Книга - Səfillər

a
A

Səfillər
Viktor Hüqo


Dünya ədəbiyyatından seçmələr
Dünya ədəbiyyatında çox nadir əsərlər vardır ki, "Səfillər"dəki kimi zəngin obrazlar qalereyasına sahib olsun, oxucunu təsirli, düşündürücü hadisələr burulğanına salsın. Bu kitabı oxuduqca siz də bu yazdıqlarımızla razılaşacaqsınız.





Viktor Hüqo

SƏFİLLƏR





I HİSSƏ

FANTİNA











ŞÜBHƏLİ YOLÇU


1815-ci ilin oktyabrında axşamüstü Din şəhərinin küçələri ilə qərib bir yolçu addımlayırdı. Hamı ona təşvişlə baxırdı. Ortaboylu, enlikürək, qüvvətli bir adam idi. Qırx altı-qırx yeddi yaşı olardı. Üzü günəşdən qaralmışdı. Kətan köynəyinin yaxasından gümüş lövbər nişanı asılmışdı. Şalvarının bir dizi yırtılmışdı. Çiynində əsgər çantası, əlində ağac vardı.

Şəhərdə “Kolbas xaçı” adlı kiçik bir mehmanxana vardı. Yolçu oraya yönəldi. Mehmanxana sahibi:

– Nə istəyirsiniz, cənab? – deyə soruşdu.

– Yemək və yatmaq.

Mehmanxana sahibi:

– Olar – dedi və əlavə etdi: – Əlbəttə, pulla.

Yolçu köynəyinin cibindən dəri pul kisəsini çıxararaq:

– Pulum var, – dedi.

Yolçu əyləşdi. Mehmanxana sahibi altdan-altdan ona baxırdı. Yolçu arxası ona tərəf oturmuşdu. Sahib qulluqçunu çağırıb qulağına nəsə dedi. Uşaq getdi və tezcə qayıtdı. Mehmanxana sahibi onun gətirdiyi kağızı açıb baxdı və yolçuya yaxınlaşaraq:

– Cənab, – dedi, – siz buranı tərk etməlisiniz.

– Nə üçün? Yoxsa qorxursunuz ki, pul vermərəm?

– Artıq söz lazım deyil. İstəyirsiniz, adınızı deyim? Jan Valjan. Gedin buradan.

Yolçu başını aşağı saldı və çantasını götürüb çıxdı. Qəmgin və yorğun bir halda yola düzəldi. Bu zaman o, arxaya baxsaydı, mehmanxana sahibinin yoldan keçənlərə hərarətlə nəsə dediyini, barmağı ilə onu göstərdiyini görərdi.








Gecə yaxınlaşırdı. Yolçu bağlarla əhatə olunmuş dar küçə ilə gedirdi. O, bərk acmışdı. Uzaqda işıq gələn kiçik bir ev gördü. Yaxınlaşıb pəncərədən içəri baxdı. Otağın ortasında süfrə hazırlanmışdı. Masanın yanında qırx yaşlarında, ağbənizli, gülərüz bir kişi oturmuşdu. Bir uşağı atıb-tuturdu. Yanında oturmuş cavan bir qadın o biri uşağa süd verirdi.

Yolçu yavaşca pəncərəni döydü. Kişi ayağa qalxıb lampanı götürdü və pəncərəyə yaxınlaşdı. Yolçu:

– Bağışlayın, cənab, – dedi. – Mənə bir boşqab şorba və yatmaq üçün otağın bir küncünü verərsinizmi? Pulunu ödəyərəm.

Ev sahibi soruşdu:

– Nə üçün mehmanxanaya getmirsiniz?

– Getmişdim, ancaq məni oraya buraxmadılar.

Ev sahibinin üzündə bir şübhə göründü:

– Yoxsa siz həmin adamsınız?

Ev sahibi arxaya çəkildi, lampanı masanın üstünə qoyub otağın küncündəki qoşalüləni götürdü.

– Rədd ol, – dedi.

– Allah xatirinə, heç olmasa, bir stəkan su…

– Rədd ol, yoxsa alnına bir güllə sıxaram!

Yolçu pəncərədən uzaqlaşdı.

Yenə tanımadığı küçələrdən keçib-gedirdi. Gəlib kilsənin qarşısındakı meydana çıxdı. Meydanın tinindəki daş skamyada uzandı. Bu zaman kilsədən qoca bir qadın çıxdı. Qaranlıqda skamyada uzanan adamı görüncə xəbər aldı:

– Sizin yatmağa yeriniz yoxdur?

– Yox. Mən bütün qapıları döymüşəm. Hər yerdən qovdular.

Mərhəmətli qadın meydançanın o biri tərəfindəki alçaq evi göstərərək:

– O qapını da döydünüz?

– Yox.

– Elə isə döyün…




KATORQALI


O axşam Din şəhərinin 75 yaşlı yepiskopu cənab Miriel qonaq otağında oturmuşdu. Qulluqçu qadın axşam yeməyinə hazırlıq görürdü. O, dükana gedəndə qorxulu xəbərlər eşitmişdi. Şübhəli bir sərsəri haqqında danışırdılar. Deyirdilər ki, bu gecə hər kəs ayıq olmalı, qapıları içəridən bağlamalıdır. Qulluqçu şəhərdə eşitdiklərini danışırdı:

– Adamlar onu şər qarışanda şəhərdə görüblər. Zahirən quldura bənzəyir. Bizim evin qapısı isə həmişə açıq olur. Monsenyor, – deyə o, yepiskopa müraciət etdi. – Sizin adətinizdir, gecəyarısı da qapını döyən olsa, “buyurun” deyirsiniz. Bəlkə, qapının cəftəsini, heç olmasa, bu gecəliyə bağlayaq.

Bu zaman kim isə qapını bərk döydü. Yepiskop:

– Buyurun! – dedi.

İçəriyə bir adam girdi. Bu, gecələmək üçün yer axtaran adam idi. Baxışından sərtlik, cəsarət, kin və yorğunluq yağırdı. Bu adamda nəsə qorxunc bir şey vardı.

Qulluqçu qorxusundan titrədi və yerindəcə donub qaldı. Yepiskop içəri girən adama diqqətlə və sakitcə baxırdı. Yolçu qocaya baxıb uca səslə danışmağa başladı:

– Mənim adım Jan Valjandır. Katorqadan gəlirəm. Orada 19 il qalmışam. Dörd gün əvvəl azad ediblər. Bu gün 12 lyö[1 - Lyö – qədim fransız uzunluq vahidi] yol gəlmişəm. Məni mehmanxanalardan da, evlərdən də qovurlar. Kilsənin qarşısında mərhəmətli bir qadın sizin evinizi göstərib “o qapını döy” dedi. Bura nədir? Karvansaradır? Mənim pulum var.

Yepiskop qulluqçuya dedi:

– Madam Maqluar, süfrəyə bir dəst də qab-qacaq qoyun.

Yolçu qulaqlarına inanmadı:

– Dayanın, deyəsən, məni başa düşmədiniz. Mən katorqadan gəlirəm, mən dustaq idim. Bu da mənim pasportum. Görürsünüz, rəngi sarıdır. Bu onun üçündür ki, məni hər yerdən qovsunlar. Mən sizdən bir parça çörək və gecələmək üçün tövlədə yer istəyirəm. Bunun haqqını artıqlaması ilə ödəyərəm. On doqquz il katorqada 109 frank[2 - Frank – Fransada pul vahidi] 15 su[3 - Su – Fransada pul vahidi] qazanmışam.

Yepiskop yenə dilləndi:

– Madam Maqluar, küncdəki çarpayıya təmiz mələfə salın.

Qulluqçu əmri yerinə yetirmək üçün çıxdı. Yepiskop dedi:

– Oturun, cənab, isinin. Bu saat şam edərik, sonra sizə yataq hazırlanar.

Yolçu sərsəm kimi mızıldanmağa başladı:

– Doğrudanmı? Ola bilməz! Siz məni, katorqadan gələn adamı qovmursunuz? “Rədd ol, köpək” demirsiniz? Axı siz kimsiniz?

– Mən keşişəm, cənab. Bura mənim evimdir.

Yepiskop hər dəfə “cənab” deyəndə yolçunun üzü işıqlanırdı. O, yorğun səslə dedi:

– Cənab keşiş, – dedi, – siz yaxşı adamsınız. Mənə nifrət etmədiniz. Yer verdiniz.

Keşiş yavaşca onun əlinə toxundu:

– Bu ev mənim deyil, Həzrət İsanın evidir. Bu qapıdan girən adamdan adı deyil, dərdi soruşulur. Mənə təşəkkür etməyin. Bu ev ehtiyacı olanlar üçündür. Adınızı mənə deməyə də bilərsiniz, çünki mən sizin adınızı bilirəm.

Yolçu ona heyrətlə baxdı:

– Doğrudanmı?

– Bəli, sizin adınız “mənim qardaşım”dır. Mən görürəm ki, qardaşım çox əzab çəkib.

– Elədir. O dustaq paltarı, ayaqlara vurulan kündə, yataq əvəzinə quru taxta, isti, soyuq, xəstəlik, dəyənək zərbələri! 19 il! Mənim isə 46 yaşım var. Əlimdə də sarı pasport.

Onlar söhbət etməkdə ikən madam Maqluar yemək gətirdi. Yepiskop üzündə şən bir ifadə ilə:

– Buyurun süfrəyə! – dedi.

Yepiskop dua oxudu və adəti üzrə, şorbanı özü qablara çəkdi.




«ALVER» BAŞ TUTDU


Fantina yetim bir qızdı. Monreyl şəhərində doğulmuşdu. On beş yaşında səadət axtarmaq ümidi ilə Parisə gəlmişdi. Qəşəng, sarışın qız idi.

Bir parça çörək üçün işləyirdi. Tuluza şəhərindən olan bir tələbəni sevmişdi. Sonra həmin tələbə onu atıb öz şəhərinə qayıtdı. O gedəndən sonra Fantinanın bir qızı oldu. Uşaq doğulandan sonra Fantina işdən çıxmalı oldu. İndi o, ehtiyac içində idi. Əli hər yerdən üzülən qadın vətəni Monreylə qayıtmaq istəyirdi. Bəlkə, doğma şəhərdə ona bir iş verən oldu. Yazıq qız hər şeyini satmış, borclarını verdikdən sonra 80 franka qədər pulu qalmışdı. Bu pulla o, Monreylə yola düşdü.

Yol üstündə Monfermeyl adlı bir kənd vardı. Bu kənddə meyxananın sahibi Tenardye adlı bir şəxs idi. Tenardye özünü “Vaterloo serjantı” adlandırırdı. O iddia edirdi ki, 1815-ci il Vaterloo döyüşündə iştirak edib və qəhrəmanlıq göstərib. Meyxananın adı və qapısındakı hərbi geyimli adam rəsmi buna işarə idi. Bu kobud rəsmi o özü çəkmişdi.

Meyxananın qarşısına iri zəncirləri olan qırıq araba qoyulmuşdu. Bir yaz axşamında zəncirin üstündə iki balaca qızcığaz oturmuşdu. Ana öz qızcığazlarını yellədir və zümzümə edirdi. Madam Tenardye kök, kürən saçlı, kobud bir qadındı.

Yoldan keçən qucağı uşaqlı bir qadın:

– Xanım, nə şirin uşaqlarınız var! – dedi.

Yolçu qadının əlində bir torba da vardı. Bu qadının uşağı mələk kimi gözəl idi. Qızcığaz yatırdı. Anasına gəlincə, yoxsul və məyus görünürdü. Bu qadın Fantina idi.

Qadınlar söhbət edəndə uşaq oyandı. Anası onu yerə qoydu. Uşaqlar oynamağa başladılar.

– Qızınızın adı nədir? – madam Tenardye soruşdu.

– Kozetta…

– Neçə yaşı var?








– Üç yaşına az qalıb.

– Baxın, – deyə madam Tenardye uşaqları göstərdi, – uşaqlar bir-birinə nə tez alışdı.

Bu sözlər gənc ananın qəlbində bir qığılcım kimi parladı:

– Xanım, razı olarsınızmı, uşağım müvəqqəti sizdə qalsın? – dedi. – Bilirsinizmi, mən qızımı özümlə vətənimə apara bilmərəm. Uşaqlı qadın üçün iş tapmaq çətindir. Bir də ki… mən tezliklə qayıdacağam.

– Bu barədə fikirləşmək lazımdır.

– Ayda altı frank verə bilərəm.

Bu zaman meyxanadan Tenardyenin səsi gəldi:

– Yeddi frankdan aşağı olmaz. Həm də altı ay üçün qabaqcadan.

– Verərəm.

– Bundan başqa, ilk xərclər üçün daha on beş frank lazımdır.

– Mənim səksən frankım var.

– Bəs uşağın paltarı varmı?

– Bəli, bəli, balamın paltarı çoxdur.

– Torbadakının hamısını verməlisiniz.

– Əlbəttə.

“Alver” baş tutdu. Qadın qızının üzündən öpüb tək yola düşdü. O, yolboyu hönkür-hönkür ağlayırdı.




TORAĞAY


Meyxananın işi pis gedirdi. Tenardye yolçu qadının verdiyi əlli yeddi frankla borclarını ödədi. Bir ay keçmədi, yenə pula ehtiyac yarandı. Kozettanın paltarlarını Parisə aparıb 60 franka girov qoydu. Bu pul da qurtaranda Kozettaya lazımsız bir əşya kimi baxmağa başladılar. Madam Tenardye özü, onun qızları Eponina və Azelma da Kozetta ilə pis rəftar edirdilər.

Kənddə isə deyirdilər ki, Tenardyegil yaxşı adamlardır. Kimsəsiz bir uşağı saxlayırlar. Hamı Kozettanın anası tərəfindən atıldığını zənn edirdi.

Qızın anası hər ay məktub yazırdı. Hər dəfə də ona cavab yazırdılar ki, qızı yaxşıdır. Altı aydan sonra Tenardye məktub yazıb ayda on frank tələb etdi. Anası razılaşmalı oldu.

Tenardye haradansa öyrənmişdi ki, uşağın atası məlum deyil, anası qorxudan bu işin üstünü aça bilmir. Odur ki məktub yazıb ayda on beş frank tələb etdi. Kozettanın anası ayda on beş frank verməyə başladı. İllər ötür, Kozetta böyüyürdü. Son zamanlar isə anası pulu vaxtlı-vaxtında göndərə bilmirdi.

Balaca Kozetta artıq evin xidmətçisinə çevrilmişdi. Xeyli arıqlamış, yazıq və qorxaq bir görkəm almışdı. Onun iri və qəşəng gözlərindən başqa heç nəyi qalmamışdı. Qızcığaz gün doğmadan göyərmiş kiçik əlləri ilə süpürgəni götürür, cır-cındır paltarda ağlaya-ağlaya küçəni süpürürdi. Bu, çox qəmli bir mənzərə idi.

Məhəllədə hamı ona “Torağay” deyirdi. Kiçik bir quşdan çox yer tutmayan, hamıdan qorxan, küçədə sübh tezdən görünən bu qızcığaza başqa nə ad vermək olardı?

Amma bu zavallı Torağayın heç səsi çıxmazdı.




MADLEN


1815-ci ilin sonlarında Monreyldə bir qərib peyda oldu. Bu şəhərdə onu tanımırdılar. Buraya bir dekabr axşamı, belində torba, əlində əsa gəlmişdi. O gələndə bir evdə yanğın baş vermişdi; şəhər idarəsi yanırdı. Bu adam canına qəsd edərək özünü odun içərisinə atmış, jandarm kapitanının uşaqlarını xilas etmişdi. Bu yanğında onun torbası, içində sənədləri yanmışdı.

Sonradan o, Monreyldə köç saldı. Hamı ona Madlen deyirdi.

Monreyldə qədimdən daş kömür və qara şüşədən bəzək şeyləri hazırlanardı. Cənab Madlen bəzək məmulatları istehsalında qatranı yapışqanla və döymə üsulunu tökmə üsulu ilə əvəz etmişdi. Bu iki yenilik böyük bir sənaye inqilabına səbəb olmuşdu. Üç il ərzində o, varlı bir adam oldu. Madlenin kəşfi sayəsində Monreyl iri ticarət mərkəzinə çevrilmişdi. Qara şüşə İspaniyaya ixrac edi-lirdi. Adamlar işlə təmin olunurdu. Qadınlar namuslu əməklə məşğul idilər.

Madlen dalğın baxışlı və mərhəmətli bir adam idi. Hər kəsi işə götürür, qadınlardan və kişilərdən yalnız namuslu olmağı tələb edirdi.

Bu adam başdan-ayağa müəmma idi. Çoxlu yaxşılıqlar etmişdi, lakin bu işlərini açıb-ağartmırdı. Qazanc onun üçün əsas məsələ deyildi. Lafit bankında onun adına 630 min frank pul var idi. Lakin bu pulu qoymazdan əvvəl Madlen şəhər yoxsullarına 1 milyon frank xərcləmişdi. Xəstəxananı böyütmüş, qızlar üçün iki məktəb tikdirmiş, qoca və şikəst fəhlələr üçün pulsuz aptek açmışdı.

1821-ci ildə qəzetlər Din yepiskopu Mirielin 82 yaşında vəfat etdiyini yazdı. Ertəsi gün cənab Madlen qara paltar geyindi və şlyapasına matəm lenti taxaraq şəhərdə göründü. Adamlar maraqlandıqda demişdi:

– Gəncliyimdə onun yanında xidmət etmişəm…

Şəhərdə yalnız bir adam vardı ki, Madlenə şübhə ilə yanaşırdı. Onun adı Javer idi. Şəhər polis idarəsində xidmət edirdi. Bu adam Parisdən Monreylə təyinat alanda Madlen artıq iri fabrikant və çox böyük sərvət sahibi idi.

Javer sərt adam idi. Güləndə sifəti pələngə bənzəyirdi. Gəncliyində Tulon həbsxanasında nəzarətçi işləmişdi. Bu qorxunc adam Madleni daim nəzarətdə saxlayırdı.

Bir gün səhər tezdən cənab Madlen daş döşənmiş küçə ilə gedirdi. İrəlidə bir yerə toplaşmış xeyli adam gördü. Onlara yanaşdı. Foşlevan baba adlı bir qoca kəndli yıxılmış atını qaldırmaq istəmiş, özü arabanın altına düşmüşdü. İndi o, arabanın altında ağrıdan dəli kimi bağırırdı.

Madlen adamlara müraciət edib Foşlevanı xilas etmək üçün böyük miqdarda pul təklif etdi. Kütlənin içindən tanış bir səs gəldi:

– Buna gücləri çatmaz, cənab Madlen. Mən bu işi görə biləcək yalnız bir adam tanıyırdım.

Madlen dönüb səs gələn tərəfə baxdı. Javerin qırğı baxışları ona zillənmişdi.

– Bu adam katorqalı idi… Tulon həbsxanasında dustaq olmuşdu. Adı Jan Valjan idi.

Kəndli “Aman! Öldüm! Əzildim!” deyə bağırırdı. Madlen heç bir söz demədən dizlərini yerə qoydu və arabanın altına girdi. Birdən araba titrədi və yavaş-yavaş yuxarı qalxmağa başladı. Madlen son gücünü verirdi. Hamı kömək etməyə başladı. İyirmi cüt qol arabanı yuxarıya qaldırdı. Foşlevan xilas oldu.

Madlen ayağa durdu. Paltarı cırılmış və palçığa bulanmışdı.

Foşlevan yıxıldıqda diz qapağını sındırmışdı. Madlen zavallını xəstəxanaya göndərdi. Ona qayğı göstərdi. Foşlevan bir müddət xəstəxanada yatdı. Sağalanda isə dizini qatlaya bilmirdi. Cənab Madlen onu Parisdəki monastırlardan birində bağban işinə düzəltdi.

Bu hadisədən az sonra Madlen Monreyl şəhər meri vəzifəsinə təyin olundu. Javer Madleni rəsmi libasda gördükdə canavar görmüş it kimi qorxudan titrədi. Bundan sonra Javer onunla böyük hörmət və təzimlə danışırdı.




FANTİNA SƏFALƏT İÇİNDƏ


Fantina Monreylə gələndə onu burada heç kəs xatırlamırdı. Gənc qadın Madlenin fabrikinə gəldi. Onu qadın emalatxanasına qəbul etdilər. Qazancı az olsa da, kifayət edirdi. Fantina artıq öz əməyi ilə yaşaya bilirdi.

Namusla yaşaya bilmək nə böyük səadətdir! Fantina fabrikdə bir ildən artıq idi işləyirdi və özünü xoşbəxt sanırdı. O hər an Kozettasını düşünür, lakin qızı barədə danışmaqdan çəkinirdi. Tenardye ailəsinə müntəzəm pul göndərirdi. Savadsız olduğundan məktub yazmaq üçün ərizə yazana müraciət edirdi. Bu bəzi ağzıgöyçəklərin diqqətini cəlb etmişdi. Həmin adamlar ərizə yazanı içirdib danışdırmışdılar. Qadının bir uşağı olduğunu öyrənmiş, “yəqin pozğun bir qadındır” deyə düşünmüşdülər.

Bir gün emalatxana nəzarətçisi Fantinaya merin adından 50 frank verib işdən azad edildiyini söylədi. Fantina dəhşətə gəldi. Dostları ona merlə görüşməyi, dərdini danışmağı məsləhət bildilər. Lakin buna cəsarət etmədi.

Fantina olan-qalan pullarını sərf edib qurtardı. İndi xırda dərzi işləri ilə məşğul olurdu. Lakin bu işdən çox az qazanır, borcları isə artırdı. Tenardyelərin məktubları onu dəhşətə gətirirdi. Bir dəfə Tenardye qızın bu soyuqlarda çılpaq gəzdiyini yazmışdı. Heç olmasa, 10 frank göndərməsini tələb edirdi. Fantina axşam tindəki bərbər dükanına getdi. Daraqlarını çıxardı, gözəl sarışın saçları belinə qədər düşdü. Bərbərə dedi:

– Bu saçlara neçə verərsiniz?

– On frank.

– Kəsin.

Fantina bu pula yun bir tuman alıb qızına göndərdi. Tenardye qəzəbləndi. Ona pul lazım idi. Tumanı Eponinaya verdilər. Zavallı Torağay isə üşüyə-üşüyə qaldı. Fantina isə fikirləşirdi: “Artıq balam üşümür”.

Az sonra Tenardyedən yeni bir məktub gəldi: “Kozetta bizim yerlərdə yayılmış yoluxucu xəstəliyə tutulub. Buna səpgili qızdırma deyirlər. Bahalı dərmanlara ehtiyac var. Qırx frank pul göndərməlisiniz”.

Fantina dəli kimi otaqda vurnuxurdu. Birdən diş həkimi yadına düşdü. O, Fantinaya iki qabaq dişi üçün qırx frank pul təklif etmişdi.

Ertəsi gün diş həkiminin yanına getdi. İki qabaq dişini çəkdirib aldığı qırx frankı Monfermeylə göndərdi.

Tenardye hiylə işlətmişdi. Kozetta xəstə deyildi.

Get-gedə çətin vəziyyətə düşən, əli hər yerdən üzülən Fantina səfalət yoluna düşdü.

Nəhayət, bir gün Fantinanı dilənçilik üstündə tutub polis idarəsinə gətirdilər. Javer bir kağız götürüb nə isə yazdı. Sonda qol çəkdi və kağızı qatlayaraq növbətçi serjanta verib dedi:

– Üç əsgər götürüb bu qızı həbsxanaya aparın!

– Sonra Fantinaya sarı dönərək əlavə etdi: – Orada altı ay yatacaqsan!

Zavallı qadın diksindi:

– Altı ay! Altı ay həbsxanada yatmaq! – deyə bağırdı. – Bəs Kozetta nə olacaq? Axı Tenardyeyə yüz frankdan artıq borcum var?

Qadın yalvarırdı. Javer ona fikir vermirdi. Əsgərlər Fantinanın qollarından yapışdılar. Birdən hökmlü bir səs eşidildi:

– Bir dəqiqə dayanın!

Javer başını qaldırıb qarşısında Madleni gördü. Artıq bir neçə dəqiqə idi ki, şəhər meri qapının ağzında dayanıb qadının yalvarışlarına qulaq asırdı. Javerin dili topuq çaldı:

– Bağışlayın, cənab mer…

“Mer” sözü Fantinaya qəribə təsir bağışladı. Nifrət saçan üzünü Madlenə tutub qışqırdı:

– Aha! Cənab mer, sənsən?!

Fantina vəhşi bir qəhqəhə ilə güldü. Birdən Madlenin üzünə tüpürdü və dəli kimi qışqırmağa başladı:

– Qeybətcil arvadların dedi-qodusuna görə məni fabrikdən qovdun. Mənim müsibətlərimin baisi sənsən. Axı mənim balaca Kozettam var, mən onu dolandırmalı idim…

Cənab Madlen diqqətlə dinləyirdi. Axırda üzünü Javerə tutub dedi:

– Bu qadını azad edin!

Javer özünü itirdi:

– Cənab mer, bu alçaq qadın indicə sizi də təhqir etdi.

– Bu mənim işimdir. Yaxşı yadınızda saxlayın, bu qadın həbsxanada bir gün də qalmayacaq. Gedin…

Javer merə təzim edərək otaqdan çıxdı. O gedəndən sonra Madlen üzünü Fantinaya çevirib dedi:

– Sizin başınıza gələnlərdən xəbərim yoxdur. Mənim fabrikimdə işlədiyinizi də bilmirdim. Nə üçün bu barədə birbaşa mənə müraciət etmədiniz? Yaxşı, olan olub, keçən keçib. Mən sizin borclarınızı verəcəyəm, uşağınızı bura gətirdərəm və ya siz özünüz gedib gətirərsiniz. İstəsəniz, sizi işə bərpa edərəm. Sizi də, uşağınızı da öz öhdəmə götürürəm.

Fantinanın qarşısında səfalət qaranlığı içərisindən cənnət qapıları açılırdı. O, çaşqın nəzərlərlə Madlenə baxırdı. Yalnız üç dəfə hıçqırdı.




JAVER


Madlen Fantinanı xəstəxanaya aparmağı əmr etdi. Bu xəstəxana onun yaşadığı imarətdə yerləşirdi. Cənab mer Fantinanı şəfqət bacılarına tapşırdı.

Madlen o gecə oturub Tenardye ailəsinə bir məktub yazdı. Fantinanın 120 frank borcu müqabilində onlara 300 frank göndərdi və qızcığazı dərhal Monreylə göndərməyi tapşırdı.

Tenardye bu hadisəyə mat qaldı. Meyxanaçı öz arvadına dedi: “Uşağı əlimizdən buraxa bilmərik. Bu sərçə bizim üçün sağmal bir inək ola bilər”.

Madlen gündə iki dəfə Fantinaya baş çəkirdi. Həkim Fantinanı növbəti dəfə müayinə etdikdən sonra başını buladı və cənab Madleni kənara çəkdi:

– Onun, deyəsən, görmək istədiyi bir uşağı var?

– Var.

– O halda uşağı tezliklə gətizdirin.

Cənab Madlen diksindi…

Tenardye isə min cür bəhanə ilə Kozettanı buraxmaq istəmirdi. O, uşağın bir az xəstə olduğunu, bu soyuqda yola çıxa bilməyəcəyini yazırdı.

Cənab Madlen bu dəfə Fantinanın dilindən yeni bir məktub yazdı:

“Cənab Tenardye! Kozettanı bu məktubu gətirən adama verin. Nə xərciniz olmuşsa, hamısını sizə verəcəklər. Hörmətlə, Fantina”.

Elə həmin günlərdə gözlənilməz bir hadisə baş verdi.

Səhər cənab Madlen öz otağında oturub kağızlara baxır, Monfermeylə getməli olduğundan bəzi kağızları imzalamaq istəyirdi. Bu zaman Javerin gəldiyini xəbər verdilər.

Mer içəri daxil olan polis müfəttişinə baxmadan kağızlara imza atmaqda davam edirdi.

– Hə, nə olub, Javer?

– Cənab mer, mən mühüm bir etiraf etməliyəm.

– Nə etiraf? – Madlen təəccüblə ona baxdı.

– Cənab mer, bu qadın əhvalatından sonra mən bərk acığa düşdüm. Paris prefekturasına məlumat verdim ki, bizim mer keçmiş katorqalıdır.

Merin rəngi sapsarı saraldı. Javer gözünü qaldırmadan danışırdı:

– Bəli, mən sizi Jan Valjan adlı bir caniyə oxşadırdım. Onu 20 il əvvəl Tulon həbsxanasında nəzarətçi işləyən vaxt görmüşəm. Bu adam katorqadan sonra yoxa çıxmışdır. Səkkiz ildir onu axtarırlar…

– Bəs oradan nə cavab verdilər?

– Yazdılar ki, mən dəli olmuşam. Əsl Jan Valjan tapılmışdır.

Madlen başını qaldırıb diqqətlə Javerin üzünə baxdı. Anlaşılmaz bir ifadə ilə dedi:

– Necə?

– Bizim mahalda Şanmatye adlı bir səfil adam varmış. Alma oğurluğu üstündə keçən payız tutulur. Onu Arras həbsxanasına aparırlar. Orada qoca bir katorqalı onu tanıyır. Məlum olur ki, Jan Valjanın adı Jan, anasının soyadı isə Matye imiş. Odur ki Jan dəyişib Şan olur və anasının soyadı ilə “Şanmatye” kimi tanınır. Jan Valjanı iki başqa katorqalı da tanıyıb. Mən isə burada güman edirdim ki, Jan Valjan əlimdədir. Məni çağırtdırıb Şanmatyeni göstərdilər. Bu adam, şübhəsiz, Jan Valjandır. Mən özüm onu tanıdım.

Mer yavaşdan:

– Siz buna əminsinizmi? – deyə soruşdu.

– Əlbəttə, əminəm! Onun işi şuluqdur. O, təkrar cinayət törədib. İşə Arras məhkəməsi baxacaq. Məni də bir şahid kimi çağırıblar. Sabah bu işə baxılacaq.

Javer baş əydi və qapıya tərəf döndü. Qapının ağzında dönüb gözlərini qaldırmadan dedi:

– Cənab mer, yerimə adam təyin olunana qədər vəzi-fəmə davam edəcəyəm.




ŞANMATYENİN İŞİ


Arrasda məhkəmə başlanmışdı. Madlen də məhkəmə salonunda idi. Hamının gözü bir nöqtəyə – müttəhimlər kürsüsündəki adama dikilmişdi. Zahiri görünüşünə görə bu adama altmış yaş vermək olardı. Onun qaba, çaşqın görkəmi vardı.

İttiham səsləndirildi. Jan Valjanın müdhiş xarakteristikası verildi. Müqəssir ağzını ayırıb heyrətlə qulaq asırdı. Prokuror müavini məhkəmədən sərt bir qərar çıxarılmasını tələb etdi – ömürlük katorqa!

Müttəhimə söz verildi. O dedi:

– Mən Parisdə araba ustası olmuşam. Başa düşmürəm məndən nə istəyirlər… Mən heç bir şey oğurlamamışam. Yoldan keçirdim. Yolun kənarında sınıq bir alma budağı tapdım. Üstündə alma vardı. İndi düz üç aydır həbsxanadayam. “Jan Valjan, Jan Matye” deyirsiniz. Mən bu adamları tanımıram. Mənim adım Şanmatyedir. Heç bilmirəm harada doğulmuşam, yetim olmuşam. Hamınız dəli kimi dalımca düşmüsünüz, nə istəyirsiniz məndən?

Prokuror müavini Jan Valjanla bir vaxtda katorqada olmuş Breve və Koşpayl adlı şahidləri çağırmağı təklif etdi. Onlar ifadə verdilər. Hər ikisi təsdiqlədi ki, bu, Jan Valjandır. Koşpayl əlavə etdi:

– Çox qüvvətli olduğu üçün adına Jan Domkrat deyirdilər.

Bu vaxt salonda gurultulu bir səs eşidildi:

– Breve, Koşpay! Bir bura baxın!

Məhkəmə sədri, prokuror müavini və bir çox başqaları bu adamı tanıdılar.

– Cənab Madlen!

Arrasa gəldiyi vaxt Madlenin başında yalnız bir qədər ağ tük vardısa, məhkəmə salonunda onun saçları tamam ağarmışdı.

Bütün gözlər ona çevrildi. Hamının Madlen deyə tanıdığı bu adam şahidlik edən keçmiş katorqalılara tərəf yeridi və:

– Məni tanıyırsınızmı? – dedi.

Onlar başlarını bulayaraq tanımadıqlarını söylədilər. Madlen üzünü hakimlərə tutub dedi:

– Cənab hakimlər, əmr verin, müttəhimi azad etsinlər. Jan Valjan mənəm!

Hamı donub-qaldı. Prokuror müavini cənab Madlenə tibbi yardım göstərilməsini təklif etdi. Hamı onu dəli zənn etdi.

Madlen dedi:

– Təşəkkür edirəm, cənab prokuror müavini, mən dəli deyiləm. Siz az qala böyük bir səhv edəcəkdiniz. Bu saat özünüz buna əmin olarsınız.

Sonra katorqalılara tərəf dönərək dedi:

– Breve, katorqada geydiyin dama-dama şalvar yadındadırmı?

Breve təəccübdən diksindi. Qorxu içində onu süzdü. Madlen sözünə davam etdi:

– Koşpay, sənin sol qolunda yazı var. «1815» yazılıb. Qolunu çırmala!

Koşpay qolunu çırmaladı. Jandarm lampanı yaxına tutdu, tarix seçilirdi.

– İndi gördünüzmü, Jan Valjan mənəm?

Cənab mer salondakıları bir daha süzüb əlavə etdi:

– Mən daha məhkəmə iclasının gedişinə mane olmaq istəmirəm. Cənab prokuror müavini mənim kim olduğumu, haraya getdiyimi bilir, arzu edərsə, məni tutdura bilər.

O, qapıya doğru yeridi. Kimsədən səs çıxmadı. Camaat kənara çəkilib ona yol verdi. Qapı arxasınca bağlandı.

Şanmatyeyə bəraət hökmü çıxardılar. O isə bunlardan bir şey anlamadı. Hamını dəli zənn edirdi.




ƏKS-ZƏRBƏ


Hava işıqlanırdı. Fantina bu gecəni narahat keçirmişdi. Şəfqət bacısı bütün gecəni xəstənin yanından ayrılmamışdı. Birdən o, başını qaldırıb meri gördü.

– Cənab mer, sizsiniz? Aman, yarəbbi! Sizə nə olmuşdur? Saçlarınız tamam ağarıb.

– Zavallı qadının halı necədir?

– İndi pis deyil, lakin dünən bizi çox qorxutdu.

Birdən Fantina gözlərini açdı. Madleni görüb dedi:

– Mən yuxuda sizi görürdüm. Sizi bir şəfəq bürümüşdü, ətrafınızda mələklər uçuşurdu. Deyin görüm, Kozetta haradadır? Axı siz söz vermişdiniz…

Birdən Fantinanın üzü meyit rəngi aldı. Nəzərləri otağın küncünə dikilmişdi. Cənab Madlen dönüb baxarkən qapıda Javeri gördü.

Arrasdan prokuror müavini Madleni tutmaq üçün Javerə əmr məktubu yazmışdı. Javer yenicə yuxudan qalxmışdı ki, polis agenti əmri gətirmişdi. İndii o, sakit və ciddi görünsə də, əslində, göyün yeddinci qatında idi. Özü ilə beş əsgər və kapral götürmüşdü.

Fantina elə bilirdi ki, Javer onun dalınca gəlib. O, əlləri ilə üzünü örtüb çığırdı:

– Cənab mer, məni qurtarın!

Jan Valjan (artıq onu öz adı ilə çağıraq) sakit və mülayim səslə dedi:

– Qorxma, o sənin dalınca gəlməyib.

Sonra Javerə tərəf dönərək:

– Sizin nə üçün gəldiyinizi bilirəm.

Javer cavab verdi:

– Tez ol! Gedək!

Bu üç qısa sözün ahəngində bir yırtıcılıq duyulurdu. Fantina əllərini üzündən götürdükdə Javerin Jan Valjanın yaxasından tutduğunu gördü. Yazıq qadın:

– Cənab mer! – deyə çığırdı.

Javer bütün dişlərini ağardaraq qorxunc bir qəhqəhə ilə güldü:

– Burada daha cənab mer-filan yoxdur!

Jan Valjan ona tabe olaraq dedi:

– Javer, mənim sizdən bir xahişim var. Üç gün möhlət verin. Yalnız üç gün! Gedib bu zavallı qadının uşağını gətirim! Nə qədər pul lazım olsa, verirəm! İstəsəniz, mənimlə bərabər gedərsiniz.

– Siz mənimlə zarafat edirsiniz?








– Ah, mənim Kozettam! – Fantina inildədi.

Javer hiddətlə ayağını yerə vurdu:

– Bu da bir yandan başladı! Səsini kəssənə!

Fantina birdən yerindən dikələrək zəif qollarına söykəndi. Jan Valjana, Javerə, şəfqət bacısına nəsə demək istədi. Sinəsindən boğuq bir səs çıxdı. Taqətsiz halda yastığına yıxıldı. Başı sinəsinə əyildi. Fantina öldü.

Jan Valjan əlini uzadıb onun gözlərini sığadı. Javerə tərəf dönərək:

– Siz bu qadını öldürdünüz! – dedi.

Javer hiddətlə:

– Bəsdir! – dedi. – Keşikçilər aşağıda gözləyirlər. Dalımca gəl, yoxsa əmr edərəm səni buxovlasınlar!

Jan Valjan çarpayının qarşısında diz çökərək soyuq və qorxunc səslə dedi:

– Mənə bu dəqiqə mane olmağı məsləhət görmürəm.

O, Fantinanın üzərinə əyildi. Onun qulağına nəsə pıçıldamağa başladı. Bu an Fantinanın üzü qəribə bir nur saçırdı. Nəhayət, Jan Valjan ayağa durdu. Javerə tərəf dönərək:

– İndi sizin ixtiyarınızdayam! – dedi.

Javer Jan Valjanı şəhər həbsxanasına apardı.




HƏBSXANADAN QAÇIŞ


Merin həbsi şəhərdə böyük əks-səda doğurdu: “Bu adam keçmiş katorqalı imiş…”. Tez bir zamanda onun etdiyi bütün yaxşılıqlar yaddan çıxdı. Madlenin evində xidmət edən Simplisiya adlı şəfqət bacısı isə həmin yaxşılıqları unutmamışdı.

Axşam Simplisiya xəstəxana otağında Fantinanın cənazəsi önündə dua edirdi. Bu an pəncərə açıldı. Ağ saçlı bir kişi yaşına yaraşmayan cəldliklə pəncərədən otağa daxil oldu. Özünə gələn şəfqət bacısı astadan:

– Aman Allah! – dedi. – Cənab mer, sizsiniz? Mən isə elə bilirdim ki, siz…

Jan Valjan onun cümləsini tamamladı:

– Bəli, mən həbsxanada idim. Pəncərənin dəmir şəbəkəsini qırdım, damdan enərək qaçdım. İndi mən öz otağıma gedirəm. Ardımca gəlin.

Jan Valjan darvazanı açmadan həyətə girmişdi. O, otağına girib kağız və qələm götürdü. Nə isə yazıb kağızı şəfqət bacısına verdi: “Bacı, bunu keşişə verərsiniz”. Kağız açıq idi. Qadın ona nəzər saldı. Jan Valjan:

– Oxuya bilərsiniz! – dedi.

Qadın oxudu: “Cənab keşiş, rica edirəm ki, burada qoyduğum şeyləri sərəncamınıza götürəsiniz. Xahiş edirəm, bu gün vəfat edən qadını layiqincə dəfn edəsiniz. Qalan pul yoxsullara paylanmalıdır”.

Bu vaxt pilləkəndə tappıltı qopdu. Qapıçı qadın çığırırdı:

– Cənab, and olsun Allaha, burada kimsə yoxdur.

Bir kişi səsi ona cavab verdi:

– Lakin otaqda işıq var.

Jan Valjan Javerin səsini tanıdı. O, dolabın arxasına çəkildi. Simplisiya bacı masanın yanında diz çökdü və ibadət etməyə başladı. Bu an qapı açıldı. Javer rahibəni görüb çaşqın halda dayandı. İbadətlə məşğul olan rahibə gözlərini qaldırmırdı.

Javer dindar adam idi. Onun nəzərində rahibə günahsız bir varlıq idi. Lakin vəzifə hissi rahibəyə sual verməyə məcbur etdi:

– Bacı, otaqda təksinizmi?

Bu, müdhiş bir dəqiqə idi. Rahibə gözlərini qaldırdı:

– Bəli.

– Jan Valjan həbsdən qaçıb. Siz onu görmədiniz?

– Yox.

– Bağışlayın, – Javer hörmətlə təzim edərək otaqdan çıxdı.

Rahibə iki dəfə yalan dedi. Yəqin ki, onun bu yalanını behiştdə bağışlayarlar.

…Bir saatdan sonra bir adam qalın dumanda ehtiyatla Monreyldən uzaqlaşır, Parisə doğru addımlayırdı…

Keşiş yoxsullar üçün ayrılmış pulun çox hissəsini paylamadı, özünə saxladı. Fantinanın dəfnini isə kasıbyana yola verdi.




9430 NÖMRƏLİ DUSTAQ


Cənab Madlen yox olduqdan sonra Monreyldə xoş güzəran da sona çatdı. İnsanların qazancı azaldı. Adamlar işsiz qaldı. Ürəklər daşa döndü. Daha yoxsulların qeydinə qalan yox idi.

Bir az sonra polislər xəbər tutdular ki, kimsə Lafit bankından cənab Madlenə məxsus olan pulları son qəpiyi-nə kimi çıxarıb. Aydın məsələ idi ki, bu özünü Madlen kimi qələmə verən Jan Valjan olub. Javer çox təəssüfləndi ki, vaxtında Madlenin bankdakı hesabını dondurmayıb.

Həmin vaxtlar Monfermeyl kəndində Bulatruel adlı qoca bir yol fəhləsi yaşayırdı. Vaxtilə katorqada olmuşdu. İndi polis nəzarətində idi. Axşamlar onu əlində külüng meşənin qalın yerlərində görərdilər. Gizli bir iş gördüyü hiss olunurdu.

Bir gün Bulatruel Tenardyenin meyxanasında xeyli şərab içdikdən sonra sirrini açdı. Dedi ki, günlərin bir günü səhər işə gedərkən meşədə bir ağacın altında gizlədilmiş bel və bir külüng görmüş, buna heyrətlənmişdi. Axşam yaxınlıqda gizlənmiş və birdən “çox yaxşı tanıdığı, vaxtilə onunla bir yerdə katorqada olmuş” bir adamın meşənin içərilərinə getdiyini görmüşdür. Həmin adamın əlində bir sandıqça vardı. Bulatruel onun dalınca getmiş, lakin adamı gözdən itirmişdi. İki-üç saatdan sonra bu adamı yenidən görmüşdü, lakin artıq onun əlində sandıqça yoxmuş. Sonra Bulatruel meşəni ələk-vələk eləyib, lakin heç bir şey tapmayıb…

Nəhayət, Jan Valjanı Parisdə Monfermeylə gedən bir dilicana minmək istərkən həbs etdilər. Qəzetlər bu barədə yazmışdı. O, ölümə məhkum edilmiş, lakin kral mərhəmət göstərib ölüm cəzasını ömürlük katorqa ilə əvəz etmişdi. Jan Valjan işləmək üçün «Orion» gəmisinə göndərilmişdi.

17 noyabr 1823-cü ildə Tulon qəzetində belə bir xəbər dərc edildi: “Dünən “Orion" gəmisində işləyən bir katorqalı təhlükəyə düşmüş matrosu xilas edərkən dənizə düşüb batmışdır. Meyiti tapmaq mümkün olmamışdır. Bu adam həbsxana siyahısında 9430 nömrə ilə qeyd olunmuşdu. Adı Jan Valjan idi".




II HİSSƏ

KOZETTA











VATERLOO


1815-ci il iyunun 17-dən 18-nə keçən gecə güclü yağış yağdı. Bu yağış Vaterloo döyüşündə Napoleonun məğlubiyyətinə səbəb oldu. Yollar xarab olduğundan topları vaxtında gətirmək mümkün olmadı. Son atəşlər susduğu zaman bütün düzənlik, yarğanlar meyit və at leşi ilə dolu idi.

Müharibənin bir çox eybəcərlikləri var. Bunun ən murdar şəkli meyitlərin qarət edilməsidir.

…Gecəyarısı ayın işıq saldığı Vaterloo düzü ilə bir adam sürünürdü. Sanki meyit iyi duymuş goreşən idi. Bəzən dayanır, yerdəki meyiti əlləşdirir, sonra belini düzəldir, xəlvətcə uzaqlaşırdı. Birdən o dayandı. Arxadan, meyitlərin qalaqlandığı yerdən inilti səsi eşitdi. Bu zaman bir əlin onun ayağından yapışdığını hiss etdi.

– Aha, deyəsən, sağ qalanlar da var, – Goreşən mızıldandı.

O, yaralını meyitlərin arasından çıxarıb yolun qırağına sürüdü. Deyəsən, yüksəkrütbəli zabit idi, qızıl epoletləri görünürdü. Qana bulaşmış üzündə qılınc zərbəsindən çapıq vardı. Gözləri qapalı idi. Yaxasında gümüş “Fəxri legion” xaçı görünürdü.

Goreşən xaçı qoparıb öz şinelinin dərin cibinə dürtdü. Yaralının ciblərini yoxlayıb saat, pul kisəsi tapdı. Onları da mənimsədi.

Yaralı zabit birdən gözlərini açdı. Zəif bir səslə:

– Kim qalib gəldi? – deyə soruşdu.

Soyğunçu cavab verdi:

– İngilislər.

Zabit dərindən köks ötürüb dedi:

– Siz məni ölümdən xilas etdiniz. Kimsiniz?

Uzaqdan ayaq səsləri gəlirdi. Qarovul dəstəsi yaxınlaşırdı. Soyğunçu tələsik pıçıldadı:

– Mən də sizin kimi fransız ordusunda xidmət edirəm. Lakin bu saat sizi tərk etməyə məcburam. Mən sizi ölümdən xilas etdim. İndi özünüz başınızı bəladan qurtarın.

– Rütbəniz nədir?

– Serjantam.

– Soyadınız?

– Tenardye.

– Bunu unutmayacağam. Siz də mənim soyadımı yadda saxlayın. Ponmersi…




MİLAD AXŞAMI


Monfermeyldə 1823-cü ilin Milad bayramı çox şən keçirdi. Meyxanalara dolan müştərilər kəndin sakit həyatını şənləndirirdi.

Bayram axşamı bir neçə arabaçı və alverçi Tenardyenin meyxanasında əyləşib içirdi. Tenardyenin arvadı axşam yeməyi hazırlayırdı. Meyxana sahibi isə qonaqlarla oturub içir, siyasətdən danışırdı.

Tenardyenin 50 yaşı yenicə tamam olmuşdu. Arvadının isə 40 yaşı olardı. Ətli-canlı, irisifət, diribaş bir arvad idi. Meyxananın işləri ilə özü məşğul olurdu. Onun yeganə xidmətçisi Kozetta idi. Madam Tenardyenin səsindən pəncərə şüşələri titrəyərdi. Məharətlə söyüş söyər, yumruğu ilə qoz qırar və bununla fəxr edərdi. Tenardyelərin iki qızından sonra bir oğlu da olmuşdu. Ər-arvad bu uşağı heç sevmirdilər. Onu yuxarıdakı otaqlardan birinə atmışdılar. Körpə uşaq saatlarla ağlayaraq çığırır, amma harayına gələn olmurdu.

Kozettanın artıq 8 yaşı var idi. Tenardyelər üçün bu qızcığaz hər cəhətdən faydalı idi: anasından pul almaqla bərabər, həm də qızı qulluqçu kimi işlədirdilər. Kozetta bu ər-arvadın yanında olmazın məşəqqət çəkirdi. Onu hərə öz bildiyi kimi incidirdi – arvad qızcığazı ölüncəyə qədər döyür, ər isə yarıçılpaq-yarıac saxlayırdı.

Kozetta pilləkənlə gah yuxarı, gah da aşağı qaçar, yuyar, təmizlər, ağır şeyləri daşımaqdan təngnəfəs olardı. Çəlimsiz olmasına baxmayaraq, çox ağır işlər görərdi. Ona heç kim rəhm eləmirdi.

Monfermeyldə suyu xeyli uzaqdan – meşədəki bulaqdan gətirirdilər. Bu hər ailə üçün ağır bir iş idi. Qaranlıq düşəndə meşəyə getməyə hər adamın cürəti çatmırdı, ona görə də hamı gündüz vaxtı su tədarükünü görməyə çalışırdı.

Tenardyenin meyxanasında suya Kozettanı göndərirdilər. Zavallı qız qaranlıqdan bərk qorxduğu üçün həmişə evdə su olmasına diqqət edərdi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289418) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Lyö – qədim fransız uzunluq vahidi




2


Frank – Fransada pul vahidi




3


Su – Fransada pul vahidi



Dünya ədəbiyyatında çox nadir əsərlər vardır ki, «Səfillər»dəki kimi zəngin obrazlar qalereyasına sahib olsun, oxucunu təsirli, düşündürücü hadisələr burulğanına salsın. Bu kitabı oxuduqca siz də bu yazdıqlarımızla razılaşacaqsınız.

Как скачать книгу - "Səfillər" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Səfillər" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Səfillər", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Səfillər»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Səfillər" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Səfillər(Viktor Hüqo) Səsli kitab-Bölüm-1 #Viktorhuqo  #Səslikitab #Sefiller

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *