vəfat etdi.




TƏBRİK


Çar zamanı idi… Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.

Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif qaradamlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət vergisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.

Rüşvətxor çar məmurları seçki zamanı onun tərəfini saxladıqları üçün məzlum kəndlilər hər iki qüvvədən qorxaraq Hümmətəlinin ziddinə getməyə cürət edə bilməzdilər, o da kəndxuda seçilərək hökmranlığını sürərdi.

Son zamanlarda qonşu kənddə yaşayan Xankişi dövlətlənmişdi. Seçki zamanında Hümmətəli ilə mübarizə aparırdı. Xankişinin axırda ona qalib gəlməsini Hümmətəli hiss edirdi. Çox çəkişmədən sonra Hümmətəli bu fikrə gəlmişdi ki, onunla qohumlaşıb öz tərəfinə çəksin. Bu yolda xeyli tələlər quraraq axırda məramına nail oldu. Belə ki, Hümmətəlinin qardaşı qızı Məlahət Xankişinin oğlu Qaraoğlana bu gün nişanlanacaqdı. Hümmətəlinin övladı olmamışdı, bunun səbəbini arvadı Xədicədən görərək onun üstə yeni arvad almışdı. Lakin ondan da övladı olmadı, buna Xədicə artıq şad idi, çünki illəti ərində görürdü. O idi ki, günüsü ilə yola getməyərək axırda onu boşatmağa müvəffəq olmuşdu.

Hümmətəlinin qardaşı Səfdərin də Məlahətdən başqa övladı olmamışdı. Atası Məlahəti çox istərdi və azadə böyüdürdü. Məlahət səkkiz yaşına çatdıqda atası vəfat etdi. Hümmətəli Məlahəti öz evinə gətirərək onun malına və ixtiyarına sahib oldu. Yazıq uşağın o gündən də müsibətləri başlandı. Sonsuz Xədicə ilk günlərindən Məlahəti sevmədi. Bu gözəl və sağlam qızcığazı görməyə belə gözü yox idi, heç bir şey üstə onu danlardı, döyərdi. Qıvırcıq və topuqlarına qədər sallanan saçları da biçarə qızın başına bir bəla kəsilmişdi. Xədicənin hər bəhanəsi qurtardıqda:

− Gəl başını darayım, − deyə Məlahətin o gözəl saçlarını daraq dişlərində qıraraq topa-topa yerə atardı.

Hümmətəliyə gəldikdə Məlahət qorxudan onun ətrafına belə dolanmazdı, yoldaşları ilə gəzməyi, oynamağı əmisi ona qadağan etmişdi. Bu isə azadə yaşamış qızcığaza danlanmaqdan, döyülməkdən artıq təsir edirdi.


* * *

Yavas-yavaş qonaqlar toplanmağa başlamışdı. Hümmətəli xeyli mehriban onlarla salamlaşaraq hər kəsə oturmağa yer göstərirdi. Lakin kəndlilər harada oturmağı gözəlcə bilirdilər. Döşəklər dövlətlilər, ruhanilər üçün qoyulmuşdu…

Cənnətəli:

− Hümmətəlidən başqa, kəndxuda olmağa kim layiqdir? O kişi neçə ildir bizim zəhmətimizi çəkmiş, yenə də çəkməlidir.

Hümmətəli özünü bicliyə vurub dedi:

− Xeyr, daha mən yorulmuşam, bəsdir, başqasını seçək ki, necə əziyyətli vəzifə olduğunu bilsin. Hökumət vergisi üstə məndən rəncidə olursunuz, onu bilmirsiniz ki, töycülərin vaxtlı-vaxtında toplanıb xəzinəyə verilməsini hökumət məndən tələb edir… Mən bir hökumət quluyam, əmrə tabeyəm, mənə buyururlar, mən də sizdən tələb edirəm.

− Doğrudur, doğrudur, − deyə kəndlilər təsdiq etdilər.

Qara Hüseyn əlavə etdi:

− Canım, bir sözlə, dinmə ver.

Bu sözə kəndlilər gülüşdülər. Hümmətəli bu cür tülkülüklə kəndlilərin rəyini ələ alırdı. Xankişinin və dəstəsinin gec gəlməsi Hümmətəlini təşvişə salırdı. Qorxurdu ki, Xankişi fikrini dəyişsin, yenə ona düşmən olsun. Bu halda darvaza açıldı. Xankişi adamları ilə həyətə daxil oldu. Hümmətəli cəld qalxaraq onlarla salamlaşdı.

− Xoş gəlmisiniz, buyurun, − deyə onlara yuxarı başda yer göstərdi.

Qonaqlar oturdular. Söhbət təzələndi. Bir azdan sonra süfrə salındı, xörək ortaya gəldi. Təamdan sonra çay və şirni meydana gəldi. Əsl mətləb açıldı. Kəndlilər bu xeyir işi alqışlayaraq anladılar ki, Hümmətəlinin çəngəsindən qurtarmaq zamanı hələ gəlməmiş.

Qonaqlar dağıldıqdan sonra Xankişi Hümmətəli ilə otağa daxil oldu.

− Qızımı göstərin, görüm necə qızdır? − deyə Xankişi soruşdu.

On yaşında gəlin meydana gəldi.

− Pəh-pəh, maşallah, nə göyçək qızdır, − deyə Xankişi Məlahətin alnından öpdü. Sonra bir üzük çıxarıb onun incə barmağına taxdı.

Əhvalatdan xəbərsiz qız, Xankişiyə baxaraq sanki soruşurdu:

− Bu nə oyuncaqdır?

Xankişi xudahafiz edərək dedi:

− Qızım, salamat qal, səni qoca baban bəzəkli-düzəkli, başı üstə saxlayacaqdır.


* * *

Bu hadisədən iki il keçdi. Xədicənin Məlahətə etdiyi zülm getdikcə artırdı. Əmisinə gəldikdə o da Məlahətə başqa cür əziyyət verirdi. Həyətdən kənara çıxmağa izin vermirdi. Qonşuya, ya başqa bir yerə getmək lazım gəldikdə başına çadra örtərdi. Həmişə əmisindən bu sözü eşidərdi:

− Unutma ki, sən Qaraoğlana nişanlısan, özünü elə ismətli dolandır ki, nə mən, nə də adaxlın xəcalət çəksin. Yoxsa səni öz əllərimlə boğub öldürərəm.

Qaraoğlan adı gəldikdə yazıq uşağın bədəninə titrəmə çökürdü. O saat Qaraoğlanın vahiməli, pırtlaq gözləri və capıq surəti gözlərinin önündə dururdu.

Məlahət Xədicənin və əmisinin min cür əziyyətinə razı olurdu. Lakin gələcəkdə Qaraoğlana arvad olmağını beyninə sığışdıra bilmirdi. Uzun gecələri biçarə qız göz yaşı tökərək vahimə içində keçirirdi. Gah özünü yuxuda qaranlıq ormanda, heybətli bir ayı qucağında görürdü. Sonra ayı Qaraoğlana dönürdü. Gah da özünü havada yırtıcı qartal caynağında görürdü. Bu da sonra dönüb Qaraoğlan olurdu.

Qonşuları Piri babanın nağıllarının sonunda gözəl qızları heybətli divlər çəngəsindən qəhrəman mələkzadələr xilas edərdi. Balaca Məlahət də öz qurtuluşunu elə şahzadələrdən gözləyirdi. Lakin minlərcə məlahətləri divlərin çəngəsindən xilas edən mələkzadələr deyil, Böyük Oktyabr inqilabı oldu.


* * *

Kəndliləri soymağa adət etmiş Hümmətəli şura hökuməti zamanında quzu cildinə girərək min hiylə qurdusa da, kəndlilər onu heç bir yerə seçmədilər. Axırda yenə bir seçki zamanı bir neçə kəndliyə rüşvət vəd etdiyinin üstü açılaraq bilmərrə seçmək və seçilmək hüququndan məhrum olundu. Məyus qalmış Hümmətəliyə təsəlli verəcək bir şey vardısa, o da özü kimi, şura hökuməti düşməni və öz həmməsləki Xankişinin də seçki hüququnun əlindən alınması idi. Bu iki hərifin şura hökumətini görməyə gözləri yox idi. Lakin zahirdə özlərini hökumət tərəfdarı göstərirdilər. Yeri gəldikdə deyirdilər:

− Şükürlər olsun ki, zülmkar çar hökuməti məhv oldu, indi hökumət biz işçi və kəndlilərindir.

Lakin kənddəki füqəra komitəsi bu iki hərifi gözəlcə tanıyırdı… Onları qabaqlayaraq dinc, farağat oturmalarına əmr etmişdi. Əks surətdə hər ikisinin sürgün olacağını xəbər vermişdi.

Şura hökuməti bərpa olduğu gündən balaca Məlahətin də yaşayışı dəyişilərək bir bayram içərisində keçirdi. Buna ümdə səbəb İsmət xanım idi. Belə ki, Hümmətəlinin evində qadınlar klubu açılmışdı. Klub qadınlar arasında savadsızlığı ləğv etmək kursu açmışdı. Bu kursa İsmət xanım müdir təyin olunmuşdu. İsmət xanım Hümmətəlinin evində mənzil edərək Məlahəti öz qanadı altına almışdı. Onu, kursdan əlavə, öz otağında xüsusi oxudurdu. Kiçik vaxtında ana məhəbbətindən məhrum qalmış uşaq həqiqi ana məhəbbətini İsmət xanımda tapmışdı.

İsmət xanım Məlahətin nişanlı olduğunu bilib bu işi pozmuşdu. Məlahət buna artıqca şad idi. Evin alt mərtəbəsində iki qaranlıq otağa soxulmuş Hümmətəli və Xədicə İsmət xanımın böyük düşmənləri idi, lakin ona bir şey etməyi bacarmırdılar. Məlahət az bir zamanda savadsızlığını ləğv edərək başqa talibələri ötüb-keçmişdi. İsmət xanım uşağın belə zəka və səyini görərək onu darülmüəlliminə hazırlayırdı. Buna da Hümmətəli razı deyildi.

− Kəndli qızına oxumaq yaramaz. Oxumuş qız ayağıçarıqlı kəndliyə ərə getməz, − deyə Hümmətəli şikayətlənərdi.

Lakin İsmət xanım onun sözünə əhəmiyyət verməzdi.

Məlahət İsmət xanımın tərbiyəsi altında böyüyərək on beş yaşına çatdı. Bu gözəl qızı almaq çox cavan oğlanın fikrindən keçirdi, lakin hökumətdən qaçaq düşən Qaraoğlandan qorxaraq heç kəs cürət edib Məlahətə elçi düşə bilmirdi. Bir il əvvəl nəşrə başlanmış "Şərq qadını"nı Məlahət çox sevərdi. Qadınlar şöbəsinə gələn nömrələri oxuyub artıq maraqlanardı. İsmət xanım Məlahətin bu jurnala olan həvəs və məhəbbətini görüb dedi:

− Məlahət, nə üçün sən də başqa kənd qızları kimi sevgili jurnalına müxbirə olmursan?

− Qorxuram yazdığımı çap etməsinlər, − deyə Məlahət cavab verdi.

− Nə üçün çap etmirlər? Əhəmiyyətli bir şey yazarsan, çap edərlər. Gələcək nömrə jurnalın ikiilliyi münasibətilə buraxılacaqdır. Sən də bir şey yaz, göndər…

Bu söz İsmət xanımın yadından çıxıb getmişdi, lakin Məlahət o gündən rahat ola bilmirdi. Həmişə fikir edirdi ki, nə yazsın və İsmət xanımdan da soruşmaq istəmirdi, çünki fikri məqaləsi çap olunursa, sevgili müəlliməsinə göstərərək onu şad etmək idi. Çox fikirdən sonra Məlahət jurnala bir təbriknamə yazıb göndərdi. İndi öz "Şərq qadını"nın bayram nömrəsini səbirsizliklə gözləyirdi.


* * *

Bir gün günəş qüruba enən zamanı Məlahət İsmət xanımla cavanlar klubundan evlərinə qayıdırdı. Yol uzunu İsmət xanım onu gələn il darülmüəlliminə aparacağından söyləyirdi. Məlahət buna bir tərəfdən şad, o biri tərəfdən qəmgin idi. Şad idi ki, darülmüəlliminə girib oxuyacaqdı və axırda müəllimə olacaqdı. Qəmginliyinə səbəb sevgili müəlliməsindən ayrılacağı idi. Belə şirin söhbət etdikləri zaman qəflətən yapıncıya bürünmüş bir atlı onların önünə çıxdı. Məlahət onun üzünü gördükdə qışqırdı:





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/suleyman-sani-ahundov/hekay-l-r-68289304/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Kövkəbi-hürriyyət − azadlıq ulduzu




2


Şüru − başlamaq




3


Əta − klassik ədəbiyyatda vermə, veriş, bağışlanma mənalarında işlənmiş söz




4


Piraniyə − qoca, ağsaqqal, ixtiyar, nurani




5


Ləfzi − söz, kəlmə




6


Kərahətli − iyrənc




7


Təqsim − bölmə




8


İktifa etmək – kifayətlənmək




9


Övdət – qayıtmaq




10


Məkruh − iyrənc, xoşa gəlməyən



Если текст книги отсутствует, перейдите по ссылке

Возможные причины отсутствия книги:
1. Книга снята с продаж по просьбе правообладателя
2. Книга ещё не поступила в продажу и пока недоступна для чтения

Навигация