Книга - Karvan

a
A

Karvan
Vilhelm Hauf


Dünya ədəbiyyatından seçmələr
İbrətamiz əhvalatlarla zəngin olan “Karvan” adlı məşhur nağıllar silsiləsini müəllif Şərqin klassik abidəsi olan “Min bir gecə” nağıllarının təsiri ilə yazıb.





Vilhelm Hauf

Karvan





SƏHRADA GÖRÜŞ


Səhrada böyük bir karvan gedirdi. Ucsuz-bucaqsız düzəngahda dəvələrin zınqırov səsi və atların gümüşü qumrovlarının[1 - Qumrov –girdə zəng, zınqırov.] cingiltisi uzaqlara yayılırdı. Küləyin dalğası qatı toz dumanını qovub uzaqlaşdıran kimi silahların parıltısı və libasların əlvanlığı göz qamaşdırırdı.

Yan tərəfdən yaxınlaşmaqda olan bir atlı karvanı beləcə gördü. Atlının zil qara atının çulu pələng dəri-sindəndi, yəhər-qayışından gümüşü zınqırovlar sallanmışdı, başındakı əmmamənin gözəl cıqqası[2 - Cıqqa –baş geyiminə taxılan telşəkilli bəzək.] dalğalanırdı. Atlı qədd-qamətliydi, libası da atın bərbəzəyinə uyğun gəlirdi: alnına qızıl tikməli sarğı çəkmiş, qurşağından bəzəkli dəstəyi olan əyri qılınc sallanmışdı, xalatı və gen şalvarı al-qırmızı rəngdəydi. Qalın qaşları altından od saçan qara gözləri, donqar burnu və uzun saqqalı onu qətiyyətli və qəzəbli göstərirdi.

Karvana bir əlli addım qalmış atlı atını mahmızladı və bir göz qırpımında karvanın qabaq sırasına çatdı. Səhrada atlı görmək o qədər heyrətamiz bir hadisə idi ki, karvanın keşikçiləri bunu həmlə sayıb nizələrini ona tərəf çevirdilər.

Atlı düşməncəsinə qarşılandığını görüb ucadan dilləndi:

– Nə olub sizə? Yoxsa elə bilirsiniz ki, bir adam cürət edib karvanınıza hücum edə bilər?








Keşikçilər bu sözdən utanıb nizələrini yana çəkdilər, qarovulbaşı isə naməlum adama yaxınlaşdı. Atlı soruşdu:

– Karvanın sahibi kimdir?

– Sahib bir adam deyil, – qarovulbaşı cavab verdi, – burada bir neçə tacir var. Hamısı Məkkə ziyarətindən qayıdıb vətəninə gedir. Biz də onları bu səhradan keçiririk, çünki bu yerlərdə qaçaq-quldur çoxdur, zəvvarları tez-tez narahat edirlər.

– Elə isə məni tacirlərin yanına aparın, – naməlum adam amiranə şəkildə dedi.

– İndi mümkün deyil, – qarovulbaşı etirazını bildirdi, – biz ləngiyə bilmərik, tacirlər isə azı bir on beş dəqiqə bizdən geri qalıblar. Əgər günorta fasiləsinəcən bizimlə bir yerdə getmək istəyirsinizsə, buyura bilərsiniz.

Naməlum adam dinmədi. Əlini atıb yəhərə bağlanmış uzun qəlyanını çıxartdı, dərindən sümürə-sümürə atını karvanın qarovulbaşısı ilə yanaşı sürməyə başladı. Qarovulbaşı bilmirdi ki, bu naməlum adamla nə danışsın, ağzını açıb adını soruşmağa da cürət etmirdi. Oradan-buradan söhbət salmağa çalışdı: “Çəkdiyiniz tütünün gözəl ətri var”, “Kəhər atınız ceyran kimi səkir”… Amma “Bəli, bəli” cavabından savayı bir şey eşitmədi.








Axır ki, nahar fasiləsi üçün nəzərdə tutulan yerə gəlib çatdılar. Qarovulbaşı öz adamlarından keşikçi qoydu. Onlar tacirləri gözləməyə başladılar. Silahlı çarvadarların müşayiət etdiyi otuz yüklü dəvə onların yanından ötüb-keçdi. Lap sonda isə karvanların sahibləri olan beş tacir gözəl atların belində gəlib çıxdı. Onların çoxu yaşlı idi, zahirən sərt və təmkinli adamlardı, aralarında yalnız bircəsi yoldaşlarına nisbətən çox cavan, həm də qıvraq və şəndi.

Əlüstü çadırlar quruldu, dəvələr və atlar bu çadırların böyrünə çəkildi. Tən ortada mavi ipəkdən böyük bir çadır vardı. Qarovulbaşı naməlum adamı ora gətirdi. İçəri girəndə gördülər ki, tacirlər qızıl tikməli balışların üstündə bardaş qurub oturublar. Qara qullar onlara yemək-içmək verirdilər.

– Qonağımız kimdir? – cavan tacir qarovulbaşıdan soruşdu. Lakin qarovulbaşı dillənməmiş naməlum adam dedi:

– Mənim adım Səlim Bəruxdur. Əslim Bağdaddandır. Məkkə ziyarətinə gedəndə quldurlar məni tutmuşdular, üç gün bundan əvvəl əsirlikdən qaçmışam. Ulu peyğəmbərin kəraməti sayəsində uzaqdan karvanınızın zınqırov səsini eşidib sizə pənah gətirmişəm. Bu himayəniz hədər getməz, Bağdada çatanda sizin bu xeyirxahlığınızı qədərincə qiymətləndirərəm, çünki mən böyük vəzirin qardaşı oğluyam.

Tacirbaşı ona belə cavab verdi:

– Səlim Bərux, biz böyük həvəslə səni öz himayəmizə götürürük, özü də məmnuniyyətlə sənə kömək edərik, ancaq sən əvvəlcə otur, bizimlə çörək kəs.

Səlim Bərux tacirlərin yanında əyləşdi və onlarla yeyib-içməyə başladı. Yeməkdən sonra qullar qab-qacağı yığışdırdılar və qəlyanla türk şərbəti gətirdilər. Tacirlər dinməzcə oturub mavi tüstü dumanı buraxır və bu dumanın necə burulduğuna, yayılmasına və nəhayət, əriyib yox olmasına tamaşa edirdilər. Axır ki, cavan tacir sükutu pozdu.

– Artıq üç gündür ki, beləcə otururuq, – dedi, – həm at belində, həm də süfrə arxasında, heç cür söhbətimizlə yola nərdivan qoya bilmirik. Ona görə də vaxtın keçməsi üçün, bəlkə, bir şey fikirləşək, hə?

Qalan dörd tacir qəlyan çəkməyə davam edirdi. Bu yerdə naməlum adam dilləndi:

– İzin verin, mən öz təklifimi deyim. Yaxşı olar ki, hər dəfə dincimizi alanda birimiz bir hekayət danışsın. Onda biz vaxtın necə keçdiyini hiss etmərik.

– Səlim Bərux, sözünüz haqdır, – tacirbaşı Əhməd onun sözünə qüvvət verdi, – biz bu təklifi qəbul etməliyik.

– Mən çox şadam ki, təklifim xoşunuza gəldi, – dedi Səlim. – Birinci elə özüm başlamaq istəyirəm.

Tacirlərin beşi də həvəslə bir az da yaxına gəldi, naməlum adamı ortaya oturtdular. Qullar yenə də piyalələri doldurdular, qəlyanlarının tənbəkisini təzələdilər və köz gətirdilər ki, alışdırsınlar. Səlim bir qurtum şərbət içib boğazını arıtladı, saqqalını tumarlayıb dedi:

– Hə, qulaq asın, leylək xəlifə əhvalatını sızə danışım.




LEYLƏK XƏLİFƏ


Bağdad xəlifəsi Qasid bir dəfə axşamçağı divanında kefi kök oturmuşdu. Gündüzün bürküsündən sonra çəhrayı rəngli uzun qəlyanını çəkir, arada qulun süzdüyü qəhvədən bir qurtum içir, hər dəfə də ağzını marçıldadaraq özündənrazı halda saqqalını tumarlayırdı. Bir sözlə, açıq-aydın bilinirdi ki, xəlifənin əhvalı yaxşıdır. Məhz belə vaxtlarda o daha üzüyola, ürəyiyumşaq və rəhmdil olurdu. Ona görə də böyük vəzir Mənsur həmişə bu vədəsində onun yanına gələrdi. Bu dəfə də elə oldu, lakin vəzir bu gün çox qəmli idi. Xəlifə bir anlığa qəlyanını ağzından çıxartdı və soruşdu.

– Ya vəzir, niyə belə bikefsən?

Böyük vəzir əllərini döşündə çarpazlayaraq ağasına baş əydi və belə cavab verdi:

– Qibleyi-aləm! Sarayın qabağında bir çərçi[3 - Çərçi –gəzərək xırda alver edən adam, gəzərgi alverçi.]gördüm, elə qəşəng şeylər satırdı ki, öz-özümə acığım tutdu ki, niyə belə şeylər almağa pulum yoxdur.

Öz böyük vəzirini çoxdan sevindirmək istəyən xəlifə qara qulunu çərçinin dalınca aşağı göndərdi. Bir azdan qulla çərçi gəlib çıxdılar. Çərçi qarayanız, tösmərək[4 - Tösmərək –alçaqboylu, balaca] bir adamdı. Əlindəki sandıqda cürbəcür mirvarilər, üzüklər, gözəl sağanaqlı tapançalar, fincanlar, daraqlar vardı. Xəlifə ilə vəzir şeylərin hamısına baxdılar. Axırda xəlifə həm özü, həm də Mənsur üçün gözəl tapança aldı, vəzirin arvadı üçünsə daraq götürdü. Çərçi sandığın ağzını örtmək istəyəndə xəlifənin gözü xırdaca bir qutuya sataşdı və tez soruşdu ki, o qutunun içində nə var. Çərçi balaca qutunu götürdü. Bu, tütün qutusu idi. İçində kül və qəribə yazısı olan bir kağız vardı. Nə xəlifənin, nə də Mənsurun bu yazıdan başı çıxmadı.

Çərçi dedi:

– Şah sağ olsun, mən bu şeyləri bir tacirdən almışam. O tacir dedi ki, bunları Məkkədə bir küçədə tapıb. Heç bilmirəm nə olan şeydir, ona görə də istəsəniz, lap ucuz qiymətə verərəm.

Xəlifə oxuya bilməsə də, öz kitabxanası üçün qədim əlyazmaları həvəslə toplayırdı. Əlyazmanı və balaca qutunu alıb çərçini buraxdı. O gedəndən sonra vəzirindən soruşdu ki, bu əlyazmanı oxuya biləcək bir adam tanıyır, ya yox.








– Mərhəmətli hökmdarım, – vəzir dedi, – böyük məscidimizin hücrəsində Müdrik Səlim adlı bir adam yaşayır, bütün dilləri bilir, əmr elə, gəlsin, bəlkə, o bu yazını oxuya bildi.

O dəqiqə Səlimi saraya gətirdilər. Xəlifə üzünü ona tutdu:

– Səlim, deyirlər, sən müdrik adamsan. Bir bu əlyazmaya bax, gör başın çıxırmı. Oxuya bilsən, sənə bir təzə xalat ənam verəcəm, oxuya bilməsən, deməli, sənə nahaq yerə Müdrik deyirlər, ona görə də üzünə on iki şillə, dabanına isə iyirmi dörd çubuq vurulacaq.

Səlim baş əyib dedi:

– Şahim, ixtiyar sizindir! Səlim kağızı əlinə alıb diqqətlə ona baxdı, sonra dedi:

– Qibleyi-aləm, bu yazı latıncadır.

Xəlifə əmr etdi: –Bir halda ki bunu bildin, onda de görüm, orada nə yazılıb?

Səlim yazını tərcümə etməyə başladı: “Bu kağızı tapan adam Allahın kərəminə şükür etsin! Kim bu qutudakı külü iyləsə və “honestus” (mötəbər) sözünü desə, istənilən heyvan, quş cildinə girə bilər və o, bütün heyvanların, quşların dilini bilər. O adam yenidən insan cildinə girmək üçün üç dəfə qibləyə təzim etməli və yenə də həmin sözü deməlidir. Lakin, ey heyvan və ya quş cildinə girmiş adam, məbada güləsən ha, yoxsa sehrli söz sənin yadından çıxar və həmişəlik qeyri-bəşər cildində qalarsan”.








Müdrik Səlim əlyazmanı oxuyub qurtarandan sonra xəlifənin sevinci yerə-göyə sığmırdı. Müdrik Səlimə and içdirdi ki, bu sirri heç kimə deməsin, ona gözəl bir ənam verib buraxdı.

Sonra xəlifə öz vəzirinə müraciət elədi:

–Ya Mənsur, – dedi, – bax bu oldu əsl bazarlıq! Heyvan cildinə girmək yaman ləzzət verər! Sabah səhər tezdən gəl yanıma, bir yerdə gedərik çölə, mənim bu balaca qutumu bir-iki dəfə iyləyib qulaq asarıq quşların və heyvanların səsinə, görək onlar göydə, meşədə, çöldə nə danışırlar!


II

Ertəsi gün xəlifə Qasid səhər yeməyini yeyib paltarını dəyişməmiş artıq böyük vəzir buyruğa əməl edib gəldi ki, gəzinti zamanı ona yoldaşlıq etsin. Xəlifə içində sehrli kül olan tütün qutusunu qurşağına keçirtdi və əshabələrinə əmr etdi ki, onu bu gün müşayiət etməsinlər. Böyük vəzirini yanına salıb yola çıxdı. Əvvəlcə xəlifənin böyük bağında xeyli gəzdilər, orada bir ins-cins yox idi ki, xəlifə sehrli külü sınaqdan çıxarsın. Onda böyük vəzir gölün kənarına getməyi məsləhət gördü. Vəzir bilirdi ki, orada həmişə quş olur. Xüsusən leyləklərin təşəxxüslü duruşu və dimdiklərinin şaqqıltısı tez-tez onun nəzərini cəlb edərdi.

Xəlifə öz vəzirinin təklifi ilə razılaşdı və hər ikisi gölün qırağına getdi. Çatan kimi gördülər ki, bir leylək qürurla gəzib qurbağa axtarır, burnunun altında da nəsə mızıldayır. Havada da bir leylək vardi, bu həndəvərə uçub qonmaq istəyirdi.

– Mərhəmətli ağam, mərc gəlirəm ki, bu uzunayaqlılar bu dəqiqə bir-biriylə çox maraqlı söhbət edəcəklər, düz demirəmsə, saqqalımı qırxdıraram. Bəlkə, elə leylək cildinə girək, hə?

– Yaxşı təklifdir, – dedi xəlifə. – Ancaq bəri başdan bir də yadımıza salaq ki, təzədən adam cildinə necə qayıdacağıq. Deməli, üç dəfə qibləyə təzim etməli və “honestus” sözünü deməliyik, onda mən dönüb yenidən xəlifə olaram, sən də vəzir. Gülmək olmaz ha, yoxsa məhv olarıq!

Xəlifə vəziri ilə danışanda ikinci leylək onların başı üstündən keçib tələsmədən yerə qondu. Xəlifə tez qurşağından tütün qutusunu çıxartdı, içindəki küldən bir çimdik götürüb böyük vəzirə uzatdı. Hər ikisi iyləyib eyni vaxtda dedi: “honestus!”

Elə o andaca ikisinin də ayaqları nazilib qırmızı rəng aldı, qolları qanada döndü, boyunları uzandı, saqqalları yoxa çıxdı, bədənlərində isə yumşaq tük bitdi.

Heyrətindən yenicə özünə gəlmiş xəlifə dilləndi:

– Cənab vəzir, əcəb dimdiyin var ha! Peyğəmbərin saqqalına and olsun ki, belə şey görməmişdim.

– Acizanə minnətdarlığımı bildirirəm, – böyük vəzir baş əyib cavab verdi, – cürət edib deyim ki, əlahəzrətə leylək olmaq xəlifəlikdən daha çox yaraşır. Bəs indi həmcinslərimizi dinləmək, onların həqiqətən nə danışdığını bilmək ürəyinizdən keçmirmi?

Artıq ikinci leylək yerə qonmuşdu. O, dimdiyi ilə ayaqlarını təmizləyib tüklərini oxşadı və birinci leyləyə tərəf getdi. Hər iki təzə leylək tez yaxınlaşdı, təəccüblü görünsə də, belə bir söhbətin şahidi oldular:

– Sabahın xeyir, xanım Uzunayaq, səhərin gözü açılmamış bu çəmənlikdə neynirsən?

– Çox sağ ol, əzizim Şax-şax! Səhər yeməyimi düzəldirəm. Kərtənkələ, yaxud qurbağa əti istəmirsən?

– Heç iştaham yoxdur. Mən tamam ayrı məqsədlə bu çəmənə uçub gəlmişəm. Atamın bu gün qonaqları var, onların qabağında oynamalıyam, odur ki bir az məşq etmək istəyirəm.

Bunu deyib leylək şahanə duruşla bir ayağı üstə dayandı, qanadlarını cazibədar şəkildə çırpdı. Xəlifə ilə vəzir özlərini saxlaya bilmədilər, qeyri-iradi olaraq dimdiklərindən gülüş qopdu, qəhqəhə çəkib uğundular. İlk əvvəl xəlifə özünü yığışdırdı.

Elə bu vaxt vəzirin yadına düşdü ki, cildini dəyişəndə gülmək olmaz. Tez xəlifəni xəbərdar etdi:

– And olsun Məkkəyə və Mədinəyə, ömürlük leylək qalmağım heç zarafata oxşamır. O zəhrimar sözü bilirsənmi? Nəsə mənim yadıma düşmür.

– Biz üç dəfə qibləyə təzim edib deməliyik: ho-ho…

Üzlərini qibləyə çevirdilər və təzim etməyə başla-







III

Tilsimlənmiş xəlifə ilə vəzir qəmli-qəmli çöllü- biyabanda dolaşır, başlarına bir çarə qıla bilmirdilər. Leylək cildində qalmışdılar. Şəhərə qayıdıb deyə bilməzdilər ki, biri xəlifədir, biri vəzir. Axı kim inanardı ki, o, leylək yox, xəlifədir? Lap elə tutaq ki, kimsə inandı, nə olsun? Məgər Bağdad camaatı razı olardımı ki, onların xəlifəsi leylək olsun?

Beləliklə, bir neçə gün avara-sərgərdan dolaşdılar, yedikləri də dənli bitkilərdi. Kərtənkələyə, qurbağaya meyil salmırdılar, qorxurdular ki, bu cür təamlarla mədələrini xarab etsinlər. Bu bədbəxtlərin yeganə təsəllisi uçmaqdı. Ona görə də tez-tez Bağdada uçub evlərin damına qonurdular ki, görsünlər şəhərdə nə var, nə yox.

İlk günlərdə şəhərin küçələrində böyük narahatlıq və qəm-kədərin şahidi oldular. Bir neçə gün sonra xəlifə sarayının damına qonanda aşağıda, küçədə böyük təntənə gördülər. Şeypurlar çalınır, təbillər guruldayırdı. Adlı-sanlı əshabələr tərəfindən dövrəyə alınmış bir adam at belindəydi. Əynində al-qırmızı əba vardı. Bağdad camaatının az qala yarısı atlının dalınca yüyürüb ucadan qışqırırdı: “Bağdad hökmdarı Mitsraya eşq olsun!”








Sarayın damına qonmuş leyləklər dönüb bir-birinin üzünə baxdılar. Xəlifə dedi:

– İndi bildinmi, mən niyə tilsimlənmişəm? Bax bu Mitsra adlanan adam mənim qatı düşmənim olan qüdrətli sehrbaz Kəşnurun oğludur. Həmin o cadugər bir dəfə and içmişdi ki, məndən amansız intiqam alacaq. Ancaq mən ümidimi itirməmişəm. Gəl yanımca, ey mənim ağır gün dostum, gedək peyğəmbərin türbəsinə pənah aparaq. Ola bilsin ki, müqəddəs ocaqda tilsimimiz qırılsın.

Onlar sarayın damından qalxıb Mədinəyə tərəf üz qoydular. İki saatlıq uçuşdan sonra böyük vəzir zülüm-zülüm ağladı.

– Ey mənim ağam, – dedi, – yalvarıram sizə, belə sürətlə uçmayın, daha taqətim qalmayıb! Özü də qaranlıq düşür, gecələməyə bir yer tapmalıyıq.

Elə bu vaxt onlar bir vadi üzərindən keçirdilər. Xəlifə o vadidə bir xarabalıq gördü. Fikirləşdi ki, yaxşıca xəlvət yerdir. Endilər ora. Çox güman ki, bu xarabazarlıq haçansa qəsr imiş. Daş qalaqları arasından möhtəşəm sütunlar ucalmışdı. Saysız-hesabsız türbələr binanın keçmiş əzəmətindən xəbər verirdi. Qasid öz yol yoldaşı ilə dəhlizləri gəzir, nisbətən babat bir yer axtarırdı. Birdən leylək Mənsur dayandı.

– Ey mənim ağam və hökmdarım, – astadan dilləndi, –düzdür, böyük vəzir leylək cildində olsa belə, qarabasmadan qorxmamalıdır, ancaq canıma vicvicə düşüb, qulağıma nəsə bir zarıltı səsi gəlir.

Xəlifə də ayaq saxladı. Ətrafı dinlədi, doğrudan da, kim isə astadan için-için ağlayırdı. Bu zarıltı qurd-quş səsindən daha çox insan səsinə oxşayırdı.

Leylək xəlifə zarıltı gələn tərəfə yeridi, amma vəzir dimdiyi ilə qanadından yapışıb ağlaya-ağlaya yalvardı ki, başını yenidən cəncələ salmasın. Xeyri olmadı! Leylək xəlifə irəli cumdu. Bir az gedəndən sonra bir qapı gördü. Qapının o üzündən hüznlü bir ulartı eşidilirdi. Xəlifə dimdiyi ilə qapını itələdi, içəri girən kimi matı-qutu qurudu. Bura türbə idi. Şəbəkəli pəncərədən içəri işartı düşürdü, yerdə bir gecə bayquşu vardı. İri dəyirmi gözlərindən sel kimi yaş axır, əyri dimdiyi əsə-əsə inləyirdi. Lakin xəlifəni və yenicə özünü yetirib ağasının yanında dayanmış vəziri görəndə bayquş sevindi. Qəhvəyi rəngli, xallı qanadını nazla çırpıb gözünün yaşını sildi, xəlifəylə vəziri mat qoyub insan kimi dil açdı, təmiz ərəbcə dedi:

– Cənab leyləklər, xoş gəlmisiniz! Sizin bura təşrif gətirməyinizə çox sevindim, çünki mənə deyiblər ki, məni ancaq leyləklər xilas edə bilərlər!

Mat-məəttəl qalmış xəlifə bir az özünə gələn kimi uzun boynunu uzadıb çöp kimi ayaqları üstündə əda ilə duraraq dilləndi:

– Ey gecə bayquşu! Sənin sözlərindən belə görürəm ki, biz burada özümüzə bir bədbəxt bacı tapmışıq. Ancaq əfsuslar olsun ki, səni xilas edəcəyimizə nahaq yerə ümid bəsləyirsən. Başımıza gələnləri bilsən, görəcəksən ki, dünyanın ən zavallı varlığı elə bizik.

Gecə bayquşu xahiş etdi ki, leylək hər şeyi desin və xəlifə əhvalatı başdan-ayağa ona danışdı.


IV

Xəlifə başına gələnləri danışıb qurtarandan sonra bayquş ona öz minnətdarlığını bildirdi və dedi: – İndi isə sən qulaq as, gör mənim başıma nələr gəlib. Elə mən də sənin kimi bədbəxtəm. Mənim atam Hindistan padşahıdır. Gözünün ağı-qarası bircə övladı var ki, o da mən biçarəyəm. Adım da Luzadır. Elə sizi tilsimləyən o cadugər Kəşnur məni də bu günə qoyub. Bir dəfə atamın yanına elçiliyə gəlmişdi ki, məni öz oğlu Mitsra üçün nişanlasın. Tündməzac atam əmr etdi ki, mitilini bayıra atsınlar. Bir gün o bədxah bir ayrı cilddə yanıma gəldi. Mən öz bağımızda gəzirdim, birdən su içmək istədim. Sən demə, cadugər, qul cildinə giribmiş. Gətirib mənə su verdi və içən kimi belə murdar şəklə düşdüm. Qorxudan huşumu itirəndə məni bura gətirdi, sonra da dəhşətli bir səslə qulağıma pıçıldadı: “Beləcə eybəcər şəkildə qal burada! Qoy qurd-quşun da səndən zəhləsi getsin. Ömrün boyu da beləcə qalacaqsan. Ta o vaxtacan ki, kimsə gəlib öz xoşu ilə səni bu görkəmdə özünə həyat yoldaşı edər”. O vaxtdan bir neçə ay keçib. Qurd-quşun da zəhləsi getdiyi bu viranədə tərki-dünya olub tənha və dərd-qəm içində yaşayıram. Dünyanın gözəlliyinə baxmaqdan da məhrumam, çünki gündüzlər kor kimiyəm. Yalnız ayın solğun işığı bu xarabazarlığa düşəndə gözümdən tor çəkilir.








Bayquş öz hekayətini danışıb qurtardı, yenə qanadının ucu ilə gözünün yaşını sildi. Xəlifə bayquşa qulaq asa-asa qəm dəryasına batmışdı.

– Ya heç nədən başım çıxmır, – dedi, – ya da bildiyim budur ki, hər ikimizin bədbəxtliyi arasında bir müəmmalı asılılıq var. Amma bilmirəm bu müəmmanı necə açım!

Bayquş belə cavab verdi:

– Mənim ağam, mən də ürəyimdə elə düşünürəm. Çünki hələ uşaq vaxtı bir müdrik qadın mənə deyib ki, məni ancaq leylək xoşbəxt edə bilər. Mənə elə gəlir ki, ikimizin də xilas yolunu bilirəm.

Xəlifə lap heyrətləndi və bu yolun nədən ibarət olduğunu soruşdu.

– Hər ikimizi bədbəxt eləyən o cadugər bu viranəyə gəlir. Bu otaqdan bir az o tərəfdə bir salon var. Cadugər, adətən, orada öz dəstəsi ilə yeyib-içir. Bir neçə dəfə oğrunca onlara qulaq asmışam. Özlərinin bəd əməllərindən danışırlar. Ola bilsin ki, o cadugər bu dəfə gələndə unutduğunuz sözü dilinə gətirsin.

Xəlifə bərk sevindi və üzünü bayquşa tutub:

– Ey şahzadə qız, – dedi, – sənin tayın-bərabərin yoxdur. Nə olar, cadugər gələndə xəbər ver, özü də o salonu bizə göstər.

Bayquş ani sükutdan sonra dedi:

– Xətrinizə dəyməsin, mən ancaq bir şərtlə sizin dediyinizə əməl edə bilərəm.

– Baş üstə! Baş üstə! Şərtini, de! – Qasid tez əl-ayağa düşdü. – Mən qulluğunda hazır.

– Məsələ burasındadır ki, mən özüm də bədbəxtlikdən xilas olmaq istəyirəm, o da yalnız o zaman mümkün olar ki, ikinizdən biri məni alsın.

Leyləklər bu təklifi gözləmədikləri üçün çaşbaş qaldılar, sonra xəlifə vəzirinə başı ilə işarə etdi ki, otaqdan çıxsınlar.

Otaqdan çıxan kimi xəlifə dedi:

– Ey böyük vəzir, işimiz yaman çətinə düşüb. Amma mənə elə gəlir ki, sən bu təkliflə razılaşa bilərsən.

– Belə de, – vəzir etirazını bildirdi. – Onu istəyirsiniz ki, evə qayıdanda arvad gözümü çıxartsın? Bir də ki mən artıq qoca kişiyəm, siz isə cavansınız, subaysınız. Yaxşı olar ki, bu cavan və gözəl şahzadə qızla siz evlənəsiniz.

Xəlifə dərdli-dərdli qanadlarını sallayıb dərindən köks ötürdü.

– Sən onun cavan və gözəl olduğunu haradan bilirsən?

Bir xeyli dil tapa bilmədilər. Axırda xəlifə gördü ki, vəzir bayquşla evlənməkdənsə, leylək kimi qalmağa razıdır. Ona görə də özü şərtə əməl etməyi qərara aldı. Bayquş çox məmnun oldu. Dedi ki, hazırlaşın, çox güman ki, cadugərlər lap elə bu gecə yığışsınlar.

Bayquşla leyləklər otaqdan çıxdılar. Qaranlıq dəhlizlə xeyli getdilər, uçuq-sökük divarlardan işıq düşən bir yerə çatanda bayquş dedi ki, səs salmayın. Divarın oyuğundan baxanda bir salon gördülər. Salon çox zəngin bəzədilmişdi. Saysız-hasabsız əlvan çıraqlar onu öz nuruna qərq etmişdi. Ortada iri, dəyirmi bir stol qoyulmuşdu, üstü ləziz təamlarla dolu idi. Stolun arxasındakı iri divanda səkkiz adam oturmuşdu. Leyləklər gördülər ki, o adamlardan biri onlara sehrli qutu satan həmin o çərçidir. Böyründə oturan yoldaşı ondan xahiş etdi ki, özünün sonuncu əməllərindən danışsın. Çərçi xəlifə ilə vəzirin başına açdığı oyunu olduğu kimi danışdı.

Cadugərlərdən biri soruşdu:

– Bəs o nə söz idi ki, onlara tapşırmışdın desinlər?

– Bir çətin latın sözü idi – honestus…


V

Divar oyuğundan bu sözü eşidən leyləklərin sevinci yerə-göyə sığmırdı. Tez-tələsik uzun ayaqlarını işə salıb xarabalıqdan bayıra çıxmağa başladılar. Bayquş güclə onlara çatırdı. Eşiyə çıxan kimi xəlifə dərin minnətdarlıq hissiylə bayquşa dedi:

– Sən mənim və dostumun həyatını xilas elədin. İcazə ver, əbədi minnətdarlıq əlaməti kimi sənin ömür yoldaşın olum!

Bu sözü deyəndən sonra üzünü qibləyə tutdu. Hər iki leylək uzun boyunlarını uzadıb dağlar arxasından yenicə baş qaldırmış günəşə üç dəfə təzim etdi. – “Honestus”! – bir ağızdan dilləndilər.

Bircə anda adam cildinə düşdülər. Ağa ilə nökər sevindiklərindən gülə-gülə, ağlaya-ağlaya bir-birini qucaqladılar. Dönüb baxanda daha da heyrətləndilər. Ay parçası kimi qənirsiz bir gözəl zər-zibalı donda qabaqlarında dayanmışdı. Qız gülümsünüb əlini xəlifəyə uzatdı.

– Gecə bayquşunu tanımadınızmı? – soruşdu.

Doğrudan da, həmin bayquş dönüb qəşəng qız olmuşdu. Xəlifə onun gözəlliyinə, zərifliyinə heyran oldu.








Üçü də Bağdada sarı yola düşdü. Xəlifə baxıb gördü ki, içində kül olan sehrli qutu da, pul kisəsi də qurşağındadır. Bir kəndə çatdılar və xəlifə uzaq yol üçün nə lazımdısa hər şey aldı. Beləliklə, axır gəlib Bağdad şəhərinin qapısına çatdılar. Xəlifənin gəlişi böyük təəccübə səbəb oldu. Onu ölmüş bilirdilər, ona görə də camaat öz sevimli hökmdarını görəndə bərk sevindi.

Həqiqi şah gəlib çıxmışdı, yalançı Mitsraya qarşı nifrət coşub-daşdı. Camaat saraya hücum çəkib qoca cadugərlə oğlunu tutub gətirdilər. Xəlifənin əmriylə qoca cadugəri şahzadə qızı bayquşa döndərib atdığı xarabalığa apardılar və orada onu dar ağacından asdılar. Cadugərin oğlu isə heç bir sehr bilmirdi. Ona görə də xəlifə ona dedi ki, iki yoldan birini seçsin – ya ölüm, ya da kül iyləməyi. Oğlan ikinci yolu seçdi. Böyük vəzir qutunu gətirdi. Oğlan külü iylədi və xəlifənin sehrli sözündən sonra leyləyə döndü. Xəlifə əmr etdi ki, leyləyi dəmir qəfəsə salıb bağında qoysunlar.

Xəlifə Qasid uzun və xoşbəxt ömür sürdü. Həmişə də axşamçağı böyük vəzir onun yanına gələndə ürəyi açılardı: leylək cildində olan çağları xatırlayar, doyunca danışıb-gülərdilər. Xəlifənin kefi lap kök olanda isə leylək kimi dizlərini qatlamadan təşəxxüslə otaqda var-gəl edər, dişlərini şaqqıldadar, əllərini eynən qanad kimi çırpar və sonra üzünü qibləyə tutub təzim edər, mənasız yerə “ho-ho-ho” deyərdi…


***

Səlim Bərux bu hekayəti danışıb qurtaranda tacirlər çox məmnun qaldılar.

– Həqiqətən, günün necə keçdiyini heç hiss eləmədik, – deyə tacirlərdən biri çadırın qapısını araladı. – Axşam küləyi sərinlik yayır, hələ bir xeyli yol gedə bilərik.

Yol yoldaşları onun sözü ilə razılaşdılar. Çadırlar yığıldı və karvan düzülüb yola düşdü.

Bütün gecəni yol getdilər, çünki gecə sərin, səma da ulduzlu idi. Nəhayət, onlar dincəlmək üçün bir yaxşı yer seçib dayandılar, yenə də çadırlar quruldu və dincəlməyə başladılar.

Bir az dincəlib yuxularını alandan sonra qalxıb yollarına davam eləmək istəyirdilər ki, gördülər, günün şaxıyan vaxtıdır. Qərara gəldilər ki, axşamacan burada gözləsinlər. Çörəklərini yeyəndən sonra yenə bir-birinə yaxın oturdular və cavan tacir tacirbaşıya üzünü tutub dedi:

– Dünən Səlim Bərux elə elədi ki, vaxtın necə keçdiyini bilmədik. İndi isə, ya Əhməd, bəlkə, siz bizə bir şey danışasınız? Dünyagörmüş adamsınız, ya öz həyatınızdan, ya da bir ayrı hekayət olsun, fərqi yoxdur.

Əhməd bir xeyli dinmədi, elə bil nə danışacağını fikrində götür-qoy edirdi. Axırda dedi:

– Əziz dostlar! Bizim bu səfərimizdə hamınız özünüzü sadiq dost kimi aparırsınız. Elə Səlimin özü də həmçinin, ona görə də öz həyatımdan sizə bir şey danışmaq istəyirəm. Onu da bilin ki, mən bu əhvalatı həmişə həvəssiz danışıram, özü də hamıya yox. Sizə söyləyəcəyim hekayət vahimələr gəmisi barədədir.




VAHİMƏLƏR GƏMİSİ


Atamın Balsorada kiçik bir dükanı vardı. Nə kasıbdı, nə də varlı. Məni də sadə və düz adam kimi tərbiyə etmişdi.

On səkkiz yaşım tamam olanda atam ilk dəfə olaraq iri ticarət səfərinə qərar verdi; bütün malını gəmiyə yükləyib başqa ölkəyə göndərdi. Ancaq az sonra atam öldü, görünür, sərvətini dənizə tapşırdığı üçün bu dərdə dözə bilmədi. Bir neçə həftədən sonra məlum oldu ki, atamın yükü gedən gəmi batıb. Bircə təsəllim bu oldu ki, nə yaxşı atam bu xəbəri eşitmədən dünyadan köçdü.

Mən atamdan nə qalmışdısa, hamısını satıb pula çevirdim. Sadiq nökərimlə birlikdə səfərə çıxıb qürbətdə səadət axtarmağa yollandım.

Balsora limanından çıxanda səmt küləyi əsirdi. Mindiyim gəmi Hindistana gedirdi. Təxminən iki həftə qorxusuz-xatasız dənizdə üzdük, lakin qəfildən kapitan bildirdi ki, tufan yaxınlaşır. O əmr etdi ki, bütün yelkənləri endirsinlər və gəmimiz axınla yavaş-yavaş üzməyə başladı. Gecə düşdü. Aydın və soyuq bir gecəydi. Kapitan elə bildi ki, tufan xəbərini düz verməyib. Lakin elə bu vaxt bir gəmi lap böyrümüzdən ötüb-keçdi. Göyərtəsindən eşidilən vəhşi çal-çağır səsləri məni yaman heyrətləndirdi. Yanımda duran kapitan isə ayaq üstəcə ölmüşdü. Hüznlə dilləndi: “Mənim gəmim məhv oldu! Ölümün özü üstümüzə gəlir!” Bu qəribə sözlərin mənasını ondan soruşmağa macal tapmamış matroslar çığır-bağırla tökülüşüb gəldilər. “Gördünüzmü o gəmini? – həyəcanla soruşdular. – Vəssalam, axırımızdır”. Kapitan buyurdu ki, Qurandan ayələr deyib Allaha yalvarın. Sükandan isə özü yapışdı. Lakin bunun xeyri olmadı! Qəfildən tufan qalxdı, heç bir saat keçməmiş gəmimiz ləngər vurub dayandı. Qayıqlar o dəqiqə suya salındı, sonuncu matros özünü yenicə qayığa atmışdı ki, gözümüz baxa-baxa gəmimiz batdı və mən açıq dənizdə balaca qayıqda qoca nökərimlə qaldım. Lakin bu hələ harasıydı! Tufan getdikcə şiddətlənirdi, qayıq sözümüzə baxmırdı. Axır ki, böyük bir dalğa qayığımızı çevirdi və mənhuşumu itirdim. Bir də gözümü açanda gördüm ki, yenə qayıqdayam və sadiq İbrahim başımı dizi üstə qoyub. O məni xilas etmişdi. Nəhayət, tufan səngidi və biz aralıda bir ayrı gəmi görüb sevincdən bağırdıq. Xoşbəxtlikdən dalğa bizim qayığımızı o gəmiyə tərəf aparırdı. Yaxınlaşanda gördüm ki, bu, gecə yanımızdan ötüb-keçən və kapitanımızı dəhşətə salan həmən gəmidir. Onun sözlərini yadıma saldım, nədənsə vücudum əsməyə başladı! Nə qədər qışqırıb çağırdıqsa, hay verən olmadı. Vahimələndik. Lakin bu gəmi yeganə xilas yolumuzdu. Gəminin burnundan uzun bir kəndir sallanmışdı. Əlimizlə-ayağımızla əlləşə-əlləşə gəmiyə yaxınlaşdıq ki, həmin kəndirdən yapışaq. Axır ki, məqsədimizə çatdıq. Kəndirlə yuxarı dırmaşmağa başladıq. Mən qabağa keçmişdim. Göyərtəyə ayağımı qoyan kimi qəribə bir səhnənin şahidi oldum. Aman Allah, belə də dəhşət olar! Döşəmə başdan-başa qan içindəydi, bir iyirmi-otuz adamın meyiti, hamısı da türk libasında, döşəməyə sərələnmişdi. Əynində bahalı paltar, əlində yatağan olan bir adam dorağacına söykənmişdi, üzü ağappaq ağarmışdı. Məlum oldu ki, bu adam da ölüb. Qorxudan addımımı ata bilmir, nəfəs çəkməyə belə cürət etmirdim. Axır ki, İbrahim də yuxarı dırmaşdı. Göyərtədəki səhnə onu da dəhşətə gətirdi. Böyür-başımızda bircə canlı belə gözə dəymirdi. Hər tərəf əcaib meyitlərlə dolu idi. Həyəcan içində peyğəmbərə dua edib irəli keçməyə başladıq. Hər addımdan sonra arxaya baxırdıq ki, birdən daha dəhşətli bir şey ola bilər. Hətta bərkdən danışmağa ürək eləmirdik, bizə elə gəlirdi ki, dorağacına mıxlanmış ölü kapitan donuq baxışlarını döndərib bizə baxır, ya da meyitlərdən biri başını bizə tərəf döndərir. Nəhayət, anbarın pilləkəninə çatdıq. Qeyri-iradi dayanıb bir-birimizə baxdıq. Heç birimiz dillənmək iqtidarında deyildik.








Axır ki, sadiq nökərim dedi:

–Ey mənim ağam! Burada çox dəhşətli hadisələr olub. Aşağıda, anbarda quldurlar olsa belə, gedib ayaqlarına yıxılmağa hazıram, ancaq burada, meyitlərin arasında qala bilmərəm.

Elə mən də bu fikirdə idim. Özümüzə ürək-dirək verib pilləkənlə aşağı enməyə başladıq. Lakin aşağıda da ölü bir sükut hökm sürürdü, fərq bir onda idi ki, addım səsimiz daha bərkdən eşidilirdi. Kayutun qapısı ağzında dayandıq. Qulağımı qapıya söykəyib içərini dinlədim, heç bir hənirti, səs-səmir yoxdu. Qapını açdım. Kayutda qarma-qarışıqlıq idi. Pal-paltar, silah və digər şeylər bir-birinə qarışmışdı. Hamısı necə gəldi atılmışdı. Görünür, gəminin heyəti, bəlkə də, kapitanın özü yenicə burada yeyib-içmişdilər, çünki heç süfrə də yığışdırılmamışdı. Sonra kayutları bir-bir gəzdik, başqa yerlərə baxdıq. Gəmi ipək, mirvari, şəkər və digər mallarla dolu idi. Bir belə sərvət ağlımı başımdan çıxartmışdı; bir halda ki gəmidə heç kəs yox idi, deməli, bunların hamısı mənimdi. Lakin İbrahim mənə xatırlatdı ki, biz sahildən çox uzaqdayıq və kömək olmasa, ikilikdə sahilə gedib çıxa bilmərik.

Bol-bol təamlardan doyunca yeyib-içib göyərtəyə qayıtdıq. Yenə də meyitləri görəndə ödümüz ağzımıza gəldi. Bu qərara gəldik ki, hamısını ataq dənizə, lakin bircəsini də yerindən tərpədə bilməyəndə lap quruyub qaldıq! Meyitlər sanki döşəməyə sancılmışdı, taxtaqarışıq götürməliydik ki, bundan ötrü isə heç bir alətimiz yoxdu. Kapitanı da dorağacından ayıra bilmədik, hətta donub qaxaca dönmüş əlindəki yatağanı da qoparmaq mümkün olmadı.

Bütün günü qara bəxtimiz barədə düşündük, axşam düşəndə isə qoca İbrahimə izin verdim ki, uzanıb yatsın. Özüm göyərtədə qaldım. Düşünürdüm ki, pənah Allaha, bəlkə, dadımıza çatan oldu. Ay doğanda ulduzlara baxıb öyrəndim ki, saat on birə az qalır, yuxu məni basdı, istər-istəməz göyərtədəki çəlləyin dalında uzandım. Lakin yatmaqdan çox mürgüləyirdim, çünki dalğaların gəmiyə çırpılmasını, dorağacının cırıltısını və yelkənlərin küləkdə xışıldamasını çox aydın eşidirdim. Sonra göyərtədə qəfildən qulağıma kişi səsi gəldi. Qalxıb baxmaq istədim, lakin gözəgörünməz bir qüvvədən sanki cidarlanmışdım, hətta gözümü də aça bilmirdim. Hənirti, səs-küy tədricən daha da aydınlaşırdı. Elə bil göyərtədə matroslar gəzişir, deyib-gülürdülər. Hay-küy içindən kiminsə amiranə səsi gəldi, sonra kəndirlər dartıldı, yelkənlər bərkidildi. Yavaş-yavaş beynim dumanlandı, dərin yuxuya getdim. Elə bil məni qara basırdı: silah cingiltisi eşidirdim. Bir də oyananda gördüm ki, gün artıq xeyli qalxıb, üzümü yandırır. Təəccüblə ətrafa göz gəzdirdim. Gecə eşitdiklərimin hamısı mənə yuxu kimi gəldi. Diqqətlə baxanda gördüm ki, hər şey dünənki kimidir: meyitlər hərəkətsiz uzanmış, kapitan da dorağacına mismarlanmışdı. Ayağa qalxdım ki, qoca nökərimi axtarım tapım.

İbrahim kayutda oturub fikir dəryasına qərq olmuşdu. Mən içəri keçən kimi: “Ey mənim ağam, – dilləndi, – bu cin-şəyatin yığnağı olan gəmidə qalmaq-dansa, batıb dənizin dibinə getmək daha yaxşıdır!” Səbəbini soruşanda o mənə belə cavab verdi: “Bir neçə saat yatandan sonra oyandım, başımın üstə tarap-turup səsi eşidirdim. Əvvəlcə elə bildim sizsiniz, sonra gördüm ki, yox, orada ən azı iyirmi nəfər gəzişir, bundan başqa, həm də onların çağır-bağırını eşidirdim. Axırda pilləkən tərəfdən də ağır addım səsləri gəldi. Elə bu vaxt huşum qarışdı. Bir müddət sonra ağlım üstümə gələndə bir də gördüm ki, yuxarıda dorağacına mismarlanmış adam gəlib burada süfrə arxasında oturub, nəğmə oxuyur, şərab içir; göyərtədə ondan bir az aralı uzanmış al-qırmızı xalatlı adam da böyründə əyləşib; bir yerdə yeyib-içirdilər”. Bəli, qoca nökərim mənə belə dedi.

Əlbəttə, dostlar, siz mənim nə vəziyyətə düşdüyümü, yəqin ki, yaxşı başa düşürsünüz. Belə bir heyətlə gəmidə yol getmək mənə çox dəhşətli görünürdü. İbrahim isə yenə də fikir-xəyal içindəydi. Nəhayət, ucadan dilləndi: “Yadıma düşdü, yadıma düşdü!” Sehr yadına düşmüşdü. O sehr ki, dünyanı gəzib-dolaşmış cəsur babası ona öyrətmişdi. Qarabasma və caduya qarşı olan sehr. Bundan başqa, qoca nökərim məni inandırdı ki, sidqi-qəlbdən Qurandan vird eləsək, ötəngecəki yuxu bir də bizə yaxın düşməz. Qocanın təklifi ürəyimə yatdı. Gecənin düşməyini həyəcanla gözləyirdim. Kapitan kayutunun yanında balaca bir anbar vardı. Qərara gəldik ki, orada gizlənək. Qapıda bir neçə deşik açdıq. Deşikləri o qədər böyük elədik ki, kayutun içini görə bilək. Sonra qapını içəridən bərk-bərk bağladıq. İbrahim qapının dörd tərəfinə peyğəmbər salavatullahın mübarək adını yazdı. Beləcə, oturub gecə müsibətini gözləməyə başladıq. Yenə də saat on birə yaxın məni yuxu tutdu. Nökərimin məsləhəti ilə Qurandan bir neçə ayə vird elədim. Qəfildən yuxarı cuşa gəldi. Kəndirlər dartıldı, göyərtədə adamlar gəzişdi, çığır-bağır səsləri eşidildi. Oturub cınqırımızı çıxartmadan qulaq asırdıq. Bir də gördük ki, kimsə pilləkənlə kayuta enir. Onda qoca öz babasından öyrəndiyi sehrli duanı oxumağa başladı:

Bilmirÿm göydÿmi edirsiz cövlan,
Yoxsa yer altûnda qalmûsûz pünhan,
Gizlÿdibmi sizi tufanlû ümman,
Fûrladûrmû sizi odlu burulğan,
Sizi xÿlq elÿyÿn bir Allah vardûr!
Hÿr ruha, canlûya o, hökmdardûr!

Boynuma alım ki, mən sehrə bir elə də inanmırdım. Qapı açılanda tüklərim biz-biz oldu. Dorağacına mismarlanmış həmən ucaboylu, qədd-qamətli adam kayuta girdi. Mismar hələ də alnında idi, ancaq yatağanı qınına qoymuşdu. Heç şübhəsiz bu gəmi kapitanı idi. Sonra bir adam da gəldi. Onu da göyərtədə sərələnən görmüşdüm. Kapitan alacalanmış gözlərini oynadıb kayutu nəzərdən keçirtdi. İkisi də kayutun ortasındakı stolun arxasında əyləşdi və bilmədiyimiz bir dildə çığıra-çığıra danışmağa başladılar. Get-gedə daha hündürdən və hirslə danışırdılar. Axır ki, kapitan yumruğunu stola elə hirslə çırpdı ki, divarlar titrədi. Müsahibi yerindən sıçradı və başı ilə kapitana işarə elədi ki, ardınca getsin. Kapitan da ayağa qalxdı, yatağanı qınından çıxartdı və ikisi də kayutu tərk etdi. Onlar gedəndən sonra rahat nəfəs aldıq. Elə bu vaxt göyərtədə haray-həşir qopdu. Adamlar ora-bura qaçışır, hay-küy getdikcə çoxalırdı. Nəhayət, göyərtə bir cəhənnəm mərəkəsinə döndü. Silahlar cingildədi, qışqırtı qalxdı və bundan sonra ölü bir sükut çökdü. Bir neçə saat keçdi və biz yuxarı qalxanda gördük ki, yenə hər şey əvvəlki kimidir: meyitlər hərəkətsiz və donuq vəziyyətdə sərələnib qalmışdı.








Bir neçə günümüz belə keçdi: gəmi gündoğana doğru hərəkət edirdi. O tərəfdə, mənim fikrimcə, sahil görünməliydi. Lakin gündüz bir xeyli yol getsək də, gecə düşən kimi, güman ki, geri qayıdırdıq, çünki gün üfüqdən boylananda görürdük ki, yenə də əvvəlki yeri-mizdəyik. Biz bunu öz aramızda belə izah edirdik: ölülər gecə yelkənləri qaldırıb bizi geri qaytarırdılar. Bunun qarşısını almaq lazım idi. Biz qaranlıq düşənəcən yelkənləri bağladıq. İbrahim bir dəri üstünə peyğəmbər əleyhissalamın adını yazıb babasının sehrini də əlavə etdi, bu dəri ilə yelkənləri sarıdı. Hücrəmizdə oturub gecəni gözlədik. Dəhşətli kabuslar bu gecə lap fəğan elədilər. Ancaq səhərisi gün baxıb gördük ki, yelkənləri necə qoymuşuqsa, eləcə də qalıb, heç əl də vurulmayıb. Beləliklə, beş günə bir xeyli yol getdik.

Axır ki, altıncı günün səhəri sahil göründü. Allaha və onun elçisi peyğəmbərə dua elədik. Bir gün bir gecə sahilboyu üzdük, yeddinci günün səhəri isə bir şəhərə çatdıq. Ölüm-zülümlə lövbər atdıq. Sonra göyərtədəki qayığı suya saldıq, avarlardan yapışıb şəhərə doğru sürməyə başladıq və yarım saatdan sonra sahilə çıxdıq.

Məlum oldu ki, bu, bir hind şəhəridir. Karvansaraya yollandıq, toqqamızın altını bərkitdik. Mehmanxana sahibinə dedim ki, mənə müdrik və alim adam lazımdır, özü də elə adam olmalıdır ki, cadugərlikdən başı çıxsın. O məni ucqar bir küçəyə apardı. Yaraşıqsız bir evin qarşısında dayandıq. Qapını döydük, içəri keçəndə mənə dedi ki, Muleyi xəbər al.

Evdə uzunburunlu, ağsaqqal bir qoca məni qarşıladı. Sən demə, Muley dedikləri bu adam imiş. Mən əhvalatı ona danışdım və xəbər aldım ki, ölüləri neyləyim, necə edim ki, göyərtədən yığışdırım.

Qoca bildirdi ki, o matroslar bəd əməllərinə görə dənizdə məhkum olunublar. O dedi ki, yelkənləri Quran ayələri ilə bəzəməkdə çox düz hərəkət etmişik. Amma tilsim o zaman qırılar ki, ölüləri torpaq üzərinə qoysunlar. Onları taxtaqarışıq ordan götürmək lazımdır. Sonda Muley dedi:

–Gəmi və onun bütün sərvəti sənindir. Allah da, qanun da belə deyir, çünki o gəmini sən tapmısan. Əgər gəmidəki sərvətindən bir balaca bəxşiş versən, onda öz qullarımla ölüləri gəmidən çıxarmaqda sənə kömək edə bilərəm.

Söz verdim ki, səxavətimi əsirgəmərəm. Muley özü ilə mişar, balta və beş qul götürdü. Biz gəmiyə yollandıq.

Biz gəmiyə çatanda günəşin qürubuna hələ çox vardı. Əl-ələ verib işə başladıq. Heç bir saat keçmədi ki, dörd meyit artıq qayığa qoyulmuşdu. Qullara əmr olundu ki, sahilə aparıb basdırsınlar. Qullar qayıdanda dedilər ki, ölülər onları dəfn əziyyətindən xilas etdilər, çünki yerin üstünə qoyulan kimi o dəqiqə külə döndülər. Yenə də mişarlar işə düşdü. Axşamayaxın bütün ölüləri sahilə daşıdılar. Gəmidə yalnız biri qalırdı – dorağacına mismarlanmış kapitan. Ha çalışdıqsa, mismarı taxtadan çıxara bilmədik, o heç tük qədər yerindən tərpənmədi. Nə edəcəyimi bilmirdim; kapitanı sahilə aparmaqdan ötrü dorağacını kəsməyəcəkdik ki! Bu bəladan da Muley məni qurtardı. O, qullardan birini tələsik geri göndərdi, əmr etdi ki, bir küp torpaq gətirsin. Küp hazır olanda cadugər onu qabağına qoyub nəsə sehrli sözlər pıçıldadı və torpağı ölünün başına tökdü. Ölü o saat gözünü açdı, dərindən köks ötürdü və alnındakı mismar yarasından qan axmağa başladı. Mismarı asanlıqla çəkdik və yaralı yaxında dayanmış qullardan birinin qucağına yıxıldı. O ayılan kimi soruşdu:








– Kim məni bura gətirib?

Muley məni göstərdi və mən ona yaxınlaşdım. Kapitan dedi:

– Minnətdaram sənə, naməlum əcnəbi, sən məni uzun məşəqqətlərdən xilas etmisən. Artıq əlli ildir ki, bədənim bu dalğalar arasında üzür, ruhum isə hər gecə bədənimə qayıdır. Məni belə məhkum ediblər. Amma indi başıma torpaq toxundu, günahlarım bağışlandı, daha öz əcdadlarımın yanına qayıda bilərəm.

Mən ondan xahiş etdim ki, bu bəlanın səbəbini söyləsin. O dedi:

– Əlli il bundan qabaq mötəbər və adlı-sanlı bir adamdım. Əlcəzairdə yaşayırdım. Varlanmaq hərisliyim o qədər güclü idi ki, bir gəmi düzəldib quldurluğa başladım. Bir xeyli bu sənətlə məşğul oldum. Bir dəfə Zənddə gəmimə bir dərviş mindi. O, pulsuz getmək istəyirdi. Mən də onu gəmimə götürdüm. Özüm də, yoldaşlarım da qaba adamlar idik, dərvişin əməlisaleh olduğunu heç vecimizə də almırdıq. Arada onu ələ salır, gülürdük də. Dərviş bir dəfə təmiz ürəklə günahkar həyat tərzimi pislədi, məni düz yola çəkmək istədi. Gecə, şturmanımla yeyib-içəndə mən onun sözlərini xatırladım və birdən hirs vurdu təpəmə: buna bax ha, sultandan söz götürməyən bir adama gör gədanın birisi nə deyir! Tez özümü göyərtəyə salıb xəncəri sapladım sinəsinə. Dərviş öləndə mənə və heyətimə qarğış elədi, dedi ki, başınız torpağa dəyməmiş nə ölü kimi ölü olacaqsınız, nə diri kimi diri. Dərviş öldü, meyitini dənizə atıb qarğışına lağ elədik. Lakin onun dediyi elə həmin gecə müstəcəb oldu. Heyətimin bir hissəsi qiyam qaldırdı. Amansız döyüş başlandı. Tərəfdarlarım məğlubiyyətə uğradılar. Qiyamçılar məni dorağacına mıxladılar. Özləri də aldıqları yaradan həlak oldular. Beləliklə, mənim gəmim nəhəng bir qəbrə döndü. Mənim də gözümə qaranlıq çökdü, nəfəsim kəsilirdi, fikirləşdim ki, ölürəm. Lakin bu, ölüm deyildi, adicə huşagetmə idi. Sonrakı gecə dərvişi suya atdığımız saatda hər şey canlandı. Lakin biz ancaq o məşum gecə nə danışıb nə iş görmüşdüksə, yalnız onu eləyə bilərdik. Bu minvalla düz əlli ildir ki, beləcə, bu gəmidə üzürük, nə yaşayan kimi yaşayırıq, nə də ölən kimi ölürük, çünki torpağa həsrətik. Hər dəfə tufan qalxanda dəli kimi coşub bütün yelkənləri qaldırırdıq ki, qayalara çırpılaq və bəlalı başımız dənizin dibində rahatlıq tapsın. Lakin heç cür mümkün olmurdu. İndi isə, nəhayət, ölürəm. Bir daha sənə öz minnətdarlığımı bildirirəm, ey mənim naməlum xilaskarım! Əgər sərvətim sənə mükafat ola bilərsə, razılıq əlaməti kimi gəmimi götür.

Bu sözləri deyəndən sonra kapitanın başı sinəsinə endi və o öldü. Yoldaşları kimi o da həmin dəqiqə külə döndü. Biz bu külü bir qutuya yığıb torpağa basdırdıq. Sonra şəhərdə ustalar tapıb gəmini təmir elətdirdim. Gəmidəki malı böyük qazancla ayrı mala dəyişdim, matroslar götürdüm, dostum Muleyi səxavətlə mükafatlandırıb vətənimə yola düşdüm. Lakin birbaşa yolla qayıtmadım, müxtəlif adalara və ölkələrə üz tutub malımı satdım. Peyğəmbər salavatullah mənim işimə rəvac verdi. Doqquz aydan sonra Balsoraya gəlib çatdım, ölmüş kapitandan mənə qalan sərvəti ikiqat artırdım. Həmvətənlərim malıma-dövlətimə, uğuruma baxıb məəttəl qaldılar, belə hesab elədilər ki, yəqin, mən məşhur dəniz səyyahı Sindbadın almaz dərəsinin yerini bilirəm. Mən onları öz fikrindən daşındırmadım, ancaq o vaxtdan Balsoranın on səkkiz yaşına çatmış bütün cavanları səyahətə çıxırlar ki, mənim kimi xoşbəxt olsunlar. Mən isə dinc-asudə yaşayıram, özü də hər beş ildə bir dəfə Məkkə ziyarətinə gedirəm ki, beytül-müqəddəsdə Allahın rəhminə qarşı öz minnətdarlığımı bildirim və Allahdan xahiş edim ki, kapitanın və onun yoldaşlarının günahından keçsin.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/vilgelm-gauf/karvan-68289439/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Qumrov –girdə zəng, zınqırov.




2


Cıqqa –baş geyiminə taxılan telşəkilli bəzək.




3


Çərçi –gəzərək xırda alver edən adam, gəzərgi alverçi.




4


Tösmərək –alçaqboylu, balaca



İbrətamiz əhvalatlarla zəngin olan “Karvan” adlı məşhur nağıllar silsiləsini müəllif Şərqin klassik abidəsi olan “Min bir gecə” nağıllarının təsiri ilə yazıb.

Как скачать книгу - "Karvan" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Karvan" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Karvan", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Karvan»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Karvan" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *